Hitler

Orta statistik azərbaycanlının düşüncəsinə görə, hər bir almanın içində Hitlerə, faşizmə gizli rəğbət, sevgi var. Sadəcə, almanlar Hitlerə, faşizmə öz rəğbətlərini zamana və şəraitə uyğun olaraq içlərində basdırıblar. Belə diletant düşüncənin yaranmasını əsasən iki səbəb şərtləndirir.
1. Savadsızlıq.
Almanların Hitlerə rəğbət bəslədiyini düşünən adamlar İkinci Dünya Müharibəsi, müharibənin nəticələri haqda lazımi dərəcədə məlumatlı deyillər. Onların məlumatları səthidir. Müharibə haqda düşüncələri miflərə, əfsanələrə, ağızdan-ağıza dolaşan söhbətlərə əsaslanır. Onlar müharibə haqda danışarkən özlərini tamada kimi aparırlar.
2. Qeyri-səmimilik.
Kölə təfəkkürlü insan başqasının azad ola biləcəyinə inanmadığı kimi, qeyri-səmimi insan da başqa bir insanın səmimiyyət nümayiş etdirməsinə heç cür inana bilmir. İşçisinin maaşını kəsib məscid tikdirən adam alman xalqının öz keçmişindən nəticə çıxarmasına inana bilmir. Haram yolla pul qazanıb mağazada halal sosiska axtaranlar almanların səmimiyyətinə inana bilməz. Pulu hər şeyə qadir hesab edən adamlar üçün almanların səmimiyyəti siyasi gedişdir. Çünki pulu hər şeyə qadir hesab edənlər puldan ötrü hər şeyə qadirdirlər. Azərbaycanda minlərlə adam var ki, həm YAP üzvüdür, həm də namaz qılıb, oruc tutur. Bütpərəstliklə təkallahlığı sintez etmiş, yetim-yesirin pulunu yeyib, cibə nəşə atmaqla pul qazanıb Həccə gedənlər almanların səmimiyyətinə necə inansınlar?

İki hadisə
Sözün açığı, yeddi il bundan əvvələ qədər Hitler və faşizm mövzusunun almanlar üçün nə qədər həssas mövzu olduğunu tam anlamırdım. Anladığım bəzi şeylər vardı, amma məsələnin bu dərəcədə ciddi olduğunu bilmirdim.

Birinci hadisə

Bir layihədə iştirak edirdim. Layihənin Cənubi Qafqaz üzrə koordinatoru alman qız idi. Bir gün masa arxasında «xalq günahkardır, yoxsa hakimiyyət?»,- mövzusunda mübahisəmiz düşdü.
Burda kiçik bir haşiyə çıxaraq deyim ki, «xalq və hakimiyyət» mövzusunda mübahisə etmək «toyuq və yumurta» mövzusunda mübahisə etmək kimi bir şeydir. Bu mübahisədə qalib gəlmək tərəflərdən birinin mübahisə etmək bacarığından, bir az da sırtıqlığından asılıdır. Hər iki tərəfin ciddi arqumentləri var. Məsələn, əgər Obama Keniyada yaşasaydı, uzaqbaşı banan alverçisi olardı. Sistem Obamaya öz imkanlarını, bacarığını realizə etməyə imkan yaratdı.
Altmış il əvvəl ağlar zənciləri avtobusa buraxmırdılar. İndi dünyaya yiyəlik edən bir ölkənin prezidenti qaradərili insandır. İnşallah, yaxın gələcəkdə Roma Papasını da qaradərili bir adam edəcəklər və məsələ bitəcək. Sistemdən çox şey asılıdır.
Dünya mədəniyyətinə neçə-neçə düha bəxş etmiş, onlarla dahi yetişdirmiş, böyük ədəbiyyatı, akademik musiqisi, inqilab ənənəsi olan ruslar Putinin əlində oyuncağa çevrilibsə, bizim kimi formalaşmamış, "əmgəyi bərkiməmiş" bir xalqın belə vəziyyətə düşməsi normaldır.
Dünyanın bir çox xalqları tarixin ayrı-ayrı dövrlərində gülməli vəziyyətə düşüblər. Sistem bir xalqı iki hala sala bilər. Şimali Koreyada adamlar acından ölür. Bütün dünyanın gülüş obyektinə çevrilib. Cənubi Koreya isə az qala bütün dünyanı məişət cihazlarıyla təmin edir. Hər şeyləri var. Kino da var. Cənubi Koreya rejissoru Kim Ki Dukun adını çəkmək kifayətdir.
Qərəz, biz təxminən belə söhbətlər edirdik. Alman qız isə deyirdi ki, xalqın düşdüyü vəziyyətə görə xalq özü günahkardır. Yəni, Azərbaycanda hökm sürən özbaşınalığın, korrupsiyanın, monopoliyanın səbəbləri xalqın özündən qaynaqlanır. Xalq istəməsə, bu cür şərait yaranmaz. Dedi ki, məsələn, Almaniyada belə vəziyyət ola bilməz. Dilim dinc durmadı, tərbiyəsizlik edərək ona Qebbelsi xatırlatdım. Dedim: "İndi Almaniyada Qebbels yoxdur. Olsaydı, bilmək olmazdı siz hansı vəziyyətə düşərdiniz".
Mənim bu cür sərt dönüşümdən qız sarsıldı. Mübahisəni kəsdi və mənə işdən kənar hər hansı mövzuda ona yaxınlaşıb söhbət etməyi qadağan etdi. Bərk pərtlik yarandı. Həqiqət naminə mütləq qeyd edim ki, bizim mübahisəmiz, mübahisənin nəticəsi işgüzar münasibətimizə heç bir xələl gətirmədi. Məni layihədən uzaqlaşdırmadılar. Qonorarım son qəpiyinə kimi verildi. Bunu mütləq qeyd etməli idim.

İkinci hadisə

Bakıya bir alman qonaq gəlmişdi. Biz onunla filarmoniyaya, operaya getdik. Savadlı və maraqlı adam idi. Yaşlı olsa da, təfəkkür baxımından bizim gənclərdən xeyli cavan görünürdü.
Burda qısa haşiyə çıxaraq qeyd edim ki, xeyli müxtəlif layihələrdə, seminarlarda, konfranslarda iştirak etmişəm. Qafqazda gün keçirən avara amerikalıya, ingilisə, fransıza çox rast gəlmişəm. Amma bu vaxta qədər avara, savadsız alman qarşıma çıxmayıb. Konkret desəm, öz yazıçılarını tanımayan nə qədər fransız, ingilis, amerikalı görmüşəm. Amma öz rejissorlarını, yazıçılarını tanımayan almana rast gəlməmişəm. Bilmirəm, bəlkə də belə alınıb, ancaq oxuduqlarıma, gördüklərimə, müşahidələrimə əsaslanıb deyə bilərəm ki, almanlar dünyanın ən ciddi xalqıdır…
Qısası, Bakıya qonaq gəlmiş alman bizi restorana şam yeməyinə dəvət etdi. Restoranda bir müğənni rus dilində küçə mahnıları oxuyurdu. Alman mahnının sözlərinin mənasını soruşdu. Uşaqlardan biri dedi ki, onlara fikir vermə, onlar yarıminsanlardır. Yarıminsan sözünün almanlar üçün necə ağır bir söz olduğunu burda yazmıram. Maraqlananlar bu sözün (nedoçelovek) necə yaranmasını, necə ortaya çıxmasını axtarıb-araya bilərlər… Kişi yarıminsan sözünü eşidəndə, üzünün ifadəsi dəyişdi. Dondu. Sonra ayağa qalxıb dedi: «Mən demədim. Sən dedin. Mən demədim. Sən dedin...» Pərtlik yarandı. Məclis pozuldu.

XXX
Faşizm üzərində qələbə sovet hökumətinin yeganə mənəvi üstünlüyü olaraq qalmışdı. Çox insanın ümidini sındırmış sovet hökuməti faşizm üzərində qələbədən maksimum istifadə edirdi. Yəni, səsinizi kəsin, biz sizi faşizmdən xilas etmişik. Ölkə daxilində isə hər bir şəhərdə, rayonda, qəsəbədə İkinci Dünya Müharibəsində həlak olmuş əsgərlərin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyulmuşdu. Parklar salınmışdı. İdeoloji dövlət olan sovetlərdə müharibə mövzusunda xeyli romanlar yazılmış, filmlər çəkilmişdi. Daha çox daxilə hesablanan həmin filmlər pafoslu səhnələrlə, süni dialoqlarla, reallıqdan uzaq təsvirlərlə zəngin idi. Ona görə də həmin əsərlər sovetlər dağılan kimi öz aktuallığını itirdi. Bir neçə film istisna olmaqla: "Əsgər atası", «Onlar vətən uğrunda vuruşurdular», «20 gün müharibəsiz», "İnsan taleyi", «Durnalar uçur»…

Səksəninci illərin sonunda çəkilmiş «Gəl və öz gözlərinlə gör» filmi ("İdi i smotri") isə futbol şərhçilərinin dili ilə desək, «doqquzluğa» dəydi. Eşitdiyimə görə, Tarantino «Gəl və öz gözlərinlə gör» filmini müharibə mövzusunda çəkilmiş ən dəşhətli film adlandırıb. Yeganə sovet filmidir ki, həmin filmdə alman əsgər və zabitlərinin geyimləri, qiyafələri, formaları tam qaydasındadır. Bir il bundan əvvəl mən «Gəl və öz gözlərinlə gör» filminə qısa müddətdə üç dəfə baxdım. Sonra bir ağıllı adam dedi ki, baxma, film səni çəkib aparar, dəli olarsan. Həmin filmdə rejissor göstərir ki, bu cinayətdə bütün almanlar iştirak ediblər. Eynəkli, arıq, üzdən ziyalıya oxşayan bir alman əsgəri belə tək-tək güllə ataraq, silahsız, mülki adamların qırğınında iştirak edir.
Mən «Gəl və öz gözlərinlə gör» filminə diqqətlə baxandan sonra faşizmdən tam iyrəndim. Başa düşdüm ki, faşizm bəşəriyyətin, insanlığın üz qarasıdır. Sosial şəbəkələrdə 18 yaşlı bir uşağın özünü faşist kimi təqdim etməsi adamda gülüş və təəssüf doğurur…
Hitler alman xalqına elə bir zərbə vurdu ki, dünyanın ən geridəqalmış, sivilzasiyadan uzaq xalqının nümayəndəsi bir alman professorunu qarşısına qoyub danlasa, həmin professor yarıçılpaq adamın danlağını qulağını sallayıb dinləməyə məcburdur.

Hitlerin alman xalqına vurduğu zərbəni bir az anlamaq üçün Əkrəm Əylislinin dilimizə çevirdiyi «O illərin çörəyi» əsərini oxumaq lazımdır. Əgər şərəf və ləyaqətdən söhbət gedirsə, başqa bir mövzuya keçə bilərik. Sovet əsgərləri (özbəklər, gürcülər, ruslar, ermənilər, çeçenlər və dərələrdə, dağlarda yaşayan əcaib xalqların nümayəndələri) qarşısına çıxan alman qadınlarını zorladılar. Beş il səngərdə yatan əsgərin qarşısını necə alasan? Qalib əsgər öz payına düşən «qəniməti» tələb edir. Qarşılarına çıxanı zorladılar. Dağıtdılar. Uçurdular. Əllərinə keçəni sovetlərə gətirdilər. Rəsm əsərlərini həmçinin. Alman xalqını iki-üç adam xilas etdi. Söhbət mənəvi xilasdan gedir. Onlar deyirdilər: «Məğlub olan alman xalqı deyil, faşizmdir».
Yəhudi əsilli rejissorların çəkdikləri filmlər isə ayrıca filmdir. Mən həmin filmlərə baxanda alman olmağın necə çətin oldğunu anlayıram. Əgər bir xalq öz idbar, iyrənc keçmişindən nəticə çıxarıbsa, bu keçmişə görə özünü günahkar hesab edirsə, onların ata-babalarının etdiyi cinayətləri üzlərinə vurmaq, hər fürsətdə keçmişin məsuliyyətini onların belinə yüklmək bir qədər düzgün deyil.
Faşizm iyrənc ideologiyadır. Və bu ideologiyaya almanların guya rəğbət bəsləməsini, guya gizlincə Hitleri sevdiklərini iddia etmək, bunu dilə gətirmək, savadsızlıqla bərabər, həm də axmaqlıqdır. Bunu anlayıb, amma anlayaraq deyənlər isə sadəcə, tərbiyəsiz və əxlaqsız adamlardır.
Hitler və faşizm alman xalqına ən dəhşətli təbii fəlakətin vura biləcəyi ziyandan, zərərdən, dağıntıdan daha çox ziyan, zərər vurdu. Birinci Dünya Müharibəsindən məğlub çıxmış, özünü təhqir olunmuş hesab edən almanların hissləri ilə oynayaraq, vəziyyətdən sui-istifadə edərək Hitler öz işgüzarlığı, natiqliyi hesabına bütöv bir xalqı dəli etdi. Məhvə sürüklədi. Hitler almanları bəşəri cinayətdə iştirak etməyə həvəsləndirdi. Hitler şeytanın özü idi. Şeytanın quyruğu və buynuzu olmur. Səmavi kitablarda bəhs edilən şeytanlar həqiqi şeytanların yanında heç nədir. O şeytanlar ki, bütöv bir xalqı məhv edirlər.

Kimi öldürməli?
Metroda, avtobusda, küçədə, toyda kimsə durduğum yerdə qanımı qaraldanda düşünürəm: «Bunları qırmaq lazımdır». Kitab oxumayanları, telefonla qışqıra-qışqıra danışanları, təlxəkləri, məddahları, metroda tüpürənləri, maşınına əcaib siqnallar quraşdıranları, düşük seriallara baxanları, yolu qırmızı işıqda keçənləri…
Siyahı uzundur. Mənim öz yaxınlarım yuxarıda sadaladığım «dəyərlər»in bir çoxunu özlərində daşıyırlar. Metroda tüpürməsələr də, düşük seriallara baxırlar. Kitab oxumurlar. İşləri-gücləri, həyat fəlsəfələri toya getməkdən ibarətdir. Onları necə öldürməli? Özünə rəva bilmədiyini başqalarına rəva bilmək nə dərəcədə doğrudur? Bu ki, insanlığa ziddir. Bunları qırmaq lazımdır… Kimi? Necə? Harda? Hansı vəziyyətdə? Hansı formada?
Cek London «Martin İden» əsərində dəhşətli bir səhnə yaradıb. Ərinin zülmü altında inləyən, paltar yumaqdan əlləri qıpqırmızı olmuş, vaxtsız əldən düşən bacısı ərindən gizli, qorxa-qorxa qardaşına, Martin İdenə kiçik miqdarda pul və bir az yemək gətirir. Aclıqdan əziyyət çəkən, yazıçı olmağı qarşısına məqsəd qoymuş Martin İden işləməkdən əldən düşmüş, ərinin zülmü altında inləyən, mərhəmətli və fədakar bacısına baxaraq düşünür: «Mənim əqidəm bu qadının iztirablarını görməməyi, onu məhv etməyi tələb edir. Amma necə?».
Qırmaqla, öldürməklə, məhv etməklə düzəlmir. Pol Pot bacardığı qədər qırdı. Təəssüf ki, tarix belə olardı, elə olardı söhbətlərini sevmir. Tarix ibrət götürmək üçün hadisələrlə zəngindir. Tarix göstərir ki, humanizmin alternativi yoxdur. Bu qədər.
Tanrı bizi buynuzsuz və quyruqsuz, həqiqi şeytanlardan qorusun!

Müəllif: Seymur Baycan

0 şərh