İdeal həyat yoldaşı necə olmalıdır?

  • Sevgi
Evlilik iki insanın bir ömür boyu birgə yaşamasıdır. Xoşbəxt bir evliliyin olması üçün isə vacib şərtlər var ki, bunlar sevgi, hörmət və etibardır. Bu hisslərin azalmasıyla evlilikdə anlaşılmazlıq, mübahisələr və digər problemlər yaranır, nəticədə evliliklər sarsılır ki, bu da boşanma ilə nəticələnir. Unutmaq olmaz ki, ailə bir əlaqələr sistemidir və bu sistem ailə içindəki fərdlərin bir-biri ilə qarşılıqlı münasibətləri ilə tənzimlənir.
İdeal həyat yoldaşı necə olmalıdır?
Ən böyük nöqsan insanın özünü tanımadan başqasını axtarmasıdır
Lakin bu da bir faktdır ki, insanlar həyatlarına daxil olan şəxsləri öz xarakterlərinə görə seçirlər. Bu baxımdan ideal həyat yoldaşı seçimi ilə bağlı meyarlar dəyişir. Araşdırmalara görə, insanlar həyatlarına nizam yaradan, problemi həll edə biləcək, dəstək olan, anlayışlı insanları daha çox daxil edirlər. Doğru həyat yoldaşını seçməklə bağlı insanların problemlə üzləşdiyi də məlumdur. Lakin burada ən böyük nöqsan insanın özünü tanımadan başqasını axtarmasıdır. Amma əslində bir tanışlığın əsasında ən böyük məqamlardan biri hörmətdir ki, bu, bir-birini dinləmək, anlamaq müddətini ortaya çıxarır. Qarşı tərəfi anlamaq isə ona haqq vermək deyil. Anlamaq bir münasibətdəki aid olmaq hissini gücləndirir. Bu baxımdan ideal həyat yoldaşı qarşısındakını dinləyən biridir.
İnsanlar tanış olarkən bir sıra faktorları göz önünə gətirməklə özləri üçün ən ideal həyat yoldaşı seçirlər. Mütəxəssislər evliliklə bağlı bir sıra amillərə diqqət yetirilməsini vacib hesab edirlər. İdeal həyat yoldaşı ilə bağlı ən önəmli faktor həmin şəxsin sizə nə qədər bənzədiyidir. Ailə vəziyyəti, böyümə tərzi, mədəniyyət, təhsil, ortaq zövqlərlə nə qədər bir-birinə bənzədiyiniz önəmlidir. Özünüzə uyğun olmayan bir həyat yoldaşı evliliyi daha da çətin bir hala gətirir. İnsanlar dost seçərkən belə, nə qədər çox ortaq nöqtənin olduğuna diqqət edirlər. Doğrudur, heç kəs eynilə bir-birinə bənzəməz, fərqli zövqlər, maraq dairələri olacaq. Ən önəmli amillərdən biri də həmin şəxsin ailə qurmağa nə qədər hazır olduğudur. Belə ki, qarşınızdakı şəxs evliliklə bağlı davamlı bəhanələr uydurursa və mövzunu dəyişdirirsə, o, sizin üçün düzgün seçim deyil. Çünki o, bu yayınmalarla evlilikdən və sizdən uzaqlaşacaq. Bu vəziyyətdə ən yaxşısı hər şeyi zamanın ixtiyarına buraxmaqdır. Evlənərkən ömrünüzün geri qalanını artıq o insanla keçirəcəyinizi unutmayın. Əgər onunla görüşdüyünüzdə danışacaq mövzu tapa bilmirsizsə, yaxud həmin vaxt sizə darıxdırıcı gəlirsə, mütləq qarşınızdakı insan sizin üçün doğru seçim deyil. Bundan başqa yaş faktoru da önəmlidir.
Psixoloqların araşdırmalarına görə, boşanma faizi daha çox qadının yaşının kişinin yaşından daha böyük olduğu cütlüklərə aid olur. Eyni yaşda olan evliliklərdə boşanma faizi daha azdır. Kişinin yaşca daha böyük olması evliliklərdə rolunun daha təsirli olmasını təmin edir. Bu üzdən evlənəcəyiniz kişinin sizdən 5-6 yaş böyük olması ideal sayılır. Evlənməyi düşündüyünüz namizədin bir hobbisinin, məşğuliyyət növünün olması evlilikdə müsbət bir amildir. Hər hansı bir hobbisi olmayan cütlüklərdə evliliyin qarşıdakı mərhələlərində bir-biriylə daha sıx mübahisəsi yaranır. Üstəlik, araşdırmalar göstərir ki, kitab oxuma vərdişinə sahib olan kişilərin boşanma faizi daha azdır.
Hələ də ailə quran qızlarda patriarxal düşüncə mövcuddur
İdeal həyat yoldaşı ifadəsi insanları olduğu kimi görünməyə və ümumilikdə real olmayan bir obrazın yaranmasına gətirdiyini deyən «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirdi ki, ümumiyyətlə, həyatda ideal ifadəsi böyük yükdür: «Lakin insanlar ailə qurarkən ilk öncə bir-birini yaxşı tanımalı, olduğu kimi qəbul etməyi bacarmalıdır. Hər ikisi iqtisadi azad olmalıdır ki, birinin digər tərəf üzərində üstünlüyü olmasın. Bir dəfə maraqlı bir ifadə oxumuşdum ki, əgər ər-arvad bir-biri ilə söhbət etməyə söz tapmırlarsa, demək, ailə deyillər. Artıq bu baxımdan hər iki tərəf bir-birinə maraqlı olmağı bacarmalıdır ki, bu isə onların öz üzərində çalışması deməkdir. Ailə quran şəxslər bir-birinə qarşı açıq olmalıdır, qapalılıq çox təhlükəli amildir, əgər bunlar doğma insana çevrilmək istəyirlərsə, öz hisslərini, düşüncələrini, planlarını, problemlərini bölüşməyi bacarmalıdır. Qarşı tərəfin həyatına, onun düşüncəsinə hörmət, qarşılıqlı anlaşma əsas faktordur.
Təəssüf ki, hələ də cəmiyyətdə ailə quran qızlarda patriarxal düşüncə mövcuddur ki, məni saxlasınlar, ərə getdiyim şəxs küçədə zibil daşısın, amma mənə çoxlu pul gətirsin və ya onlarda „varlı olsun“ düşüncəsi var. Mən bunu bəzən qarşı tərəfə münasibətdə „restoran“, „kafe“, „dükan“ predmeti kimi baxılmasında görürəm. Doğrudur, əgər kişi öz qadınının iqtisadi azad olması üçün imkan yaratmırsa, o halda onun borcudur ki, ailəsinə baxsın, yox əgər bu imkanı olan qadın yalnız iqtisadi amil baxımından kiməsə ərə gedirsə və ya onu verirlərsə, o halda bu, öz növbəsində, özünü satmağın mədəni formasıdır. Bunların hamısının kökündə isə stereotiplər, patriarxal düşüncə və o cümlədən qadınların iqtisadi azad olmaması dayanır ki, burada isə həm cəmiyyət, həm qadınlara qarşı görünməyən diskriminasiya, həm də ailə günahkardır».
M.Zeynalova deyir ki, insan ailə məsuliyyətini, onun ağırlığı, öhdəliyini anlamayınca ailə qurması məqbul deyil. Burada yalnız iki şəxsin taleyi deyil, dünyaya gələn uşaqlar, onların psixikası, ətrafdakı qohumlar, cəmiyyət dayanır, odur ki, bu məsələlərdə diqqətli olmaq lazımdır.
 
Artıq nəinki qadınlar, hətta kişilər də ailə qurmağa gəlir mənbəyi kimi baxır
Sosial Qayğı və Tədqiqatlar Mərkəzi rəhbəri Gülnar Nəzərova bildirdi ki, hər birimiz ailə qurarkən insanların yaxşı və pis gündə bərabər olacaqlarına söz verdiyinin şahidi olmuşuq, lakin ailə qurduqdan sonra insanlar arasında olan münasibətlər tamamilə dəyişir: «Evliliyə qədər olan diqqət, qayğı bir çox hallarda itir və ər-arvad arasında soyuq münasibətlər formalaşır. Tərəflər artıq bir-birini hadisələrdə günahlandırmağa başlayırlar. Bir müddət sonra isə tərəflərin bəzən biri, bəzən hər ikisi xoşbəxt olmadıqlarını düşünərək xoşbəxtliyi başqa istiqamətlərdə axtarmağa başlayırlar. Əslində isə məsələ sadədir: evlilik dövrünə qədər insanlar bir arada yaşamadıqlarından xarakter uyğunluğunun olub-olmadığı aydın olmur. Ailə qurduqdan sonra isə bu məsələ zamanla aydınlaşır və artıq əsas problemlər bundan sonra başlayır. Lakin insanlar ailə qurarkən anlamalıdır ki, onlar fərqli mühitdə, fərqli ailədə tərbiyə alıb, fərqli dünyagörüşü və təfəkkürə malikdirlər. Bu cür məsələlərdə güzəştə gedə bilmək üçün isə ən yaxşı halda tərəflərin empatiya qurmağı bacarması, mövcud problemlərə yüksələn səs tonu ilə deyil, söhbət əsnasında aydınlıq gətirməlidirlər. Zamanla bir-birlərinə xoş sözləri əsirgəməməli, əks tərəfin onun üçün etdiklərini qiymətləndirməyi bacarmalıdır. Belə olan təqdirdə ailədə münaqişə və zorakılıqdan söhbət gedə bilməz».
G.Nəzərova deyir ki, insanlar bir-birilərini olduğu kimi qəbul etməli, əks tərəfdən möcüzələr gözləməməlidir: «Təəssüflər olsun ki, artıq nəinki qadınlar, hətta kişilər də ailə qurmağa gəlir mənbəyi kimi baxırlar. Əgər şəxsin gəlirləri və mülkləri varsa, onun istədiyi şəxslə ailə qurmaq, qısaca onu „almaq“ ehtimalı olduqca böyükdür. Halbuki o şəxs bu imkanlara sahib olmasaydı, ailə qurmaq istədiyi şəxsin xəyalını belə qura bilməzdi. Bir çox ailələr qızlarının ailə qurmasına iqtisadi yöndən yanaşırlar. Sanki hansısa əşyanı bazarda daha baha qiymətə sata bilmək rəqabəti gedir. Qadınların ailə qurmağı „ərə getmək“, kişilərin isə xanımı „almaq“ münasibəti təsadüfi deyil. Hətta indiki dövrdə də bir çox bölgələrdə ailələr qız övladının ailə qurması müqabilində əks tərəfdən „başlıq pulu“ tələb edirlər. Bu isə qıza olan münasibətin hansı səviyyədə olmasını açıq şəkildə göstərir. Bu münasibətlər dəyişmədikcə gender balansının təmin edilməsi barədə danışmaq yersiz olardı. Lakin qadınlar ailə qurarkən həm bu stereotip yanaşmaları qəbul edir, həm də bir müddət keçdikdən sonra yaxınlardan, KİV-dən insan haqları, gender bərabərliyi ilə bağlı eşitdikləri xəbərlərdən ilhamlanaraq „öz hüquqları uğrunda mübarizə aparırlar“. Lakin bir müddətdən sonra başa düşürlər ki, bu mübarizə çox uğursuz olub və nəticə, sadəcə, boşanma ilə və kəskin ictimai qınaqla sonlanıb».
Bildirildi ki, əslində hüquqlar uğrunda mübarizəyə ailə qurmamışdan əvvəldən başlamaq lazımdır, lakin bu cür stereotip yanaşmalar cəmiyyətin əksər üzvlərində olduğundan bir çox hallarda qadın susmağa məcbur olur. Çünki hüquqlarını azad ifadə edən qadınlara qarşı cəmiyyətdə çox vaxt kəskin qınaq olur. Həmsöhbətimiz deyir ki, ailənin qurulmasında isə iki tərəf iştirak edir və bir tərəfin səy göstərməsi heç də hələ məsələnin həlli deyil: «Bəzən qadın haqsız zorakılıqla da rastlaşır və bir sıra səbəblərdən məsələyə açıq etirazını bildirə bilmir. Belə ki, etiraz etdiyi təqdirdə həyat yoldaşı tərəfindən yenidən zorakılığa məruz qalmaq və evdən atılmaq ehtimalı olur, evdən atıldıqda bəzən ailə qəbul etmir və bu zorakılıqlara dözməklə ailəsini „qorumağı“ tövsiyə edir. Qadınlar ən əsası da təhsilsiz olduqda və heç bir gəliri olmadıqda, bir də himayəsində azyaşlı övladı olduqda məsələ daha da qəlizləşir. Üstəlik, hüquq-mühafizə qurumlarına şikayət etdiyi təqdirdə orada da qınaqla rastlaşır. Bəzən bu cür zorakılıqlara qadın dözür, bəzən isə istənilən nəticəyə göz yumaraq boşanmaq qərarına gəlir. Boşandığı təqdirdə isə onu istəmədiyi yeni faciələr qarşılayır. Boşanmalar, əsasən, insanların maariflənməməsindən irəli gəlir. Beləliklə, ailə qurmamışdan əvvəl insanlar bir-birini yaxşı tanımalı, bir-birinin hüquqlarına hörmətlə yanaşmalıdırlar. Ailə qurduqdan sonra isə bir-birlərinə güzəştə getməyi, hörmət etməyi bacarmalıdır. Əks təqdirdə yuxarıda qeyd olunanlarla qarşılaşma ehtimalı böyükdür».

Müəllif: Nigar Abdullayeva
Mənbə: Milli.Az

0 şərh