Sevgi üçbucağı

  • Sevgi

Bir vaxtlar Allahla mənim aramda sən var idin.

Səni sevdikcə Ona bir az da yaxınlaşardım.

Ona yaxınlaşdıqca səni daha çox sevərdim.

Bilmirəm, xəbərin varmı, səndən üz döndərəndən sonra Allah da məndən üz döndərdi.

O vaxt “sən varsan” deyə hər kəsin yanında dolu-dolu susardım. Allah da məni dinləyərdi.

İndi “sən yoxsan” deyə kimə nə gəldi boş-boş danışıram. Allah da məni dinləmir.

Bəlkə də, sən haqqa gedən ən qısa yol idin mənim üçün.

Bəlkə də, səni sevmək əsas görəvimdi mənim bu dünyada.

Bilmirəm, xəbərin varmı, bütün cığırlar əsas yoldan uzaqlaşmaq üçün imiş.

O vaxt mən darıxmaqdan başqa heç nə bacarmırdım.

İndi hər şeyi bacarıram, darıxmaqdan savayı.

Hərdən darıxmaqdan ötrü elə darıxıram ki...

Hərdən elə zəhləm gedir ki, özümdən...

Bilmirəm, xəbərin varmı, mən indi çox dəyişmişəm.

Yəqin, indi Allah səni məndən daha çox istəyir.

Yəqin, indi sən ona məndən daha yaxınsan.

O, bəlkə, səni hələ də eşidir.

Əgər belədirsə, Allahına de, məni bağışlasın.

Üçlükdə keçirdiyimiz illərin xatirinə.

Bilmirəm, xəbərin varmı, sənsiz birtəhər keçinirəm, amma Onsuz mənə çox çətindi.

Səhər Əhməd

4 şərh

Ferbara
Səhər Əhmədi ilk dəfə kayzendəki Tort dadında yazı məqaləsində tanıdım, bəyəndim. Onda elə də əhəmiyyət verməmişdim. Bu şeirlə ikinci rastlaşmağımız oldu. Artıq Səhər Əhməd maraqlı gəldi mənə.
Şeir gözəldi. Tanış hisslərdi. :) 
pascal
Ay Apollon. bir yandan Bukovskinin şeir yazmamağın məsləhət görən topik nəşr edirsən, bir yandan da insanı şeir yazmağa sövq edən mənsur şeirlər yerləşdirirsən. İndi biz hansı yolla gedək? :)
_BUMERANQ_
Səhər Əhməd üslubunu mən də çox bəyənirəm :)