Bütpərəstliklə təkallahlığın sintezi

Bizim camaat dava-dalaş, qızğın mübahisə zamanı tez-tez bir söz işlədirlər: Mən Allahdan başqa heç kimdən qorxmuram. Əslində, tam tərsinədir. Azərbaycan camaatı Allahdan savayı əksər canlılardan qorxur. Rəisdən, sədrdən, direktordan, baş redaktordan, prokurordan, məhkəmədən, polisdən, yol polisindən, müdirdən…
Amma bu haqda yox, başqa mövzudan yazmaq istəyirəm. Azərbaycanda inancın ikiləşməsi, bütpərəstliklə təkallahlığın sintezi hər zaman məni heyrətə gətirib. Həqiqətən, bu işi çox mükəmməl bacaran adamlar var. Kamyu deyirdi ki, Dostoyevskiylə Tolstoyu eyni dərəcədə sevən adam saxtakardır, qorxuludur. Ya Dostoyevskini, ya da Tolstoyu sevməlisən. Hərə ikisini sevən adam hamının xoşuna gəlmək istəyən, hamıyla dostluq etmək istəyən adama bənzəyəcək.
Azərbaycanda yüz minlərlə adamlar var ki, həm bütə sitayiş edir, həm də görünməz Allaha tapınırlar. Həm polis rəisdir, həm də Hacı. Həm xeyirə-şərə yarayır, həm də yaxşı məclis adamıdır. Deyib gülən, lətifə danışan, söhbətcil…
Bu qədər keyfiyyətləri özündə birləşdirən adamlar var. Və bunu çox ustalıqla edirlər. Bu keyfiyyətlərin biri o birinə mane olmur. Əksinə, bu keyfiyyətlər bir-birini tamamlayaraq, nəticədə yaxşı bir adam obrazı yaranır. Məsələn, Bakıda yerləşən bir çox şadlıq evlərində, restoranlarda araq, spirtli içkilər verilmir. Belə şadlıq evlərinin sahibi hacılardır. Buna görə çox gözəl çıxış yolu tapılıb. Spirtli içkiləri toy sahibi özü alır. Deməli, şadlıq evinin sahibi həm pulunu qazanır, həm də imanına sadiqdir. O, hörmət sahibidir. Məclislərdə yeri var. Azərbaycanda Həccə gedənlərin arasında polislər, prokurorluq və məhkəmə işçiləri çoxluq təşkil edir. Rütbənin üstünə titul əlavə olunur, nəticədə el ağsaqqalının obrazı yaranır.
Bir də görürsən ki, avtobusa bir kişi girir. Balaca bir qız uşağının əlindən tutub. Kişi ağ köynəkdə, qalstukda. Üzünü tərtəmiz qırxıb. Tam dünyəvi bir şəxsə bənzəyir. Balaca qızcığazın isə başı örtülüb. Bu qalstuklu, kostyumlu kişi balaca qızcığazın hesabına cənnətin qapılarını taybatay açmaq istəyir.
Ramazan aylarında kafelərin, restoranların müştəriləri 70-80 faiz azalmışdı. Yaxşı işdi, ilin on bir ayı arağın küpünə gir, bir ay oruc tut.

Ramazan ayında üstümə bir ağırlıq çökür. Elə bil şirniyyat sexində yaşayıram. Əlimi hara vursam, əlimə şirə yapışacaq. Yaxşı, dostlar! Bəs, ölkədə bu qədər ibadət edən varsa, rüşvəti kim alır, xəstəyə artıq dərmanı kim yazır, saxta ərzaqları alıcıya kim sırayır, cibə nəşəni kim atır? Hər şey bir tərəfə, YAP-ın təxminən beş yüz min üzvü var. Həccə gedənlərin, oruc tutanların sayı artdıqca ölkədə rüşvətin, ədalətsizliyin, haqsızlığın da miqyası genişlənir. Bax, bu əsl araşdırma mövzusudur.

Artıq üç ildir ki, Cənubi Qafqazda «Henrix Ball» Fondunun təşkilatçılığı ilə «Mən — İnsanam» sənədli film festivalı keçirilir. Bu il filmlər beş şəhərdə göstərildi. Bakı, Mingəçevir, Gəncə, Şəki və Balakəndə. Üç ildir bəndəniz bu festivalda ekspert qismində iştirak edir. Bu üç ildə filmlərin nümayişi, müzakirələr zamanı çox əcaib səhnələr gördüm, çox absurd fikirlər eşitdim. Məsələn, Şəkidə "İşləyən ana" filminin nümayişindən sonra müzakirəyə başladıq. Film İsraildə işləyən, 15 il övladlarının üçünü görməyən, hər ay evə pul göndərən boliviyalı bir qadının həyatından bəhs edir. Qadın 15 ildən sonra İsraildən vətəni Boliviyaya qayıdır. Övladları ona isinişə bilmir. Həyat məhv olub. Hər şey yarımçıqdır. Hətta göndərdiyi pulla tikilən ev belə hazır deyil.
Müzakirələr zamanı Şəkinin ziyalılarından biri söz alıb filmin təsiri altında belə dedi: «Qadında analıq hissi kişiyə nisbətən güclü olur». O qədər əminliklə dedi ki, onun cümləsinin mənasına heç kim fikir vermədi. Mənim isə gücüm dostlara mesaj yazmağa çatdı. Balakəndə isə yerli təşkilatçılar filmlərin nümayişi üçün YAP-ın rayon təşkilatının qərargahını seçmişdilər. Həm də təşkilatçıların ofisi YAP-ın qərargahında yerləşir. Yəni Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu…
Əlqərəz, çox qəribə hadisə baş verdi. Bütpərəstliklə təkallahlığın qovuşduğu məkanı öz gözlərimlə gördüm. Günorta namazı zamanı YAP-çılar qapıları bağlayıb qərargahdan 15-20 metr aralıqda yerləşən məscidə namaz qılmağa getdilər. Bəlkə elə paralel dünyalar buna deyirlər. Heç kim deməsin paralel xətlər kəsişmir. Bizim ölkədə qəşəng kəsişir.
 

0 şərh