Quşlar haqqında şeirlər (Uşaqlar üçün)

 

Quşlar haqqında bir-birindən gözəl 5 şeir

 

“Quşlar” şeiri

 

Quşlar, quşlar, a quşlar!
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerdə, gah yuvada.
Qonun bu tək budağa,
Çox getməyin uzağa.
A quşlarım, getməyin,
Məni qəmgin etməyin.
Quşlar, neçin gedirsiz?
Yoxsa ki seyr edirsiz?
Quşlar uçdu, əkildi,

Abbas Səhhət.

 


 

“Uçun, quşlar!” şeiri

 

Uçun, quşlar, bizim bağa,
Cəh-cəh vurub oxumağa.
Sıx yarpaqlı ağaclarda
Qonun yaşıl bir budağa.

 

Bənövşələr pıçıldaşır,
Sizə nəğmə çox yaraşır.
Quşlar nəğmə oxuyanda
Sevincimiz aşır- daşır.

 

Çiçəklənib gülöyşə nar,
Çiçəklənib şaftalılar.
Uçun, quşlar, bizim bağa.
Nəğmə deyin gəlib bahar.

 

Mirmehdi Seyidzadə.

 


 

«Bir quş» şeiri

 

Bir quş səhər ertə bağça-bağda,
Çör-çöp daşıyıb yuva tikirdi.

 

Gah şad oxuyurdu bir budaqda,
Gah da uçub ot, saman çəkirdi.

 

İstər quşum olsun aşiyanı,
Çör-çöp daşıyır havada hər dəm.

 

İşdən yorulub duran zamanı
“Cik-cik” oxuyurdu şad, xürrəm.

Abdulla Şaiq.

 quslar haqqinda seirler qus seiri quş şeiri


 

“Quşlar yem axtarır” şeiri

 

Bir qış günü tor qurub
Quş ovlamaq istədim.
Özümü ovçu kimi
Göstərməkdi məqsədim.

 

Atam dedi: -qar yağıb,
Soyuq qışdır, çətindir.
Quşlar yem tapa bilmir,
Bizə möhtacdır indi.

 

Bəlkə, bu ac quşlara
Bircə ovuc dən ataq?
Gərək deyil, onları
İncidib torla tutaq.

Əyyub Türkay.


 

“Qaranquş” şeiri

 

Görürəm, yaz yağışı
Yağır hiddətlə yenə.
İldırımlar şaxıyır
Göydə dəhşətlə yenə.

 

Söykənib pəncərəyə
Baxıram hər yana mən.
Yenə yollar kəsilib,
Nə gələn var, nə gedən.

 

Göydə karvan çəkərək
Sıx buludlar dolanır.
Hərə bir yer taparaq
Sığınıb daldalanır.

 

Belə neysanda fəqət
Bir qaranquş görürəm.
Yağış altında onu
Qanad açmış görürəm.

 

Bədənindən su damır,
İslanıbdır o, tamam,
Düzü, heyran kəsilir
Ona baxdıqca adam.

 

Nə əsən güclü külək,
Nə yağan güclü yağış
O zərif quşcuğazı
Bircə an saxlamamış.

 

Elə bil lap bu saat
Gəlsə qış, yağsa da qar,
O dayanmaz yenə də,
Daha sürətlə uçar.

 

Alaraq dimdiyinə
Quşcuğaz yem aparır.
Bax bununçün havanı
İldırımtək o yarır.

 

İndi, yəqin, yolunu
Gözləyir ağ balalar.
Dözməyir qəlbi onun,
Körpələr ac qalalar.

 

Baxıram, yaz yağışı
Yağır hiddətlə yenə.
O qaranquşsa uçur
Göydə sürətlə yenə…

Əliağa Kürçaylı.

 Quşlar haqqında şeirlər (Uşaqlar üçün)

0 şərh