Şaha necə yaltaqlanmalı?

Bakının ən ucuz kitab mağazası Qız qalasının yaxınlığında yerləşir. Bu kitab mağazasının hələki fəaliyyət göstərməsinin tək səbəbi mağazanın satıcısı, sahibi Elman müəllimin varlığıdır. Elman müəllim Azərbaycan üçün bütöv bir partiyadan, Qeyri-Hökumət Təşkilatından, qəzetdən, jurnaldan daha çox iş görüb və görməkdədir. Bu mağazaya həqiqi oxucular, kitaba, ədəbiyyata dəyər verən adamlar gəlirlər. Bura gələn adamların çoxunu Elman müəllim sifətdən tanıyır. O, kitaba alver mənbəyi kimi baxmayan bir insandır, idealistdir. Nə qədər də acı olsa da qeyd etməliyəm ki, bu kitab mağazasının ömrü Elman müəllimin ömrü qədərdir. Bu mağazada müxtəlif kitablar satılır. Heç bir təsnifat yoxdur.
Təxminən iki həftə əvvəl həmin kitab mağazasından 80 qəpiyə «Hikmət çələngi» adlı bir kitab aldım. Kitabda Şərq müdriklərinin fikirləri, nəsihətlər, heyvanların, quşların dilindən söylənən əhvalatlar, hekayətlər yığılıb. Məsələn, adamlar arasında çox danışma, qulağını qurdalama, bədənini qaşıma, əsnəyəndə əlini ağzına tut, yeməkdən əvvəl əllərini, yeməkdən sonra dişlərini yu, arvadların qeybətinə uyma və s. yazılıb.
Heyvanların dilindən söylənilən hekayətlər çox ibrətamizdir. Bu kitabı diqqətlə oxuduqdan sonra, məndə Qərb yazarlarının əsərlərindəki bir çox məqamlarla Şərq müdrikliyini tutuşdurmaq istəyi yarandı. Çalışacam ki, şərhə çox yer verməyim. Nəticəni özünüz çıxarın.
Hikmət çələngi — 1 (Şərq)
— Hər kəs vəzifədə, elmdə və yaşda səndən böyüksə, ona hörmət elə, ta ki, səndən kiçiklərdə sənə hörmət etsinlər.
— Şahlara və əmirlərə itaət etmək vacibdir. Əgər onlar olmasa adamlar bir-birinin malına, canına və namusuna qəsd edər və ölkənin işləri nizamda olmaz.
— Hər ölkədə olsan, o yerin qanunları əleyhinə getmə ki, əzaba düçar olarsan.
— Hər kəsi görən zaman ona salam ver. Əgər sənə bir söz desələr, ədəb və təvazölə ona cavab ver ki, hamı səni sevsin. Elə adamlarla otur-dur ki, böyüklər onları yaxşı hesab edirlər.
— Əgər bizim hər işi görməyə ixtiyarımız olsa da, yenə Allahın rizası olmasa, o işi görə bilmərik. Deməli, lazımdır ki, hər işə başlarkən onun müvəffəqiyyətlə bitməsini xudavəndi-aləmdən xahiş edək.

Conatan Svift
(«Qulliverin səyahəti» əsərindən balaca seçmələr)
— Məhkəmə məmuru, təlxək, əyan, aradüzəldən, yalançı şahid və s. buna bənzər adamları görmək məni əsla əsəbləşdirmir. Bunların varlığı tamamilə təbii bir şeydir. Ancaq başdan-başa nöqsan və xəstəliklər içində olan bir heyvanın bütün bunlara bir də qürur və lovğalıq əlavə etdiyini gördükdə, daha səbrim tükənir. Mən belə bir heyvanın qürur və lovğalıq iddiasına necə düşdüyünü heç bir zaman anlaya bilməyəcəyəm.
— Bizim ölkədə yüksək vəzifə sahibi olmaq üçün insanın heç bir ləyaqət sahibi olması vacib deyil. İnsanlara yüksək adlar onların öz qabiliyyət və şücaətləri sayəsində verilmir. Bizim həmvətənlərin çoxu bu vaxta qədər dünya üzərində sürünən bütün murdar heyvanların ən murdarı və zəhərlisi olan xırda-xuruş heyvanlardan ibarətdir (unutmayın bunu bir ingilis yazarı öz xalqı haqqında yazır).
— Mən həmişə bu fikirdə idim ki, gec, ya tez azad olacam. Kral mənim üçün münasib bir arvad tapmağı arzu edirdi. O, istəyirdi ki, mənim uşaqlarım olsun. Ancaq biz bülbülləri qəfəsdə saxladığımız kimi mənim balalarımın da qəfəsdə saxlanılacağını və nəvə-nəticəmin qəribə heyvanlar kimi əyanları əyləndirmək üçün satılacağını düşündükdə dəhşətə gəlirdim. Doğrudur, mənimlə çox mehriban dolanırdılar. Çünki mən qüdrətli kral və kraliçanın sevimlisi idim. Amma bu rəftarda da insanlıq ləyaqətimi təhqir edən əlamət var idi. Mən özümə bərabər olan insanların arasında olmağı arzu edirdim. Bir qurbağa və ya küçük kimi ayaq altında qalıb əzilmək qorxusu duymadan küçələrdə və çöllərdə gəzmək ehtiyacı duyurdum.

Hikmət çələngi — 2 (Şərq)
Birisi fəqir ikən padşah olmuşdu. Bir dövlətli kişini cərimələyib hər nə malı var idi əlindən aldı. O günün sabahı padşah kişini görüb soruşdu ki, halın necədir? Dedi ki, sənin dünənki halın kimi.
— Mənim dünənki halım necə idi?
— Mənim bu günkü halım kimi.
Padşah gülüb kişinin malını özünə verdi.
(Məni bağışlayın, Qərb ədəbiyyatında bu hekayətin qarşısına çıxarılacaq bir şey tapmadım. Amma etiraf edək ki, çox ibrətamiz hekayətdir. Şah Abbasın zamanında belə hadisələr tez-tez baş verirdi)
Hikmət çələngi (Şərq)
Bir eşşək aslan dərisinə girib xəlqi qorxutdu, amma qulağının ucunu göstərib özünü bildirdi. Ona görə onu çox döydülər.

Şarl Rerro
("Çəkməli pişik" nağılından bir hissə)
"Çəkməli pişik" cizgi filminə çox adam baxıb. Hər ehtimala qarşı nağılı oxumayıb, cizgi filminə baxmayanların ola biləcəyini nəzərə alıb süjeti qısa yazıram…
Qoca bir dərmançı vardı. Günlərin bir günü dəyirmançı xəstələndi. İstədi varını üç oğlu arasında bölsün. Dəyirmançı böyük oğluna dəyirmanı, ortancıl oğluna eşşəyi, kiçik oğluna isə evin pişiyini verib həyatdan köçdü.
Kiçik oğul atanın bölgüsündən çox narazı idi. «Mən heç bilmirəm çörək pulunu necə qazanım, bu pişiyi necə dolandıracam?»,- deyə düşünürdü. Birdən pişik dilə gəldi:
— Mənə bir çəkmə, bir papaq, bir də paltar alıb versən səni varlı edərəm. Oğlan pişiyin danışmasına çox təəccübləndi. Buna baxmayaraq, o, pişiyin istəklərini yerinə yetirdi. Pişik pal-paltarını geyinib meşəyə getdi. Kolların arasında tələ qurdu. Bir az keçmiş tələyə dovşan düşdü. Çəkməli Pişik dovşanı götürüb kralın sarayına yollandı. Qapıdakı keşikçilər onu içəri buraxmaq istəmirdilər. Çəkməli Pişik onlara dedi:
— Markiz Karabas kral həzrətlərinə hədiyyə göndərib. Siz məni içəri buraxmalısınız. Keşikçilər pişiyin danışmasından heyrətə gəldilər. Çəkməli Pişiyi saraya buraxdılar. Çəkməli Pişik kralın hüzuruna gəldi. Qarşısında baş əyib təzim etdi və dedi:
— Mərhəmətli kral! Sizə sahibim Markiz Karabasın hədiyyəsini gətirmişəm. Kral hədiyyəni alıb təşəkkür etdi. Düşündü ki, bu Markiz Karabas kimdirsə çox zəngin adamdır. Yoxsa belə fərasətli pişiyi olmazdı. O, Çəkməli Pişiyə dedi ki, Markiz Karabasla görüşmək istəyir. Üstəlik, Markizə bəxşiş yüklənmiş bir qatır göndərdi…

Hikmət çələngi (Şərq)
Bir qurdun boğazında sümük qalmışdı və nəfəsini almağa qüdrəti yox idi. Bu halda qurd bir durna görüb onu işarə ilə öz yanına çağırdı ki, onun dərdinə çarə etsin. Durna öz uzun dimdiyini qurdun boğazına uzadıb sümüyü çıxartdı və sonra qurddan muzd istədi. Amma qurd qeyz ilə ona cavab verdi:
— Sən başını mənim boğazıma uzatdın, mən sənin başını yemədim. İndi utanmırsan, gəlib məndən hələ bir muzd istəyirsən…

Şarl De Koster («Bayquşun müqəddiməsi»)
Mən bayquşam, eybəcər quşam, mən həm özümün, həm də balalarımın yaşaması üçün başqa quşları öldürürəm, mən öldürmək eşqi ilə, ölümlə məşğul oluram. Quş balalarını bəzən yuvasında ovlamaq üstündə siz məni təqsirləndirirsiz, ammasız bütün canlıları məhv edirsiz. Siz öz kitablarınızda quşların sürətlə uçmasından, qəşəngliyindən, sevişməsindən, məharətlə yuva tikməsindən, ana quşların öz balalarının qayğısına qalmasından ürək dolu danışırsız, amma elə oradaca quşların necə bişirilməsindən, ilin nə vaxtında onların daha dadlı olmasından söhbət açırsız…

Hikmət çələngi (Şərq)
Birisi allahlıq iddiası edirdi. Onu tutub padşahın hüzuruna gətirdilər. Padşah dedi:
— Keçən il birisi də peyğəmbərlik iddiası edirdi, onu öldürdüm.
— Yaxşı elədin, çünki onu mən göndərməmişdim.

Şarl De Koster
(«Uleşpigel əfsanəsi»)
Deməli, uşaq evə girmiş quşu tutub qəfəsə salmaq istəyir. Birdən atası onu səsləyir:
— Sən nə atılıb-düşürsən?
— O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
— Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni yoğun, dəmir çubuqlu qəfəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Sonra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına bilsin, istidə və kölgədə otura bilsin.

Şərq və Qərb


Min ildir Şərq adil şah axtarır. Adil şah haqqında rəvayətlər quraşdırır, hekayətlər uydurur. Şərqin «namə»ləri mikrob, natəmizlik, əclaflıq mənbəyidir. Şərqin guya müdriklik aşılayan kitabları əslində monarxiya qurluşunu yaratmaq, idarə etmək üçün dərsliklərdir. Siz bu kitablarda "şaha necə yaltaqlanmaq" janrlarında gözəl tövsiyələr oxuya bilərsiz. Bu günkü ərəb ölkələri, İran, Pakistan, Azərbaycan, Özbəkistan Şərq ədəbiyyatının əkdiyi ağacın məhsuludur. Sviftin dediyi kimi bu çox təbiidir. Amma Qərbin kostyumun geyib, Qərbin televizoruna baxıb, Qərbin radiosunu dinləyib, Qərbin maşınında gəzib, Qərbin telefonuyla danışıb, Qərbin qatarında, təyyarəsində dünyanı gəzib Qərbi bəyənməyənləri, Şərqi sevənləri, Şərqi tərifləyənləri heç vaxt başa düşə bilməyəcəyəm.

0 şərh