Cinsi azadlıq: Ehtiyacdır, yoxsa istək?

İlk öncə ehtiyac və istəyin mənalarını və bir-birindən nə ilə fərqləndiyini izah edək. İnsanın həyatda qala bilməsi üçün mütləq şəkildə qarşılanması vacib olan şeylərə ehtiyac deyilir. İstək isə bir şeyə qarşı duyulan ləzzət, meyl və arzudur. İnsanın təməl ehtiyacları bunlardır- Yemək, su, sığınacaq, iş və s. İstəklər isə müxtəlif formalarda olur və insanın nəfsi ilə bağlıdır. Bunların arasındakı fərqi bu formada izah etmək olar – su sənin ehtiyacındır, pivə, coca-cola və sairə içkilər isə sənin istəyindir. Cinsi əlaqə sənin ehtiyacındır, amma rəngarəng cinsi fəaliyyətlər isə sənin zövq və istəyinlə bağlı bir şeydir. İnsanların ehtiyacları məhduddur, istəkləri isə qeyri-məhdud. İnsanların istək və arzularının bir sərhəddi yoxdur. Nəfsin istək siyahısı çox ola bilər. Bu siyahıya baxıb təyin olunmalıdır ki, bunların neçəsi insanın həqiqi ehtiyacıdır. Amma bir çox siyahılar nəfsin azğınlığı altında doldurulmuş siyahılardır…
Bizim söhbət mövzumuz isə cinsi əlaqə məsələsini ehtiyac və istək çərçivəsində araşdırmaqdır.
İslam filosofu Mürtəza Mütəhhəri bu haqda yazır: “Cinsi qərizə iki yönə malikdir: cismani və ruhi yönlər. Cismani baxımdan bu qərizə (instikt) məhduddur. Bu nəzərdən bir və ya iki qadın, kişinin cinsi ehtiyaclarının təmin olunması üçün kifayətdir. Lakin bu nahiyədə yarana bilən ruhi yanğı üçün ehtiyacların tam təmin olunması mümkün deyildir. Ruhi yanğı, hərislik formasına düşən bir istəkdir. Yanğının bu növü müntəzəm olaraq yeni-yeni şeylər tələb edir, birindən doyub digərinin ardınca gedir. İxtiyarında on nəfər belə olsa, yenidən başqa on nəfərin dalınca düşür. Qeyd-şərtsiz əlaqələri və üzdəniraq azadlığı məhz yanğının bu növü yaratmışdır. Ona başqa bir ifadə ilə həvəs də deyilir. Həvəs çox səthi olub, insanın qüvvələrini pərakəndə hala salır, yeni-yeni növlərə meyl edir və heç bir əxlaq normasına sığmır. Bu yanğı növü heç vaxt təmin oluna bilməz. Göz heç vaxt gözəlləri görməkdən doymur, qəlb də həmişə gözün ardınca gedir. Belə hallarda qərizəni müxtəlif yollarla təmin etmək mümkün deyildir. İnsanın ruhi istəkləri maddi axarlarda qərar tutsa, heç bir həddə dayanmaz. Hər bir mərhələyə çatdıqda, növbəti mərhələyə yetişmək meyli yaranar. Nəfsani istəkləri nə qədər çox təmin etsən, bir o qədər də artacaqdır. Lakin onu az şeyə adət verdirsən, qənaətə vərdiş edəcəkdir. Freyd və onun kimilərinin ən böyük səhvi, qərizələrin mötədilləşməsinin yeganə yolunu mütləq və qeyd-şərtsiz təmin edilməsində görməsidir. Məhrumiyyət şəhvət hissinin daha da tüğyan etməsinə səbəb olduğu kimi, mütləq şəkildə onun istəklərinə tabe olmaq da onun şölələnməsinə səbəb olur. Cinsi qərizənin həddindən artıq həyəcanlandırılıb təmin edilməsinin çox ağır nəticələri, o cümlədən erkən həddi-buluğa çatmaq, tez qocalmaq və sairə təsirləri vardır…”
Türk Psixiatrı Nevzat Tarhan isə bu haqda bunları yazır: “İnsanın ən önəmli zövqlərindən biri yemək və içməkdir. Yemək içməkdə sərhədsizlik isə köklük xəstəliyini meydana gətirir. Kök insanda xərçəng də daxil olmaqla, bir çox xəstəliyin ifrat dərəcədə artığı bugün elmi cəhətdən təsdiqlənmişdir. Yemək zövqünə sərhəd qoyulması necə doğrudursa, cinsi fəaliyyətlərə də sərhəd qoyulmalıdır..Cinsi əlaqənin ən uzun müddəti səkkiz dəqiqədir. Səkkiz dəqiqə sonra insan, cismi olaraq həzzi itirməyə başlayır. Amma həyat fəlsəfəsi, cinsəlliyi ən böyük zövq olaraq qəbul edən insan yenə də təmin ola bilmir, zidd olan başqa cinsi fəaliyyətlərə yönəlməyə başlayır. Cinsi əlaqədən də zövq ala bilməyən insan, yaşama səbəbini itirmək hislərinə qapılsa, depressiyaya düşəcək. Bu gün İngiltərədə intiharla olan ölüm, yol qəzaları nəticəsində baş verən ölümdən daha çoxdur. Bunun ən böyük səbəbi cinsi azadlıqdır. “Dünyaya bir dəfə gəlirəm, ürəyimin istədiyi kimi hərəkət edə bilməyəcəyəmsə, niyə yaşayım?” kimi yanaşma, ilk anda doğru kimi görünsə də, yaşamaqdan zövq almağı özünə yeganə məqsəd seçən bir insan, bir müddət sonra bu zövqləri davam etdirə bilməməyin sıxıntısını yaşamağa başlayır. Daha çox zövq üçün uyuşdurucuya və pornoya yönəlir. Amma həyat fəlsəfəsini dəyişdirib, azadlıqlarına sərhəd qoymağı və ertələməyi bacarsa, rahatlayacaqdır. Əks halda məqsədsiz bir fərd ortaya çıxır və depresif olması qaçınılmaz olur. Ali bir idealı olmayan, həyatı sadəcə dünya həyatı olaraq düşünən insan niyə azadlıqlarına sərhəd qoysun ki? Azadlıqlarına sərhəd qoymaq onun üçün anlamsızdır. Əgər bir insan ləzzəti cinsi əlaqədən ibarət görməyib, maraq dairəsini ilahi mesaja, insanı heyvanlardan ayıran uca dəyərlərə, bu dəyərlərə sahib olmağın verdiyi ləzzətlərə yönəldə bilsə, depressiyaya qarşı güclü olacaqdır. Ancaq insanları bu dəyərlərə çatdıran şey, şəhvət iyi verən ədəbiyyat, səs-küylü musiqi, porno yayımlar, və sairələr deyil. Həqiqi zövq və həyatdakı xoşbəxtlik, sağlam inanc, doğru əxlaq və həqiqi elm çərçivəsindədir….”
Bu yazılanlardan ümumi olaraq bu nəticəyə gəlinir ki, İnsanlar öz təməl ehtiyaclarını qarşıladıqdan sonra, nəfsani arzu və istəklərini isə müəyyən əxlaqi çərçivədə həyata keçirməlidirlər. Bu insanın insan olaraq kamilliyə ucalmaq şərtidir..
Psixologiya elmində, xüsusilə Freydin psixologiya məktəbində məhrumiyyət və qadağalara çox diqqət yetirilmişdir. O deyir: “Məhrumiyyətlər və qadağlar ictimai qayda-qanunların nəticəsidir. Daxili iztirab və narahatçılıqlar yaranmasın deyə ehtirasları mümkün qədər aşkar və azad qoymaq lazımdır.” Bertrand Rassel deyir: “…Bu iş insanların onlara qarşı ehtiraslarını azaldacaq. İffətlə ziddiyyət təşkil edən, qəzet və digər şeylərin çap olunub yayılması azad olsa, bu vərəqələr bir-iki il müddətində onlar tərəfindən rəğbətlə qarşılanacaq, daha sonra isə ondan yorulacaqlar və artıq heç kəs onlara baxmaq istəməyəcək..”
Bu irada cavab olaraq Mürtəza Mütəhhəri qeyd edir: “Etiraf etməliyik ki, məhrumiyyətlər, xüsusilə cinsi qadağalar xoşagəlməz və dəhşətli halların yaranmasına səbəb olur və təbii ehtiyacların tələbi ilə mübarizə aparmaq səhv bir fikirdir. Lakin ictimai normaların və sərhədlərin götürülməsi heç də bu problemi həll etmir, üstəlik onu artırır da. Bu işə nə qədər geniş meydan verilsə, yeni növlərə olan meyl və həvəslər bir o qədər də artacaqdır. “…İffətsizlikdən yorulacaqlar” məsələsinə gəldikdə isə, bu o demək deyil ki, həmin hislər iffətli olmaq meylləri ilə əvəz olunacaq. Əksinə, yeni-yeni növlər tələb edəcək və bu istəklər heç vaxt tamam olmayacaq.”
Mürtəza Mütəhhəri “İnsan qadağan olunan şeyə həris olur” məsələsinə belə cavab verir: “Bu düzgün bir mətləbdir. Amma gərək bir qədər izah olunsun. İnsan o şeylərə həris olur ki, həm ondan çəkindirilsin, həm də ona doğru təhrik edilsin. Başqa sözlə, bir şeyi təmənna etmək hissini insanda oyadır, digər tərəfdən isə onu qadağan edirlər. Amma əgər müəyyən bir məsələ ümumiyyətlə təbliğ olunmasa, yaxud az yayılsa, ona qarşı hərislik də az olacaqdır.”
Bəziləri qeyd edir ki, cinsəlliyi əngəlləyən faktorlar toplumda nevrozun yayılmasına səbəb olur. Amma praktikada dəqiq müşahidə aparsaq görərik ki, bu tam olaraq belə deyil. Cinsəl məsələlərdəki sərhəddin olmaması da, nevrozun qarşısını almır. Baxıb görürsən ki, aktiv cinsi həyat yaşayırlar, amma nevrotik reaksiyalardan uzaq deyillər. Emosiyalarını açıq biruzə verirlər və çox vaxt hər şeyə əsəbləşib söyüşdən və acı sözlərdən istifadə edirlər. Amma cinsi həyatında məhdudiyyətlər olan, iman sahibi bir çox insan, sakit və təmkinlidirlər, ruhları aramdır. Hind filosofu Oşo bu haqda deyir: “ Nevrotik və erotik olmaq hər ikisi bir növ dəlilikdir. Fərd sadəcə özü olmalıdır. Nə nevrotik, nə erotik, bütün vəziyyətlərə hazır, qəbul etməyə və yaşamağa hazır..”
Toplumda nevrozun yayılma səbəbini başqa amillərdə axtarmaq lazımdır..
Bəzi təbəqə isə elmin inkişafını və düşüncələrin çiçəklənməsini haqsız olaraq cəmiyyətdə cinsi azadlığın olması ilə bağlayır. Buna nümunə və sübut kimi Qərb toplumunu göstərirlər. Halbuki Qərb elmi nailiyyətlərə cinsi azadlıq ilə yox, elm ilə çatmışdır. Qərb təhsilə, elmə diqqət və pul ayırdığı üçün inkişaf edib. Qərbdə ciddi ixtiralara və kəşflərə imza atmış alimlərin çoxunun rəngarəng cinsi həyatı olmayıb. Ümumiyyətlə elm adamları mümkün qədər bu kimi məsələlərdən uzaq gəzirlər ki, beyinləri elmlə daha çox məşqul olsun və işləri daha məhsuldar alınsın. “Dahilərin dahisi” adlanan Nikola Tesla öz qeydlərində bildirib ki, heç vaxt cinsi əlaqədə olmayıb. Evlənməyib və ömrünü subay olaraq başa vurub. O aseksual olmasını elmi nailiyyətlərinə kömək elədiyini düşünürdü. Elə Freydin özü də evlənənə qədər cinsi əlaqədə olmayıb. Gec ailə həyatı qurub. Hamını psixoanaliz edib, amma özünün psixoanaliz olunmasına icazə verməyib. Səbəbi isə tam olaraq bilinmir..
Elm dünyasına öz töhfələrini vermiş İbni Sina, Bəhmənyar, Cəmşid Kaşani, Nəsirəddin Tusi, Əl-Cəzari və sair Şərq alimləri də cinsi azadlıq olan cəmiyyətlərdən çxımayıblar. Nəsirəddin Tusi deyib ki, alın bütün dünya əyləncələri, həva-həvəsləri sizin olsun, mənim tək əyləncəm, gündüzləri dərs demək, gecələr isə mütaliə ilə məşqul olmaqdır..
Keçək bu cinsi inqilab məsələsinə…Bunun tarixinə bir nəzər salaq:
İnsanın varoluş məqsədi olaraq arzuların təmin olunması tezisi ortaya atıldı. Bu görüş insanlara elmi formatda təqdim olundu. Arzuların ən zirvəsi olaraq bilinən cinsəllik təmin olunmalı idi. Bunun həyat fəlsəfəsindəki yeri də cinsi azadlıq idi.
1960-1970-ci illər hippilər, doğum kontrol həbləri, feminizm və cinsi iqilabla simvolizə edilirdi. 1960-cı illərdə feminist və liberal yazarların təsirilə, universitet tələbə hərəkətliliyi ilə bərabər, intellektual kəsimlərdə də bir cinsi sərbəstlik yaşanmağa başladı. Xüsusilə Fransada başlayan bu hərəkətlənmə, Skandinaviya ölkələrində zatən var olan sərbəst cinsi mədəniyyətlə birləşdi və daha da yayılıb dərinləşdi. Eyni dalğa Okeanın o tayına, Amerikaya da çatdı. 70-ci illərin əvvəllərində ABŞ-da 50-ci illərdə kök atmış flört mədəniyyətiylə bir araya gəldi və onu sərbəst hala gətirdi. 1970-ci ilərdə beləcə hardasa bütün topluma yayılan “cinsi inqilab” hərəkatı istifadəsi asan doğum kontrol həbləri sayəsində evlilikdən kənar cinsi əlaqəni çox daha risksiz hala gətirərək, cinsi sərbəstliyin yayılmasına səbəb oldu. Qərbdə cinsi sərbəstliyin tam yayılması 1990-cı illərə təsadüf edir. Artıq təkcə intellektual kəsimlərdə yox, Qərb toplumunun hər kəsimində cinsi əlaqə “sərbəstcə” yaşanılırdı. Bir öncəki nəsildə olan toplumun böyük çoxluğundakı gənc qızlar evlilik öncəsi əlaqələrdən utandıqları halda, indi artıq evlilik öncəsi əlaqə yaşamamış olmaqdan utanmağa başlamışdılar.
Bu inqilabın fikir ataları vaxtının aydın kəsimi olan psixoloqlar idi. Liberalist bir dünya görüşünün əsəri olan bu siyasətlər dünyada heç bir yerdə insanlığa xoşbəxtlik verməyəcəyi məlum məsələdir. Əsrimiz insanı zövq arxasıyca qaçmağı özünə ideal qərar verdi. Bu elm adına edildi.
Qərb ölkələri bu təcrübəni illərdir ki, başlamışlar. Hətta bəzi ölkələr cinsi məsələlərdə hər hansı bir utancaqlığın və məhdudiyyətin aradan qaldırılmasında kifayət qədər irəliyə getmişlər. Görəsən həmin ölkələrdə müvafiq problem həll olunmuşdurmu? Məsələn, hazırda İngiltərədə, Amerikada, Danimarkada və ya İsveçdə abır-həyadan uzaq həmin seksoloji jurnallarda, açıq-saçıq geyim formaları ilə,və ya filmlərlə cinsi münasibətlərə olan ehtirası aşağı sala bilmişlərmi? Onlar bu yolla duyğu məsələsini həll edə bilmişlərmi? Belə əqidədə olanlar görünür ki, cinsi instiktin nə olduğunu bilmirlər. Cinsi instikt sanki bir atdır ki, qamçı ilə təhrik olunur, amma heç bir qayda-qanun olmazsa və vurulan qamçıların sayı bilinməzsə, at hürkər…

Cinsi sərbəstlik nəticəsində meydana gələn əxlaqi çöküntü səbəbilə, can sıxıntısı, bezginlik, ümidsizlik, alkoqolizm, erkən qocalma, melanxoliya, şizofreniya kimi xəstəliklər anormal sürətdə artmağa başladı.

Və… Qərb bunu yoxladı. Cinsi azadlığın toplumu nə hala gətirdiyini gördü. İndi bunun önünə necə keçmək lazımdır təlaşındadı. Ailə bağlarını qüvvətləndirmək üçün, büdcələrindən ciddi miqdarda pul vəsaiti ayırmaqdadı. Alınan nəticə ortada ikən, Şərq toplumlarını belə bir inqilaba sürükləmək, xüsusən də müsəlmanlar üçün faciəvi bir şey şeydir… Bəs Qərb cinsi azadlığını Şərqə niyə ixrac edir ?..

Bu suala Doktor Əli Şəriəti belə cavab verir: “…Bəs nə üçün istismar olunan, nefti, qızılı, almazı, qiymətli hər nəyi varsa, Avropa və Amerikaya daşınan ölkələrdə “cinsi azadlıq” şüarları daha güclü səslənir? Yoxsa istismarçılar bu zəif, həqiqi milli rəhbərdən məhrum ölkələrə neft əvəzində “demokratiya” verməyi özlərinə borc bilirlər?! Təəssüf ki, yox! Hər bir xalqın ən qeyrətli, vətənpərvər hissəsi gənclərdir. Ağlı başında olan gənclik nə Vətənin bir qarışını, nə neft, nə də sair təbi ehtiyatlarını “demokratiya” gəlinciyiniə dəyişməz! Bu gəncləri yalnız bir yolla susdurmaq olar – Cinsi azadlıq və şəhvət demokratiyası ilə! Boynuna bir metr zəncir asıb diskotekalarda göbəyini oynadan sərxoş gənc üçün Vətən adlı bir anlam yoxdur. Artıq bu gənclər bir saat “demokratik” əyləncəyə hər şeyi qurban verməyə hazırdırlar. Bəli, bütün dünyada, ən əsası ikinci “sort” ölkələrdə cinsi feyerverk qoparan qərb əhrimənini tanıtmaq lazım gəlir… Onlar üçün ictimai ayıqlığı təhlükə doğuran gənc nəslin cinsi hüquqları daha çox maraqlıdır..”

Ümumiyyətlə cinsəllik kapitalizm üçün çox gəlirli sahədir. Bu sektorun əhatə dairəsi olduqca genişdir. Canlı seks şouları, porno yayımlar, videolar, fetiş və striptiz klublar, kiber seks və sairələr ilə böyük bir bazardır. Qərbdə qəzet satıcılarının masasının üstündəki jurnalların ən azı üçdə bir hissəsi göz oxşamaq üçün nəzərdə tutlan şəkillərdir. Bu jurnalların tirajı, digər jurnallardan daha çoxdur və onların gəliri kifayət qədərdir. Hətta iş o qədər böyümüşdür ki, bu cür jurnalların ixracı Qərb ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır. Rəssamlıq, musiqi, kino, teatr, jurnal, kitab, şəkil və poçt markaları – bütün bunlar qadını bazara çəkib aparır. Ancaq sekslə bağlı istehsal sahələri bunlarla sona yetmir. İqtisadiyyatın daha iki böyük sahəsində çalışanlar qarətçilik məqsədilə gözlərini qadına dikmişlər: Bəzək ləvazimatları yaradanlar və moda müəllifləri. Əgər mənəvi mədəniyyət maddi mədəniyyəti əvəz etsə və qadın öz şəxsiyyətini zahiri görünüşü və bədəni kimi qəbul etməsə, bu böyük istehsal sahələrinin vəzifəsi nə olacaqdır ?

Belə bir iqtisadi sistemə məhkum olan cəmiyyətlərdə yaşayan qadın elə bir vasitədir ki, xərcləməli və xərclənməlidir. Mənəviyyatdan uzaq olan Qərb iqtisadiyyatı bu iki kəlmədən savayı heç bir başqa dəyəri rəsmi olaraq tanımır. Yalnız cisim və bədəndən ibarət olan qadın istifadə edən və istifadə olunan olmalıdır və bu “olmalıdır” sözü onun geyiminin formasını müəyyən edir. Qadın Qərb kapitalizminin ən məzlum qurbanlığı və eyni zamanda həmin kapitalizmin ən kəsici silahıdır.
Avropa parlamenti tərəfindən 2004-cü ilində hazırlanan hesabat, bu bazarın iqtisadi anlamda nə qədər qazanc gətirən sahə olduğunu göstərir. Təxmini rəqəmlərə görə, qlobal seks sənayesinin qazancı, beş-yeddi trilyon dollar arasında dəyişir. Özü də bu sektordan ancaq “pornoqrafiya” markaları yox, bir çox müxtəlif yönümlü şirkətlər də ciddi qazanclar əldə edir…
Tarixə qayıdaq. Əgər kilsələr izdivacı mənəviyyata zidd hesab etməsəydi və ruhaniləri evlənməkdən imtina etməyə çağırmasaydı, onda ola bilsin ki, yeni mədəniyyətdəki bu qarşıdurma da ola bilməzdi. Doktor Həddad Adil bu məqamı bu cümlə ilə çox gözəl ifadə edir: “..Əgər Sen Jorm kimi müqəddəs bir ruhani din adından təbliğ etməsəydi ki, “Bekartın baltası ilə nikahın kökünü kəsib atın”, onda bugün Qərbdə dinsizlik adı altında “nikahın kökü zinakarlıq baltası ilə kəsilib atılmazdı..” Və… yenə də qurban qadınlar oldu. Qadın feodalizm zəncirindən qurtulub, əyninə burjuaziya zənciri geyindi. Modernləşmiş kapitalist toplum qadını yarı çılpaq, ödənişli bir kölə halına gətirmişdir. Qısacası, modern toplum, nə ənənəvi qadına, nə də modern qadına bir qurtuluş verməmişdir. Doktor Əli Şəriəti yazır: “..Bizim bu gün tanıdığımız açıq-saçıq qərbli qadın bir zaman keşişlərin həyatdan ayırıb, monastrlarda çürütdüyü qadındır. Ailə qurmaq, ana olmaq hüququ əlindən alınmış qadın azadlığa çıxdıqda və bu “azadlıq”da əxlaqsızlıqdan asan yol tapmadıqda nə etməlidir? Orta əsrlərdə keşişlər deyirdilər: “Naməhrəm (yad) kişi olan otağa qadın daxil ola bilməz. Bu kişi həmin qadını görməsə də, günaha batır.” Keşiş Sen Tomas deyir: “ Allahdan başqasına eşq olmaz. Hətta ərin də arvadına sevgisi günah hesab olunur. İsa evlənməyib və həqiqi xristianlar da belə etməlidir.” Bizim qadının bu gün düşdüyü vəziyyətə Avropa qadını neçə əsr əvvəl düşüb.”
Sözdə qadın haqları deyib duranlar bu günə qədər təəssüf ki, qadına layiq olduğu yeri heç cürə verə bilmədilər. Ya qadına ifrat dərəcədə hökm etdilər, haqsız münasibət göstərdilər, ya da qadına çox fürsət verdilər, onu kişiliyə həvəsləndirdilər və onu məhv etdilər. Yəni belə deyək, dırnağın artıq hissəsini kəsib atmaq istəyərkən, mayasını da çəkib çıxartdılar..
Yaxşı bəs, bu cinsi münasibətlərin həll yolu nədir? Əsas həll yolları bunlardır:
— İnsanların cinsi intiktlərini təhrik edən hər cür vasitə aradan qaldırılmalıdır. Xüsusən də porno sənayesi dayandırılmalıdır. Kino, qəzet, jurnal, media bu məqsədə xidmət etməməlidir.
— Uşaqlar uşaqlıqdan cinsi tərbiyə olunmalı və bu təhsil ocaqların tədris proqramına daxil edilməlidir.
— Qanuni izdivacın önündə duran bütün əngəllər məhv edilməlidir.
— Cəmiyyəti əhatə edən köhnə adət-ənənə və stereotiplər, insan təbiətinə və fitrətinə zidd olan bütün zəncirlər qırılmalıdır. (Məs, dul qadınlara olan münasibət və s.)
— Cinsi ləzzətlər ailə mühitində və qanuni həyat yoldaşıyla məhdudlaşmalıdır. İctimai mühit isə iş və fəaliyyət üçün nəzərdə tutlmalıdır. Belə olduqda işlərdə zehin daha çox işə fokuslanır və daha məhsuldar fəaliyyət göstərir. Bu təhsilin keyfiyyətinə də aiddir..
— Qadınlar örtünməli və kişilər də gözlərinə yiyə durmalıdır.
— Düzgün iqtisadi sistem yaradılmalıdır. Elə sistem ki, insanlar ancaq pul haqqında düşünüb, gecələr pulun yuxusunu görməsin.
Əlbəttə, bütün bunları etmək üçün gərək bütün dünyanı, xüsusən də yekə qarın kapitalistləri qarşına alasan. Amma bəşəriyyət həqiqətən də belə bir şey istəsə, qarşısında heç kim dayana bilməz..
Bunun qarşısındaki ən böyük əngəl isə budur – qadınlar örtünmək istəmir, kişilər isə cinsi həyatlarının aktiv olmasını istəyirlər. Əlbəttə bunu yaradan amillər var. Daha doğrusu bunu meydana gətirən bir mühit var. Bu mühit də “yuxarıdakıların” yaratdığı mühitdir. Qadınların nəzərində ən mühüm azadlıq bədən azadlığıdır. Yəni ki, bədən mənimdirsə, bu bədənlə istədiyimi edərəm. Heç kim də qarşısa bilməz. Amma bu təkcə fərdlə bağlı məsələ olsaydı, bunu düzgün qəbul etmək olardı. Lakin bunun əsas cəmiyyət tərəfi var. Qadınlara şəxsiyyət azadlığı versən də, bədən azadlığı olmasa, özündə naqislik hiss edəcək. Bu naqisliyi də o mühit yaradıb və gözlərdə bunu daha çox qabardır. Məqsəd isə bəllidir, bu mühit çox gəlir gətirir onlara. Yuxarıda bu haqda danışıldı. Kişilər üçün isə, geyiminin açıq və ya bağlı olması elə də bir əhəmiyyəti daşımır. Kişilər həmişə bağlı geyimə daha çox üstünlük verir və bunu özlərinə naqislik kimi qəbul etmir. Bu məqamı, yəni qadınların və kişilərin təbiətlərindəki fərqi alimlərin dili ilə izah edək..
Mürtəza Mütəhhəri bu haqda yazır: “ Kişinin meyli qadınlara baxmaqdır və onda heç də öz gözəlliyini göstərmək meyli yoxdur. Bunun əksinə olaraq qadının meyli kişilərə baxmaq deyil, daha çox özünü göstərməkdir. Kişinin qadına baxmaq meyli, qadını özünü göstərməyə daha çox təhrik edir. Digər tərəfdən kişilərin arxasıyca baxmaq qadınlarda çox azdır. Kişilər isə öz gözəlliklərini göstərməyə çox az hallarda meyl edirlər. Buna görə də İslamda qadınlara icazə verilmir ki, evdən çıxdığı zaman kişilərin ehtirasını təhrik edən vasitələrdən istifadə etsin. Eləcə də kişilərə icazə verilmir ki, qadınların arxasıyca baxsın, gözləri onda bunda olsun. Gərək kişilər öz cinsi ləzzətlərini özünün qanuni həyat yoldaşına həsr etsin və öz həyat yoldaşından ayrılıb küçəyə, cəmiyyətə qədəm qoyduğu andan etibarəın bu məsələlər barəsində fikirləşməməyi qərara alsın, bütün diqqətini bu qadına, o qıza, bu bədən quruluşuna, o işvənaza və sairə yerlərə yönəltməsin.”
Doktor Həddad Adil isə bu haqda belə yazır: “Qadınların və kişilərin mənəvi və fiziki fərqləri mövzusu ilə əlaqədar insan psixologiyası və fiziologiyası sahəsində aparılan elmi tədqiqatlar sübut etmişdir ki, kişilər şəhvətli baxış stimulları baxımından qadınlardan daha həssasdırlar. Bunun əksinə olaraq qadınlar isə toxunma hissi ilə əlaqədar daha artıq həssaslığa malikdirlər. Həmçinin bütün yaşlarda onların eşitmə qabiliyyəti kişilərin eşitmə qabiliyyətindən daha üstündür. Ancaq kişilərdə görmə qabiliyyəti daha yüksəkdir. Bu cinsi keyfiyyətlər hislər sayəsində mənimsənilməyib, yaxud sonradan qazanılmayıb, əksinə uşaqlıq illərindən məlumdur. Görmə stimulları yüksək olan kişilər daha artıq həssaslığa malikdirlər. Kişinin bu zəif damarı həmişə onun gündəlik həyatında özünü biruzə verir və bu müxtəlif formalarda, o cümlədən şəkillərin hazırlanmasında, jurnallarda və seksoloji filmlərdə istifadə olunur. Qadınlar toxunma stimullarına görə daha artıq həssaslığa malikdirlər. Onların həssaslığındakı bu fərq ilk günlərdən formalaşmağa başlayır. Kişilərdə spesifik keyfiyyət olan “baxıb həzz alma” termini onların görmə stimullarına münasibətdə həssaslığndan irəli gəlir. Kişilər o qədər geniş surətdə təhrikedici hislərinin təsiri altına düşürlər ki, elə buna görə də bu baxımdan daha fəaldırlar. Başqa bir tərəfdən toxunma hissinin hüdudları çox böyük olmadığından onun fəaliyyəti yaxından təmasla məhdudlaşır. Bundan əlavə, qadının cinsi hormonları davamlı formada ayrılır, yəni ardıcıl olaraq baş verir. Qadına təhrikedici stimulların təsiri çox məhdud şəkildədir və bu baxımdan da qadınların fəaliyyəti çox azdır. Elmi təhqiqatların və təcrübələrin göstərdiyi kimi, kişilər qadınların bədənlərinə baxarkən onlarda özünü göstərən ehtiras hissi, qadınların kişilərə baxması zamanı müşahidə olunmur. Bu baxımdan cinsi psixologiyada da sübut olunmuşdur ki, qadın bədəninin bütün hissələri kişilərdə ehtiras yaratsa da, qadınlarda belə deyildir. Bu cür fərqlər həm kişilərin baxışını, həm də qadınların paltarlarını daha da məhdudlaşdırır.”
Yekun olaraq demək lazımdır ki, cinsi azadlıq deyilən şey əslində cinsi istismardır. Hər yanlış şey kimi bunu da müxtəlif vasitələrlə məsumlaşdırıblar. Nə üçün? Çünki “yuxarıdakların” rahat və problemsiz həyat yaşamaları üçün “aşağıdaklılar” əziyyət çəkib sürünməlidir. Bu sürünmə “aşağıdakıları” məhv edir, yorur, çərlədir. Ona görə də toplumlara cinsi azadlıq, narkotika, içki, siqaret yayılır ki, bu çərləmə müqabilində onları uyuşdurub, qısa da olsa dərdləri unutdursunlar ki, sonrakı sürünmələrə hazır vəziyyətdə olsunlar… Bunlardan qurtulmaq isə çətin məsələdir. Çünki kapitalizm insanların istəklərini təbii ehtiyacmış kimi onların şüuraltına mütəmadi olaraq yerləşdirir..
Başlıqdakı sual, bu ehtiyacdır, yoxsa istək? Bütün bu danışılanlardan aydın oldu ki, bu istək və arzudur, meyldir, zövqdür. Həqiqi ehtiyac isə sərhədli cinsi azadlıqdır. Ümumiyyətlə bəşəriyyətin xoşbəxtliyi, hədd-hüdüd tanımayan nəfsani istəklərini müəyyən nizam-intizama salmaqdan keçir. Biz həqiqi kamilliyə bu yolla çatıb, aydınlana bilərik. Oşo deyir ki, xoşbəxtliklə, zövqü bir-birinə qarışdırmayın. Xoşbəxtlik daimi bir şeydir, zövq isə müvəqqəti. Xoşbəxtlik nəyinsə yoxluğu və varlığı deyil. O zatən sənin içində mövcuddur. Sadəcə onu kəşf etməlisən.
Bu qədər…

Müəllif: İlqar Balayev 

5 şərh

Gülnar
Istek ve ya ehtiyac olmasini qoyuram kenara, mütexessisleri biler.
Cinsi azadliğin müeyyen exlaqi çerçivede heyata keçirilmesi fikri ile de raziyam.
Amma çox «düzgün», ütülenmiş cümlelerle dolu bu meqalede aşilanmaq istenen fikir cefengiyyatdi. Cinsi azadliq qerb toplumunu pis güne qoymayib ve aile bağlarini zeifletmir, eksine güclendirir. Çünki, azad cinsi elaqenin olmasi tam azad münasibetlerin olmasi demekdi. Bele münasibetlerin qurulduğu cemiyyetlerde ise insanlar özlerini taniyir ve ne istediklerini, onlara eslinde hansi insanin lazim olduğunu daha yaxşi seçirler. 
Guilty
Gülnar xanım,biz burda faktlardan danışırıq axı.Ola bilsin məqaləni tez-tələsik oxumusunuz. :)
Gülnar
Yazida bir-birile elaqesiz araşdirma, «fakt»lar sadalanir sonda cinsi azadliğin eslinde cinsi istismar olmasi kimi absurd fikir seslenir. Ve men inanmaliyam ki, bu fakt o neticeni esaslandirdi?
Meselen, "kişilər şəhvətli baxış stimulları baxımından qadınlardan daha həssasdırlar" kimi "şedevrvari fakt«cinsi azadliğin cinsi istismar olmasini nece esaslandira biler?
azadmamedov90
«The Equaliser» filini endirərkən oxuduğum-daha doğrusu yarı yarıya oxuduğum bu topik- mövzu aktual olaraq hamını əhatə edir. Canlı olan hər şeyi. Və müşahidə etmək kifayətdir ki, heyvanlar belə çəkilib kənarda gizlində öz təbii ehtiyacların ödədiyi halda, bizim dünyada yaşayan, düşünən və düşünərək bu dünyanı sümürən «insan» açıqda hətta dəfələrlə izlənsin deyə filmin çəkib başqalarında da çox vaxt məcbur izlətdirir(subniminal mesajları nəzərdə tuturam).
 Məhz şəxsi həyatlnda «Sex tape» filmini izləyib kama sutra kitabının müəllifinin belə istifadə etmədiyi pozaları öz istəkləri üçün ailəsindən qıraqda-başqa qadınlarla, həmçinin qadınlar da başqa kişilərlə həyata keçirir. Zənnimcə bu kimi məsələlər müzakirə edilə bilər. Bu işlərin başlanğıcı bekarçılıqdır deyə fikirləşirəm. Əgər hamı hansısa amal uğrunda çalışarsa onda sağlam cəmiyyət yaranar.
engineer
Çox gözəl məqaləyə görə təşəkkür eliyirəm. Həqiqətəndə daim düşündüyüm və çox zaman izah etməkdə çətinlik çəkdiyim fikirləri qələmə almısız. Heyif ki, çox insan bunu başa düşmür və cəmiyyətimizdə əksər qadınların beyninə bunu elə yeridiblər ki, heqiqəti görən gözləri qapanıb. Allah cəmiyyətimizi, insanlarımızı belə anormal düşüncə tərzindən qorusun.