Kişi miqreni

Klaster baş ağrıları əksər hallarda (təxminən 80%) kişilərdə müşahidə olunur.
Bu səbəbdən bu ağrıların digər adı “kişi miqreni”dir. Klaster baş ağrıları intensivliyinə görə dünyada ən güclü ağrlardan biri sayılır. Nadir hallarda olsa da belə ağrılardan əziyyət çəkən insanlar özünə xəsarət yetirir (başını divara vurur, başına hər hansı əşya ilə zərbələr vurur və s.) və hətta intihar edirlər.
Klaster baş ağrılarından adətən 20-50 yaşları arasında kişilər əziyyət çəkir. Klaster baş ağrılarının səbəbi sona qədər məlum olmasa da, mütəxəssislər onu beyinin hissəsi olan hipofizlə əlaqələndirirlər. Klaster baş ağrısının tutmasına təkan verən amillər: stres, siqaret çəkmək, qaydasız şəkildə qida qəbulu, yuxunun az olması, yuxusuzluq, gərgin iş, mövsümlərin dəyişilməsi, soyuq və s.
Kişi miqreni
Klaster tipli baş ağrıları əksər hallarda gecə saatlarında, adətən eyni vaxtda başlayır. Ağrılar hədsiz dərəcədə güclü, üzücü, sanki deşici, yandırıcı olur, nəbz kimi vurur. Ağrı baş və üzün bir yarısında olur. Bir çox hallarda ağrı göz, qaşüstü, gicgah, alın və təpənin bir hissəsini əhatə edərək, bəzi hallarda qulağa və aşağı çənəyə də yayılır. Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur. Ağrı kəskin artır və 5-10 dəqiqə ərzində maksimuma çatır, sonra isə azalmağa başlayır. Xəstə çox narahat, həyacanlı olur, özünə yer tapa bilmir. 
Ağrılar davam etmə müddətinə görə nisbətən qısa olsalar da, ağrı bir neçə gün və ya həftə ərzində müəyyən fasilələrlə müntəzəm olaraq təkrarlanır. Ağrı iztirabı 15 dəqiqədən 2 saata qədər davam edərək, gün ərzində 2-3 dəfə təkrar oluna bilər. Sonra ağrılar tam şəkildə yox olaraq, 6 aydan 2-3 ilədək olan müddət ərzində xəstəni narahat etməyə bilər.
Klaster baş ağrısı insult və ya digər fəsadlara səbəb olmur. Ancaq bu ağrılar insana xeyli əziyyət verir. Ona görə kalster baş ağrılarından əziyyət çəkənlər mütləq nevropatoloq və ya nevroloqa müraciət etməli və lazım olan müalicə almalıdır. Adətən düzgün seçilmiş müalicə yaxşı effekt verir, ağrıların intensivliyini və tutmaların tezliyini xeyli azaldır.
Həmçinin klaster baş ağrılarını provokasiya edən faktorlardan da (siqaret, stres və s.) uzaq olmaq, kifayət qədər yatmaq və dincəlmək, vaxtı-vaxtında qidalanmaq lazımdır.

 

Mənbə: Saglamolun.Az

0 şərh