İranın çöküşü

Təxminən 10 il əvvəl bir aclıq aksiyasında iştirak edirdim. Orda bir cənublu da vardı. Boşluqdan biz daima mübahisə edirdik. Bir dəfə vəziyyət lap ağırlaşdı. İslam rejiminin sərt üzünü görmüş adama başa salmaq istəyirdim ki, İranda islam yoxdur. Əksinə, İran rejimi islamı gözdən salır. O bədbəxt də əsəbi halda mən cahilə başa salmaq istəyirdi ki, əsl islam elə İrandır, Pakistandır, Fələstindir, Yəməndir, Suriyadır, Misirdir...
Hamısında zülm, kədər, cəhalət, antisanitariya, insan haqlarının boğulması… İndi başa düşürəm ki, o adama necə zülm etmişəm. Nələr çəkirmiş mənim danışdıqlarımdan. Üzr istəyirəm, qardaş. Məni cahilliyimə bağışla. Mən o vaxtlar Elbəyi Həsənlidən də cahil idim. O Elbəyi ki, altı ildə bir dil öyrənə bilməyib. Avropanın ortasında oturub minarə davası eləyir. Aclıq keçirir. Günah Elbəyidə deyil, günah Elbəyini İsveçrəyə buraxandadır. Gedərdi Pakistana, Əfqanıstana, Suriyaya, İrana, Misirə, Yəmənə… Orda aclıq aksiyası keçirəydi, ona demokratiyanın nə olduğunu islam ölkələrində başa salardılar.
Fərəh Pəhləvinin xatirələri
İran vətəndaşları ilə çox söhbət etmişəm. Hər birinə inqilab necə baş verdi sualını vermişəm. Çoxu çiynini çəkib. İnqilabın necə baş verdiyini hələ də anlamırlar. Günlərin bir günü ayılıblar ki, ölkə qara çadraya bürünüb. Birinin cavabı çox maraqlı idi: «Düşündük ki, bizim qadınlar qara çadraya bürünə bilməz. Düşündük ki, biz belə yaşaya bilmərik. Düşündük ki, iki-üç il çəkməz. Amma çəkdi. Yaşadıq, yaşayırıq. Dözdük, dözürük. Öyrəşdik».

Budur otuz ildir ki, İranda İslam inqilabı insanlara zülm edir. Şənliyə meylli, böyük ənənələrə malik bir ölkə qara çadraya bürünüb. İslam inqilabı İranın bütün tərəqqipərvər, dünyəvi insanlarını dünyanın dörd bir yanına səpələdi. Səsini çıxaranı asdılar, güllələdilər, yoxa çıxartdılar. Halbuki o insanlar ölkənin qaymaqları idi. Biz əsl həqiqətlərlə İranda islam rejimi çökəndən sonra tanış olacağıq. Faktlar rejim çökəndən sonra üzə çıxacaq. Hələlik isə gəlin inqilab necə baş verdi sualına cavab verməyə çalışaq. Sözün açığı, çalışaq deyəndə bu tamam başqa yazının mövzusudur. Bir ölkədə ki, dindarlar sosial çağırışlar etdilərsə, sosial məzmunlu şüarlar səsləndirdilərsə, bilin ki, o ölkə fəlakətin bir addımlığında dayanıb. Şah rejimi zərbəni kommunistlərdən, soldan gözləyirdi. Bütün cəza dəstlərini, bütün gücünü sola qarşı yönəltmişdi. Əllər isə göyə uzanırdı. Ümidləri hər yerdən üzülən adamlar üzlərini göyə tərəf çevirmişdilər. Şah rejimi zərbəni soldan gözləyirdi, zərbə isə islamdan gəldi. Əlbəttə, bir yazıda baş vermiş böyük bir hadisəyə aydınlıq gətirmək cəhdi belə mümkün deyil. Bu mənada Fərəh Pəhləvinin xatirələri çox qiymətli mənbədir. İslam inqilabı niyə, necə baş verdi sualına Fərəh Pəhləvinin xatirələrində çox dəqiq cavab verilib. Çox qiymətli kitabdır. Oxumağınız məsləhətdir. Şəhərin kitab mağazalarında satılır. Fərəh Pəhləvinin xatirələri həm də Azərbaycanın bu gününü anlamaq üçün çox qiymətli kitabdır. Tənbəllik etmirəm, amma gerçəkdən bu da başqa bir yazının mövzusudur. Siz Fərəh Pəhləvinin xatirələrini oxuyun və görəcəksiniz ki, bu günün Azərbaycanı 1979-cu ilin İranına necə bənzəyir. Eyni vəziyyətdir. Üst-üstə düşən xeyli məsələlər var.
Şah zamanı İranda lazımsız tikililər tikilir, mənasız yarışmalara, mənasız festivallara pullar xərclənirdi. Fərəh Pəhləvinin sözündən belə çıxır ki, şah adamların niyə ondan narazı olduğunu ömrünün sonuna qədər başa düşə bilmədi. Dünən bir ölkəyə sahib olan şahın bir günün içində necə rəzil duruma düşdüyünü şahın arvadı Fərəh Pəhləvinin qələmindən oxumaq çox maraqlıdır. Bu kitab həm də monarxiya quruluşunun aqibəti haqda yazılmış gözəl kitabdır. İnqilabı şah özü yetişdirdi. Cəzasını da çəkdi. Böyük bir ölkə isə viran oldu. Şah əbədi olaraq taxtda oturacağını düşünürdü. Otura bilmədi. Hər şey çox sürətlə baş verdi. Bir daha təkrar etmək istəyirəm: Fərəh Pəhləvinin xatirələri Azərbaycanın bu günü haqda yazılmış kitabdır. Vəziyyətin necə ağır olduğunu anlamaq üçün Fərəh Pəhləvinin xatirələrini mütləq və mütləq oxumaq lazımdır.

Türkiyənin xilası

Budur, artıq İran adlanan ölkənin vətəndaşları qara çadranın altında yaşamaq istəmirlər. Rejim bütün cəza dəstələrini işə salsa da, müasir dünyanın diqtəsi, kommunikasiya vasitələri öz sözünü deyir. Bütöv bir ölkəni informasiya blokadasına salmaq günü-gündən çətinləşir. Rejimin çöküşü artıq göz önündədir. Maraqlı günlər yaşayırıq. İslam rejiminin çöküşü labüddür. Adamlar daha qara çadra altında yaşamaq istəmirlər. Hansı bəlalara dözdüklərini artıq anlayırlar. Dünyanın harasında olduqlarını, quyunun dibində yaşadıqlarını artıq başa düşüblər.
Bizim farslara qarşı nifrətimiz İranı bir ölkə kimi tanımağa, qiymətləndirməyə mane olur. Mən İranı Türkiyədə olduğum zaman başa düşdüm. Son 10 ildə Türkiyədə din çox sürətlə yayıldı. Forumlarda, zirvə toplantılarında artistlik edən Ərdoğan Türkiyənin simasıdır. Atatürkün yaratdığı Türkiyə günü-gündən islamlaşır. Əziz Nesinin yaşadığı ölkədə azan səsindən bir stəkan çay içmək olmur. Evlər balaca, yerin altına girib, minarələr isə uzun-uzun, hər məhəllədə bir məscid. Hər yerdə məscidlər məktəblərdən böyük. Məscidi məktəbindən böyük olan ölkənin axırı yoxdur. Atatürkün reformaları nəticəsində yaranmış, az-çox Avropa dəyərlərinə can atan ölkəni din göz qarşısında məhv etməkdədir.
Mən Türkiyədə olanda belə bir nəticəyə gəldim; Türkiyəni yalnız İranın çöküşü xilas edə bilər. Fikrimi belə əsaslandıra bilərəm. Avropa sözü türk millətçilərində və dindarlarında ənənəvi qıcıq doğurur. Hər il Türkiyədə Avropanın, xristian ölkələrinin gizli planları haqda yüzlərlə kitablar çap olunur. Guya bütün Avropa ölkələri işini-gücünü atıb, Türkiyəni çökdürmək, türk ailəsini dağıtmaq istəyirlər. Adamlar hətta yedikləri qidadan, dişlərini yuduqları pastadan belə şübhələnirlər. Türkiyədə təhsil alanlar bu söhbətlərdən halidirlər. Bir sözlə, Avropa dəyərlərini Türkiyədə yaymaq mümkünsüzdür. Dindarlar və millətçilər Avropaya inanmırlar. Olmayan şeyləri itirməkdən qorxurlar. İran Türkiyə ilə müqayisədə çox ciddi ölkədir. Məsələn, əgər İranda qadınlar başlarını məcburən örtürlərsə, Türkiyədə qadınlar könüllü olaraq başlarını bağlayırlar. Türklər Atatürkə xəyanət etməkdədirlər və bunun cəzasını mütləq çəkəcəklər. Əgər 80 milyonluq Türkiyə diz çöküb Əziz Nesinin, Nazim Hikmətin ruhu qarşısında əfv diləməsə, Nazim Hikmətin, Əziz Nesinin ruhu Türkiyəni rahat buraxmayacaq.
Mövzudan uzaqlaşmayaq. İranın orta statistik mədəni, elmi səviyyəsi Türkiyədən qat-qat yüksəkdir. Bir daha təkrar edirəm, farslara qarşı nifrət İranı tanımağa bizə mane olur. İran zəngin mədəniyyətə malik ölkədir. İranın Amerikada, Avropada güclü intellektual insanları yaşayır. Ən əsası İran vətəndaşları həyata meyllidirlər. Biz islam rejiminin çöküşündən sonra tam başqa bir İran görəcəyik. İran cəmi iki ilə öz intellektual və mədəni potensialı ilə Türkiyəni fakt qarşısında qoyacaq.
İran Türkiyəni fakt qarşısında qoymağa qadir bir ölkədir. Fakt isə bundan ibarətdir: «Ya inkişaf, ya İslam». Bu zaman daha dindarlar, millətçilər şübhələnə bilməyəcəklər. Dünənə qədər qara çadraya bürünmüş bir ölkənin çiçəklənməsi, inkişaf etməsi yalnız Türkiyənin xeyrinədir. Necə ki, qonşumuz Gürcüstanda yol polisinin rüşvət almaması Azərbaycan hakimiyyətinin baş ağrısına çevrilib. Hər gün Gürcüstana gedən yüzlərlə adam öz gözləri ilə görür ki, Gürcüstanda yol polisi rüşvət almır. Saakaşvili hakimiyyətinə qədər rüşvət içində boğulan bir ölkədə rüşvətin kökü kəsilib. Bəyəm, azdır? Xeyir! Adamlara təsir edir. Adamlar görür ki, deməli, rüşvətin kökünü kəsmək mümkündür. Adamlar başa düşür ki, yol polisi daşın, kolun, ağacın arxasında pusquda dayanmamalıdır, hərəkətə nəzarət etməlidir. Necə ki, Gürcüstan bizə demokratiyanın nə olduğunu hər gün göstərir. Bir vaxt gələcək çiçəklənən İran da Türkiyəni fakt qarşısında qoyacaq: «Ya İslam, ya inkişaf». Rejimin çöküşündən sonra İranın bütün potensialı üzə çıxacaq.
Cin şüşədən çıxıb. Cini artıq şüşəyə qaytarmaq mümkün deyil. İslam rejiminin çöküşü labüddür. Adamlar daha qara çadra altında yaşamaq istəmirlər. İranın çöküşü ola bilsin ki, hansısa etnik münaqişəyə zəmin yaratsın. Hər imperiya çökdükdən sonra etnik münaqişəyə yol açır. Bununla belə İranda islam rejiminin çöküşü Yaxın Şərqin canına rahatlıq gətirəcək. İslam rejiminin yaratmağa müvəffəq olduğu güclü agentura şəbəkəsi məhv olacaq. Xeyli qəzetlərin, jurnalların vəsaiti kəsiləcək. Yeri gəlmişkən, mövzuya heç dəxli olmasa da, bir müşahidəmi oxucularla bölüşmək istəyirəm. Hər dəfə İranda adamlar meydana çıxanda, hadisələr qızışanda Hacı İlqarın yazılarında kədər notları xeyli artır. Qəribə təsadüfdür.

İran kinosunun aqibəti

Ezop dili, qul dilidir. Ezop dili yalnız qəddar rejimlərdə ilşəyə bilər. Bir yazarın, bir rejissorun işarələrlə, itin, pişiyin, quşun, diliylə danışmasını qəddar rejimlərdə hardasa başa düşmək olar. İran filmlərinin nüfuzlu festivallarda mükafatlar alması molla rejiminin xidmətidir. Əgər molla rejimi olmasaydı, İran rejissorlarının nüfuzlu festivallarda mükafatlar alması xeyli çətin olardı. Molla rejiminin çökməsiylə daha bir ölkədə Ezop dilinin kökü kəsiləcək. İki-üç rejissorun festivallarda mükafat almasını bütöv bir ölkənin qara çadraya bürünməsinə dəyişmək olarmı?
 

0 şərh