Böyrəklərimizi sıradan çıxarır-Hidronetroz

Hidronefroz – sidik axarı keçiriciliyinin hər hansı səbəbdən pozulması nəticəsində böyrək ləyəni və kasacıqlarının proqressiv genişlənməsidir.
Bu xəstəlik vaxtında müdaxilə edilməsə böyrəklərin məhvinə səbəb olur. Hidronefroza qadınlarda 20-60 yaş arası, kişilərdə isə daha çox 60 yaşdan yuxarı rast gəlinir. Hidronetroz
«Səssiz ölüm” adlanan xəstəlik zamanı heç bir ağrı müşahidə olunmur. O, çox ləng inkişaf edən xəstəlikdir. İlkin mərhələdə ümumiyyətlə hər hansı əlamət hiss edilmir. Sonradan isə böyrək nahiyəsində ağrı, diskomfort yaranır, iltihabı proses yarandıqda ağrı kəskinləşir, bədən temperaturu və arterial təzyiq yüksəlir.
Xəstəlik zamanı ümumi halsızlıq və tez yorulma hallarına da rast gəlinir.
Hidronefroz – əlamətləri
Hidronefroz çox ləng inkişaf edən xəstəlikdir. Yalnız hidronefrozun özünə xas olan əlaməti yoxdur.  Başlanğıc mərhələdə ümumiyyətlə əlamətsiz keçir, sonradan isə böyrək nahiyəsində ağrı, diskomfort yaranır, iltihabı proses qoşulduqda ağrı kəskinləşir, bədən temperaturu və arterial təzyiq yüksəlir, ümumi halsızlıq, tez yorulma olur. Uşaqlarda olduqda onlar boy inkişafından geri qala bilir. Bir sıra hallarda sidikdə qan da müşahidə edilir, xüsusən fiziki işdən sonra. Hidronefrozlu xəstələr qarnı üstə yatmağa üstünlük verirlər. Çünki, belə yatmaq sidiyin böyrəkdə ləngiməsinə səbəb olan faktorların təsirini azaltdığı üçün bel hissədə ağrı və diskomfortu da azalır.
Xəstələrdən çox tez – tez eşitdiklərimiz
”Periodik olaraq sağ böyrəyimdə bir neçə vaxtdır ağrılar olurdu. Poliklinikada USM – dən keçdim, dedilər ki, sağ böyrəyiniz genişlənib”
“Ümumiyyətlə heç bir yerim ağrımırdı, iş yerindən müayinəyə göndərdilər. Müayinə nəticəsində mənə sol böyrəkdə hidronefroz diaqnozu qoyuldu”
“Belimdə ağrılar olurdu, ciddi əhəmiyyət vermirdim. Özümü soyuğa verdim, axşam ağrılar gücləndi. Təcili tibbi yardım çağırdım, xəstəxanada usm keçəndə sağ böyrəyimdə genişlənmə olduğu mənə bildirildi. Dedilər böyrəkdə daş yoxdur. Sizin diaqnozunuz sağtərəfli hidronefrozdur”
”Başım çox güclü ağrıyırdı, ürəkbulanma və halsızlığım da vardı. Baş ağrıları ilə əlaqədar nevropatoloqa müraciət etdim. O məni müayinə etdi, təzyiqimi ölçdü və mənə dedi ki, böyrəkləri yoxlatdırmaq lazımdır. Məni usm müayinəsinə göndərdi. USM – də sol böyrəyimdə kista, sağ böyrəyimdə isə 3 – cü dərəcə hidronefroz aşkarlandığı üçün məni uroloqa, sizin yanınıza göndərdilər”
Hidronefroz  –xəstələri məyus edən diaqnoz
Xəstənin kəskin şikayəti olmadığı halda birdən birə tam sağlam insana deyirsən ki, sənin böyrəklərin xəstədir. Bu onun üçun aydın günəşli bir havada tufan və ildırım çaxmasına bənzəyir. Ən pisi isə odur ki, hidronefroz 3 – cü dərəcədə, yəni sonuncu mərhələdə aşkarlanır. Belə olduqda heç də yaxşı olmayan xəbəri xəstəyə yaxud onun yaxınlarına demək məcburiyyətində qalırıq – sizin böyrəyiniz əməliyyat olunaraq götürülməlidir. Bu sözləri xəstəyə demək həkim üçün də çox ağırdır, xüsusən də xəstə uşaq yaxud cavan insan olduqda. Bu halda xəstə və onun yaxınları hansı hissləri keçirdir hətta təsəvvür etmək çətindir, nəinki o hissləri yaşamaq.
Çox qəribə xəstəlikdir, deyilmi? Heç bir ağrı yox, narahatlıq yox. Həkim USM-nin nəticəsini görən kimi, bir qədər fikrə gedir və sizə kompleks müayinə olunmaq məsləhətdir deyir. Hələ çox qəribə adları olan müayinələri sadalayır: ekskretor uroqrafiya, kontrastlı kt müayinəsi, nefrostintiqrafiya və bir sıra analizlər. Beləliklə özünü tam sağlam və xoşbəxt hiss edən pasient qəfildən günün birində hidronefroz diaqnozlu xəstəyə çevrilir.
Mən niyə əməliyyat olunmalıyam? – əgər heç yerim ağrımırsa. Haqlı sualdır, deyilmi ?
Məhz buradan da banal inamsızlıq və anlaşılmazlıq yaranır… Mən niyə əməliyyat olunmalıyam, əgər mənim heç yerim ağrımırsa? Digər bir tərəfdən də xəstəyə heç tanış gəlmiyən hidronefroz termini.
Hidro – su, nefros – böyrək deməkdir. Gəl indi bunu xəstəyə anlat görüm necə anlatırsan? Böyrəyin sulaşmasımı, yaxud suyun böyrəkləşməsimi? Əlbəttə ki, bu bir hərfi tərcümədir. Hidronefroz zamanı sadəcə olaraq böyrək genişlənir və sidiklə dolu kisə şəklini alır. Həkim xəstəni həyəcanlandırmadan, qorxutmadan, səbrlə, təmkinlə onun xəstəliyi haqqında tam məlumatlandırmağı bacarmalıdır. Əgər o bunu bacarmırsa, deməli özü də bu xəstəliyi tam öyrənməyib. Bildiyimiz kimi böyrək iki hissədən ibarətdir.
  • böyrəyin ətli hissəsi – parenxima adlanır
  • sidiyin toplandığı boşluqlu hissə isə kasa – ləyən sistemi adlanır.
Parenximada ( ətli hissədə ) sidik hazırlanır, daha sonra toplanır böyrək kasacıqlarına və ləyənə. Böyrək ləyəninin həcmi normada təqribən 4 – 6 ml – dir. Ləyəndə bu həcmdə sidik yığılan kimi sidik axarına, oradan da sidik kisəsinə tökülür. Əğər böyrək ləyəninin sidik axarına açılan yerində daralma olarsa, ləyəndəki sidik sidik axarına və oradan da sidik kisəyə boşala bilmir, ləngiyir qalır böyrək ləyənində. Beləliklə də böyrək ləyəni genişlənir, başqa sözlə desək hidronefroz yaranır.
Hamiləliklə əlaqədar yaranan hidronefroz
”Hamiləliklə əlaqədar yaranan hidronefroz ” və ” hidronefrozlu xəstədə hamiləlik ” anlayışlarını qarışdırmaq olmaz. Hamiləliklə əlaqədar yaranan hidronefroz fizioloji haldır, müvəqqətidir,  doğuşdan sonra özbaşına keçir.
Ana bətnində döl böyüdükcə sidik axarları daha çox sıxılır, digər tərəfdən isə hamilə qadının bədənində progesteron adlanan hormonun miqdarı kəskin artdığı üçün sidik axarlarının yığılma qabiliyyəti zəifləyir. Bu iki faktorun təsirindən hamiləlik zamanı böyrək ləyənindəki sidiyin drenajı ( evakuasiyası ) pozulur. Bu isə müvafiq tərəfdə böyrəkdə genişlənmə yaradır. Daha çox genişlənmə sağ böyrəkdə aşkarlanır, ona görə də hamiləlik zamanı böyrəklə əlaqədar yaranan narahatlıqların 60 – 80 % – i sağ böyrəklə əlaqədar olur. Bu sağ sidik axarının anatomik mövqeyi ilə əlaqədardır. Döl ana bətnində böyüdükcə sağ sidik axarı daha çıx sıxılır.  Hamiləliyin 4 – 5-ci həftəsindən başlayaraq qanda progesteronlar kəskin artdığından sidik axarlarının yığılma xüsusiyyəti zəifləyir. Dölün sidik axarlarına kompressiyası isə II və III trimestrdə daha çox olur.
Hamiləlik zamanı diz – dirsək vəziyyəti və onun faydaları
Bir çox hallarda hamilə pasientlərimə diz – dirsək vəziyyətini tövsiyyə edirəm. Bunun üçün hamilə qadın gün ərzində bir neçə dəfə, hər dəfə 4 – 5 dəqiqə diz – dirsək vəziyyətində qalır. Zərurət olduqda o bunu hər gün, hamiləliyin axırına qədər təkrarlayır. Ama bütün hamilələrdə bunu etməyə zərurət olmur, yaxud bəzilərində bu faydasız işdir. Çünki, bəzən hidronefroz elə vəziyyətdə olur ki, sidik axarına təcili stent qoymaq lazım gəlir. Bütün bunları həkim uroloq təyin edir. Diz – dirsək vəziyyəti dedikdə dizlərini və dirsəklərini yerə qoymuş vəziyyət nəzərdə tutulur. Lakin çalışmaq lazımdır ki, çanaq hissə çiyinlərdən yuxarıda olsun. Bu halda qarın aşağıya sallanmış vəziyyətdə olur, əzələlə gərginliyi, uşaqlığın tonusu azalır, həmçinin bu vəziyyətdə dölün sidik axarlarına olan kompressiyası ( təzyiqi ) azalır, böyrəkdəki sidik axarla kisəyə rahat axır. Digər tərəfdən də dölün bağırsaqlara, sidik kisəyə, çanaq hissədən keçən magistral damarlara təzyiqi azalır ki, bu da əksər qadınlarda hamiləlik zamanı ayaqlarda şişkinliyin ( ödemin ), varikoz damar genişlənməsinin, hemorroy və sistitin profilaktikası hesab oluna bilər. 
Hidronefrozun nəticəsi nə ola bilər ?
Ağırlaşmaları
Məlum oldu ki, böyrəkdə genişlənmə var, – nə olsun ki? Xəstənin heç yeri ağrımır, özünü çox yaxşı hss edir. İlk baxışdan məntiqsiz görünür belə halda qadına desək ki, hamilə qalmayın! – sizdə hidronefroz var. Siz əməliyyat olunmalısınız, yalnız əməliyyatdan sonra hamilə qala və uşaq doğa bilərsiz. Əlbəttə ki, burada ilk baxışdan xəstə həkimi ciddi qəbul etmiyə bilir. Çünki o özünü çox yaxşı hiss edir. Hidronefroz zamanı böyrək ləyənində genişlənmə o qədər zəif sürətlə inkişaf edir ki, xəstə onu hiss etmir. Böyrək ləyənində sidik toplandıqca orada təzyiq artır. Belə olduğu halda orqanizim sidik hazırlanma prosesini məntiqi şəkildə tormozlayır. Əgər hazırlanmış sidik böyrək ləyənində toplanıb qalırsa və daxildən böyrəyin özünə təzyiq edirsə niyə görə sidik hazırlanma prosesi davam etməlidir ?
Yəqin ki bu fikirlə siz də razısız
Məntiqlə fikirləşsək əvvəlcə hazırlanmış sidik böyrəkdən uzaqlaşdırılmalı, sonra sidiyin hazırlanması davam etdirilməlidir. Böyrək ləyənində sidik toplanıb qaldıqca orada təzyiq artır. Nəticədə böyrək daxilindəki kiçik damarlar sıxılır və qan dövranı pozulur. Zaman keçdikcə böyrək öz funksiyasını itirir və içərisi sidiklə dolu bir kisəyə çevrilir. Belə böyrək iltihablaşdıqda onu xilas etmək çox çətin olur yaxud da olmur. Çünki qan dövranı pozulmuş böyrəkdir, yeridilən antibiotiklər ora gedib çatmır, immunitet mexanizmləri orada işləmir və irinli prosesə şərait var. Ona görə də əksər hallarda təcili əməliyyat tələb edir və böyrək çıxardılır. Hidronefrozlu böyrək çox tez – tez iltihablaşır. Böyrəyin iltihabına pielonefrit deyilir. Bədən temperaturu, arterial təzyiq yüksəlir, bel nahiyyəsində ağrı güclənir, xəstədə sidik ifrazı tezləşir, hər dəfə çıxan sidiyin miqdarı azalır, xəstənin üzündə, gözaltı nahiyyələrdə ödem ( şişkinlik ) yaranır.
Hidronefrozlu böyrəkdə çox tez – tez daş aşkarlanır. Bunun da səbəbi sidiyin böyrəkdə uzunmüddətli ləngiməsi, həm də çox tez – tez infeksiyalaşması nəticəsində çöküntü verməsidir


Müəllif: Ayna
Mənbə: Medicina.az

0 şərh