1920-1930-cu illərdə dünya iqtisadi böhranı

1929-cu ilin payızında Avropa və ABŞ-da iqtisadi sabitlik, sonra isə yüksəliş dövrü sona yetdi. 1929-cu ilin oktyabrından iri sənaye ölkələrini böhran bürüdü. 1929-cu ilin payızından ABŞ-da başlayıb bütün dünyanı bürüyən iqtisadi böhran həddən artıq istehsal nəticəsində yaranmış artıqlıq böhranı idi. Qıtlıq böhranı kütləvi kasıblıq yaradır, artıqlıq böhranı isə sahibkarları müflisləşdirir. Onlar vəziyyətdən çıxmaq üçün bazarın tələbatından artıq məhsulları yandırır, məhv edir, məhsul istehsalını azaldır və ya istehsal sahələrini bağlayırlar. Bu da kütləvi işsizliyin yaranmasına səbəb olur. İşsizlərin sayı misli görünməmiş dərəcədə artmışdı. İqtisadi böhranın doğurduğu çətinliklər 1931-1933-cü illərdə təkcə Fransada bir neçə hökumət kabinetinin dəyişilməsinə səbəb oldu. 1934-cü ilin yanvarında hakimiyyətə E.Daladye hökuməti gəldi. 1929-1933-cü illərdə baş vermiş böhran nəticəsində ABŞ-ın sənayesi  1905-1906-cı illər səviyyəsinə enmişdi. Sənaye məhsulları iki dəfə azalmışdı. Belə böhranlar əvvəllər də olmuşdu. Lakin indiki iqtisadiböhran dərinliyinə və miqyasına görə əvvəlki böhranlardan tamamilə fərqlənirdi. Ona görə də bu böhran tarixdə Böyük böhran adını almışdı. Siyasi qüvvələr, siyasi partiyalar və dövlət xadimləri, iqtisadçılar böhrandan çıxmaq ünün müxtəlif yollar təklif edirdilər.

Onlardan bəziləri, o cümlədən ABŞ prezidenti F.Ruzvelt liberal islahatlar, sosial-demokratiya liderləri geniş sosial islahatları həyata keçirməyi, Almaniya nasistləri isə iqtisadiyyatı hərbiləşdirmək, dövlətin tənzimedici rolunu artırmaq ideyalarını irəli sürürdülər. Böhrandan çıxmağın optimal yolu ilk dəfə ingilis iqtisadçısı Con Keyns tərəfindən irəli sürülmüşdü. O, böhrandan çıxmaq üçün dövlət tərəfindən tənzimedici tədbirlər görülməsini təklif edirdi. Böhrandan çıxmaq yollarından biri də 1933-cü ildən ABŞ prezidenti olan F.Ruzveltin irəli sürdüyü “Yeni xətt” siyasəti idi. “Yeni xətt” siyasəti konqresin qəbul etdiyi, bütün sahələri əhatə edən 70 qanunda öz əksini tapmışdı. Ruzveltin siyasətinin ana xəttini cəmiyyətdə, iqtisadi fəaliyyətin və sosial proseslərin bütün sahələrində dövlətin tənzimedici rolunu artırmaq təşkil edirdi. Bu təklif C.Keynisin fikirlərinə uyğun gəlirdi. Bu sahədə ilk addım bank sistemi üzərində dövlətinin nəzarətinin güclənməsi oldu. Sənayeni qaydaya salmaq üçün Milli Bərpa İdarəsinin (NİRA) yaradılması barədə qanun qəbul edildi. Sənayedə əmək münasibətlərini qaydaya salmaq üçün Vaqner qanunu verildi. (Qanun onu təklif edənin adı ilə belə adlandırılırdı). “Yeni xətt” siyasəti üzrə keçirilən ən mühüm tədbirlərdən biri də sosial təminat haqqında qanun idi. Bu qanuna müvafiq olaraq ABŞ-ın tarixində ilk dəfə dövlət pensiya və müavinət sistemi həyata keçirildi. 1933-1938-ci illəri əhatə edən “Yeni xətt” siyasətinin əsas mahiyyətini dövlətin işə qarışması yolu ilə kapitalizmin əsaslarını möhkəmləndirmək və sosial islahatlar keçirmək təşkil edirdi.

“Yeni xətt” siyasətinin həyata keçirilməsi nəticəsində 1937-ci ildə ABŞ iqtisadiyyatı böhrandan əvvəlki (1929) səviyyəyə çatdı. Bu siyasətlə F.Ruzvelt “kapitalizmi kapitalistlərin öz səhv siyasətlərindən xilas etdi”. Böhrandan çıxmağı yollarından biri də “İsveç modeli” idi. Bu yol 1932-ci ildən İsveçdə hakimiyyətə gəlmiş sosial-demokratlar tərəfindən təşkil edilmişdi. Onun mahiyyətini əhalinin, xüsusilə sadə adamların maraqlarını və tələbatlarını ödəmək qayğısına qalmaq təşkil edirdi. Bu məqsədlə onlar geniş sosial islahatlar həyata keçirirdilər. “İsveç modeli” sosial tədbirlərlə yanaşı, dövlət tərəfindən iqtisadi proseslərin fəal sürətdə tənzim edilməsini də nəzərdə tuturdu. Böhrandan çıxmaq yolları arasında vahid cəbhə — Xalq Cəbhəsi yaratmaq da var idi. Bu təcrübə Fransada və İspaniyada daha çox yayılmışdı. Xalq Cəbhəsi Fransada 1934-cü ildə, İspaniyada isə 1935-ci ildə formalaşmışdı. Xalq Cəbhəsinə sol partiyalar daxil idilər. Fransada 1936-cı il parlament seçkilərində Xalq Cəbhəsi qələbə çaldı. Sosialist partiyasının lideri Leon Blümün başçılığı ilə hökumət yaradıldı. Fransa parlamenti Xalq Cəbhəsinin proqramını həyata keçirməyə xidmət edən 133 qanun qəbul etdi. Bunların əksəriyyəti sosial sahələri əhatə edirdi. L.Blüm 1937-ci ilin fevralında islahatlarda “fasilə” elan etdi. Fransanın iqtisadi vəziyyəti pisləşməyə başladı. Bu da Xalq Cəbhəsi daxilində kütləvi məyusluq doğurdu və partiyalararası münasibətləri kəskinləşdirdi. 1937-ci ilin iyununda Blüm kabineti istefaya getdi. 1938-ci ilin aprelində Daladye yeni hökumət təşkil etdi və Xalq Cəbhəsi ilə əlaqəni kəsdi.

Hökumət sosial nailiyyətlərin bir hissəsini ləğv edən fövqəladə dekretlər qəbul etdi. Faşist İtaliyası iqtisadi böhrandan çıxmaq üçün 1930-1934-cü illərdə “Korporativ” dövlət yaratmaq tədbirlərini həyata keçirməyə başladı. Bu, əslində ölkə iqtisadiyyatına dövlət nəzarətini gücləndirmək forması idi.

 

0 şərh