Ramiz Rövşənin sevgi şeirləri

Sevgi açarı

Hər yolun öz sonu var,
       hər evin öz açarı.
Ayrılığa dözməyi
       hərə bir cür bacarır.

Çoxdu hirsi, acığı
        yarı yolda sönənlər.
Bir vaxt çırpıb çıxdığı
        qapılara dönənlər.
Səhər-səhər, obaşdan
         qapıları döyənlər.
Pıçıltıyla yavaşdan:
— Aç, gəlmişəm, — deyənlər.
 
Sonra açılan qapı
          və qapıda dayanan
               bir köynəksiz, yad kişi.
Və onun arxasından
          qorxa-qorxa boylanan
Bir vaxt hər kirpiyini
          sevə-sevə öpdüyün
                bir cüt gözün təşvişi.

… Yox, köhnə sevgilərə
          qayıtmaq dəlilikdi.
Yatan evi yuxudan
          oyatmaq dəlilikdi.

Çoxdandı ki, bu evdə
          yoxdu səni gözləyən.
Şəklini tumarlayıb
         körpətək əzizləyən.

Şəklin çoxdan cırılıb,
         verilibdi yellərə.
Burda hər şey yaddı, yad;
         kar qapı, kor pəncərə.

Girsən, səni tanımaz
         bu evin bir güzgüsü.
Bu evdə gəzən indi
         özgəsidi, özgəsi.

Daha burda
         dayanıb-durmağa nə ehtiyac?
Bu qapıdan
         başını birdəfəlik götür qaç.

“Hər yolun öz sonu var”, -
         axı kim deyib bunu?
Kim nə bilir hardadı,
         yolun əvvəli, sonu?

Bütün yollar qarışıb,
         əriyib bir-birində.
Əvvəli, sonu yoxdu
         bütün sevgilərin də.

Neçə ürəyə düşür
         bir sevginin açarı.
Bir qapı bağlanırsa,
         başqa qapı açılır.
 
İndi səni gözləyən
         bir qapı var hardasa;
              görmədiyin bir evin
                  sənə həsrət qapısı.
Orda bir qız darıxır, -
         səni tanımasa da,
              səni sevməkdən ötrü
                  tanrı seçib o qızı.
 
Ömründə görmədiyin
          o ev sənin evindi.
Get, o evdə yolunu
         gözləyəni sevindir.

1977


TOY

Sən getdiyin yolu azıb,
başqa yola çıxmısan.
Hara gedirdin, qadası,
gəlib hara çıxmısan?

Bu nə toydu, atam oğlu?
Bir ölən eşqin yası...
Sən sevən qız başqasıydı,
sən alan qız başqası.

Bu səs-küylü toy axşamı
qardaş-bacın oynayır.
Səndən başqa burda hamı
əl-qol açıb oynayır.

Əllərə bax, bu əllərə;
yellənir qanad kimi.
Müğənni də qalxıb zilə,
şahə qalxan at kimi.

Yox!.. Bu toyun səndən ötrü
bir damcı sevinci yox.
Oturmağa gücün çatmır,
qaçmağa da gücün yox.

Rəhmin gəlir yanındakı
bu yad qıza, şad qıza.
Ağ gəlinlik donundakı
bu yazıq, xoşbəxt qıza.

Bu qız sənə yadsa əgər,
yüz yol öp, nə xeyri var?
Sənə doğma olacaqmı
o doğduğu balalar?!.

… Bəlkə tale görüşdürüb,
rast salıb fələk sizi.
İkinizə bəs eləyər
tək bu qızın sevgisi.

O sevgiylə qızınarsan
ən soyuq havalarda.
O sevginin işığında
böyüyər balalar da.

Dur, bu qızla oyna görüm
ömrün bu xoş anında.
Kim bədbəxt olar, kim, -
bu cür xoşbəxt qızın yanında?!..

1973

SON GÖRÜŞ

Bu vaxtsız sevginin əcəli yetdi,
Buydu qismətimiz -
                             ya tez, ya da gec.
Hərə öz dərdini apardı-getdi,
Bəs niyə dərdimiz azalmadı heç?

Dünya dağılmadı biz ayrılanda,
Göylər bir az yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq.

Rahatlıq dilədin ev-eşiyimə,
     körpəmin beşiyinə.
Nəvəsi dizinin üstünə çıxan
     atama, anama da.
Bir vaxt səndən qabaq rastıma çıxan,
     məni səndən alan qadınıma da.

İstədim son dəfə basım bağrıma,
Dedin:
           — Nəyə lazım, yox, yaxşı deyil!..
Ağladın.
           Dedim ki, kiri, ağlama!
Dedin ki, yağışdı, göz yaşı deyil.

— Bu görüş sonuncu görüşdü daha,
     bu gün ayrılırıq, — deyib gəlmişdin.
Bəs niyə mənimlə bu ayrılığa
     ən gözəl donunu geyib gəlmişdin?

Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum -
                                   bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun -
                                   bilmirəm.

Bir sevgi yarımçıq qırıldı o gün,
Yağış da kəsildi, bulud da getdi.
Bir qızla bir kişi ayrıldı o gün,
Hərəsi bir yana üz tutdu-getdi.

… O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən igidi yoxdu.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdu…
 
 
MƏN DƏ DƏYİŞKƏNƏM HAVALAR KİMİ

Sən mənim ömrümün həyəcanısan,
    bir batan gəmidən gələn SOS kimi.
Yuxusuz gecəmin lap əvvəlində
    çəkdiyim sonuncu papiros kimi.

Sən mənim dərdimə dərman deyilsən,
Sən mənim dərdimi ovutduransan.
Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.

Sən susuz səhraya çilənən yağış,
    qaranlıq gecədə yanan çıraqsan.
Qar basmış bir çöldə yolunu azmış
    yolçunun rastına çıxan ocaqsan.

Kor olan deyiləm sənin tüstünə,
    yenə öz yolumu mən gedəcəyəm.
Hələlik bir azca tutub üstünə
    donmuş əllərimi isidəcəyəm.

Nə yaxşı, rastıma çıxdı bu ocaq,
    bu donmuş əllərim qızındı bir az.
Heyif, bu ocağın istisi ancaq
    donmuş ürəyimin buzuna çatmaz.

Yox, ocaq neyləsin?.. Onda günah yox.
Günahkar varsa da, mənəm… ocaq yox.

Öz alov dilini uzadıb necə
    üzümü-gözümü yalayır yazıq.
Bu ocaq sonuncu kösövünəcən,
    mənimçün yanmağa hazırdı, hazır.

Burda həmişəlik qalsaydım əgər,
Özümə ev-eşik qursaydım əgər,
Sən də bu ocağın keşik çəkəni,
Evimin xanımı olsaydın əgər, -
Lap səni sevsəm də, sevməsəm də mən,
    burda yaşamağa nə vardı onda.
Bir az dincələrdim özüm-özümdən,
    bir rahat həyatım olardı onda.

Amma “rahat həyat” mənlik deyil ki,
    mən də dəyişkənəm havalar kimi.
Odur ki, ayrılaq, sağ-salamat qal.
Yolumdan saxlama -
                    məni yola sal.
Bəlkə də hardasa bir təzə sevgi
    çıxacaq rastıma
             CANAVAR kimi!..

1977

TƏBƏSSÜM

O məclisdə deyəsən
    tək bircə mən yadıydım.
Qarışmırdım heç kəsə,
    hamıdan azadıydım.

Təkliyim, tənhalığım
    yoxsa dəydi gözünə?
Çiyninin üstən baxıb
    gülümsədin üzümə.

O təbəssüm görəsən
     nəyin işarəsiydi?
Bəlkə məni gözləyən
     dərdlərin çarəsiydi.

Onda mən lap cavandım,
     nə görmüşdüm mən axı?
Ömrüm hələ yavandı;
     yoxdu dərdim, günahım.

Hələ dərdlər, günahlar
     qabaqdaydı, qabaqda.
Üstümə qatar-qatar
     gəlirdilər uzaqdan.

… O məclisdə, bəlkə də,
     sən ən gözəl xanımdın.
Mən səni tanımırdım,
     sən məni tanımırdın.

Heç bilmirəm kimiydin,
     nəydi sənin adın da.
Amma o təbəssümün
     yadımdadı, yadımda.

O təbəssüm -
     Bəlkə də anlasaydım
                            mən dəli;
Baş tutmayan bir eşqin
      əvvəliydi, əvvəli.

O ötəri, gözucu,
      xilaskar təbəssümün.
O həm ana, həm bacı,
      həm də yar təbəssümü.

O gündən illər keçib; —
       biz bu illər uzunu
Nə bir yol rast gəlmişik,
       nə görmüşəm üzünü.

Bəlkə o məclisdəki
       o tənha, o tək oğlan
Sənin yadından da
        lap çoxdan çıxıbdı, çoxdan.

Bəlkə xoşbəxtsən bu gün;
        ər də var, ailə də.
Amma o təbəssümün
        mənimlədi hələ də.

Gizlicə bağışlanan
       çiçək kimi, gül kimi,
Qalıbdı bu vaxtacan
       aramızda sirr kimi...

2001



Mənbə: 525.az

0 şərh