Təyinim olarsanmı?

  • Sevgi

Amma mən sən olmayan cumlədə dəli-dolu bir mubtəda oldum. Hec bir xəbərlə uzlaşmayan, hec bir təyinin cəsarət edib  yanaşmadıgı.“Necəsən?” demə mənə. “Yorğunam” deməyə halım yox, susacaq qədər də yorğun deyiləm.

Tək və mücərrəd isim kimiyəm, quruluşca sadə, cəm şəkilçisi qəbul etməyən, heç bir şəxsə mənsub olmayan. Ən əsası isə odur ki, qeyri-müəyyən təsirlik haldayam.

Bilirsənmi, qeyri-müəyyən təsirlik halda olan isimlər yanında hər zaman təsirli fel tələb edərlər. Uzaqdan idarə edilməz onlar, ayrılıqda heç bir məna ifadə etməzlər çünki.

Sən ki təsirli felsən, hardan biləsən qeyri-müəyyən təsirlik halda olan isim nə çəkir.

Heç nə soruşma məndən, ən yaxşısı, mən də heç nə deməyim. Yenə alınmayacaq, onsuz da. Yenə “hə” əvəzinə “yox” deyəcəm, gülmək lazım olan yerdə ağlayacam yenə. Bizim sükutumuz daha maraqlıdı, nəinki söhbətimiz.

Heç bir suala cavab verməyən köməkçi nitq hissəsi olmaq istəyərdim sən olan cümlədə. Qüvvətləndirici bir ədat, məsələn. Üzüyola bir durğu işarəsi olmaq istəyərdim, harda desən, orda dayanan. Amma mən sən olmayan cümlədə dəli –dolu bir mübtəda oldum. Heç bir xəbərlə uzlaşmayan, heç bir təyinin cəsarət edib  yanaşmadığı.

Mənim təyinedicim olarsanmı, “necə?”, “nə cür?”, “hansı?” sualına nə cavab verdiyimi bilmək istəyirəm.

Sən ki mənim cümləmdə deyilsən, hardan biləsən, tamamlıqları və zərflikləri yaşatmaq üçün xəbərlə uzlaşmaq zorunda qalan təyinsiz bir mübtəda nə çəkir.

“Necəsən?” demə mənə. İllər öncəki kimiyəm. Yenə havam parçalı-buludlu, həyatım orta şəkərli. Heç dəyişmədim mən. Daima eyni mövsümdəyəm.

Qeyri-müəyyən şəxsli cümləyə bənzəyirəm. Məni ancaq sən anlarsan. Anla artıq. Necə olduğumu sənə necə deyim...

© Səhər Əhməd

2 şərh

Ferbara
Səni ancaq mən anlaramsa, səni anlamırammış kimi halın var.
_BUMERANQ_
Demək ki, necə olduğumu anlamayacağın qədər qarışıq duyğular içindəyəm...
Ya da sən əvvəlki deyilsən.