Mən tələsmirəm...


MƏN TƏLƏSMİRƏM


Dostlar, badələri qaldırın içək! 
Gecə, ulduzludur, hava da sərin. 
Demirəm məst olub dünyadan keçək… 
Deyirəm mehriban düşüncələrin 
İsti qücağında qızınaq bir az… 
Qoy uzansın gecə, geciksin səhər, 
Yuxuya getməsin məclisdəkilər – 
Mənim söhbətimdən yorulmaq olmaz. 
Hələ yer üstündə, insan yanında 
Deyib danışmaqdan doymamışam mən… 
Uzadaq ömrünü hər bir anın da, 
Yel kimi keçməsin vaxt üstümüzdən… 
Bu aylı gecədə, bu dağ döşündə, 
Bu sazlı, söhbətli bulaq başında 
Bu saat, bu dəm 
Heç yana, heç yerə mən tələsmirəm! 

Sevgilim, qolunu boynuma dola! 
Demə ki, yorğunam, ya qocalmışam. 
Mən hələ dünyadan nə zövq almışam? 
Dur, bütün aləmi gəzək qol-qola! 
Yenə də fikrimin səyyar yelkəni 
Dənizdən – dənizə atsa da məni, 
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!» 
Dur, bütün aləmi gəzək qol – qola, 
Sellərdən, sulardan yeyin axsam da, 
Şimşəklə yanaşı göydə çaxsam da, 
Nə şadlıq səyirtsin atını, nə qəm, 
Heç yana, heç yerə mən tələsmirəm! 

***

Sən də, ovçu dostum, tələsmə sən də, 
Bu qəlbi dağları qoy asta aşaq. 
O çay yanındakı yaşıl çəməndə 
Asta addımlayıb ağır dolaşaq. 
Hər güllə, çiçəyə salam verməsəm, 
Xoş üz göstərməsəm, xoş üz görməsəm; 
Nanələr, reyhanlar inciyər məndən. 
Güllərin yarpağı tökülər dən – dən… 
Odur ki, yel olub çöldə əsmirəm, 
Heç yana, heç yerə mən tələsmirəm! 

***

Bulud tez keçməsin başımın üstdən, 
Çay da yavaş axsın…sular boyunca. 
Baxım hər zərrəyə, baxım doyunca… 
Ürək tərpənməyir ötərgi səsdən, 
Nə çıxar bir anlıq yanan həvəsdən? 

Elə zənn etmə ki, ağırlaşmışam, 
Ayağı sarıqlı şikəst bir quşam… 
Qoy dünya böyüsün, zaman uzansın, 
Bir günün ərzində aylarla yansın 
Al günəş üzündən nur yağa – yağa.. 
Ömrün kitabını tamamlamağa 
Çox da can atmasın əlimdə qələm, 
Mən tələsmirəm, 
Mən tələsmirəm! 

Səməd Vurğun(1906- 1956)

 

6 şərh

Shabnam_Ilham
Səməd Vurğunun sevdiyim şeirlərindən biri. Ən sevdiyim "Şair, nə tez qocaldın sən?" şeiridi. Bu şeirlə ilk dəfə yanılmıramsa 9cu sinifdə oxuyanda tanış olmuşam. Necə həvəslə əzbərləmişdim. Səbəbini bilmirəm amma nədənsə bu şeiri oxuyanda Səməd Vurğunu bir taksidə təsəvvür edirəm və sanki sürücüyə deyir yavaş sür, Tələsmirəm onsuz :)
beautiful
Mən hal-hazırda 9-da oxuyuram...Təəssüf ki həmin şeiri çıxardıblar indi...Çox gözəl şeirdi haaqında danışdığınız şeir...Mən özümdə Səməd Vurğunun şeirlərini böyük həvəslə oxuyuram...Alla rəhmət eləsin.Gözəl insan idi.
kurdamir
Gözəl Şeirdir…
pascal
Səməd Vurgun Azərbaycan ədəbiyyatında öz sözünü deyən, öz yerini tutan şairlərdəndi. Hər şeiri sadə, xalq dilində, xalqın anlayacağı dildə yazılıb.
İndi oturub o dövürdəki yazıçı və şairləri tənqid etmək, qaralamaq dəb halın alıb. Amma bu, o ədibləri doğurdan da sənətinə görə sevən oxucularının, pərəstişkarlarının sevgisini ürəklərdən silməyə yetmir bəzən. B.Vahabzadə, Süleyman Rüstəm və başqa bu kimi yaradıcı insanları mən ancaq yazdıqları, yaratdıqları əsərlərinə görə qiymətləndirmişəm. Eləcə də Səməd Vurğunu və yazdığı bu mənalı şeiri də.