Uzunömürlülüyün sirləri

İnsanlara cansağlığı və uzun ömür arzulamaq ən geniş yayılmış bəşəri diləklərdəndir. Biz hələ uşaq və ya gənc ikən bu dəyərli sözün fərqinə varmırıq. Məktub və ya teleqramlarımızda, valideyn və yaşlı qohum-əqrəbamızı ziyarət edərkən onlara öncə protokol qaydası ilə cansağlığı və uzun ömür diləyirik. Lakin insan 40 yaşını başa vurandan sonra yavaş-yavaş enerjisi tükənir, orqanizmə lazım olan mikroelementlər azalır, ağrılar baş qaldırır. Yalnız bu zaman insan üçün vacib olan cansağlığı arzusunun hikmətini dərk etməyə başlayırıq...
Uzunömürlük də müxtəlif olur. İnsanın nə qədər yaşaması qadir Allahın əmrində olsa da, onu sağlam və ya xəstə başa vurmaq da müəyyən mənada öz əlimizdə olur. Bəs necə etməliyik ki, ömrümüz sağlam və mənalı olsun? Bununla bağlı bir çox mənbələrə baş çəkdik və oxucularımıza daha önəmli mütəxəssis tövsiyələrini təqdim edirik. Uzun və sağlam ömrün sirlərini öyrənən həkim, psixoloq və araşdırmaçılar əsas on beş vərdişi insan həyatı üçün vacib sayırlar.

Bunların ən birincisi bütün pis vərdişlərdən uzaqlaşmağı hesab edirlər. Alkoqol, tütün, narkotik maddələr və pis vərdişlərə aludəlikdən uzaqlaşmaq sağlam uzunömürlüyün əsasıdır. Hansı aqilsə yaxşı demişdir: "Güc sahibi öz axmaq vərdişlərinin öhdəsindən gələ bilən kəsdir". İkinci sirr artıq çəki ilə mübarizədir. Əlbəttə ki, yarı ömürdən sonra artıq çəki orqanizmdə müəyyən problemlər yaradır və piy təbəqələri qan-damar sisteminə çökdükcə xəstəlik riskləri artır. Bunun üçün sağlam yaşamağa ən böyük girov üçüncü tövsiyə olan fəal həyat tərzidir. Səhər erkən oyanıb bədən tərbiyəsi, qaçış və idmanla məşğul olmaq hər kəsə sağlam və yaraşıqlı xarici görkəm, bir də yüksək əhvali-ruhiyyə verir. Fəal həyat tərzi keçirməyənlər unudurlar ki, həyat dinamikadır. Hərəkətsiz insan həyatdan zövq almağı və şənlənməyi tez itirir. Mütəxəssislər hesab edir ki, aydın təfəkkürlə uzun ömür yaşamaq fiziki fəallıqdan heç də az əhəmiyyət kəsb etmir. Ağlın yaradıcı imkanlarından bəhrələnən intellekt sahiblərinin yaddaşı möhkəm və ətrafa marağı güclü olur. Müdriklik zəkası olmadan uzun ömür sürməyi ən azı qarğa ömrünə bənzədənlər haqlıdırlar.

Beşinci, yaradıcı fəaliyyətlə məşğul olmaq da sağlam yaşamağa təkan verən stimuldur. Beynin sağlam yaradıcı təxəyyülündən səmərəli istifadə edənlər insanlara faydalı olduqlarını dərk etdikcə daim yeniliklərə can atırlar. Bu isə yaxşı mənada beyin idmanıdır.

Elə-belə demirlər ki,gülüş ömrü uzadır. Alimlər hesab edir ki, şən yumor hissi artıq çəkini azaltmaqla yanaşı, ürək-damar xəstəliklərinə bir məlhəmdir. Mütəxəssislər intim fəallığı da orqanizmdə qocalmanı gecikdirən amillərdən sayırlar.

Bir də, el içində deyirlər, erkən yuxudan oyananla erkən evlənən uduzmaz. Ekspertlər isə hesab edir ki, insanın vaxtında ailə həyatı qurması onun mənəvi və fiziki fəallığını passivlikdən xilas etməklə ömrü mənalandırır, rövnəqləndirir və məsuliyyətlə düzgün həyat yolu keçməyə sövq edir. İnsanın sərbəst emosiyaları da sağlamlığın xeyrinə işləyir.

Alimlərin fikrincə, orqanizmə xeyirli məhsullar, məsələn, kələm, kök, ərik, şaftalı, balıq, nar, bir də yaşıl çaydan istifadə edərək daha çox antioksidant alan insanlar sağlam və uzunömürlü olurlar. Sən demə, gündə, heç olmasa, beş qoz ləpəsi yeyənlər ömrünü yeddi ilədək uzada bilər. Çünki cevizin tərkibindəki həyat üçün faydalı elementlər ürək-damar sistemini zərərli maddələrdən xilas edir. Hər gün bir alma yeməyi ingilis mütəxəssisləri tam düzgün qidalanmağa bərabər hesab edərək ömrün bir neçə il uzandığını iddia edirlər.

Uilyam Freyin "göz yaşları" haqqında elmi nəzəriyyəsi bir daha təsdiq edir ki, kövrəlməyi, ağlamağı bacaran insanların ömrü bu səbəbdən bir qədər uzanır. Erkən yaşlardan göz yaşlarını içində saxlayan insanlar tez xəstəliyə tutulmaqla ömürlərini gödəltmiş olurlar. Xüsusilə oğlan uşaqlarına "kişi ağlamaz" iradəsini canfəşanlıqla təlqin edənlər özləri də bilmirlər ki, göz yaşlarını boğmaq yeniyetmələrdə kolit, qastrit, mədə xorası kimi dəhşətli fəsadlar verir.

Ömrü sağlam uzatmağın ən orijinal və qeyri-adi vərdişi isə, Kembric alimlərinin gəldiyi qənaətə görə, qaşınmaqdır. Əcdadlarımıza xas bu vərdişlə bizim təkcə dərimiz sakitləşmir, eyni zamanda passiv dincəlməyin əksinə olaraq əhvalımız xoşhallanır.

Beləliklə, müasir dünyamızda suyun, havanın və qidamızın ekoloji tarazsızlığına, əsəblərimizin sim kimi gərilməsinə baxmayaraq, düzgün həyat tərzi seçib vəsait tələb olunmayan sağlam uzunömürlüyün on beş sirrinin şərtlərinə əməl etməklə ömrümüzü sığortalamış oluruq.

İnsan üçün ən xeyirli vərdişlər bəzən bizim sağlam uzunömürlü həyat sürməyimizə stimul olur. Necə ki, el içində deyirlər: adət əkərsən, vərdiş biçərsən, vərdiş əkərsən, tale biçərsən. Deməli, sağlam həyat tərzi daha çox taleyimizə nur saçaraq ömrümüzə və əhvalımıza daim əlvanlıq bəxş edir.

Müəllif: Mirvari RƏHİMZADƏ
Mənbə: Azərbaycan.- 2009.- 1 noyabr.- S. 8.

 

2 şərh