Xoşbəxtlik hekayəsi - Orxan Bahadırsoy

Gəl, iki uşaq kimi görüşək, qucaqlaşaq.
Şirin-sirin gülüşək,
şirin-şirin danışaq.
Dərdləşək, sevincləşək,
gah gülək, gah ağlayaq!
Bir kimsə anlamasın bizi öz dilimizdə.
Hər şey oyuncaq olsun günahsız əlimizdə!
Hirslənəndə astaca yapışım saçlarından.
Ağlasan, ovuc-ovuc içim göz yaşlarından.
Özümüzə ev tikək damino daşlarından.
Bircə otağı olsun -
içində nə masası, nə də yatağı olsun!
Heç soba da olmasın,
sevginin atəşindən bədənlərimiz qızar.
Olmasın, qurban olum, bircə pəncərəsi də,
qorxuram pəncərədən evə ayrılıq sızar!

Adımızı yazarıq bu evin küçəsində.
Zərif gül ləçəkləri qapımıza döşərik.
İsti yay axşamında, 
bir avqust gecəsində
Bakir hislərimizlə ilk dəfə sevişərik.
Sevgimiz çıraq kimi asılar üstümüzdən.
Damino daşları da 
tərləyər istimizdən.
Bu həzzin ağrısından sonra yorğun düşərik.
Damino evimizdə hər gecə sevişərik.
Baxışlarda sevginin 
nəvazişi, qayğısı...
Bilərik necə olur xoşbəxtliyin ağrısı!

Ağ-qara kağızların
fiqur parçalarından
piano düzəldərik evimizin küncündə.
Bəstəsini yazarıq dərdin də, sevincin də!
Necə xoşbəxt olarıq bu nəğmələr içində!?
Sevgimiz, vüsalımız
böyüyər aram-aram.
Mən də bu xoşbəxtliyə hər gün şeir yazaram!

Evimizdən asarıq bir teatr pərdəsi.
Monoloqlar, şeirlər danışarıq hər gecə.
Balaca səhnəmizdə əylənərik beləcə.
Mən səni izləyərəm,
mən səni alqışlaram.
Hər səhnənin sonunda sənə gül bağışlaram.
Damino daşları da bizə şərik olacaq.
Bu körpə sevincindən onlar da həzz alacaq.
Öz kiçik dünyamızda unudarıq hər kəsi!
Gör, necə gözəl olur
xoşbəxtlik hekayəsi!?

Müəllif: Orxan Bahadırsoy

 

0 şərh