Xroniki yorğunluq sindromu

Geniş yayılmış bu xəstəlik hələ 1930-1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb
Demək olar ki, bu gün əhali arasında təsadüf olunan xəstəliklərin çoxu haqqında əhali arasında kifayət qədər məlumatlar mövcuddur. Lakin bununla yanaşı qarşılaşdığımız elə xəstəliklər də var ki, əslində buna əhəmiyyət verməyərək sonrakı fəsadını nəzərə almadan bu xəstəlikdən yan keçə bilirik. Bəlkə də çağdaş, yüksək inkişaf etmiş, stresslərlə dolu cəmiyyətdə yaşadığımız bir dövrdə əksər insanlar xroniki yorğunluq sindromu adlanan xəstəliklə qarşılaşsa da, əslində buna çox əhəmiyyət verilmir.

Geniş yayılmış bu xəstəlik hələ 1930-1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb. 80-ci illərin əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil etməyə imkan verdi. Lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar mövcuddur.

Xroniki yorğunluq sindromu(XYS) və ya fatiq-sindromu (fatigue-fransızca zəiflik, yorğunluq deməkdir) ilk dəfə 1984-cü ildə A. Lyod tərəfindən təsvir edilib. Xəstəliyin əsas səciyyəvi əlamətləri kimi xəstənin özünü daim yorğun hiss etməsi, uzun müddət istirahət etməsinə baxmayaraq yorğunluq hissinin keçməməsi və bunun nəticəsində zehni, eləcə də işgörmə qabiliyyətinin aşağı düşməsi göstərilir. Bir az dəqiq olaraq konkretləşdirsək, əsas əlamətlər kimi tez yorulmanı, diqqətin və yaddaşın pozulmasını, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, hər hansı xəstəliklə əlaqədar olmayan və tez-tez təkrarlanan baş ağrıları,bəzən miqren, yuxunun pozulması, gecələr yuxusuzluq, gündüzlər yuxuculluq hallarını göstərmək olar. Bununla əlaqədar xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi baş verir. Xəstələr əmək qabiliyyətini artırmaq məqsədilə psixostimulyatorlar, gecə normal yatmaq üçün yuxugətirici dərmanlar qəbul edirlər.Bəzi xəstələrsə çıxış yolunu gündüzlər siqaret çəkməklə gecələr isə əsəb, psixi oyanıqlığı aradan qaldırmaq üçün spirtli içkilər qəbul etməkdə görürlər ki, bu da xəstəliyin gedişini daha da ağırlaşdırır, bəzi hallarda əyyaşlığa gətirib çıxarır. Eləcə də bir qrup insanlarda çəkinin azalması,azhərəkətli həyat tərzi sürən imkanlı şəxslərdə isə əksinə I-II dərəcəli piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və onurğa sütunu, əzələlərdə uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü, əhval- ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzənsə təlaş da xəstəlik üçün səciyyəvidir. Belə xəstələr adətən tez-tez depressiya halına düşür, yalqız qalmaq istəyirlər, saçlar tökülür ,barmaq izləri yox olur. Xəstələrin çoxu yorğunluq hissinin hər hansı xəstəlikdən sonra yarandığına əmin olurlar və hətta XYS-nun başlanmasının dəqiq tarixini deyə bilirlər.

Xroniki yorğunluq sindromu əsasən insanın müəyyən stress keçirdiyi və ya onun üçün qeyri- adi vəziyyət yarandığı zaman özünü biruzə verir. Adətən ,xəstəlik ailədə nikahın pozulması, yaxınların ölümü, işdə müvəffəqiyyətsizlik və başqa bu kimi hallarda yaranır. Səbəblərinə gəldikdə isə sindromun əmələ gəlməsinin səbəbləri axıra kimi öyrənilməyib. Xəstəliyin əmələ gəlməsi ilə əlaqədar bir neçə fərziyyə mövcuddur.

Belə ki, Yaponiya həkimləri XYS-nun limfositlərin məhv olması nəticəsində yarandığını iddia edirlər və xəstəliyi “təbii killerlərin ölümü sindromu” adlandırırlar. Rusiya alimləri hesab edirlər ki, xroniki yorğunluq sindromu zəif sinir sistemi və və immun sisteminin anadangəlmə zəifliyi olan insanlarda təsadüf edir. Ukrayna alimi K. Loqanovski bunun kiçik dozalarda radiasiyanın və psixoloji stressin birgə təsiri nəticəsində yarandığını söyləyir. Sübut kimi Çernobıl qəzası zamanı zərər çəkmiş insanlarda bu xəstəliyin çox təsadüf etdiyini göstərib.

Daha bir kəşfi XYS ilə xəstələnənlərin qanında “köpüklü”virusların yeni növü aşkar edilib. Bu növ viruslar QİÇS və digər ağır xəstəliklər törədən retroviruslara aid edilir. Bəzi alimlərsə kliniki araşdırmalara əsaslanaaq hesab edir ki, xroniki yorğunluq sindromu immun, sinir və əzələ sistemlərini zədələyən viruslar tərəfindən törədilir. Səbəbkar kimi respirator viruslar, su çiçəyi virusu, retroviruslar və s göstərilir. Bu viruslar arasında alimlər tərəfindən ən çox qeyd olunan herpes virusudur. Həkimlər xəstəliyin bir neçə virusun birgə təsiri nəticəsində yarandığını ehtimal edirlər. Bu ehtimalı xəstələrin qanında müxtəlif viruslara qarşı anticimlərin aşkar olunması faktı dolayısı ilə təsdiq edir. İngiltərə və Kanadada bu xəstəlik “mialgik ensefalopatiya”, yəni əzələ ağrıları ilə müşayiət olunan baş beyin iltihabı adlanır.

Qeyd edək ki, ABŞ -da bu probemi öyrənən yeganə institut yaradılıb. İnstitutun apardığı araşdırmalar göstərir ki, ABŞ- da xroniki yorğunluq sindromundan əziyyət çəkən insanların sayı təxminən 1,5 milyon nəfərdir. ABŞ-ın 4 iri şəhərində aparılan tədqiqat işləri xəstəliyin yayılmasının qanunauyğunluqlarını aşkar edib.XYS xəstəliyinə 20-40 yaş arasında olan cavan insanlar (bunların əksəriyyəti, yəni 65-80 faizi qadınlardır), tək və emosional qadınlar (belə qadınlar kişilərdən 2-3 dəfə çox xəstələnir), yaxşı təhsil almış və yüksək gəlirli ailələrin üzvləri, işdə tez-tez stress keçirənlər, özünə qarşı tələbkar olanlar, ekoloji cəhətdən qeyri- qənaətbəxş şəraitdə yaşayan insanlar, iri şəhərlərin, meqopolislərin əhalisi bu xəstəliyə düçar ola bilirlər.

Hazırda alimlər və həkimlər xroniki yorğunluq sindromunun və ya fatiq sindromunun müalicəsi haqqında çox düşünürlər. Xəstəliyin müalicəsi ailə həkimi, alleqoloq və ya artroloq tərəfindən aparılır. Müalicə uzun müddət, bəzən aylarla, hətta illərlə də davam edə bilər. Xroniki yorğunluq sindromunun müalicəsi üçün spesifik dərman maddəsi hazırda yoxdur. Həkimlər müalicəni klinik təcrübələrinə əsaslanaraq aparırlar. İstənilən halda müalicəyə fiziki iş və istirahət rejiminin normallaşdırılması, pəhriz saxlanması, vitamin terapiyası, autogen məşqlər ,o cümlədən psixoterapiya, immunokorrektorların təyini,hidroterapiya, kiçik dozalarla, antidepressantlar tətbiq olunur.

G. Bünyadzadə

Mənbə http://www.editor.az/MARAQLI/1744.html

 

0 şərh