Milli-azadlıq hərəkatının güclənməsi

Müstəmləkə sisteminin süqutu.İkinci Dünya müharibəsindən sonra müstəmləkə problemi ən aktual məsələlərdən biri idi. Hətta, 1945-ci ildə İngiltərə, SSRİ və ABŞ hökumət başçılarının razılığı ilə San-Fransisko konfransının gündəliyinə müstəmləkə problemi barədə xüsusi məsələ salındı. Konfransın təsis etdiyi BMT-nin nizamnaməsinə müstəmləkə xalqlarının "özünüidarə və müstəqillik" əldə etməsi ideyası daxil edildi.
Demokratik qüvvələrin müharibədə qələbəsi və müstəmləkə probleminin ən vacib beynəlxalq məsələyə çevrilməsi müstəmləkə və asdı ölkələrdə milli-azadlıq hərəkatına yeni vüsət verdi. 1946-cı ilin aprelində fransız qoşunları Suriyadan, dekabrda isə Livandan çıxarıldılar. İordaniyada, Misirdə, İraqda, Fələstində ingilislərə qarşı milli-azadlıq hərəkatı başlandı. 1946-cı ilin mayında İngiltərə Transiordaniyaya (1950-ci ildən İordaniya) müstəqillik verdi. 1947-ci ilin noyabrında BMT-nin Baş Məclisi Fələstinin ərəb və yəhudi hissələrinə bölünməsi və Qüdsün (Yerusəlim) beynəlmiləlləşdirilməsi barədə qərar qəbul etdi. 1948-ci ilin may ayında paytaxtı Tel-Əviv şəhəri olmaqla müstəqil İsrail dövləti yaradıldı. Fələstinlilərin müstəqil dövlət yaratmalarına imkan verilmədi. O vaxtdan etibarən Yaxın Şərq yəhudilərlə ərəblər arasında münaqişə meydanına çevrilmişdir. 1949-cu ildə İsrail və Ərəblər arasında sülh sazişi imzalansa da, problem hələ də qalmaqdadır. Ərəblərin vahid cəbhədə birləşə bilməməsi və iri dövlətlərin bölgədəki qarşıdurma siyasəti üzündən problemin həlli hələ də uzanmaqdadır.Münaqişə ilə əlaqədar bir milyona kimi fələstinli öz doğma torpaqlarından qaçqın düşdülər. Əlavə Fələstin qaçqınları problemi yaranmışdır.
Müharibədən sonra Misirdə ingilislərə qarşı azadlıq mübarizəsi başladı. Əvvəlcə hərəkata ölkədə çox böyük nüfuza malik olan «Bəfd» partiyası başçılıq edirdi. 1952-ci ildən azadlıq hərəkatına Kamal Əbdül Nasirin başçılıq etdiyi «Azad zabitlər» təşkilatı rəhbərlik etməyə başladı. 1952-ci ilin iyulunda Misirdə kral hakimiyyəti devrildi. 1953-cü ildə Misir respublika elan edildi. 1954-cü ildə K.Əbdül Nasirin tərəfdarları hakimiyyətə gəldilər, 1954-cü ilin oktyabrında ingilis qoşunlarının Misirdən çıxarılması barədə müqavilə imzalandı. Bununla da Misir İngiltərənin 74 illik müstəmləkə asılılığından azad oldu, 1956-cı ilin yayında K.Ə.Nasir müstəqil Misirin prezidenti oldu,

Camal Əbdül Nasir (1918-1970), Misirin dövlət və siyasi xadimi. Kəndli ailəsində anadan olmuşdur. 1934-cü ildə hələ tələbə ikən Qahirə üsyanında iştirak etmişdi. Qahirə universitetində, sonra isə hərbi Akademiyada təhsil almışdır. İkinci dünya müharibəsi dövründə «Azad zabitlər» qrupunu yaratmışdı. 1948-ci ilin mayında İsrailə qarşı Fələstin müharibəsində iştirak etmişdi. 1952-ci ildə monarxiyaya qarşı «Azad zabitlər» təşkilatının üsyanının başçılarından olmuşdur, 1956-cı ildə Misir Ərəb Respublikasının prezidenti seçilmiş və ölənə kimi o, vəzifəni tutmuşdur.

Cənub-Şərqi Asiyada və Okeaniyada da milli azadlıq hərəkatı yüksəldi. 1945-ci ildə İndoneziya müstəqillik qazandı. Həmin ildə Vyetnamda müstəqil demokratik respublika yarandı, 1947-ci ilin avqustunda İngiltərə Hindistana, Pakistana, 1948-ci ildə Seylona (indi Şri-Lanka) əvvəlcə dominion, sonra isə müstəqillik verməyə məcbur oldu. 1948-ci ilin yanvarında Birma müstəqilik əldə etdi. 1949-ci ildə Çində, 1950-ci ildə Koreyada xalq inqilabları baş verdi. Onlar asılı vəziyyətdən çıxdılar. 1957-ci ildə Malayziya, Laos, Kamboca müstəqillik əldə etdilər.
Beləliklə, müharibədən keçən 10 il müddətində 1,2 milyard əhali müstəmləkəçilikdən azad oldu. Dünya xəritəsində 15 suveren dövlət meydana gəldi ki, onlarda da keçmiş müstəmləkələrdə olan əhalinin 4/5-ü yaşayırdı. Bu, müharibədən sonra müstəmləkə sisteminin süqutunun ilk mərhələsi idi.
50-ci illərin ortalarından etibarən müstəmləkə sisteminin dağılmasının   yeni   mərhələsi   başlandı.   Bu,   müstəmləkə sisteminin klassik formasında olan, metropoliyalardan bilavasitə asılı və onlar tərəfindən idarə olunan ərazilərin azad olması mərhələsi idi. Onlar əsasən Afrika qitəsində yerləşirdilər, Deməli, qara Afrika ayılmağa başlamışdı.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin sonu üçün Afrika kontinentində olan Misir, Efiopiya, Liberiya və Böyük Britaniyanın dominonu Cənubi-Afrika İttifaqı rəsmi olaraq müstəqil hesab olunurdular. Lakin Afrikanın İngiltərə, Belçika, Portuqaliya, İspaniya, İtaliya arasında bölüşdürülmüş ərazisinin çox böyük hissəsində müstəmləkəçilik hökm sürürdü. 1950-ci illərin axırları-1960-cı illərin əvvəllərindən etibarən onlarda da müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə başladı. 1957ci ildə Afrikada İngilis müstəmləkəsi Qızıl Sahil (sonra Qana) öz müstəqilliyini elan etdi. 1958-ci ildə Qvineya Fransadan müstəqillik aldı.
BMT-nin keçmiş müstəmləkələrə müstəqillik vermək barədə 1960-cı ildə qəbul etdiyi Bəyannamədən sonra Afrikada müstəmləkəçiliyə qarşı mübarizə genişləndi. 1960-cı il tarixə Afrika ili kimi daxil oldu. Həmin ildə kontinentin mərkəzi və qərb hissəsində 17 ölkə müstəqillik qazandı. Fransanın əlində olan Qərbi və Ekvatorial Afrikasında Fil Dişi sahili, Daqameya, Yuxarı Volta, Niger, Seneqal, Qabon, Çad və b. müstəqillik əldə etdilər. Belçika Konqosu (Mərkəzi Kinşasa) müstəqillik qazandı. 1960-cı illərdə İngiltərənin Nigeriya, Syerra-Leone, Uqanda, Keniya, Tanqanika, Zənzibar (Tanzaniya adı ilə), Zambiya, Belçika Konqosu (Zair) kimi müstəmləkələri müstəqillik əldə etdilər. Fransanın keçmiş müstəmləkəsi Fransa Konqosu (mərkəzi Brazzavil) müstəqillik aldı.
1962-ci ildə Əlcazair azadlıq əldə etdi. Afrikada milli-azadlıq hərəkatının, müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizənin genişlənməsi və möhkəmlənməsində 1963-cü ildə yaradılmış Afrika Birliyi Təşkilatının mühüm rolu olmuşdur.
Ümumən, 1961 -1970-ci illərdə 30 müstəmləkə ölkəsi müstəqillik qazandı.
Müstəqillik uğrunda mübarizə 70-ci illərdə də davam etmişdi. 1973-cü ildə müstəqil Konqo Xalq Respublikası yaradıldı, Efiopiya da tam müstəqillik əldə etdi. 1974-cü ildə Qvineya-Bisau, 1975-ci ildə Anqola, Mozambik, Yaşıl Burun adaları müstəqillik qazandılar. Artıq 1975-ci il üçün Afrika qitəsi müstəmləkəçilikdən azad olmuşdu. İkinci dünya müharibəsinədək Afrikada yalnız Misir, Efiopiya, Liberiya, və Cənubi Afrika İttifaqı rəsmən müstəqil dövlət idisə, müharibədən sonra Afrika ölkələrinin əksəriyyəti istiqlaliyyət əldə etmişdi.
Milli-azadlıq hərəkatı İngiltərənin, Fransanın, Niderlandın Qərb yarımkürəsindəki kiçik müstəmləkələrini də bürüdü. İngiltərənin Yamayka, Trinidad, Barbados, Britaniya Qvineyası (Qayana adını almış), Niderlandın Surinam, Antil adalarının Niderlanda məxsus hissəsi, Fransanın Martinika, Qvadelupa, Fransa Qvianası istiqlaliyyət qazandılar. Nəhayət, 70-ci illərdə ən qədim müstəmləkə imperiyası olan Portuqaliya imperiyası dağıldı.
Müharibədən sonra Latın Amerikası ölkələrində də ABŞ-m rolu çox gücləndi. ABŞ müharibədən sonrakı 15 il ərzində Latın Amerikası iqtisadiyyatına 5 milyard dollar sərmayə qoymuşdu. ABŞ Venesuela neftinə, Braziliya kofesinə, Çili misinə qoyduğu sərmayə hesabına 20 milyard dollar gəlir əldə etmişdi.

Latın Amerikası dövlətləri ABŞ asılılığından xilas olmaq uğrunda mübarizəyə qalxdılar. Həmin ölkələrdə tez-tez dövlət çevrilişləri, burjua-demokratik və xalq inqilabları baş verirdi. 1956-1959-cu illərdə Kubada kommunist çevrilişi, Argentina və Meksikada burjua çevrilişləri, 1962-ci ildə Peruda, Ekvadorda, Qvatemalada, Hondurasda, 1965-ci ildə Dominikan Respublikasında dövlət çevrilişləri olmuşdu. 1970-ci ilin sentyabrında seçkilər yolu ilə Çilidə Xalq Birliyinin namizədi Salvador Alyende hakimiyyətə gəldi. Lakin 1973-cü ildə hərbi xuntanın başçısı general A.Pinoçet silah yolu ilə onun hakimiyyətini devirdi və hakimiyyəti öz əlinə aldı. Xuntanın hakimiyyəti 1997-ci ilədək davam etmişdi.
Latın Amerikası ölkələri xalqlarının müstəmləkəçiliyə, iqtisadi asılılığa qarşı suverenlik uğrunda «ikinci inqilab» adı ilə apardıqları inadlı mübarizəsi hədər getmədi, onların sonrakı inkişafına həlledici təsir göstərdi. 80-cı illərdə həmin ölkələrdə demokratik rejimlər bərpa olunmağa başladı. 1980-cı ildə Peruda, 1982-ci ildə Boliviyada, 1985-ci ildə Braziliyada, Qvatemalada, Hondurasda, Uruqvayda, 1998-ci ildə Çilidə demokratik rejimlər bərpa olundu. Kubadan başqa bütün Latın Amerikası ölkələrinin tarixində ilk dəfə burjua demokratik quruluşu bərqərar oldu.
Qəraib hövzəsində də 14 ölkə ingilis, fransız və Niderland müstəmləkəçiliyindən azad oldular.
Dünyada böyük müstəmləkə ölkələrindən biri də Rusiya idi. 1917-ci ildə monarxiya və burjuaziya hakimiyyəti devrildikdən sonra yaranmış sovet rejimi də çarizmin müstəmləkəçilik ənənəsini davam etdirmişdi. O, keçmiş çarizm məkanında yaşayan qeyri rus millət və xalqları qondarma «könüllülük» prinsipi əsasında SSRİ adı altında birləşdirmişdi. 80-ci illərin sonundan etibarən burada da milli-azadlıq hərəkatı başlandı. Nəhayət, 1991ci ildə, SSRİ yaradılandan 69 il sonra daxili və xarici siyasi proseslərin təsiri nəticəsində Sovet İttifaqı süqut etdi. Vaxtilə rəsmən «könüllü» olaraq SSRİ-də birləşmiş müttəfiq respublikalar: Latviya, Litva, Estoniya, Ukrayna, Belorusiya, Moldaviya, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistan onun tərkibindən çıxaraq müstəqillik əldə etdilər. Onlar da müstəqil, suveren dövlət oldular.
    Beləliklə, təqribən 400 il ərzində zaman-zaman formalaşan müstəmləkə sistemi ikinci dünya müharibəsindən sonra dağıldı. Dünyanın 2 milyard nəfər əhalisi müstəmləkə əsarətindən azad oldu. Dünyanın xəritəsində 130-a yaxın inkişaf etməkdə olan ölkə meydana gəldi. Əgər 1917-ci ilə kimi müstəmləkə və asılı ölkələr dünya ərazisinin 3/4 və dünya əhalisinin 2/3-sini təmsil edirdilərsə,
80-cı illərin axırında dünya ərazisinin 0,15 və əhalisinin 0,3 faizi onların payına düşürdü.

0 şərh