Lev Tolstoy və Sofya Bers

  • Sevgi
Tarix ona nəsə yazanları hər zaman xatırlayır. Bir çox məşhurlar — yazıçılar, musiqiçilər, rəssamlar təkcə işləri ilə deyil, həm də həyatları ilə yadda qalıblar. Bu həyatlar arasında kədərlisi də var, faciəlisi də, xoşbəxti də. Sevgi isə yaradıcı insanların ruhundadır. Onların sevgiləri hər zaman oxunulur, izlənilir.

Onun 18 yaşı vardı, Tolstoyun isə 34. Məşhur yazıçı ideal axtarırdı. Sofya Bers isə aşiq idi, gənc idi. Onların sevgisi heç bir kitaba sığmır. Rusiya tarixində ən çox müzakirə edilən ailə həyatı bəlkə də elə Lev Nikoloyeviç Tolstoy və xanımı Sofya Andreyevnanın həyatıdır. Onlar haqqında o qədər şaiyələr gəzirdi ki...

Ailələrinin ən gizli sirləri belə müzakirə edilirdi. Həmçinin bəlkə də Sofya qədər tənqid edilən ikinci qadın da olmayıb. Onu dahi ərinə pis baxmaqda, yaxşı həyat yoldaşı olmamaqda qınayırdılar. Amma o, bütün həyatını yazıçıya həsr etmişdi. Özü yaşamaq istədiyi kimi deyil, Lev Nikolayeviçin arzu etdiyi kimi yaşamışdı.

Əsl məhəbbəti onu rədd edir...
Həyatı boyu ideal qadın axtaran Tolstoy ilk dəfə gənc olarkən saf kəndli qızı Qlaşaya vurulur. Sonradan hamilə qalan, yazıçının xalasının qulluqçusu olan Qlaşa qovulur. Yaxınları isə ondan imtina edirlər. Qlaşa bəlkə də həlak olardı, əgər Tolstoyun bacısı Maşa onu himayəsinə almasaydı...

Sonradan yazıçı özü-özünə söz verir: öz kəndində heç bir qadınla əlaqə yaratmayacaq. Tolstoy əsl məhəbbəti 22 yaşında dadır. O, bacısı Maşanın ən yaxın rəfiqəsi Zinaida Molostovaya aşiq olur. Tolstoy ona evlənmə təklif edir, lakin Zinaida rədd cavabı verir. Sonradan Tolstoy sınıq qəlbi ilə birlikdə Qafqaza gedir.

«Mən ailə həyatı üçün doğulmamışam»
İkinci dəfə o, 1854-cü ilin yayında aşiq olur. Arsenyevin yetim qalmış üç uşağına himayədarlığı boynuna götürən yazıçı böyük qız, iyirmi yaşlı Valeriyanı sevir. Onlar görüşürlər. Lakin gənc aşiqlər tamam başqa adamlar idilər. Tolstoy arzulayırdı ki, Valeriya sadə paltarda onun yanında gəzərək kasıb insanlara yardım edəcək. Lakin Valeriya bahalı geyimdə və arabada küçələri gəzəcəyini xəyal edirdi. Tolstoy bunu anlayan kimi qıza məktub yazır: «Məncə, mən ailə həyatı üçün doğulmamışam, baxmayaraq ki, onu dünyada hər şeydən çox sevirəm”.

“Əlbəttə ki, hə”
Sofya Andreyevna Bers 22 avqust 1844-cü ildə doğulub. O, Moskva saray həkimi Andrey Bersin ikinci qızı idi. Ailədə isə səkkiz uşaq vardı. Anası Lyubov Aleksandrovna qızlarını oxudurdu. Sofya özü hətta nağıl yazırdı. Ailə Kremldə demək olar ki, kasıblıq içində yaşayırdı.

1862-ci ilin avqustunda Bers ailəsinin uşaqları İviçadakı babalarını ziyarətə gedirlər. Yolda Yasnaya Polyanada dayanırlar. Elə həmin vaxt 34 yaşlı qraf Tolstoy ailənin 18 yaşlı qızı Sofyanı görür. Onlar tez-tez görüşüb söhbətləşirlər. Qraf Sofyanın gözəlliyi və saflığı qarşısında dayana bilmir və ona vurulur. Berslər getdikdən sonra Lev Nikolayeviç bir neçə gün ancaq dözə bilir. Sofyanı yenidən görmək üçün İviçaya gedir və balda onunla rəqs edir. Baxmayaraq ki, yazıçı öz-özünə Sofyanın hələ uşaq olduğunu deyirdi, yenə də hisslərini gizlədə bilmirdi. Berslər Moskavaya qayıdanda Tolstoy onların ardınca gedir. 17 sentyabrda Tolstoy Berslərin evinə gedərək Sofyaya məktub verir və ona evlənmə təklif edir. Sofya otağına qalxır. Qayıdanda isə “əlbəttə ki, hə” cavabını verir. Tolstoy həqiqətən xoşbəxt idi…



Və Tolstoyun ailə həyatı başladı...
Sofya gənc idi, ailənin intim həyatı barədə anasından öyrənmişdi. Buna görə də soyuq və məsafəli idi. Tolstoy isə gənc arvadına qarşı ehtiraslı idi və ondan cavab istəyirdi. Hətta bir dəfə gecələrdən birində Tolstoyun gözünə qarabasma görünür. Ona elə gəlir ki, qucağında sevişdiyi Sofya deyil, gəlincikdir. O, bu barədə arvadına deyir və Sofya bundan çox qorxur. Lakin gecə həyatı dəyişmədən qalır. İlk hamiləliyi Sofya ağır keçirir.  10 iyul 1863-cü ildə ilk övladları Sergey doğulur. Sonradan İlya, Lev, Mariya, Petr, Nikolay, Varvara, Andrey, Mixail, Aleksey, Aleksanra və İvan doğulur. 13 uşaqdan beşi uşaq ikən ölür.

Həyatlarının ilk iyirmi ilini Sofya və Tolstoy bir-birini çox sevirlər. Sofya Tolstoy üçün nələri etmir. O, uşaqlarına özü tərbiyə verir, bişirir, geyindirir. Yasnaya Polyanada müalicə mərkəzi açır. Özü insanlara bacardığı qədər kömək edir. Yazıçıya həmçinin əsərlərində də yardım edir. Əlyazmaları köçürür.
Ailə həyatının 19-cu ilində Tolstoy “Anna Karenina”nı bitirir. O, ruhi böhran yaşayırdı. Artıq bu həyat onu təmin etmirdi. Yazıçı ruhi sakitlik tapa bilmirdi. Bəzən hətta intihara cəhd edirdi. Dində sakitlik tapmağa çalışır, lakin alınmırdı. Evin bütün zəhməti isə Sofyanın çiyinlərində idi. Artıq cütlük arasında davalar olurdu. Sofya bezmişdi. Tolstoy onu aldadırdı. Hər dəfə Sofya hamilə olanda yazıçı gah aşbazla, gah xidmətçi ilə yatırdı. Hər dəfə peşman olsa da, bütün bunlar Sofyanın qəlbini yaralayırdı. 44 yaşında Sofya sonuncu övladını, Vanyanı dünyaya gətirdi. Lakin körpə öldü. Sofya sanki dəli olmuşdu. O, körpənin ölümünü qəbul edə bilmirdi.

Ərinin dostuna vurulur...
Bu faciəni cütlük yaşaya bilmədi. Körpənin ölümündən sonra Sofya həyatını dəyişdi. O, bahalı paltarlar almağa, Moskvaya konsertlərə getməyə başladı. Tezliklə məlum oldu ki, ailə dostu, bəstəkar və pianoçu Aleksandr Sergeyeviç Taneyevə vurulub. Lakin uşaqlar analarına görə utanırdılar. Analarının 52 yaşı vardı. O isə gəncləşirdi, yaşı üçün uyğun olmayan geyimlər geyinirdi. Tolstoy arvadını qısqanırdı. Taneyev isə qadının eşqini anlamadı. O elə bilirdi ki, dostdurlar.

 “Elə bilmə ki, səni sevmədiyim üçün getdim. Səni çox sevirəm, amma başqa cür davrana bilməzdim”

24 fevral 1901-ci ildə Tolstoyu kilsədən qovurlar. Sofya ərini dəstəkləyir. Bəlkə də bu, cütlüyün son ən gözəl günləri idi. Onlar yenidən birlikdə idilər və bir-birlərini sevirdilər. Sonradan yenə də ruhi gərginlik, uyğunsuzluq və davalar. Sofya çox qorxurdu ki, onu ərinin düşməni, ona mane olan qadın kimi xatırlayarlar. Nəhayət, elə bir an gəldi ki, Tolstoy daha Yasnaya Polyanada qalmaq istəmədi.

1910-ci il oktyabrın 27-dən 28-nə keçən gecə cütlük arasında sonuncu və dəhşətli mübahisə olur. 82 yaşlı yazıçını qızı Aleksandra yola salır. Tolstoy sonradan arvadına məktub yazır:

“Elə bilmə ki, səni sevmədiyim üçün getdim. Səni çox sevirəm, amma başqa cür davrana bilməzdim”.

Sofya məktubu oxuyandan sonra evin yaxınlığındakı gölə qaçaraq buz kimi suya atılır. Onu çıxarırlar. O, ərini soruşur, lakin qızı atasının yerini demir. Yazıçı yolda soyuqlayır və Astapova adlı kiçik stansiyada vəfat edir.

“Dözülməz dərəcədə darıxıram»
Tolstoyun ölümündən sonra Sofya Andreyevnanı çox qınadılar. Dedilər ki, yazıçıya pis baxıb. Özü isə heç vaxt özünə haqq qazandırmadı. 29 noyabr 1910-cu ildə Sofya yazırdı: “Dözülməz dərəcədə darıxıram. Vicdanım ağrıyır, zəifəm. Rəhmətlik ərimə acıyıram, əzab çəkirəm”.

Sofya intihar etmək istədi. Lakin bacarmadı. Ömrünün qalan hissəsini da ərinə həsr etdi. Əsərlərini topladı. Məktublarını çapa hazırladı.
Sofya Andreyevna Tolstaya 4 noyabr 1919-cu ildə vəfat etdi. Qızı Tatyana deyirdi ki, anası ölümə hazır idi, onu sakitcə gözləyirdi.

 

Gülər Qasımova

0 şərh