On üç günün məktubları | Cemal Süreya

  • Sevgi

Sənlə rastlaşdıgım gun susuz, yalnız idim. Gozlərini bir nəfəsə cəkdim icimə.Cemal Süreya ciddi bir əməliyyat üçün xəstəxanada yatan həyat yoldaşı Zuhal Akkanata xəstəxanada olduğu 13 gün müddətində hər gün məktub yazır. 1972-ci il 12-24 iyul tarixlərində qələmə alınan 13 məktubu 1990-cı ildə Cemal Süreyanın ölümündən qısa bir müddət sonra yoldaşı Zuhal Akkanat nəşriyyatlardan birinə təqdim etmişdi. Məktublar elə həmin il çap olunub.

Məktublardan seçilmiş hissələr:

1. Zuhalım, həyat! Həyatımsan. Bunu bilməyini istəyirəm.

2. Kafenin qabağından maşınlar keçir. Bir dənə də at arabası. Səni düşünəndə o atı da sevirəm. Çay içirəm. Bundan belə cökə çay içəcəm. Evimizin qabağında bir cökə ağacı olsaydı kaş. Sən dibçəkdə də yetişdirə bilərsən. Gecə yatağımızda Memoyla (oğlu) elə hey səndən danışdıq. Susanda səninlə susduq. Yatanda səninlə yatdıq.

3. Hər şeyimi sənə borcluyam. Səninlə rastlaşdığım vaxtlarda çökmüşdüm. Sən məni təmir etdin. Əlimdən tutub ayağa qaldırdın. Mən də çörək kimi, bərəkət kimi öpüb alnıma qoydum səni, müqəddəs bildim.

4. Bir dəfə Qarsa getmişdim. Dəlicə çayı yaman gur axırdı. Ağlımda heç bir şey yox idi. Çünki o vaxtlar hələ səninlə rastlaşmamışdım. Sonra sən gəldin. Ətrafımı gözəlləşdirdin. Məni mən elədin. Memonu bəxş elədin. Sən də bizimlə yaşadın hər zaman, bunu unutma.

5. Məni anlamalısan, bəzi şeylərin arxasıyca qaçıram. Bəzi iddialarım var, onları gerçəkləşdirmək istəyirəm. Bunun xaricində çox şeyə vaxtım və niyyətim olmur. Bu baxımdan, məhz elə bu baxımdan məni anlamalısan. Məndən şübhələnməyini istəmirəm. Mən ki, sənə sənin şah damarından daha yaxınam, necə şübhələnə bilərsən axı? Məni dəstəklə (onsuz hər zaman dəstəkləmisən), gör birlikdə nələr edəcəyik.

6. Madam aldığım bibərləri yaxşıca qızartdı. Optalidon (ağrıkəsici dərman) da aldım. Ağ zolaqlı paltarın da çantamdadı. Həmişə sənin sevdiyin bir işi edəndə ürəyim titrəyir.

7. Həyat haqda bu iki misra yadımda qalıb. Xarici şairdi.

“Həyat qısadır quzucuqlarım
Yenə də uzundur quzucuqlarım”

Bu iki misranı sevirəm, istəyirəm sən də sevəsən. Bəli, quzucuğum yenə də uzundur həyat. “İldə bir gün” — deyə bir mahnıdan oxuyursan hərdən.

Sənlə rastlaşdığım gün susuz, yalnız idim.
Gözlərini bir nəfəsə çəkdim içimə.

8. Bir bulağa qaçan kimi qaçıram sənə tərəf. Anla, artıq!

9. Məktublarımı sevirsənmi? Mən səni çox sevirəm.

10. Diyircəkli qələmin mürəkkəbi qurtardı. Avtomat qələmlə yazmağa davam edirəm. Bu mürəkkəbi sevirəm. Sənin gözünün rəngini xatırladan bir tərəfi var deyəsən. Bu mürəkkəblə də həqiqəti təsdiqləyirəm: Madam, sevilirsən, madam, sizinlə Oklohomaya getmək istəyərəm. Çikakoda da qələbəlik bir küçədə gəzmək istəyirəm. 

11. “Pir Sultan”a getdim. Bir ay yarım içində bu araşdırmanı yekunlaşdırmalıyam. Bu işin öhdəsindən gələ bilsəm yaxşı bir iş çıxacaq ortaya. “Madam Bovari”nin pulu ilə sənə televizor, Pir Sultanın pulu paltaryuyan alacam. İkisinə də çatacaq pulum. Səni yaşadacam. Qolum-qanadım, çiçəyim. Daha gözəl günlərimiz olacaq. Necati Cumalının dediyi kim: “Yaşar yaxşı və gözəl olan.”
Səni corək kimi opub alnıma qoydum... 

12. Ağlımda hər an sən vardın. Keçən dəfəki əməliyyatı xatırladım. Sən əməliyyat olan zaman nə edəcəyimi bilmir, “Qorio Ata”nın tərcüməsinə daha bir neçə səhifə artırırdım ki, əlimizə bir az da pul gəlsin. O xəstəxanadan çıxış gününü heç unutmuram.
Yaddaşımda dərin bir iz buraxıb. Pulumuz yox idi. “Cem” nəşriyyatından 1000 lirə almalıydım, əvvəlcədən xəbər versəm də bu pulu vaxtında ödəməmiş, ya da ödəyə bilməmişdilər. Bunun nəticəsi idi ki, həmin günü səni heç taksiyə də mindirə bilməmişdim.

Gəzə-gəzə Şişliyə düşüb, ordan Karaköy avtobusuna, Karaköydən də gəmiyə minmişdik. Necə günlər keçirtdik. Bizim sevgimiz bu cür günlərdən keçib. Amma biz həmin günləri də sevirik, deyilmi? Yaşadığımız günlərdi, bir-birimizi tanıdığımız günlər. Yaxşı-pis günlər keçirtdik. Daha çox yaxşı günlər. O günləri öpürəm.

13. Bizi bir yük maşınına mindirdilər. İki tüfəngli adamın nəzarətində. Sonra həmin iki adamla birlikdə bir yük vaqonuna mindik. Günlərcə yol getdikdən sonra bir kənddə düşdük. İtlər hürürdü. Heç vaxt o itlərin hürməsi, o səyahət, polislər yadımdan çıxmaz.

Həssaslığım bəlkə də bir az uşaqlıq xatirələrimlə bağlıdı. Anam sürgündə öldü. Memoya və sənə olan sevgimdə bu ölümləri də, bu yetimliyi də dəyərləndirməlisən. Eşqimin təndirdən yeni çıxmış bir çörək kimi təptəzə və isti olduğunu bilməlisən.
Tələbə vaxtı paytaxt küçələrində gəzərkən elə hey arvadım uşaqlarım olacağını düşünürdüm. Siması bilinməyən, səbəbsiz bir şey idi o qadın. Bir kölgə kimi xəyallarımda canlanardı arabir. O qadın sənsən. Uşaqlar Memo ilə Elif. 

Anamla atam Bilecikdə şose yolunun yanında bir qəbiristanlıqda iki məzarda yan-yana yatırlar. Anam 1938-ci ildə, atam 1957-ci ildə öldü. İki ölüm arasında 20 illik bir ara var. Amma bax ikisi də yan-yana yatır. Bir gün gedək. Gedək?  Nənəmlə dayım da o yaşıllığın altındadılar, amma yan-yana deyil. “Sizin heç atanız öldümü?”

Biz göz yaşımızı gizlədən insanlarıq.

Biz qəhqəhəmizi də gizlədərik
Biz yarışı uduzsaq da qaçan atlarıq.
 

Səni sevirəm!

0 şərh