Sevgi hekayəsi | Bernard Şou – Stella Patrik Kempbell

  • Sevgi
Düz altmış il boyunca Şou əlliyə yaxın pyes yazıb. Hələ Birinci dünya savaşınadək o, təkcə İngiltərədə deyil, həm də bütün Avropada böyük dramaturq kimi tanınırdı. Uzun illər onun sevgilisi olmuş Stella Patrik Kempbell isə dövrünün ən məşhur və heyrətamiz aktrisası kimi London səhnəsində parlayırdı. Onların macərası olduqca qəribə və müəmmalarla dolu tarixçədən ibarətdir.

Sevgililər 40 il ərzində bir-birilərinə, demək olar ki, dünyadakı bütün məsələlərə dair çoxlu məktublar yazıblar. Hər ikisinin dili məcaz və aforizmlərlə, istehza və tikanlı sözlərlə zəngin idi. Stella Bernard Şouya məktubunda deyir: “Əgər mən Sizin kimi məktub yaza bilsəydim, Cənab Tanrının özü ilə yazışardm”.

Cütlük təkcə səhnədə deyil, həyatda da rol oynayırdılar. Məhz buna görə də onların münasibətləri haqqında indiyədək vahid bir fikir yoxdur: aralarında real məhəbbət romanı yaşanıbmı, yoxsa hislərinin bütün çılğınlıqları yalnız kağız üzərindəmi qalıb?

Stella 17 yaşında Patrik Kempbellə kor-koranə aşiq olur və ərə gedir. Qayğısız gənc çiçəkləri və quşları sevirdi. Üç ildən sonra illüziyalar əriyir və missis Patrik Kempbell qucağında iki uşaq – oğlu Beo və qızı Stella – və həyatda heç nədən başı çıxmayan, müvəffəqiyyət ardınca İngiltərənin cənub müstəmləkələrinə üz tutmağı qərara alan əri ilə həyatla mübarizə aparmalı olur. Stella özünü, uşaqlarını dolandırmaq, hələ üstəlik Patrikin növbəti “xəyali layihələri”nə də pul göndərmək üçün həddən artıq çalışmalı, ağır işlərdə işləməli olur.

Bernard Şou evli idi və arvadı Şarlotta ilə aralarında heç bir yaxınlıq olmayacağını razılaşmışdılar. O, seksual zəminə dayanan məhəbbəti qəbul etmirdi. Arvadı onun qayğısına qalır, qulluq edirdi və Şou həyatında heç nəyi dəyişməyə hazırlaşmırdı. Stella isə onun qəlbinin və ruhunun dərinliklərinə çökmüş, dərin iz buraxmışdı. Əlbəttə, o, yazıçını ilk növbədə bir aktrisa kimi heyran qoymuşdu. Şou onun istedadı qarşısında baş əyir və etiraf edirdi ki, Stella səhnədə bir balaca “gözlərini ağardan” kimi bütün normal kişilər əsərin bədii dəyərini düzgün qiymətləndirmək bacarığından məhrum olurlar. Şou bu təsiri “faciəvi korluq” adlandırırdı. 

Aktrisa şöhrətli yazıçını sevirdimi? Bu hələ də müəmma olaraq qalır? Əlbəttə, Şounun bu qədər açıq ehtiramı ona böyük zövq verirdi. Lakin qadın həm də anlayırdı ki, bütün bu flirtlər hamısı işin maraqları xatirinədir – sevgili qismində olmaq onun işinə yarayırdı. Şou özü də etiraf edirdi ki: “Qadınlar mənim yanımda çox şey itirilər… Mən onları xeyli üfürüb köpürdürəm. Ciblərim sevgi qərikləri ilə doludur, ancaq onlar adi qəpiklər deyil, qəlpdirlər… Məhəbbət isə məni əyləndirir, gücümü bərpa edir”. Stella ona eyni kartlarla cavab verir, onu şirnikləndirərək özünə çəkir, xüsusilə də ciddi gün rejimini və arvadının kefini pozmamağa çalışmasını lağa qoyurdu.

Aktrisa çox ağır həyat yaşayır. İngilis-bur müharibəsində əri, Birinci Dünya savaşında isə oğlu həlak olur. “Qılıqsız Pat” (Şou onu belə adlandırırdı) qocalır, rollarından və maliyyə vəsaitlərindən məhrum olur. İngiltərədəki mülkünü satıb xoşbəxt həyat axtarışına çıxmağa məcbur olur.

Kitablardan bir qədər pul qazanmaq məqsədilə Şounun razılığı və iştirakı ilə memuarlarını və məktublaşmalarının bir qismini nəşr etdirir. “Epistolyar məhəbbət”in epiloqu Jerom Kiltinin “Əziz yalançı” pyesi olur. Onun dünya teatr səhnələrindəki uğuru gözlənilənləri də ötüb keçir. Qeyri-adi sevgililərin qeyri-adi məhəbbəti (gerçəkmi, yoxsa epistolyarmı?) kağız üzərindəki sözlərdən, 40 illik məhəbbət etiraflarından ibarət olmaqla qalmadı, münasibətlərin tamam fərqli, özəl təzahürü kimi yaddaşlara yazıldı.

0 şərh