Ləzzət mərkəzi

  • Sevgi
Bu günlərdə oxudum ki, alimlər insan nəfsinin sirrini tapa biliblər. Adını «ləzzət mərkəzi» qoyublar. Əvvəl tapıblar, sonra tapdıqlarından diksiniblər. Yenicə kəşf edilmiş nöqtəyə təsir eləməklə təcrübə altındakı adi insanları dahilərə və optimistlərə çevirmək mümkün olurmuş.
Amma təcrübəni davam etdirdikcə tezliklə bu insanları həyatda yemək, içmək və ləzzət almaqdan başqa heç nə maraqlandırmayıb. Həmin nöqtəyə həddən artıq təsir eləsən, ləzzət almaq həvəsi bütün hissiyyatı, həyatdakı bütün duyğuları öldürüb məqsədə çevrilirmiş.  Bundan sonra alimlər həmin nöqtəni cümlə cahana faş eləmək fikrindən daşınıblar. Qorxublar ki, insanlar yalnız ləzzət haqqında düşünər, ondan başqa həyatdan heç nə istəməzlər.
Alimlərin çəkindiyi bu mənzərə sizə tanış gəlmədi ki? Bizim qədər yeyib-içməyə meylli, onu həyatının məqsədinə çevirən insanların hamısını elə bil bu diyara sürgün eləyiblər. İki saniyəlik ləzzət almaq uğrunda nələri qurban verə bilərik? Nolar, biz də beləyik, öz-özümüzü yola verə də bilərik.
ləzzət mərkəzi, insan beynində ləzzət hissi orqanıHeç onu demədim ki, siçanlar üzərində bu eksperimenti tətbiq edəndə özündən çıxmış, yalnız ləzzət axtaran siçanlar dünyanın ləzzətini dadandan bir az sonra hər şeyi, yenicə doğulmuş balalarını belə unudandan sonra gərginlikdən ölürmüşlər. Lətifəsi bizdən iraq.
Dürlü-dürlü xarici alimlər bu cür mərkəzi oyun-oyuncaqçün tapmayıb ki?  Həmin mərkəzin tapılması narkomanların müalicəsində də istifadə edilirmiş. Neyrocərrahlar xəstənin kəlləsində dəlik açır, həmin o dəlikdən beyninə girib ləzzət mərkəzini dondururmuşlar. Beynində küləklər oynayan narkoman dünya ləzzətini, hər gün can atdığı «kayfını» unudurmuş. Biz də başımızda dəlikmi açaq?
Bu mərkəzin fəaliyətsizliyi isə insanı seksual orientasiyasını dəyişməyə məcbur edir. Bu mərkəzi bir balaca qıdıqlasan, kişilərə şorgöz baxışla baxan «mavi»ni  normal kişiyə çevirə bilərsən. Bu mərkəz kifayət qədər yaxşı işləməsə, cəmiyyətdə «mavi»lər artır. İndi baş açmıram, bizim beynimizdəki mərkəzi qıdıqlasaq yaxşıdı, yoxsa rahat buraxsaq?
Axırda biz də siçanlar kimi qırılacağıq, ya yox, bunu da bilmək çox çətindi. Sürətli maşın sürmək, erotika, alkoqol, dəbli telefon gəzdirmək ləzzəti, hətta SMS xəstəliyinin sonu necə olar? İngiltərənin psixoloqları isə deyir ki, müasir cavanlara adi SMS yazışması sonsuz səadət hissi bəxş eləyir. Yazıb sonra həsrətlə cavabını gözləmək, məşhur şairlərin şeirlərini SMS həcminə qədər ixtisar edib öz şerin kimi qələmə vermək…. Deyirlər ki, bu ləzzətin həcmi alkoqol, ya da seksin gətirdiyi ləzzət qədərdi. Alimlər onu da deyir ki, bu yol psixiatr kabinetinə aparan ən qısa yollardan biridir.
Azərbaycanlıların ləzzətə olan münasibətini, məncə, dünya alimlərindən gizli saxlamaq lazımdı. Yoxsa buralara doluşub milləti xilas eləmək məqsədilə yenicə tapdıqları beyin nöqtəsini «söndürməyə» başlayarlar. Biz onlara necə başa salaq ki, bu, bizim həyat tərzimizdi, heç kim beynimizdə eşələnib eləməyib. Nə dəlik açıblar, nə qıdıqlayıblar, nə də dondurublar. Biz anadangəlmə ləzzətsevənlərik.
Müəllif:Gülnarə RƏFİQ [email protected]
 

0 şərh