"Soyuq müharibə"nin başlanması

Müharibədən sonrakı vəziyyət barədə hələ son güllə səslərinin davam etdiyi vaxt düşünülürdü Dünyanın gələcəyi haqqında mülahizələr, qərarlar və öhdəliklər qəbul edilirdi. Bu cəhətdən «böyük üçlüyün» toplandığı Berlin konfransı mühüm rol oynamışdı. Konfrans 1945-ci il iyulun 17-avqustun 2-də Berlin ətrafındakı Potsdam adlanan yerdə olmuşdu. Tarixdə ona Potsdam konfransı da deyilir. Konfransda üç dövlətin — ABŞ, SSRİ və Böyük Britaniyanın başçıları iştirak edirdi. Konfransın başlıca vəzifəsi müttəfiq dövlətlərin Almaniyada siyasətini müəyyən etmək idi. Habelə Avropada sərhədlər məsələsinə baxmaq və müharibədən sonra təhlükəsizlik məsələlərini müzakirə etmək idi.
Konfrans bütün nasional-sosialist təşkilatların buraxılması, əvvəllər qadağan olunmuş siyasi partiyaların və əsas vətəndaş hüquqlarının bərpa olunması, hərbi sənayeni məhv etmək, nasist Almaniyasının silahlandırılmasına xidmət etmiş bütün kartelləri ləğv etmək barədə qərarlar qəbul etdi.
Almaniyanın dövlət sərhədləri məsələsi həll edildi. Şərqi Prussiya Polşa və SSRİ-yə verildi. Polşa ilə Almaniya sərhədləri Oder-Neyse çayları xəttinə keçirildi. Ümumən, Almaniyanın ərazisi 1938-ci ilə nisbətən 1/4 qədər azaldı. Almaniyadan 20 milyard dollar təzminat alınacağı müəyyən olundu. Onun da 50%-i SSRİ-yə çatmalı idi. Almaniyada maliyyə çətinliyi törənməməsi üçün onun sənaye avadanlığı ilə ödənilməsi qərarlaşdırıldı. Almaniya, habelə onun paytaxtı Berlin 4 işğal dairəsinə bölündü.

1946-ci ildə Parisdə çağrılmış sülh konfransı (29 iyul-15 oktyabr) antihitler koalisiyası dövlətləri ilə nasist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri-İtaliya, Bolqarıstan, Macarıstan, Rumıniya və Finlandiya arasında sülh müqavilələri hazırladı. Onlar 1947-ci ilin fevralında imzalandılar.
Cahan müharibəsi dünyanın inkişafına çox güclü təsir göstərdi, Dünyada əsaslı dəyişikliklər baş verdi. Onun ictimai siyasi mənzərəsi köklü surətdə dəyişdi. 30-cu illərdə mövcud olan 3 ictimai-siyasi sistemdən biri-totalitar faşist sistemi sıradan çıxdı, Beynəlxalq meydanda iki sistem-burjua-demokratik və sosializm sistemləri qaldı. Qalib dövlətlərdən ABŞ müharibədən çox güclü çıxdı. Müharibədən varlanan ABŞ iqtisadi cəhətdən daha da qüvvətləndi. Müharibə onun milli gəlirini artırdı, onu kapitalizm dünyasının maliyyə-iqtisadi və hərbi-siyasi liderinə çevirdi. ABŞ-ın əsas rəqibləri (Almaniya, Yaponiya) sıradan çıxmış, ya da maliyyə-iqtisadi cəhətdən ondan asılı vəziyyətə düşmüşdülər, ABŞ geniş dollar imperiyası yaratmaq imkanı qazandı. Hərbi və ideoloji cəhətdən də hakim mövqeyə keçdi. Bir nömrəli super dövlət kimi onun dünya «hegemonluğu» iddiaları gücləndi. Bu iddia hələ 1945-ci ildə ABŞ prezidenti Trümenin Konqresə məktubunda açıqca bəyan edilmişdi. Məktubda göstərilmişdi ki, müharibədə qələbə Amerika xalqını dünyanı idarə etmək zəruriyyəti qarşısında qoymuşdur.
soyuq muharibeMüharibədə ən çox maddi və insan qüvvəsi itirmiş SSRİ siyasi və ideoloji cəhətdən çox böyük nüfuz qazandı. O, dünyanın ikinci super dövlətinə çevrildi. O, dünya inqilabı, kommunizmin dünyada qələbəsi ideologiyasını həyata keçirməyə başladı. Bu da sovet orduları tərəfindən alman və yapon işğalçılarından azad edilmiş, onun güclü təsiri altına keçmiş ərazilərdə sovetpərəst hökümətlərin formalaşmasında, nəticədə sosialist ölkələri cəbhəsinin və sosialist istiqamətli dövlətlərin yaradılmasında özünü büruzə verirdi. Beləliklə, SSRİ-nin də dünya kommunizm inqilabı iddiaları gücləndi.

İkinci dünya müharibəsindən sonra baş verən dəyişikliklərdən biri də dövlətlərarası münasibətlər və siyasət çərçivəsinin genişlənməsi idi. Əgər 1945-ci ilədək dünya məsələləri Avropa qitəsində həll edilirdisə, indi Asiya (Çin, Hindistan, Yaponiya), Afrika və Latın Amerikasının iri dövlətləri də burada fəal iştirak etməyə başladılar. Habelə indi atmosfer, kosmos da dövlətlərarası münasibətlər meydanı olmuşdu,
Beləliklə, planetdə dünyanın inkişafına güclü təsir göstərən qarşı-qarşıya durmuş iki super dövlət, iki ictimai sistem meydana gəldi. Faşizmə qarşı birgə vuruşmuş müxtəlif ictimai-siyasi quruluşlu ölkələrin müharibədən sonra da birgə əməkdaşlıq arzuları və razılaşdırmaları puç oldu, Onlar arasında «soyuq müharibə» başlandı. «Soyuq müharibənin nəzəri əsasını C.F.Dallesin „balanslaşdırma“ ideyası təşkil edirdi.
Soyuq müharibə ideoloji-siyasi mübarizə və təxribat, sürətlə silahlanma, iqtisadi təzyiq, pozucu kəşfiyyatlar, hərbi-iqtisadi yarış-rəqabət formasında aparılırdı. Tərəflər qlobal miqyasda „dinc“ yolla bir-biri ilə ölüm-dirim müharibəsi aparırdılar. Faktiki olaraq o, XX əsrin üçüncü dünya müharibəsi idi. Birinci və ikinci dünya müharibələrindən fərqli olaraq o, daha çox uzanmışdı.
Müharibədən sonra dünyada „soyuq müharibənin başlanması üçün ilk çağırış Böyük Britaniyanın Baş naziri U.Çörçillin 1946-cı il martın 5-də Fultondakı (ABŞ) çıxışı oldu. O, kapitalist dünyasını kommunizmə qarşı birləşməyə, “səlib müharibəsi»nə çağırdı. Bununla «Soyuq müharibə» başlandı.

Həmçinin bax:
«Soyuq müharibə»nin mərhələləri
«Soyuq müharibə»nin sona yetməsi


0 şərh