Sinir xəstəlikləri

Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklər olub, bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliklərə beyinə qansızmanı, beyin damarlarının trombozunu, nevriti, ensefaliti, meningiti, poliomielitləri, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri, avitaminozları, epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik.
Beyinə qansızma qəfildən, fiziki və emosional gərginlikdən sonra meydana çıxır. Xəstə huşunu itirir və yıxılır. Tənəffüs çətinləşir, nəbz gərginləşir, qan təzyiqi yüksəlir. Sifət qızarır, tərləyir. İflic baş verir, həmin tərəfdə ağız bucağı sallanır.
Bu zaman xəstəyə ilk yardım kimi rahatlıq verilməli, uzandırılmalı, başı bir qədər hündürdə yerləşdirilməli, başa buz, ayaqlara isə isitqac qoyulmalıdır. Venaya qlükoza qarışığı ilə eufillin yeridilir. Ənsəyə tibbi zəli qoyulması, venadan qan götürülməsi (200-300 ml) məsləhətdir. 10-12 gündən sonra iflicləri masajla müalicəyə başlayırlar. Prozerin, dibazol və s. işlədilir.
Kəskin poliomielit. Onurğa beyninin boz maddəsinin iltihabıdır. Uşaq onurğa beyni iflici adlanır. Xəstəliyi virus törədir. Törədici xəstə ilə kontaktda olduqda, qida, hava və həşəratlarla sağlam şəxslərə keçə bilər. Bağırsağın selikli qişasında viruslar artır, çoxalır və qana sorulur. Ən əvvəl temperatur yüksəlir, üşütmə, yorğunluq müşahidə edilir, bağırsaq fəaliyyəti pozulur. Onurğada ağrılar duyulur. Sonra iflic dövrünə keçir. Müxtəlif formalarda ifliclər verir. Bərpa dövrü bir neçə aydan bir neçə ilə qədər uzana bilər.
Müalicəsi ciddi yataq rejimi ilə başlanır. Onurğa sütununun əyilməsinin qarşısını almaq üçün döşək hamar və bərk olmalıdır. Ağrıkəsicilər, qamma-qlobulin, qan köçürülməsi, qlütamin turşusu, C, B1, B12 vitaminləri təyin edilir. Fizioterapevtik müalicədən də istifadə edilir.
Beyin sarsılması. Bu, əsasən, travmatik zədələnmədir. Travmadan sonra qəflətən şüur itir. Yüngül formada bir neçə saat, ağır travmada isə 2-3 günədək davam edir. Ürəkbulanma, qusma baş verir. Yaddaş pozulur. Travmanın aradan qaldırılması istiqamətində müalicə aparılır. Xəstə 10-15 gün yataq rejimində olmalıdır. Simptomatik müalicə aparılır. Ürək dərmanlarından istifadə edilir.
Beyin sərpməsi. Yerli zədələnmələrdən sonra baş verə bilər. Hissiyyat, nitq pozulur. Beynin zədələnmiş yerində sərpmə nəticəsində toxumanın nekrozu baş verir. Ölmüş nahiyənin limfa və qanı sorulmağa başlayır. Xəstəlikdən sonra bir sıra pozulmalar, ağıl zəifliyi qala bilər. Kəskin dövrdə punksiya edilərək, oradakı maye çıxarılır. Simptomatik müalicə aparılır. Daxilə brom preparatları, parez və ifliclərdə masaj, prozerin, dibazol tətbiq edilir.
Epilepsiya. Şüurun itməsi ilə müşayiət olunan qıcolma şəklində xəstəlikdir. Qıcolmalar tutmaşəkilli olur. Xəstəliyin əsas səbəbləri müxtəlif sinir travmaları, doğuş travmaları, sinir xəstəlikləri, infeksion xəstəliklər ola bilər. Xəstəlik ən çox 10-20 yaşlarda təsadüf edir. İrsi olmasa da, meyllik vardır. Epilepsiya tutması həm beyin qabığında yayılmış ləngimə, şüurun itməsi, həm də hərəki analizatorların həddindən artıq oyanması, qıcolma şəklində təzahür edir.
İlk əvvəl xəstə şüurunu itirir, yıxılır, bütün əzələləri gərgin olur, bəbəkləri genəlir, işığa reaksiya vermir, çənəsi sıxılır, tənəffüsü dayanır, sifəti solur, göyərməyə başlayır. İkinci fazada tənəffüs xırıltılı olmaqla bərpa olunur, köpüklü, bəzən qanlı ağız suyu ifraz olunur, qıcolmalar dayanır. Birinci faza yarım dəqiqəyə qədər, ikinci faza 2-5 dəqiqə çəkir. Üçüncü fazada soporoz hal baş verir — halsızlıq, dərin yuxu halı. Sonra xəstə ayılır, şüuru bərpa olur. Tutmaarası dövrdə xəstələr heç də sağlam adamlardan fərqlənmir. Lakin epilepsiya vaxtında düzgün müalicə edilməlidir. Belə ki, ən çox lüminaldan istifadə edilir. Bromidlərdən difenih, trimetin və başqa dərmanlardan istifadə olunur. Bəzən punksiya və ya şüalandırmadan istifadə edilir.
Sinir sisteminin çox yüksək gərginliklərindən müxtəlif pozulmaları baş verir. Bunlara nevrozlar deyilir. Müxtəlif səbəblərdən ola bilər.

Nevroz
— psixi travma nəticəsində psixi fəaliyyətin geri dönən pozulması olub, bu zaman real aləmin inikası pozulur və şəxs xəstəliyini dərk edir. Nevrozun əsas əlamətləri təşvişdən (həyəcandan) və həmin təşviş hissindən qurtarmağa yönəldilmiş həddən artıq nəzərə çarpan davranışdan ibarətdir. Nevrozlar müxtəlif sinir — psixi əlamətlər, o cümlədən, emosional davamsızlıq, psixi və fiziki yorğunluq, bədən ağrıları və s. ilə təzahür edir. Nevrozların təsnifatı indiyədək mübahisəli qalır. Müxtəlif müəlliflər bunlara nevrozların 3 klassik forması olan nevrasteniya, sarışan hallar, histeriyadan başqa, ipoxondrik, depressiv nevroz, qorxu nevrozu, vegetonevroz və s. kimi nevrotik halları da aid edirlər.
Nevrozların ən geniş yayılmış forması nevrasteniyadır. Sənayenin sürətli inkişafı ilə əlaqədar yaranan gərginlik xəstəliyin etiologiyasında mühüm amil hesab edilir. Xəstəliyin əsas simptomokompleksi isə asteniyadır. Ən adi iş belə xəstəni yorur, əhvalını pisləşdirir. Cüzi bir qıcıq şiddətli affektiv reaksiya törədir, yuxunu pozur. Beyin qabığı ilə qabıqaltı mərkəzlər arasındakı neyrodinamikanın pozulması vegetativ sinir sisteminin normal fəaliyyətini dəyişdirir və bu, daxili orqanlarda funksional patologiyaya səbəb olur. Başağrısı, başgicəllənməsi, təngnəfəslik, ürəkdöyünmə, ürək ağrısı, iştahanın, cinsi fəaliyyətin pozulması müşahidə edilir.
Nevrasteniyalı şəxslər öz xəstəliklərini şişirdir, tez-tez müxtəlif tibbi müayinələrdən keçməyə cəhd edirlər.
Sarışan hallar nevrozu olan şəxsləri əsasən qorxular, hərəkətlər, fikirlər, xəstəliklər və s. şəklində sarışan hallar narahat edir. Xəstə həmin hiss və fikirlərin lüzumsuz olduğunu başa düşsə də, onlardan yaxa qurtara bilmir. Sarışan halların nozofobiya (ağır xəstəliyə tutulmadan qorxma), psixofobiya (psixi xəstəliyə tutulmaqdan qorxma), akrofobiya (yüksəklikdən qorxma), aqorafobiya (geniş küçə və meydanlardan keçməkdən qorxma), monofobiya yaxın adamlarını itirib evdə tək qalmaqdan qorxma), sarışan fikirlər (məzmunsuz, qeyri-sağlam müdriklik) və s. kimibir çox formaları vardır.
Histeriyanın əsas xüsusiyyəti hərəkətin və hissiyyatın (emosiya) funksional pozulmaları, xəstənin asanlıqla təlqinə və özünütəlqinə məruz qalmasıdır. Xəstələr, bir tərəfdən, müalicə üçün həkimə müraciət edir, digər tərəfdən isə sanki öz hərəkətlərindən zövq alaraq, xəstəlik halından çıxmaq istəmirlər. Xəstəliyin klinik əlamətlərinə isterik qıclıq, vegetativ və hərəki funksiyaların isterik pozulması, isterik psixi pozulmalar aiddir.
Epilepsiya tutmasından fərqli olaraq, isteriya tutması daha mülayim və düşüncə tam pozulmadan keçir, xəstənin şıltaqlığını əks etdirən məzmunda olub, əslində nümayiş xarakteri daşıyır. Xəstə ehtiyatla, astaca və münasib yerə (yatağa, xalça üstünə və s.) yıxılır, bədəni, həmçinin dil-dodağı zədələnmir. Bəbəklərin işığa qarşı reaksiyası pozulmur, sidik ifrazı müşahidə edilmir.
Nevrozun səbəblərini və klinikasını akad. İ.P.Pavlov dərindən öyrənmiş, həm də nevrozun eksperimental modelini yaratmışdır. Müəyyən edilmişdir ki, eyni psixogen amillərin təsirindən I siqnal sisteminin üstünlük təşkil etdiyi şəxslərdə (bədii tip) daha çox isteriya, II siqnal sistemi üstün olanlarda (təfəkkür tipi) sarışan hallar, hər iki siqnal sisteminin tarazlıq vəziyyətində olduğu (orta tip) şəxslərdə isə nevrasteniya törənir. Eksperimentdə də heyvanların nevroz törədən qıcıqlara qarşı reaksiyası ali sinir fəaliyyətinin tipindən asılı olmuşdur. Məsələn, zəif və qüvvətli — müvazinətsiz tipə məxsus heyvanlarda nevroz yaratmaq daha asandır.
Nevrozların bütün növlərində ali sinir fəaliyyətində İ.P.Pavlovun hipnotik fazalar adlandırdığı mərhələlər müşahidə edilir:
1. Bərabərləşdirici faza — zəif və qüvvəli qıcıqlar eyni qüvvəli cavab reaksiyası törədir.
2. Paradoksal (təəccüblü) faza — qüvvəli qıcığın törətdiyi reaksiya zəif qıcığa qarşı alınan reaksiyadan da zəif olur.
3. Ultraparadoksal (həddən artıq təəccüblü) faza müsbət (oyadıcı) qıcıq ləngimə, mənfi (ləngidici) qıcıq isə oyanma törədir.
4. Ləngimə fazası — heç bir qıcığa qarşı reaksiya alınmır.
Mərkəzi sinir sisteminin pozulmalarına əsmə iflic, miopatiya və s. vegetativ sinir sisteminin xəstəliklərinə övrə (məxmərək), ödemlər, miqren və s. aiddir.
Miqren vaxtaşırı başağrısı tutmaları ilə meydana çıxır. Xəstəlik adətən cinsi yetişkənlik dövründə törənir və irsi yolla yayılır. Patogenezi tam izah edilməmişdir. Miqrenin səbəbi damar innervasiyasının pozulması hesab edilir.
Başağrısı tutmasının meydana çıxmasına həyəcanlanma, yuxusuz gecə, bürkülü hava, ağır zehni iş, sərxoşluq, siqaret çəkmə və s. səbəb ola bilər. Şiddətli başağrısı əmələ gəlir. Ağrı başın müəyyən bir hissəsində (çox vaxt bir yarısında) ola bilər. Ürəkbulanma, qusma olur. Bir neçə saat davam edir və keçir. Hər hansı gərginlik ağrını gücləndirir. Ona görə də xəstə sakit, qaranlıq bir yerdə uzanmaq istəyir.
Müalicədə xəstənin həyat rejimi düzgün qurulmalıdır. Qlükoza və lüminal inyeksiyası kursu, su müalicəsi, ultrabənövşəyi şüalanma və s. təyin edilir. Kofein tutmanı yüngülləşdirir. Ayağı isti su ilə vanna etmək olar.

Meningit
beyin qişasının iltihabı olub, infeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir. Selikli qişanın ödemi baş verir, selik əmələgətirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli qişasındakı limfatik düyünlər çox böyüyür.

Meningitlər müxtəlif formalarda olur. Bütün formalarda aşağıdakı əlamətlər təzahür edir: 1) ənsə əzələlərinin gərginliyi — xəstə başının daim dala dartınmasını hiss edir; 2) baldırın bükücü əzələlərinin reflektor gərginliyi; 3) başı bükdükdə ayaqlar da dala bükülür, qarına dartılır; 4) bir ayağı bükdükdə o biri də qeyri-iradi bükülür.
İnkubasion dövrün müddəti 5-7 gündür. Başlıca olaraq alın-təpə nahiyəsində başağrısı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır. Bu simptomlarla bərabər, əksər təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək (39°C-dən yuxarı) qızdırma baş verir. Qızdırma 1 — 3 gündən artıq olmur. Dəri örtükləri solğun olur: konyunktiva və skleranın damarları infeksiyalaşır. Burunun selikli qişası hiperemiyalaşmış, şişmiş olur.
Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və s. müşahidə edilir. Xəstələr səs-küyü, ucadan danışığı, işığı sevmirlər. Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokalizasiyası müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. Çox vaxt xəstələr başağrısından inildəyirlər. Meningitdə qusma ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə rahatlıq vermir, o bollu, «fəvvarə ilə», təkrar olur və bəzən başağrısının şiddətləndiyi vaxt meydana çıxır.
Müalicədə əsasən antibiotiklər (levomisetin, tetrasiklin, eritromisin və s.) təyin edilir. Müalicə müddəti 3-5 gündür.
Bütün xəstələrə udlaqlarını antiseptiklərlə (0,02 %-li furasilin məhlulu, 2 %-li bor turşusu məhlulu, 0,05 — 0,1 kalium-permanqanat məhlulu) yaxalamağı məsləhət görmək lazımdır. İntoksikasiya zamanı çoxlu ilıq maye içməyə göstəriş vardır.
Penisillinlə müalicənin adətən, 5-8 gün müddətində aparılması vacib və kifayətdir.
Ağır təsadüflərdə ampisillinin bir hissəsini venaya yeridir, sutkalıq dozanı isə 400 mq/kq qədər artırırlar. Oksasillin və metisillin sutkada 300 mq/kq dozada, inyeksiyalar arasında 3 saat fasilə olmaqla işlədirlər.

2 şərh

fidan

Bu cür topikə niyə səs vermirsiniz? Bacaran var gəlsin belə birisini hazırlasın.
Loğman,hər şey super.

IDEAL
Belə topikə səs verməmək olar? Həqiqətən əladı. Məncə beləsini hazırlamaq üçün gərək tibb sahəsini biləsən. Yəni mən şəxsən hazırlaya bilmərəm. Daha doğrusu «Psixoterapiya» adlı kitabım var. Oradan köçürə bilərəm ancaq ürəkdən gəlməz. Gərək hansısa mövzunu az-çox yaxşı bilənsən ki, kiməsə təqdim edəndə həvəslə edəsən. Yəni siz yazın oxuyaq. Bizim öz mövzularımız yetəri qədərdi.