Sevgi nəğməsi - Alampa

Anempodist İvanoviç Sofronov  (Alampa — ləğəbi);  2 (14) noyabr 1886-cı ildə Rusiya İmperiyasının tərkibində Saxa (Yakut) dairəsinin,  Yakutiya  vilayətinin Boturuss Ulusunun, 1-ci Joxsoqon  aymakında doğulub,  24 oktyabr 1935-ci ildə  vəfat edib. Yakut sovet ədəbiyyatının əsasını qoyanlardan birincisidir və ictimai xadim, şair, nasir və dramaturqdur.  Saxa-Yakut Respublikasında bu il Alampanın 135 illik yubileyi keçirilir. Şairin bu günümüzə qədər 150-dən çox şeri gəlib çıxıb. Tənqidçilər Alampanın  Yakut poeziyasına xüsusi lirik ruh gətirdiyini və cığır açdığını deyirlər. Onun ayrı-ayrı mahnıları bu gün də xalq arasında məşhurdur, öz dəyərini saxlamaqdadırlar. “Saxa ırıata” (Saxa mahnısı)  Yakutiyada Vətəndaş müharibəsi illərində xalq arasında himn kimi oxunub. Sonralar elə bu mahnının özü də ona ittiham kimi elan olunub.
Alampa
Ədəbiyyat və incəsənət xadimlərinə böyük dəyər verən saxa türkləri Alampanın qələmindən çıxan şerləri dünyanın 33 dilinə çeviriblər.Böyük türk oğlunun  “Sevgi nəğməsi” şerini isə  Saxa-Yakutiya Respublikasının xalq şairi Natalya Xarlampyeva  Aida Eyvazlı Göytürkə həvalə edib.
Anempodist Sofronov — Alampa                                                                    

SEVGİ NƏĞMƏSİ                                            
Necə izhar edim eşqimi sənə,
İzin ver bir həzin nəğmə oxuyum.
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.
Gözlərinə qonub bir röya kimi
Yuxuna şirinlik gətirəcəyəm.
Qarışıq, dolaşıq fikirlərini,
Silib ürəyindən, itirəcəyəm.
Yox! Yox!
Gözəl duyğuların qorxmasın ancaq,
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
O elə nəğmədir,
Qəm gətirməyir.
O elə nəğmədir nəqarəti xoş
Sevinc bəxş eləyir...
Mən səni qəfildən
Qışqırıq ilə yuxudan oyatmayacam!
Yox! Yox!
Mən özüm haqqında  asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
Könlünə dolacaq həzin avazım...
Təki icazə ver, təki oxuyum!
Bilirsən nələr var o nəğmələrdə:
Sənin o yuxulu, gözəl üzünü,
İpək saçlarını, hörüklərini,
Qara qaşlarının altından baxan,
Qara gözlərini, od baxışını,
Bahar çiçəyi tək təravət saçan
Üzünə yaraşan al yanağını,
Badam ləblərini,
Təbəssümlə dolu  dodağın altdan
Mirvariyə bənzər ağ dişlərini,
İzn ver nəğməmlə  vəsf eləyim mən.
İzn ver bir həzin nəğmə oxuyum,
Sən nəfəs alanda nəfəsin olum,
O incə, o mərmər sinənə dolum.
Görüm necə vurur sinəndə ürək?
Mənim səsim şirin, avazım ürkək.
Asta oxuyacam sevgi nəğməsin.
Ancaq sən izn ver, bu mənim bəsim.
Nəğməmi dinləsən biləcəksən ki,
Al Günəş altında, bu Yer üzündə
Hər şeydən müqəddəs, hər şeydən əziz,
Tək səni sevmişəm, səni bilmişəm.
Bütün qanım ilə, coşqun qəlbimlə,
Mən səni sevmişəm...
Sənin yolunda
İstəsən odlara atım özümü,
Yanıb külə dönüm, külüm qalmasın.
Qoy sənə yetişən ünüm qalmasın.
Külümü küləklər sovursun göyə.
Qarışım dənizin dalğalarına.
Batsın ürəyimə nizələr, oxlar.
Bir kor güllə gəlib batsın köksümə,
Əgər bircə dəfə könlünə dəysəm.
Sonuncu nəfəsim çıxan günədək,
Nə qədər çırpınır sinəmdə ürək,
Mən sənə qəm-kədər vermərəm, inan!
Əl götür bu soyuq inaddan aman,
Niyə istəmirsən nəğmə oxuyum?
Könlümü yandıran eşq atəşimlə,
Səninçün sevgidən nəğmə oxuyum.
Mən özüm haqqında  asta-astaca
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.

Natalya Xarlampyevanın rusca cevrisini
azərbaycan dilinə tərcümə etdi:                                              
 
 
 
Müəllif: Aida Eyvazlı GÖYTÜRK
Mənbə: 525.az
 

0 şərh