Qandallanmış hisslər

  • Sevgi

Bu hisslər əli qandalda olan , bu vəziyyətdən çıxmaq üçün içində vurnuxan və bunun mümkünsüz olduğunu dərk edən insanın hisslərinə bənzəyir. O , dörd divar arasında çırpınır. Nə edəcəyini bilmir. Qandallanmış əllərini havada yelləyir və bərkdən var -gücü ilə ağlamağa başlayır. Dizi üstə dayanıb , üzünü qaldırıb, acı göz yaşı ilə yalvarır: " Allahım , yardım et, kömək et, bu bəladan qurtar məni. Axı, sən bunu edə bilərsən...Qurtar məni, qurtar..."

Qandallanmış əllərinə baxır, onu vahimə basır, inana bilmir gözlərinə. Aman Allah bu nədir , qara basır onu yoxsa...  Ayağa qalxır, yenə əvvəlki tək əllərini havada oynadır, elə bil qandal açılacaq onda. İçində də qəribə səs uğuldayır. Bu səs onu yorur, çünki bacara bilmir onunla. Bu səs fəryad qoparır, qışqırır, onun qulaqları tutulur. Amma bu səsi heç kim eşitmir. Kim var ki eşidə də. Amma yanında milyonlarla adam olsa belə , bu səsi eşitməyəcəkdi.

Taqətsiz, halsız təkrar dizi üstə oturur. Lakin bu dəfə anlayır ki, keçirdiyi bu vəziyyətinin heç bir mənası yoxdur. Qandalı əlindən açmayacaqlar. Belə getsə, onun özünü də divara qandallayacaqlar, heç tərpənə də bilməyəcək. O, indi qalxa da bilmir. Heç qalxmaq da istəmir. Gözləri bir nöqtəyə, bir boşluğa zillənir. Bu boşluqda nəsə var. O , diqqətlə baxır, nədir axı bu belə zəif işıldayır. Bu işıqdır bapbalaca nöqtəyə bənzəyir - ümid işığıdır. Amma necə rahatlıq verir və nəsə astadan pıçıldayır:"Səbr et, bir az gölə, lap bir az.."

İçindəki səs də harasa yox oldu. O beyinəişləyən, əzabverici səs elə bil, heç olmamışdı.

O bir müddət beləcə dayandı, sonra qalxıb bir küncdə oturdu və sakitcə sükutu dinləməyə başladı. O , xilas olmuşdu, artıq hər şeyi dərk edirdi, həqiqəti anlayırdı, başa düşürdü. Daha onunla mübarizə aparmırdı.

Bax bu hisslər də belədir. Vurnuxur içimdə. Elə bil, yer axtarır çıxmağa sinəmdən. Yer tapa bilmir, boğur məni. Onlar sinəmə sığışmır. Amma çıxmağa qoymayacağam onları. Onlara sinəmdə yer yoxdursa , başqa yerdə də yer olmayacaq. Onlar isə buna dözə bilməyəcəklər. Bunun üçün onlar yetərincə dərindirlər. Çox dərindirlər.. Onları tapdalayacaqlar, ayaqlayacaqlar...qandallanmış hisslər olduğu üçün...

15 dekabr 2002 il

Müəllif: Zeynalova Vesalə.M

0 şərh