Əsəbi oğlanlar

Metronun qapısı iki saniyə gec açılanda qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı, «Kurtlar vadisi» serialından təsirlənmiş, qıza görə bir partiya özünü ülgüclə doğramış əsəbi oğlanlar qapıya təpik, yumruq vururlar. Narazı baxışlarla adamlara baxırlar. Bir sözlə, adamları öz baxışlarıyla qorxutmaq istəyirlər. Onların baxışlarından bu sözləri asanlıqla oxumaq mümkündür: «Vurub ...-baş edərəm, prostu təzə zibildən çıxmışam».
Murad Köhnəqala bu tiplərin hərəkətlərini, həyat fəlsəfələrini «Ciddi oğlanlar» adlı yazısında çox gözəl təsvir etmişdi. Mən həmin yazını böyük zövqlə oxudum. İmkanı olanlar Muradın «Ciddi oğlanlar» yazısını tapıb oxusunlar. Murad kiçik bir yazıda əsəbi, ciddi oğlanların əsl portretini yaratmış, onların həyat fəlsəfəsini açmışdı. Bəli, onlar metro qapısının iki saniyə gec açılmağına dözə bilmirlər, qapıya təpik vururlar, amma hansısa dövlət idarəsində adi bir arayış almaq üçün iki-üç saat sakitcə oturub gözləyirlər.

İddia və qorxaqlıq bir adamda birləşirsə, şübhəsiz, ortaya qorxaq bir məxluq çıxacaq. Hər gün küçədə neçə davanın şahidi oluram. Müdir, direktor, rəis qarşısında təhqir olunan adamlar bir-birilərini təhqir etməkdə, davaya girməkdə həvəsli olurlar. Ən adi hərəkət davaya səbəb olur. Acıqlarını bir-birlərindən çıxırlar. Çünki onlar bu hakimiyyət tərəfindən orduda, təhsildə, səhiyyədə təhqir olunduqlarının fərqindədirlər. Vətəndaş mövqeyi göstərməkdən qorxurlar. İddia var, cəsarət yoxdur. Müdir, direktor, rəis qarşısında alçalanlar, təhqir olunanlar küçədə, kafedə, restoranda, toyda özü səviyyəsində, yaxud özündən aşağı birini təhqir etməklə təsəlli tapırlar. Özü özünə sübut etmək istəyir ki, o adamdır, nəyəsə etiraz edə bilir. Yaxud küçədə də dava sala bilməsə belə, acığını evdə arvadından, uşaqlarından çıxır. Nəticədə kriminal verilişlərin qəhrəmanına çevrilir. İşıqforda yarım metr yol üstündə bir-birinə ən iyrənc söyüşlər yağdıranları, dalaşanları, «bağışla» sözünü dilə gətirməyi qəbahət sayanları, siz hansısa dövlət orqanında öz haqqını tələb edən vəziyyətdə görməzsiniz. Müşahidə etmişəm, hər on əsəbi oğlandan ikisi-üçü damarlarını doğrayıb. Metro qapısını təpikləyənlər damarlarını doğrayırlar, maşına əcaib siqnallar qoyurlar, hər bir hoqqabazlığa hazırdırlar, bir tək vətəndaş mövqeyi göstərməkdən savayı…
Əgər insan teatrdan, kitabdan, ümumiyyətlə, incəsənətdən uzaq düşürsə, mövcud sistem onları vəhşiliyə, ibtidailiyə həvəsləndirirsə, vəziyyəti izah etməyə o qədər də ehtiyac yoxdur. Hər şey aydındır. Əgər insan zövqlə geyinməyi bacarmırsa, kitab oxumursa, incəsənətin nə olduğunu anlamırsa, mütləq bir vasitə tapıb özünü seçdirməyə çalışacaq. O, ya bahalı maşın almalıdır. Hətta kreditlə olsa belə. Ya toyda dava salmalıdır. Toyda dayanmadan bir saat oynamalıdır. Ya da yolu qırmızı işıqda keçməlidir.

Kriminal verilişlərə baxıram. Ən adi sözə görə adamlar bir-birini bıçaqlayırlar. Bir-birilərinə cüzi də olsa, güzəştə getmirlər. Amma evləri söküləndə, hakimiyyət tərəfindən bütün hüquqları tapdananda səslərini çıxarmırlar.
Azərbaycan hakimiyyətinin illərdir kitaba qarşı apardığı təbliğat öz sözünü deyib. İdmanın ifrat dərəcədə təbliği, idmançılara göstərilən ifrat qayğının nəticəsi göz qarşısındadır. İndi adamlar hər hansı bir vəziyyətdə münasibətlərə təpik, yumruq vasitəsi ilə aydınlıq gətirməyə daha çox üstünlük verirlər. Dar köynək geyinib əzələlərini nümayiş etdirənlərin sayı günü-gündən artır. Baxışlar günü-gündən daha da sərtləşir. Bir tərəfdən də «Kurtlar vadisi» kimi axmaq, düşük, səviyyəsiz türk serialları bizim əsəbi oğlanlarımızı daha da ibtidailiyə səsləyir.
Gün ərzində bir neçə davanın şahidi oluram. Didirlər bir-birilərini. Şimali Qafqazda hətta idmançı olmayanlar belə gedib qulaqlarını sındırırlar ki, idmançı kimi görünsünlər. Bizdə də təxminən eyni vəziyyət yaranıb. Əgər bir olimpiya çempionu Azərbaycan hakimiyyəti üçün bütün şairlərdən, aktyorlardan, yazarlardan, incəsənət adamlarının hamısından daha dəyərlidirsə, işin sonu belə olmalı idi.
İdmanın ifrat təbliği öz sözünü deyib. Bir tərəfdən də «Kurtlar vadisi» serialı bizə qənim kəsilib. Qalmışıq özünü Polad Ələmdar kimi aparanların əlində.

Adamlar xoşbəxtliyi, uğur qazanmağı kitabda, elmdə, məktəbdə yox, mahnı oxumaqda, mahnı yarışmalarında, təlxəklik etməkdə, güləşməkdə, idman zallarında görürlər. Artıq adamlar özləri övladlarının müğənni, təlxək, güləşçi olmasını arzulayır. Onları məktəbdən ayırıb, idman zallarına göndərirlər. Bir Avropa çempionunun hörməti bütün fikir adamlarının hörmətindən çoxdur. İncəsənət adamları, yazarlar, elm adamları hətta yaxınlarının belə gülüş, istehza obyektinə çevrilib. Faktiki olaraq, müğənnilər, təlxəklər, idmançılar bizim ölkənin televiziya verilişlərinin qəhrəmanına çevrilib. Onlar bizə nə geyinməyi, nə yeməyi, necə yaşamağı öyrədirlər. Bu, Azərbaycan hakimiyyətinin illərdir kitaba qarşı apardığı təbliğatın nəticəsidir. Etiraf edək ki, məqsədlərinə nail oldular. İdmançını zəmanəmizin qəhrəmanına çevirdilər. İdman zalının elm ocaqlarından daha "önəmli" yer olduğunu öz siyasətləri ilə adamlara başa sala bildilər. Mən bu haqda çox yazmışam. Lazım olduğundan daha çox. Yazmaqdan savayı əlimdən heç nə gəlmir. Hər bir valideynin övladı üçün edə biləcəyi ən böyük yaxşılıq təhsil vermək, kitab oxumağa həvəsləndirmək, istedadının yönünü müəyyən etməkdir. Övladlarınızdan bədgüman olmayın. Hər bir insanın hansısa istedadı var. Valideynin borcu öz övladının istedadının hansı səmtə olduğunu müəyyən etməkdir. Dünya idman zalından və mahnı yarışmalarından ibarət deyil. Azərbaycan hakimiyyətinin idmana ifrat qayğısı sizləri aldatmasın. Kitab oxuyan xalqlar kitab oxumayanları həmişə idarə edəcəklər. Müasir dillə desək, kitab oxuyanlar televizora baxanları idarə edəcəklər.

Kitabsız xalqın gələcəyi yoxdur. Ola bilməz. Monqollar az qala bütün dünyanı tutdular. Kitabları yox idi deyə, işğal etdikləri yerlərin əhalisi onları "əritdi". Bizim dindar qardaşlarımız yəhudiləri, İsraili söyməyi, lənətləməyi çox sevirlər. İstədiyin qədər söy. Fakt budur ki, İsrail təhsilə ən çox pul xərcləyən ölkələrdən biridir. Amma hansısa ərəb şeyxi maşın kolleksiyası yığır. Qarajında 240 ədəd bahalı maşın var. Bu haqda məqalə oxudum. Şeyxin adı elə uzun idi ki, yadımda qalmayıb. Rusiyanın az qala bütün nəşriyyatları yəhudilərin əlindədir. Ən güclü tərcüməçilər yəhudilərdir. Söyməklə iş düzəlmir. Nəsə…

Bir həftə əvvəl baş verən bir hadisə məni bu cümlələri yazmağa vadar etdi. Bir tanışım var. Oğlu ağıllı uşaqdır. Baş var. İstedadlıdır. Yaxşı rəsm çəkir. Uşağa heyfim gəldi. Nə qədər dedim bu uşağı apar rəsm, şahmat dərnəyinə, eşitmədi. Mədəni, sakit, istedadlı bir uşağı aparıb verdi bir «qəssab»ın əlinə. Yəni, uşağı aparıb qoydu karateyə. Bir həftə əvvəl o sakit, mədəni, istedadlı uşağın vurub burnunu sındırıblar. Çox pis oldum. Sarsıldım.… oğlu, eşşək, qanmaz,… sənin düşüncəni, sənin… Lütfən, nöqtələrin yerini özünüz doldurun. Qəzet səhifəsinə çıxarılası sözlər deyil. Söyüşlərdir. Qəzet oxumur. Ona görə belə rahatlıqla söyürəm. Mənə «guya oxuyub nə etmisən»,- deyir. Hardasa haqlıdır. Bu da Azərbaycan hakimiyyətinin apardığı siyasətin nəticəsidir. Kitabı, kitab oxuyanları, kitaba bağlı adamları gülünc vəziyyətə salmaq.
Olimpiya çempionu xoşbəxtliyin, uğurun rəmzinə çevrildiyi ölkədə, əlbəttə, kitab oxuyan adama güləcəklər. Onların rahat həyatı efir vasitəsi ilə təbliğ olunur. Beləcə, zamanın nəbzini tutmaq istəyənlər övladlarını həvəslə idman zallarına, mahnı yarışmalarına göndərirlər. Bəlkə də gələcəyin yaxşı bir rəssamını, şahmatçısını zorla karate zalına göndərib, sakit, mədəni, istedadlı bir uşağı idmançıya çevirmək istəyirlər. O uşağın burnunun sındırılması xəbərini eşidəndə sarsıldım. Elə bu cümlələri yazarkən o uşağın çəkdiyi ağrıları öz canımda hiss edirəm.

Müəllif: Seymur Baycan

1 şərh

martin_iden
Seymur Baycanın esse və məqalələrini oxuduqca maraqlı yanaşması olduğunun şahidi oluram. Adam cəmiyyətimizin bugünkü görüşünü, həyat tərzi və yaşamını çox gözəl ifadə edir. Onun kimi düşünənlər az deyil təbii ki… Amma bəziləri bunu yazıya çevirməyi istəmir, ya da düşünürlər ki zamanında bizdən də üstün istedadlı KƏSlər (şair, yazıçı, klassiklərimiz və s.) maarifçilik yolunu seçərək cəmiyyəti dəyişə bilmədilərsə biz nə çarəyik. Əslində dəyişim özümüzdən başlamılıdı. Biz başqalarına məsləhət verib özümüz isə o deyiləni etməyənik. Hər bir fərd özünü inkişaf etdirsə, bugünkü cəmiyyətdə bu qədər mənfi hallarla rastlaşmarıq. Amma kimsə inkişaf etmək istəmir. Biz niyə kitab oxuyana pis baxaq axı??? Amma indiki toplumda bu belədir. Ayə yekə kişisən nə yaşındı kitab alırsan, məyər uşaq yaşındasan oturub kitab oxuyasan. Bəzi ağıllı kəslər əlbəttə ki bu lazımsız  fikirləri dinləmirlər, amma təəssüf ki bəziləri də sürü psixologiyasını dinləyərək onların yolunu davam etdirir. Özümüz bir şeyə yaramırıq heç olmazsa, başqalarının inkişafına mane olmayaq.