Satirik qələmlə

Bizi çox adam dolayıb. Çoxları da dolayacaq. Kimisi mətbəximizi, kimisi adət-ənənəmizi, kimisi ölkəmizin təbiətini tərifləməklə. Amma çətin ki, kimsə bir daha bizi Amerikanın ölkəmizdəki səfiri xanım Enn Dersi kimi dolaya bilsin. Bu xanım ölkədə demokratiyanın bərqərar olmasına yardım etmək əvəzinə, bir dəstə meyxanadeyənimizi Amerikaya aparmışdı. Dediyinə görə, guya məqsədi Azərbaycan mədəniyyətini Amerikada təbliğ etmək imiş.
Meyxanadeyənlərin dəstəsinə Namiq Məna başçılıq edirdi. O Namiq Məna ki, Muğam Teatrının direktoru Arif Qazıyev onu www.mia.az-da «Namiq Mənasız» adlandırmışdı.
Başqasının acizliyindən istifadə edib onu dolamaq, gülüş obyektinə çevirmək yaxşı hərəkət deyil. Xanım Enn Dersi yəqin meyxanadeyənləri Amerikaya aparanda xeyli əylənibdir. Çox güman o, bu hərəkətini bir macəra kimi çoxlarına danışacaq. Ən qəribəsi isə odur ki, Amerikanın ölkəmizdəki səfirinin başda Namiq Mənasız olmaqla (Arif Qazıyevin təbirincə) bir dəstə meyxanadeyəni özü ilə aparmasından çox az adamın xəbəri var. Mən də «Amerikaya nifrətlə» yazısından sonra bunu bildim. Müxtəlif insanlar zəng vuraraq soruşurdular: «Doğurdan belə bir şey olub?». Olub, dostlar, olub. Olub Elmir Mirzoyev, olub Şahvələd Çobanoğlu, olub Emin dayı…
Diplomatik fəaliyyətini başa vurub Amerikaya qayıtmaq ərəfəsində olan xanım Enn Dersi (görəsən, o, da Stenli Eskudero kimi Azərbaycana qayıtmaq haqqında düşünmür ki?) başda Namiq Mənasız olmaqla bir dəstə meyxanadeyəni Amerikaya aparmışdı. Adam bu hərəkətə heç bir şərh verə bilmir. Bilmirsən, hardan və kimdən başlayasan. Namiq Mənasızdan, yoxsa Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının üzvü Stenli Eskuderodan? Dünyaya yiyəlik edən bir ölkənin keçmiş səfiri indi YAP-ın Binəqədi rayon təşkilatının üzvüdür. Gorun çatlasın, Vaşinqton. Doğurdan da iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Eləcə də səfiri YAP üzvü etməyə. Xanım Enn Dersi də yəqin Sabunçu rayonuna üzv qəbul olunar. Dəhşət! Buna nə ad vermək olar? Adam dolamaq? Siyasət, yoxsa satira?
Satiranın da bir həddi var. Məsələn, satiranın ən son həddi odur ki, bilmirsən müəllif ətrafındakıları dolayır, yoxsa özünü. Bunu müəyyən etmək mümkün olmadıqda adam qalır gic vəziyyətində.
Lətifə danışa bilməyən adamların lətifə danışıb güldürmək eşqini, cəhdini anlaya bilməyən insanlardanam. Yəqin belələri sizin ətrafınızda da var. Onları dinləmək ikiqat zülmdür. Çünki etika naminə, adamın pərt olmaması naminə dişlərini yüngülvari ağartmağa məcbursan. Elələri də var ki, ən gülməli lətifəni ən ağlamalı vəziyyətə salır. Xeyrəddin Qoca isə tam başqa tipdir. Onun portretini bəlkə dahi Qoqol yarada bilər. Xeyrəddin müəllimin yazıları hər həftənin şənbə günü «525-ci qəzet»də dərc olunur. Hər dəfə oxuyuram. Amma hələ də Xeyrəddin Qocanın kimi doladığını müəyyən edə bilməmişəm. Bu adama istənilən yanaşma uğursuzluqla nəticələnir.
Dostumuz Zabil Müqabiloğlu bir dəfə Xeyrəddin Qocaya sataşmaq məqsədi ilə onu dəhşətli dərəcədə tərifləyib, Mirzə Cəlilə bənzətmişdi. Zabil bəyin cümləsi hələ də yadımdadır: «Xeyrəddin Qoca Mirzə Cəlil məktəbinin ən layiqli davamçısıdır».
Növbəti həftə Zabil bəy Xeyrəddin Qocadan öldürücü zərbəsini aldı. Xeyrəddin müəllimin də cavabı yaxşı yadımdadır: «Məni çox adam Mirzə Cəlilə bənzədir. Sağ olsunlar. Amma hər kəsə demək istəyirəm ki, mən özümü heç kimə bənzətmirəm. Mənim öz dəsti-xəttim var». Daha bu sözlərdən sonra nə yazasan? Bax, satira budur. Satira Mirzə Ələkbərin yazdıqları deyil. Satira həm də Sabirin personajlarının hər il Şamaxıya yığışıb Sabir günləri keçirməsidir. Ona görə, dönə-dönə böyük həriflərlə yazıram. MİRZƏ ƏLƏKBƏR SABİR DÜNYANIN ƏN BÖYÜK ŞAİRİDİR. Çünki onun qəhramanları hər il Şamaxıya yığışıb Sabir günləri keçirirlər...
Xeyrəddin Qocanı yalnız Pelevinin "Çapayev və boşluq" romanını oxumaqla anlamaq olar. Doğrusu, əgər "Çapayev və boşluq" romanını oxusaydım, Xeyrəddin Qocanı, onun qələmindən çıxan cümlələri anlamazdım. Yox, bu absurd deyil. Bu boşluq fəlsəfəsidir. Romanı oxuyanlar nə demək istədiyimi anlayarlar. Xeyrəddin müəllim haqqında isə heç nə yazmayacam. Özümü gülünc vəziyyətinə sala bilmərəm. Elə cavab verər ki, həyatımın sonuna qədər kədərli halda gəzərəm. Ən yaxşısı sözü Xeyrəddin müəllimin özünə verməkdir. Gəlin, onun yazdığı cümlələrdən bir ikisini tirajlayaq. Qərarı özünüz çıxarın. Xeyrəddin müəllim bu cümlələri «Satirik qələmlə» rubrikası altında yazır:

41 il əvvəl
İyulun 11-də səhər saat 10:15-də mənim telefonuma belə bir mesaj gəlib: «Qəbul imtahanlarında topladığınız bal haqqında məlumat almaq üçün iş nömrəsini yazıb 7727-yə qısa mesajla göndərin». Qaldım mat-məəttəl ki, ay dili-qafil, axı, mən qəbul imtahanlarını 1967-ci ildə — 41 il əvvəl vermişəm…

Qabiliyyət lazımdır
Əliqulamla Qulaməli nərd oynayırdılar. Oyunun qızğın yerində Qulaməlinin arvadı dilləndi ki, «Qulaməli, ölürəm». Qulaməli fikir vermədi, Əliqulama dedi ki, «işini gör, oynunu oyna». Bir az sonra arvad yenə başladı ki, «Qulaməli ölürəm». Oyunçular eşitməməzliyə vurdular. Arvad yeddinci dəfə "ölürəm" deyəndə Qulaməli dözə bilmədi:
— Bilirsən nə var, arvad, ölməyə də qabiliyyət lazımdır. Səhərdən "ölürəm, ölürəm" deyirsən, amma ölmürsən.

Vur bura
İki nəfər qatarda gedirdi. Onlardan biri çox söhbətcil idi. Nə istəyirdisə danışırdı, axırda özü öz sözünə gülüb, əlini qabağa uzadaraq o birinə deyirdi:
— Mən ölüm, vur bura!
Xeyli belə davam etdi. Həmsöhbəti gördü ki, onu yuxu tutur, əlini açıb stolun üstünə qoyaraq dilləndi:
— Mən yatıram, elə özün danış, özün də vur bura..
 

0 şərh