Payız allergiyalarının səbəbi

Mövsüm dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Havalar soyuduqca rast gəlinən xəstəliklər sırasında mövsümi allergiyalar da çoxalır. İmmun sistemi zəifdirsə, onda müxtəlif xəstəliklərə tutulma ehtimalı da yüksəlir. Yuxarı tənəffüs yolları sistemi dəyişən havaya qarşı daha həssas olur və bu zaman allergik xəstəliklərdən əziyyət çəkənlərdə ciddi problemlər yaranır. Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: “Allergenlər hər mövsümə uyğun olaraq müxtəlifdir. Orqanizmdə hər hansı reaksiyaya səbəb olan amillər allergenlər hesab olunur.
Payız allergenlərinin əsas səbəblərindən biri də çiçəkləmə dövründə olan bitkilərin tozcuqları və kif göbələklərinin sporlarının çoxalmasıdır. Həmin allergenlər daha çox allergik rinit və bronxial astma xəstəliklərinə səbəb olur. Kif göbələkləri əsasən qapalı şəraitdə inkişaf edir. Rütubəti çox sevdiklərindən evdə, xüsusilə hamam otağında onların çoxalması üçün münbit şərait olur. Otaq şəraitində becərilən dibçək gülləri də allergenlərə səbəb ola bilir”. Allerqoloq daha sonra əlavə edib: “Bitki tozcuqları və kif göbələklərinin sporları əsasən külək vasitəsilə yayılır. Hətta çox uzaq məsafədə bitən bitkinin tozcuğu da külək vasitəsilə yaşadığımız məkana gələ bilər. Ona görə də mövsümü allergiyadan qorunmaq üçün xüsusilə açıq havada olduğu müddətdə uşaqların ağzını tənzif-maskalarla bağlamaq lazımdır”. Mütəxəssislər bildirilər ki, çiyələk, fındıq, yumurta və balıq yeyilməsi də allergiyaya səbəb olan amillər sırasındadır.
 Payız allergiyalarının səbəbi
Məktəb allergiyası
Qayıdaq payız allergiyasına. Ona məktəbdə, idmanla məşğul olan zaman da rastlaşmaq olar. Adam inanmaq istəmir, amma mütəxəssislər deyirlər ki, sinif otağında allergenlərin konsentrasiyası evdəkindən çoxdur.
Çünki az-az məktəblərdə evdəki kimi təmizlik işləri aparılır: çərçivələrdə toz, gül dibçəklərində kif, kitabxanalarda kitab gənəsi qalır.
Allergiyası olan şagird üçün idmanla məşğul olmaq da təhlükəlidir. Təbii ki, fiziki gərginliklə bağlı idmana allergiya nadir hadisədir, amma idman zalındakı toz, idman forması, losyonlar və ya dezodrantlar buna rəvac verə bilər. Və yaxud üzgüçülük hovuzunda, burun axması, dəridə qızarma və ya qotur meydana gəlibsə, günahkar suya vurulan xlordur.
Xlor çox geniş yayılmış allergendir. Artıq dünyada hovuzlar başqa üsullarla təmizlənir və dezinfeksiya edilir.
İdman formasına gəldikdəsə, deyək ki, sintetika və yun tərin buxarlanmasına əngəl yaradır və nəticədə səpmələrə səbəb olur.
Allergenlərdən evdə də yaxa qurtarmaq olmur. Mütəxəssislər evi təmizləmə zamanı süpürməkdən çox, yaş əsgi ilə silməyə (tozsoran da toz qaldırır), kimyəvi maddələrdən istifadə etməməyə çağırırlar: adi su kimyəvi maddələrdən yaxşı təmizləyir — kimyəvi qıcıqlandırıcılar isə allergenlər arasında sonuncu yeri tutmurlar.
Xalça allergiklərin düşmənidir - heç bir super tozsoran xalçanı sonadək toz və gənədən təmizləyə bilmir. Evdə toz yığılan hər yeri — şkafları, vazaları, suvenirləri, şəkillərin çərçivələrini, dekorativ otaq güllərini, yüngül mebelləri və üzərlərindəki adyal və yastıqcaları, televizoru və kompüteri, divarların künclərini hər gün tozdan, kifdən və hörümçək torundan təmizləmək lazımdır.
 
Səbəbləri
Allergiya xəstəliyin əlamətləri qırmızı ləkələr, düyüncüklər, sudurcuqlar və s. ola bilir. Səpgilər peyda olur, sonra yoxa çıxır, yenidən gəlir, dava edir, artır və canımızı boğaza yığır.
Allergik xəstəlik ya qəfildən, ya da tədricən başlana bilir. Xəstəlik adamların hər hansı bir maddəyə həssaslığından, allergik reaksiyasından asılıdır.
Məsələn, elə adam olur ki, apelsini yeyəndə səpir, digəri isə sadəcə apelsini sadəcə görməklə qıpqırmızı olur. Nadir olsa da, tək-tük elə adamlar var ki, havadan allergiya qapırlar. Yəni bu bəlanın elə nümunələri var ki, mübtəla oldun, həyatı zəhərə döndərir...
 
Bir daha qeyd edək ki, allergik reaksiya törədə biləcək hər hansı bir maddə allergendir. Allergenlər 2 qrupa bölünür:
 
— ekzoallergenlər (xaricdən orqanizmə daxil olan allergenlər);
— endoallergenlər və ya autoallergenlər (orqanizmin özündə əmələ gələnlər).
 
Məişət allergenləri. Mənzildəki tozların (geyim və yatacaq paltarı, yataq ağları, xalça, mebel, kitablar və s.) hər biri ayrı-ayrılıqda allergendir, potensial xəstəlik törədiciləridir.
Təbiət allergenləri. Ağacların, kolların, alaq otlarının, güllərin, çiçəklərin ətrafa səpələdiyi tozcuqlar allergik xəstəlik törətməkdə çox mühüm paya malikdir. Çiçək tozcuqları allergen kimi nəfəs borusunu, bronxları və ağciyərləri zədələyir, pollinoz (latınca «pollen» — tozcuq deməkdir) xəstəliyi yaradır. Onlarda öskürmə, asqırma, gözlərindən yaşaxma, qızdırma, başağrısı və s. olur.
Kosmetik allergenlər. Kosmetik preparatlar gündəlik məişətimizdə çox geniş işlədilir, ondan əsasən qadınlar istifadə edirlər. Kosmetik preparatlar ekzema və bronxial astma da verə bilər.
Məişət kimyası. Hər bir evdə müxtəlif məqsədlər üçün bir sıra kimyəvi maddələr işlədilir. Bu maddələrlə uzun müddət və dəfələrlə təmasda olmaq bir sıra dəri xəstəliklərinə səbəb olur. Onlar dəri üçün, habelə ümumi orqanizm üçün xarici qıcıqlandırıcılardır. Məişətdə hər hansı məqsədlə kimyəvi maddələri işlətdikdə, profilaktik tədbirləri unutmayın.
Dərman allergiyası. Dərman maddələrinin orqanizmə daxil olması nəticəsində baş verən allergik reaksiyalar daha çox yayılıb. Dərmanlardan ən çox allergik reaksiyanı antibiotiklər (penisillin, streptomisin və s.), sulfanilamid preparatları (sulfodimitoksin, biseptol və s.), başağrısı, yuxu dərmanları, B qrupu vitaminləri, yod və s. törədir.
 
Dərman allergiyası nəticəsində bir sıra dəri xəstəlikləri müşahidə olunur.
Qida allergiyası. Dərman və qida allergiyalarının birgə təsiri daha ağır fəsadlara səbəb olur. İnək südü, yumurta, balıq, sitrus meyvələri (apelsin, limon, feyxoa, banan, ananas və s.), xörəklər (noxud, ət, meyvə-tərəvəz, kök, nar və s. olan yeməklər), şokolad, qoz ləpəsi və s.-dən allergiya yarana bilir. Bir adam eyni vaxtda bir neçə maddəyə qarşı eyni vaxtda allergik reaksiya verə bilir.
Qida allergiyası nəticəsində bir sıra xəstəliklər baş verə bilər. Onlardan dəri allergik xəstəliklərini, tənəffüs və mədə-bağırsaq orqanlarının allergik xəstəliklərini göstərmək olar.
Mikrobdan allergiya. Mikrobların törətdiyi xronik iltihab ocaqları (diş, boğaz, mədə-bağırsaq, qulaq, dəri, qurd xəstəlikləri) bir müddətdən sonra allergik xəstəliyə çevrilə bilir. Həmin iltihab ocağında olan mikroblar daim özlərinin ifrazatı ilə zəhər buraxırlar. Orqanizm üçün yad olan bu zəhərə qarşı antitellər əmələ gəlir və allergik xəstəliyə səbəb olur.
Daxilimizdəki «düşmən». Allergiya törədən amillər insan orqanizminin özündə də vardır ki, bunlara da endoallergenlər deyilir. Bəzi endoallergenlər anadangəlmə və daim orqanizmdə olur, müəyyən şəraitdə allergik xəstəlik (revmatizm, sklerodermiya və s.) törədir.
Sinir sistemi sağlam və möhkəm olan adamlarda allergiya heç baş vermir və ya yüngül keçir. Mərkəzi sinir sisteminin vəziyyəti, həssaslığı, mənfi emosiyalar, allergiyanın baş verməsində və gedişində həlledici rol oynayır. Mərkəzi sinir sisteminin qayğısına qalmaq, onu stress və mənfi emosiyalardan qorumaq allergiyaya qarşı effektiv profilaktik tədbirdir.
 
Allergiyalar irsi xəstəlik deyil, nəsildən-nəslə keçmir.
Bir çox hallarda dəri, yaxud dəri və tənəffüs orqanlarının allergik xəstəlikləri eyni vaxtda rast gəlir. Allergik dəri xəstəliklərindən toksik allergik dermatitə daha çox təsadüf olunur.
 
 
Mənbə: informator.az
 

0 şərh