Könlünə sevgi hakim olsun!

  • Sevgi
Kim istəməz evə gəlişi toy-bayram olmasın, sözü eşidilməsin, ağrıyanda başına pərvanə kimi dolanmasınlar, sevgi, qayğı ilə əhatə etməsinlər?
Əlbəttə ki, hər kəs istəyər. Əslində bu istəklər ailə səadəti, sevgi atmosferidir.
Amma bu səadəti qazanmaq üçün öz ətrafına lazım olan səmimiyyəti, fədakarlığı göstərməyi də bacarmalısan. Bir sözlə, sevgi uman, fədakarlıq gözləyən hər kəs gərək öz ətrafını bunlara layiq olduğuna inandırsın.

Sən başqalarından umduğun kimi, başqaları da səndən umurlar. Eyni münasibət ailədaxili münasibətlərə də aiddir. Evə gəlirsən, işin yorğunluğunu atmaq üçün özünü kresloya salırsan. Sonra televizoru açırsan, daha sonra da çay istəyirsən. Budur, çayın da hazırdır. Kanalları çevirirsən, xoşuna gələn bir veriliş axtarırsan. Amma heç düşünmürsən ki, sən gələnə qədər evdəkilər hansısa maraqlı bir verilişə baxırdılar, indi də çox istəyirlər ki, sən pultu onlara verəsən və özünə başqa bir istirahət tapasan.

Bəlkə də kənardan adi görünən bu mənzərə, yəni kimin hansı kanala baxması məsələsi əksər hallarda narazılığa səbəb olur. Bu məsələdə böyüklərin güzəştə getməsi ən doğru seçimdir, amma kiçiklərin də nəyə baxdıqlarına göz yummaq olmaz.

Evdə sakitlikdir, nə ötən iş günündən danışan var, nə  başqalarından nəsə soruşan. Hər kəs öz problemi ilə məşğuldur. Elə bil, hamı öz hisslərini, düşüncələrini iş yerində, həyətdə qoyub, evə gəlib. Ailə - fərdlərin bir-birini darıxdırdığı yer deyil, hər kəsin bir-biri üçün darıxdığı yerdir.

Süfrə başındasınız, amma bir-birinizdən hal-əhval da tutmursunuz, elə bil yad adamlarsınız. Heç kim heç kimlə maraqlanmır. Əlbəttə, bu şəraitdə hansısa səmimiyyətdən, qayğıdan, fədakarlıqdan danışmaq yersizdir.

Ailə dediyin - sevgi yuvası olmalı, burada hər şey sevgi müstəvisində öz həllini tapmalıdır. Ailə - iş yeri deyil ki, hər kəs öz vəzifəsini yerinə yetirib, kənara çəkilsin.

Ailə - hər şeyin göründüyündən daha çox məna daşıdığı ünvandır və bu ünvanda hər şeyi bərəkətləndirən, gözəlləşdirən fərdlərin qarşılıqlı fədakarlığıdır.
Fədakarlıq təkcə əlində-ovcunda olanı deyil, həm də ürəyində olanı paylaşmaqdır, ailə üzvlərini stresdən qorumaq, qayğıdan qurtarmaqdır. Əgər evdəkilərin ovqatının xoş olmasını istəyirsinizsə, dərd-sərlərinizi, ağrı-acılarınızı mənzilin astanasında paltar kimi soyunub, ən xoş, ən qayğısız görüntünüzlə içəri girməlisiniz.

Adam var evin yükünü işə daşıyır, adam var işin yükünü evə. Onsuz da son dövrlər daha çox əsəb gərginliyinin, həyəcanın yüksəkliyi ilə xarakterizə olunur. Statistikaya baxsanız, son illər insanların ən çox stresdən törəyən problemlərdən əziyyət çəkdiyinin şahidi olarsınız. Ona görə də ailə fərdlərini bu bəladan qorumağın özü fədakarlıqdır.

Soyuducunun altı çürüyüb, su axıdır, döşəmə islanır, yenisini almaq üçün də, hələlik, imkan yoxdur. Əgər qadın qalmaqala meyillidirsə, ömür-gün yoldaşının imkanlarını nəzərə almırsa, səhhətini düşünmürsə, demək, onun üçün çox gözəl bir stres qaynağı var. Səhər-axşam mətbəxə keçib orada deyinəcək, birbaşa deməsə də, dolayısilə tənəli sözlər söyləyəcək. Kişi də mətbəxdən eşitdiklərini həzm edə bilməsə, kiminsə üstünə gedib, borc istəyəcək ki, tənələrdən canını qurtarsın, yoxsa günləri, həftələri zəhərə dönəcək.

Əgər ailədə ciddi bir problem varsa, hər şeyi qarşılıqlı anlaşma yolu ilə həll etmək mühüm şərtdir. Qayğıların paylaşılması, problemlərin həlli, ilk növbədə, şəffaflığı qaçılmaz hala gətirir. Əgər kişinin öz büdcəsi, qadının da xüsusi hesabı varsa və tərəflər bir-birinin imkanlarından xəbərsizdirlərsə, orada söz-söhbətin meydana çıxması qaçılmazdır. Amma ailənin aylıq büdcəsi birlikdə hesablananda bu cür qanqaraldıcı hallara lüzum qalmır. Birlikdə qərar verilir, hər kəs bu qərarın məsuliyyətinə ortaq olur, heç kim heç kimi ittiham edə bilmir.

Səhər-axşam ailənin süfrə başında yığışması əslində yeməkdən daha çox, sevginin, səmimiyyətin nümayiş etdirilməsi, ailə üzvlərinin bir-birinin qayğısına qalması üçün misilsiz fürsətdir.

Evdə dəyişməyən qanun var. Hər kəs süfrə başına əyləşdikdən sonra yemək çəkilməyə başlayır. Hər kəs də yemək saatında süfrədə öz yerində olmağa tələsir ki, başqalarını gözlətməsin. Evin böyüyünün “Bismillah” deyib əlini süfrəyə uzatması ilə “başla!” komandası verilmiş olur. Bu da bir nizam, bu da tərbiyənin görüntüsü.

Evin kiçik qızı xəstələnib. Hər kəsin fikri, diqqəti onun yanındadır. Alnını ovan kim, dərman dalınca qaçan kim, yemək gətirən kim... Zahirən bəla kimi görünən bu xəstəlik əslində ailəyə sevgi atmosferi gətirib. Hər kəs əlindən gələni etməyə çalışır.

Sevgi dediyin də budur, qayğı dediyin də, ailə dediyin də... Ailədə xoşbəxtlik, səmimiyyət o zaman hakim olur ki, hər kəs bir-birini düşünür, ailə üzvlərinin xoşbəxtliyi, rahatlığı, sağlamlığı üçün hər cür fədakarlığa hazır olur.

Söz var: “Xoşbəxtlik paylaşıldıqca çoxalır, ağrı-acı paylaşıldıqca azalır”. İnsan biləndə ki, onun ağrılarını paylaşmağa hazır olan doğmaları var, bu duyğu, bu düşüncə ona yeni bir güc mənbəyi, dözüm qaynağı olur.

Ailə - geyməyib geydirmək, yeməyib yedirmək fədakarlığıdır bizim nəzərimizdə.

Ailənizə də, könlünüzə də sevgi, fədakarlıq atmosferi hakim olsun! Paylaşın ki, eviniz də, könlünüz də bərəkət tapsın.

loading...

0 şərh