Övladımda revmatoloji xəstəlik varmı?

Revmatizm — ürək-damar sistemini, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir. Adətən, uşaq tərəfindən keçirilmiş streptokokk infeksiyası (əksər hallarda “angina” — badamcıqların iltihabı) nəticəsində əmələ gəlir. Bədənin soyuqlaması və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsində böyük rol oynayır.
Xəstəlik, keçirilmiş “anginadan” 2-3 həftə sonra kəskin şəkildə başlaya bilər. Xəstəliyin ilk əlamətləri — yorğunluq, hərarətin qalxması, oynaqların (daha çox diz, topuq və bilək oynaqlarının) ağrılı və şişkin olmasıdır. Revmatizm əleyhinə preparatlar qəbul edildikdən sonra bu simptomlar tezliklə aradan qalxır.
Uşaqlarda revmatizm
Kəskin revmatizmin təhlükəliliyi ondadır ki, bu zaman ürək əzələlərinin iltihabı — miokardit inkişaf edir. Uşaqlar ürəkdöyüntüsü, təngnəfəslik, ağrılardan şikayət edirlər. Xəstəlik ağırlaşma ilə davam edərsə, endokardit (ürəyin daxili qişasının iltihabı) inkişaf edə bilər ki, bu da son nəticədə uşaqlarda qazanılmış ürək qüsuruna səbəb ola bilər.
Revmatizm - kəskinləşmə (xəstəliyin hücumları, yəni tutmaları) və sakitlik dövrlərinin növbələşməsindən ibarət olan xroniki xəstəlikdir. Hər yeni hücum zamanı ürək daha dərindən zədələnir və sonda qazanılma ürək qüsuru formalaşa bilər.
Beləliklə, revmatizm təhlükəli xəstəlik olub, ağırlaşmaları ilə çox qorxulu hesab edilir. Tez-tez “angina” ilə xəstələnən uşaqlar mütəmadi olaraq kardioloq-revmatoloqun nəzarəti altında olmalıdırlar (ürək qüsurları şəklində fəsadlaşma olmaması üçün).
Revmatizm xəstəliyinin müalicəsinin əsas məqsədi – təzə revmatizm hücumlarının qarşısının alınmasıdır.
Revmatizm xəstəliyinin profilaktikası (xüsusən ailələrində revmatizm xəstələri olanlarda) çox zəruridir. Bunun üçün uşaqların immunitetini yüksəltmək (immunomodulyatorlar, vitamin kompleksləri, müalicəvi bədən tərbiyəsi, bədənin möhkəmləndirilməsi və s.) lazımdır.
Belə uşaqları soyuqdəymədən, ağır fiziki gərginlikdən qorumaq, orqanizmdə daimi infeksiya ocaqları — karioz dişləri, xroniki tonzilliti (“anginanı”) müalicə etmək lazımdır. Tez-tez keçirilən “angina” (ildə 1 dəfədən artıq) revmatizmə aparan birbaşa yoldur. Uşaqlarda xroniki tonzillitlərin müalicəsini aparmaq, onların orqanizmini möhkəmləndirmək (fizioterapevtik müalicələrin aparılması, immunomodulyatorlardan istifadə edilməsi, soyuq yeməklərin və içkilərin qəbul edilməsinə qadağa qoyulması və s.) lazımdır.
Əgər profilaktik və müalicəvi tədbirlər görməyinizə baxmayaraq uşaq yenə də ildə 3-4 dəfə angina ilə xəstələnirsə, mütləq badamcıqların kəsilməsi barədə pediatr (uşaq həkimi) və LOR (qulaq-burun-boğaz) həkimi ilə məsləhətləşin!
 
Əziz valideyinlər! Övladlarınızda aşağıda qeyd olunan şikayətlərdən birini müşahidə edərsinizsə mütləq həkimə müraciət edin. 
 
  1. Ailə üzvlərində (yaxın qohumlarda) psoriaz xəstəliyi varmı? Dəridə olan dəyişiklər revmatoloji xəstəliyin ilk simptomu ola bilər.
  2. Övladınızın hər hansı bir oynağında travmadan sonra olmayan şişkinlik və yerli istilik varmı? Əksər hallarda zədələnən diz oynağı olur.
  3. İstirahət zamanı uşaq qeyri-adi duruşda olurmu? Oynaqlarda ağrı ilə əlaqədar uşaq məcburi pozisiya alır.
  4. Uşağın hərəkətlərində qeyri-adilik varmı? Zədələnmiş oynaq (oynaqları) qoruma məqsədi ilə məcburi hərəkətlər. Məsələn, axsama.
  5. Övladınızda səhərlər çox uzun sürməyən hərəki məhdudiyyət müşahidə edirsinizmi? Günün ilk addımlarını atmaq üçün əziyyət çəkirmi?
  6. Uşaqda tez yorulma, hər hansı bir hərəkəti etməkdən çəkinmə müşahidə edirsinizmi? Məsələn, gəzinti zamanı qucağa istəməsi və ya çeynəməyə çətinlik çəkdiyi zaman ( çənə oynaqlarının iltihabi zamanı) bərk qidadan imtina etməsi.
  7. Körpənizin narahat yuxusu varmı? Yuxulu olub yataqda çevrilərkən ağlaması və ya inildəməsi varmı?
  8. Uşağın davranışında aqressivlik və ya həddən artıq həssaslıq müşahidə edirsinizmi? Buna səbəb, ətraflarda ağrı ilə əlaqədar balacaların yaşıdları ilə aktiv oyunlarda iştirak edə bilməməsi, tez yorulması ola bilər.
  9. Övladnızda görmə problemi varmı? Bəzən revmatolji xəstəliklər oynaqlardan öncə məhz gözlərin zədələnməsi ilə başlayır.
  10. Uşaqda səbəbi bilinməyən yüksək hərarət varmı?


Mənbə: merkeziklinika.az, vital.az

0 şərh