Ayrılıq şeirləri



Ayrılıq | Vasif Zöhraboğlu

Kölgəsi ayrılıq, özü ayrılıq,
Bir ümüd sükutda, səsdə yatıram.
Nəğməsi ayrılıq, sözü ayrılıq,
Dilimdə bir həzin bəstə, yatıram.

Bu ömrü yarıtmaq, yaramaq üçün,
Yoxammı bir zənglə aramaq üçün?
Bir qaçaq sevgini qorumaq üçün,
Her gecə ürəyim üstə yatıram.

Vəfa Mürsəlqızı

Biz səninlə zərrə-zərrə,
Tikə-tikə ayrıldıq,
Gözümüzü üfüqlərə
Dikə-dikə ayrıldıq.

Bir zamanlar neçəsinin kabusuna çevrildim,
Neçəsinin çilik-çilik duyğusuna çevrildim,
Neçəsinin ağrısına,qayğısına çevrildim,
Neçə qadın ümid etdi,bəlkə bəlkə ayrıldıq.

Bir möhtəşəm xoşbəxtliyin günahından sürüşdük,
Az qalmışdı,əl çatırdı lap yaxından sürüşdük,
Elə bil ki,yer kürrəsi öz oxundan sürüşdü,
Dünya-dünya,şəhər-şəhər,ölkə-ölkə ayrıldıq.

Ayrılıq şeirləri ayriliq seirleri

Deyəsən | Rauf Qərib Alagöz

Çox küsüşdük bundan əvvəl.
Çox ayrıldıq, çox barışdıq.
Ayrılmağa, barışmağa,
Belə — belə biz alışdıq.

Biz küsəndə dünya qəmli,
Barışanda şad olardı
Barışmağa min bəhanə…
Hər dəfə bir ad olardı.

Guya səhvən zəng edərdik,
Mesajlar da səhv gedərdi.
Birimiz bərk «xəstələnər»…
Digərimiz zəng edərdi.

Danışardıq ordan-burdan,
Gülüşərdik, ağlayardıq.
Sevgimizin xatirinə
Söz-söhbəti bağlayardıq.

Beləcənə ömür sürər,
Çox da xoşbəxt yaşayardıq.
«Bitməz» deyib, sevgimizi
Sabahlara daşıyardıq.

İndi yenə küsüşmüşük,
Nə yazan var, nə zəng edən.
Sağalmışıq deyəsən biz,
Bəhanə yox,
Gedib gedən…

 

Ayrılıq | Ceyhunə Mehman

Nə biləsən, ayrılığın səhəri,
Gizli-gizli pıçıldaşır yağışlar.
Nə biləsən,əgər geri qayıtsan,
Tanrı səni göz yaşıma bağışlar.

Nə biləsən,soyuyubdur göz yaşım
Yanağıma kədər yağır,qar düşür.
Gözlərimdə iki dünya qovuşur,
Dodağımda ölüm necə öpüşür.

Nə biləsən,səndən sonra hamının
Mənim ilə davası var,dərdi var.
Çoxdandir ki, taleyimin yükünü,
Daşıyammır ömür adlı nərdivan.

Nə biləsən, bu bitməyən əzablar
Ürəyimi ac qurd kimi yeyirlər.
Bənizimdə həsrətindi saralan,
Həkimlərim «qanazlığı» deyirlər.

Nə biləsən, mənəm səni unudan,
Sənsən məni hər gün bir az itirən.
Nə biləsən, gözlərimdən tökülüb,
Yavaş-yavaş külə dönür xatirən.

 

Ayrılaq | Furqani

Biz belə ayrıla bilməyəcəyik,
Nə edək, məcburuq ancaq, ayrılaq.
Vüsala yetmədik, ağır olsa da,
Açaq ayrılığa qucaq, ayrılaq.

Kədər-qəm ələndi hey başımızdan,
Silinərmi bu an yaddaşımızdan?!
Ağlayaq, sızlayaq, göz yaşımızdan
Qoy sönsün bu alov, ocaq, ayrılaq.

Ətrafda hələ ki, seyrəkdi adam,
Bir az da gözləyək, artsın izdiham.
Hərəmiz bir səmtə… düşəntək məqam
Qarışaq onlara o çağ, ayrılaq.

Sevdamız bu gündən xəyaldı, xəyal,
Qədərin önündə sən də, mən də lal.
Gülüm, ayrılıqdı, sağ-salamat qal,
Son kəs bir-birmizi qucaq, ayrılaq.

Belə olmayaydı sonumuz gərək…
Başqa nə oy(u)nu var taleyin görək…
Göz-gözə ayrılmaq çətin, çevrilək,
Arxaya baxmadan qaçaq, ayrılaq.

Ayrılıq | Məhəmməd Hüseyn Şəhriyar

Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq.
Gözə sovurur saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!

Bir gözün açar, bir gözün yumar,
Arazı sərin gördükdə umar,
Xəzəri dərin gördükcə cumar,
Qəm dəryasına cuman ayrılıq.
Aman ayrılıq, aman ayrılıq!

Arazım vursun baş daşdan-daşa,
Göz yaşı gərək başlardan aşa,
Necə yad olsun qardaş qardaşa,
Nə din qanır, nə iman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!

Göylərin Günün, Ayın gizlədir,
Ulduz axtarır, sayın gizlədir,
Oxunu atır, yayın gizlədir,
Qəddimi edib kaman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!

Ayrılıq gələ bir kərəm qıla,
Bir neçə gün də bizdən ayrıla,
Qəm də bir biztək suya sovrula,
Hanı bir belə güman, ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!

Dedim: Ayrılıq, qınama məni,
Səni görmüşəm ellər düşməni,
Yüz min kərə de sınasam səni,
Haman ayrılıq, haman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!

Amansız gözün yuman ayrılıq,
Can cızlığından uman ayrılıq,
Nə qəmli yazar roman ayrılıq,
Dillərə salan duman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!

Sən unutsan da, Süleyman, məni,
Unutmayacaq Şəhriyar səni,
Yaz gələr, bülbül qapsar çəməni,
İndilik sevsin zaman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!

Yenidən | Bəxtiyar Vahabzadə

Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir-birimizdən.
Ayrılıq günləri, hicran günləri
Uzandı… Ömrünə ömr aldı bizdən.

Biz ki, öyrənmişik hicrana artıq.
Cövrü yadda qalır, qəm unudulur.
Sevən könüllərçün, gülüm, uzaqlıq
Ən böyük, ən gözəl yaxınlıq olur.

Yağış dayandımı? Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün təzədən doğur.

Həsrət, ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olurmuş.

Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq, görüşlə bitir… tez olur.
Eh! Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur.

Bil yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə!

Səadət Cahangir

Ən uzun ayrılıq, səni
Köhnədən tanımaqdı,
O gördüyün saçlarım da
Sarıydı, indi ağdı…

Indi vaxt da bir az sarı,
Bir az ağın kədəri,
Bu van qoq rəsmi asılmış
Boş otağın kədəri…

Baxsan heç tanımazsan ki,
Mən varam o rəsmdə,
Dağılıb fikirlərim
Divara o rəsmdə…

Divardan xəyalım düşüb
Daş hörgünün altına,
Ağlamışdım, gözlərimi
Sərdim günün altına…

Kiridim, gördüm arzular
Dönüb sarıya gəlir,
Ən uzun ayrılıqlar
Girib araya gəlir…

Mənasi Yoxdur | Valeh Duyğun

Ayrılıq əbədi deyilsə əyər,
Özünü üzməyin mənası yoxdur.
Qovuşmaq yolunda əzaba dəyər,
Həyatdan bezməyin mənası yoxdur.

İnsanlar sevilir məhəbbət ilə,
Sayılıb seçilir saf diqqət ilə.
Hər qəlbi xainin söz, söhbətilə,
Bağları kəsməyin mənası yoxdur.

Bu giley, ömrünə verməz yaraşıq,
Çalış taleyinlə eylə barışıq.
Bir dəli külək tək qarmaqarışıq,
Sağ-soldan əsməyin mənası yoxdur.

Dərdini anlayan kaman gözəldi,
Arxası dağ olan duman gözəldi.
İnsanlar dönükdü, zaman gözəldi,
Zamandan bezməyin mənası yoxdur.

Payız küləyi tək əsə bilərsən,
Hər kəsdən ümidi kəsə bilərsən.
Hamıdan, hər şeydən küsə bilərsən,
Bir məndən küsməyin mənası yoxdur.

 

0 şərh