Dağınıq skleroz haqqında 10 mif

Dağınıq skleroz diaqnozu qoyulmuş insanlar tez-tez bu xəstəlik haqda çoxlu miflər, onunla bağlı anlaşılmaz və yarı gerçək fikirlərlə rastlaşırlar. Həmin mifləri təkzib edən aşağıdakı fikirlər ümidsizliyə qapılmamaq və müəyyən məqsəd əldə etməkdə sizə kömək edəcəkdir.

Mif 1: Dağınıq skleroz nəsildən nəslə ötürülür
Dağınıq skleroz əslində irsi xəstəlik deyildir. Əgər əkizlərdən birində bu xəstəlik varsa, bu o demək deyildir ki, eyni genetik quruluşa malik o biri əkiz tayında da həmin xəstəlik olsun. Ətraf mühit faktorları, sənayeləşdirilmə, viruslar və iqlim də bu xəstəliyin yaranmasında rol oynayır.

Mif 2: Simptomlar olmadığı halda müalicəyə başlamaq vacib deyil
Yaxın vaxtlara qədər yalnız aydın simtomları üzə çıxdıqdan sonra dağınıq skleroza qarşı müalicə aparılırdı. Lakin məlum olmuşdur ki, xəstəliyin lap erkən mərhələlərində belə sinir hüceyrələrinin (neyronların) ciddi zədələnməsi baş verir, bu isə yaddaş, diqqət və informasiyanın işlənməsi kimi funksiyaların pozulmasına gətirib çıxarır.

Mif 3: Dağınıq skleroz ölümcül xəstəlikdir
Ümumilikdə dağınıq skleroza ölümcül xəstəlik kimi baxılmır. Dağınıq sklerozlu insanların əksəriyyətində həyatın davam etmə müddəti adi insanlardan demək olar ki, fərqlənmir. Dağınıq skleroz zamanı kəskinləşmələr 10%-dən də az hallarda insanların ölümünə gətirib çıxara bilər. Hal- hazırda dağınıq sklerozu olan insan həyatda orta yaşama müddətindən cəmi 7 il az yaşaya bilər.

Mif 4: Dağınıq skleroz həmişə əlillik arabasına gətirib çıxarır
Bu heç də belə deyildir. Müalicə imkanlarının artması və fizioterapiya hesabına bu xəstəliyin proqressivləşməsi ləngiyir. Müasir immunomodulyasiyaedici preparatlar kəskinləşmələrin tezliyini və əlilliyin proqressivləşməsini aşağı salır.

Mif 5: Dağınıq skleroza iradənin möhkəmliyi hesabına qalib gəlmək mümkündür
Dağınıq sklerozu olan bəzi insanlar vəziyyətlərinin pisləşməsində özlərini günahlandırır və hesab edirlər ki, pisləşməyə yol verməmək üçün lazımi qədər çalışmayıblar. Bu fikir yanlışdır, çünki dağınıq sklerozun simptomları birdən yaranıb və gözlənilmədən də keçə bilər.

Mif 6: Dağınıq sklerozu xüsusi pəhrizlə müalicə etmək olar
Müalicə məqsədilə tutulan pəhriz, tərkibində əvəzedilməz qida maddələri olmadığı üçün, əksinə daha çox ziyan vura bilər. Daha çox meyvə-tərəvəz qəbul etmək, heyvan mənşəli yağların istifadəsini azaltmaq lazımdır.

Mif 7: Dağınıq skleroz iş qabiliyyətinin itirilməsinə gətirib çıxarır
Əlbəttə dağınıq skleroz iş qabiliyyətinə təsir edə bilər, bu isə işin növündən və orqanizmin vəziyyətindən asılıdır. Əgər dağınıq skleroz tarazlığın pozulması nəticəsində baş verə biləcək bədbəxt hadisə riskini artırırsa, bu halda işəgötürən şəxsə məlumat verməyiniz sizin maraqlarınız daxilindədir.

Mif 8: Dağınıq skleroz xəstəliyi qadını dünyaya uşaq gətirmək imkanından məhrum edir
Dağınıq sklerozu olan qadının övladı ola bilər. Qadınlarda yumurta hüceyrəsinin yetişməsi və kişilərdə spermatozoidlərin hasil olması bu xəstəlik zamanı pozulmur. Dağınıq sklerozlu qadınlarda doğuşun orqanizmə təsiri xəstə olmayan qadınlarda olduğu kimidir.

Mif 9: Dağınıq skleroz əzələlərin atrofiyasına gətirib çıxarır
Dağınıq skleroz sinir toxumalarındakı mielin qişasının iltihabı ilə xarakterizə olunur. Bu halda sinirlər “müdafiəsiz” qaldığından impulsun sinirlərə ötürülmə sürəti azalır ki, bu da əzələlərin atrofiyasına deyil, qüvvədən düşməsinə gətirib çıxarır.

Mif 10: Dağınıq skleroz zamanı fiziki hərəkətlər etmək qadağandır
İdman və fiziki məşğələlər dağınıq sklerozu olan insanlara çox vacibdir. Dərman müalicəsi məhdudlaşdırılmış hallarda fiziki fəaliyyəti fizioterapiya ilə birgə kompleks şəklində yaxşılaşdırmaq olar. Bu isə ağrı və spazmları aradan qaldırmağa kömək edə bilər. Üzgüçülük, velosiped sürmə, at sürmə dağınıq sklerozlu insanlara xüsusi göstərişdir.

saglamliq.isim.az

0 şərh