Doğru bildiyimiz səhvlər

Dilin fərqli hissələri fərqli dadları hiss edir
Dilin üstündə fərqli dad hüceyrələri var və bəziləri digərlərindən daha hissiyyatlıdırlar. Amma xüsusi hissələrə ayrılmayıblar.

Kolumb da dünyanın düz olduğuna inanırmış
Məşhur səyyah Kristofor Kolumb dünyanın nə qədər böyük olduğunu bilməmiş ola bilərdi, amma gəmi ilə üzərək dünyanın bir ucundan düşəcəyini fikirləşəcək qədər axmaq deyildi.

İnsan meymundan yaranıb
Darvin əslində bunu demək istəməyib, amma əsrlərdir bunu hamı səhv təqdim edib. Onun demək istədiyi bu idi ki, meymunlar və şimpanzelərin əvvəlki insanlarla ortaq cəhətləri daha çox olub.

Su fərqli yarımkürələrdə fərqli istiqamətlərdə axır
Bunu çox vaxt Avstraliyadan danışanda qeyd edirdilər. Guya cənub yarımkürəsində su fərqli istiqamətdə axır.

Napoleonun boyu balaca idi
Napoleonun əslində boyu 1.70 sm olub. İndiki dövr üçün bu orta boy sayılsa da, həmin dövr üçün belə deyildi. Üstəlik ətrafındakı əsgərlərin də boyu hündür olduğundan belə bir səhv fikir dildən dilə gəzir.

Siçanlar pendir sevir
Uşaq vaxtı baxdığımız “Tom və Cerri” cizgi filmində həmişə siçanı pendir yeyən görmüşük. Əslində isə siçanlar pendir deyil, fıstıq və ya şirin şeyləri sevirmişlər. Yəni pendir və “Snikers”i yanaşı qoysalar, siçan mütləq şokoladı seçər.

Eynşteyn məktəbdə “iki” alırmış
Bu yalanı təkcə Eynşteyn haqqında yox, 10-dan çox Nobel mükafatlı fizik və ya elm adamı üçün deyiblər. Ancaq Eynşteyn heç də axmaq şagird olmayıb, xüsusilə riyaziyyat və fizika fənlərindən daima yüksək qiymətlər alıb.

“11 iqlim qurşağından 8-i Azərbaycandadır”
Yəqin tez-tez bu cümləni eşidirsiniz. Bu da geniş yayılmış səhv məlumatlardandır. Əslində dünyada 11 deyil, 13 iqlim qurşağı var. Bunlardan yeddisi əsas, altısı keçid iqlim qurşağıdır. Azərbaycan isə subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Bu cümlə Azərbaycan ərazisində qeydə alınan 8 iqlim tipindən qaynaqlanır. Unutmaq olmaz ki, tip və qurşaq başqa anlayışlardır.

Yazar: Rəna Nevzat

 

0 şərh