Təsirli gözəl şeirlər

Sənin üçün | Nəbi Xəzri

Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.

Çəmən olsan əgər sən,
Sərin yağış çılərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm.

Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki mənəm.
Səslənsən nəğmə kimi,
Sözlərin, bil ki, mənəm!

Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.


Təsirli gözəl şeirlər

Çiçək | Mənsur Həsənzadə

Yüz bağban yığışıb min çiçək əksin,
Çatmaz ki ətrinə, Çiçək, ay Çiçək.
Çəksə, nektarını qoy arı çəksin,
Qonmasın üstünə milçək, ay Çiçək.

Qaranlıq otağa Günəşdi ağ şam,
Gəl yenə, gəl yenə kükrəyəm, daşam.
Vüsala * xoş gəldin* deyək bu axşam,
Dərdin zəmisini biçək, ay Çiçək.

Ruhda təpər ola, canda hey ola,
Hisslər oyaq ola, ağıl key ola,
İsti otaq ola, sərin mey ola,
İçək, üçə kimi içək, ay Çiçək.

Sabah sızıldayar könlün sim kimi,
Görək, kim itirər, tapar kim kimi?
Mənsuram, aylardı çəkdiyim kimi,
Sən də həsrətimi di çək, ay Çiçək.

Rəssam, sevgilimin rəsmini gəl çək | Ömər Xəyyam

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim…

Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim.

Yavaş-yavaş sevdim səni ( Ramiz Rövşən)

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçək tək sevdim səni.
İstisinə qızındığım
Ocaq tək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Dəniz | Kəmalə Məcidova

Gözlərin dənizim olarmı görən?
Enə bilrəmmi dərinliyinə?
Bilirsən dənizi çox sevirəm mən,
İtərəm gözünün maviliyində.

Mənə dəniz boyda ürək bağışla,
Mən orda yaşadım arzularımı.
Dəniz gözlərindən axan baxışla,
Çırpım sahilinə dalğalarımı.

Nə ayrılıq odu, nə də ki, həsrət,
Sənin limanına heç yanaşmasın.
Sən mənə dəniz ol- ismi məhəbbət,
Dalğan əllərimi heç buraxmasın…

 

Qadın | Rəvan Mustafa

Diqqət istəyər qadın
Şirin bir nəvazişdən ərköyün qıza dönər
Suya bənzəyir qadın
Münasibət soyusa bərkiyib buza dönər

Sevgi istəyər qadın
Eşq ona dağlar çəkər, tək aşar o dağları
Qadın eşq hafizidir
İlk öpüşün dadını unutmaz dodaqları.

Qayğı istəyər qadın
Özünü təslim edər, ruhunu dərk edənə
Qadın qürur deməkdir
Qal deməz qayıdana, dön deməz tərk edənə

Dəyər istəyər qadın
Ömrünü qurban verər, ona dəyər verənə
Qadın bir imtahandır
Gözlərindən su içib, saçından gül dərənə

Hörmət istəyər qadın
Saçın süpürgə edər sevdiyinin yolunda
Qadın elə namusdur
Uluyanlar çox olar, sağında və solunda

Dəniz | Nəbi Xəzri

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,

Ömür | Namiq Həsənzadə

Gecə də, gündüz də tapacaq səni.
Ömür də illərin qanadındaymış
Uçub nə qədəri… əlimdən çıxıb .
Mənim sənə başım elə qarışmış ,

Ömrümü yaşamaq yadımdan çıxıb .
Keçən həyatıma üzümü çönüb ,
Özümdən uzaqda yaşamışam mən .
Sənin yoxluğunda suala dönüb ,

Özümə bir cavab aramışam mən .
Nə özümü tapdım, nə də ki, səni
Sən mənim ən gizli həqiqətimsən .
Harda itirmişəm əvvəlki məni ?!

Bütün sualların cavabı sənsən .
İndi, ürəyimdə xəzəl arzular
Uçar xəyalların küləyi ilə .
Heyf..solub getdi gözəl arzular ,
Bir şair ömrünün ürəyi ilə .

Ömür də illərin qanadındaymış ,
Uçub nə qədəri… əlimdən çıxıb .
Mənim sənə başım elə qarışmış ,
Ömrümü yaşamaq yadımdan çıxıb…

Unut Kədərini | Nüsrət Kəsəmənli

Nədir gözlərində bu qəmli sual,
Unut kədərini, qəmini unut,
Hələ ki ömründə mən varam sənin,
Unut kədərini, qəmini unut.

Bu da bir zamandı gəlib gedəcək,
Sevincin kədərə gülüb gedəcək,
Bu qəmli günlərin ölüb gedəcək,
Unut kədərini, qəmini unut.

Elə bil dağsan ki, vüqar yaraşır,
Söylə, taleyində kimlər dolaşır?
Sən elə işıqsan görənlər çaşır,
Unut kədərini, qəmini unut.

Dağlardan gəlmişik çəni unutma,
O şirin çağları, dəmi unutma.
Qurban gözlərinə, məni unutma,
Unut kədərini, qəmini unut.


“Analar” | Hüseyn Arif.

Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.

Özüm də bilmirəm, Hüseyn, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?

0 şərh