Səviyyəsizlərin səviyyə söhbəti

Sərhəddi keçirəm. Zabit hara getdiyimi, hansı peşənin sahibi olduğumu soruşur. Əlavə suallara şərait yaratmamaq üçün jurnalist olduğumu deyirəm. O isə növbəti sualını verir: «Hansı qəzetdə işləyirsən?» Bağlanan və hələ bağlanmayan qəzetlərin adlarını sadalayıram. Beləcə, aramızda dialoq başlayır.
— Mən bizim qəzetləri oxumuram. Maraqsızdır. Xətrinə dəyməsin, səviyyəsizdirlər.
— Niyə xətrimə dəyir, mən də bizim sərhədçilərin dövlət sərhədlərini vicdanla, peşəkarcasına, ayıq-sayıq qorumasına inanmıram...
Mübahisə edirik. Zabitə başa salmağa çalışıram ki, bir qəzetin maraqsız, səviyyəsiz olması ölkə üçün o qədər də təhlükəli deyil. Amma sərhədlər peşəkarcasına, vicdanla qorunmayanda şəhərin mərkəzində adamları gülləliyirlər. Ona Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsini xatırladıram. Mübahisə qızışır. Son sözüm belə olur: «Get sərhədini qoru, sonra qəzetlərin səviyyəsindən danışarsan».
Ümumiyyətlə, bizim camaat qəzet almamaq üçün min bir bəhanə uydurmağa, qəzetlərə yüz qara ad qoşmağa hazırdır. Canları çıxır 40 qəpik verib qəzet almağa. Almırlar, cəhənnəmə almasınlar, heç olmasa, danışmasınlar. Dövlət orqanlarında işləyənlər, aktyorlar, sahibkarlar, müğənnilər qəzetlərdən şikayətlənirlər. Amma onlara çalışdıqları sahənin də bərbad vəziyyətini xatırlatdıqda susurlar.
Ötənlərdə gənc bir rejissor çay süfrəsi arxasında qəzetlərin səviyyəsindən şikayətləndi. Mən bizim camaatın qəzet oxumamasından danışırdım, o isə masanın üstündəki qəzeti vərəqləyib sual verdi: «Mən bu qəzeti niyə oxumalıyam?» Kim səviyyədən danışsa da, heç olmasa, rejissorlar danışmasın. Azərbaycan kinosunun adı hələ də üstündədir. Bu ad Azərbaycan kinosuna hələ ötən əsrdə verilib. Biri var pis kino, biri də var Azərbaycan kinosu. Bütün hallarda Azərbaycan mətbuatı Orta Asiya mətbuatından daha səviyyəlidir, amma Azərbaycan rejissorları «Canavar yuvası» səviyyəsində filmi çəkə bilmirlər. Elə olsun Məhtimqulunun həyatından bəhs edən film… Azərbaycanda ən səviyyəsiz qəzet peşəkarlıq, məzmun baxımından üç milyon dollara başa gəlmiş «Cavid ömrü» filmindən daha səviyyəlidir. Cəsarətiniz varsa, tənqid edin. Müsahibə verin. Dərc etməsək, deyin ki, qorxdunuz, çəkindiniz.
Mədəniyyət və Turizm Nazirliyi karateçilərə film çəkmək üçün pul ayırmışdı. Həmin vaxt bizim gənc, qorxaq və karyerist rejissorlarımız üz tutmuşdular səviyyəsiz hesab etdikləri qəzetlərə. Bu faktı yazmağımız üçün yalvarırdılar, amma müsahibə verməyə, bu haqda danışmağa qorxurdular. Günel Mövlud, «Bakı-Xəbər» qəzetinin əməkdaşı İradə xanım çox yaxşı bilir bu söhbəti. Özgə vaxt biz oluruq maraqsız, səviyyəsiz, amma barmaqları qapı arasında qalanda gəlirlər üstümüzə. Meyxana yarışmasına bir milyon SMS göndərilən ölkədə qəzetlərin səviyyəsindən şikayətlənmək üçün adam ən azı vicdansız olmalıdır. Kimi tənqid etdiniz biz yazmadıq? Ölkədə hansı yenilik, könüloxşayan, xoş hadisə baş verdi, biz görmədik? Kim hansı uğuru qazandı, biz susduq? Zatən ölkədə az-çox inkişaf edən sahə varsa, o da elə ədəbiyyat və publisistikadır. Azərbaycan mətbuatı postsovet ölkələri arasında ən dözümlü, döyüşkən mətbuatdır. Heç kim bu qədər təzyiqə, təhqirə, əziyyətə tab gətirməzdi. Jurnalistlər döyülür, söyülür, təhqir və təqib olunur, karyeristlər isə qəzetlərin səviyyəsindən danışırlar. Bir o qalıb ki, kütləvi intihar edək. Azərbaycan mətbuatında illərdir yorulmadan yazan, danışan, yolunu azmayan adamlar var, başqa sahələrdə belə adamlar görünmür. Adlarının çəkilməsindən qorxan adamlar sonra bizi qeybət yazmaqda suçlayırlar. Həm də yalvarırlar ki, karateçilərə Mədəniyyət və Turizm Nazirliyinin pul ayırmasından yazaq. Bəy dediyiniz nədir, bəyənmədiyiniz nə. Cəsarətiniz varsa, müsahibə verin, ad çəkin, cəsarətiniz yoxdursa susun.
Bizim işimiz ağırdır. Şikayət məktubu dərc edirik, adam zəng edib deyir ki, nə vaxt gəlib redaksiyadan qəzet götürə bilərəm? Vergilər Nazirliyində çalışan adam daha radikal yazmağımızı təvəqqe edir. Bunun bir mənası var, sən yaz, vurub səni öldürsünlər, mən də rahat-rahat rüşvətimi alıb, kefimi çəkim.
Yaxınlarda QHT nümayəndələri mətbuatdan dəstək istədilər. Ölkədə olmadığım üçün bu mövzuda yazı qaralaya bilmədim. Azərbaycan mətbuatının ən sayılan, oxunan imzaları QHT-lərə qarşı öz münasibətlərin yazılarda bildirdilər. Heç kim dəstək vermədi. Bunun özü çox şey deyir. Açıq deyirəm, Anar Məmmədlidən savayı, qəzet alan, əlində qəzet tutan QHT rəhbəri, nümayəndəsi görməmişəm. Kim Səidə Qocamanlının, Novella Cəfəroğlunun, Qubad İbadoğlunun, Rövşən Ağayevin əlində qəzet görüb? Görən varsa, xəbər etsin. Yaxud şəklini çəksin, çərçivəyə salıb başımız üstündən asaq. Qubad İbadoğlu nə vaxt konkret nazir, komitə sədrinin adını çəkdi, biz yazmadıq. «Azərbaycanda korrupsiya var»- ən ağır sözü budur. Bunu Fəzail Ağamalı, Zahid Oruc da deyir. QHT sahəsində dolaşanlar, QHT rəhbərləri ən yaxşı halda, ofisdə internetə girib saytlarda manşetə baxarlar, ya da bir-iki köşə yazarlarının iki-üç cümləsini oxuyarlar. Özləri də yaxşı bilirlər ki, bizim həyat mənbəyimiz köşklərdə satılan qəzetlərdir.
Azərbaycanda qəzet oxucularının əksəriyyəti məcburən qəzet alırlar. Bir Polis Şöbəsindən yazmasan, həmin şöbənin əməkdaşları qəzet almazlar. Təsəvvür edin ki, qəzetlər yoxdur, görün, icra başçıları, polis rəisləri rayonlarda camaatın başına nə oyunlar açarlar. Bu gün açılan oyunlar toya-bayrama getməli olar. Az-maz yenə informasiyanın qəzetlərə çıxmasından çəkinirlər.
İşimiz çətindir. Habil Əliyev müsahibə verib muğam müsahibəqəsində baş verən qeyri-obyektivlikdən danışır, sonra jurnalisti günahkar çıxarır. Gəncədə — Polis İdarəsində ana-balanın başına it oyunu açırlar, qəzetlər yazır, məsələ böyüyür, sonda yenə günahkar jurnalistlər çıxır. Jurnalistlər ölkənin ən bədbəxt, ən kasıb məxluqlarıdır. Ayaqüstü, quru yeməklər yeməkdən çoxunun mədəsi xəstədir. Çoxu kirayələrdə yaşayır. Amma Faiq Ağayevi on min dollara toya aparan vergi işçisi qəzetlərin səviyyəsindən danışır. Bizi daha radikal yazılar yazmağa səsləyir. Novella Cəfəroğlu isə qəzetlərdən dəstək istəyir. Halbuki çəkdiyi siqaretin bir qutusuna üç-dörd qəzet ala bilər. Qəzetlərin səviyyəsindən danışanların gözündə müğənni Tünzalənin siması bütün jurnalistlərdən daha qiymətlidir. Dostlar, bəlkə bir az da müğənnilərdən danışasınız. Aygün Kazımova ötənlərdə özünə iki min dollara it almışdı. Üstəlik, itinə üç min dollarlıq paltar geyindirmişdi. Üç min dollarlıq paltarı qoyaq kənara, mən hələ ömrümdə iki min dollar görməmişəm.
«Yeni Müsavat» qəzetinin 1 iyul 2009-cu il tarixli sayında müğənnilərin sürdükləri maşınların qiymətləri dərc olunub. Siyahını tirajlamağı özümə borc bilirəm. 40 qəpik verib qəzet almağa canı çıxanların bu siyahını oxuması mümkünsüzdür. Maşınların markasını yazmıram, qiymətini yazıram. Bu maşınların satıb jurnalist təbəqəsinin yarısının məişət problemlərini həll etmək olar. 40 qəpik verib qəzet almağa çanı çıxanlar utansınlar. Çünki bu maşınları müğənnilərə camaatımız alıb. Onları nə fransız, nə alman, nə ingilis toya oxumağa çağırmır:
1. Brilliant Dadaşova — 120 000 $
2. Faiq Ağayev — 120 000 $
3. Xatirə İslam — 120 000 $
4. Murad Dadaşov — 120 000 $
5. Aygün Kazımova — 120 000
6. Natəvan Həbibi — 120 000 $
7. Gövhər Həsənzadə — 115 000 $
8. Tünzalə — 93 000 $
9. Meyxanaçı Vüqar — 83 000 $
10. Zamiq — 66 000 $
11. Nadir Qafarzadə — 55 000 $
12. Skripkaçı Ceyhun — 55 000 $
13. Röya — (iki maşını var) 40 000 və 50 000 $
14. Eyyub Yaqubov — 40 000 $
15. Rəqqasə Məryəm — 33 000 $

P.S. Siyahı tam şəkildə dərc etmək texniki baxımdan mümkün deyil. Görünən dağa nə bələdçi. Maşınsız müğənni yoxdur.

0 şərh