"Üçüncü dünya" dövlətləri

Müstəmləkə sisteminin dağılması ikinci dünya müharibəsındən sonra baş verən ən köklü dəyişikliklərdən idi. O, XX əsr tarixinin çox mühüm, mütərəqqi hadisəsi idi. Məhz bu dəyişiklik nəticəsində planetin yüz milyonlarla əhalisi öz inkişaf yolunu müəyyən etmək, milli özünüdərkə nail olmaq, dünya sivilizasiyasının nailiyyətlərindən bəhrələnmək imkanı qazandı. Müstəmləkəçilikdən azad olmuş ölkələr XX əsr tarixinə inkişaf etməkdə olan dövlətlər kimi daxil olmuşdular. Onlar inkişaf səviyyəsinə görə üç qrupa bölünürdülər:

Birinci, ən az inkişaf etmiş ölkələr. Bu qrupa Tropik Afrikanın Ekvator Qvineyası, Efiopiya, Çad, Toqo, Tanzaniya, Somali, Qərbi Saxara; Asiyanın Kampuciya, Laos; Latın Amerikasının Taiti, Qvatemala, Qviana, Honduras və b. ölkələri daxil idilər. Onların təsərrüfat quruluşunda əsas yeri aqrar bölmə tuturdu. O, təsərrüfatın 80-90 faizini təşkil edirdi. Onlar məhsulla və xammalla öz daxili tələbatlarını ödəyə bilmirdilər.

Bu ölkələr üçün xarakterik cəhətlərdən biri də bazar mexanizminin, istehsal, köməkçi infrastrukturun, nəqliyyatın, elektroenergetikanın, rabitənin, bank işinin çox zəif inkişaf etməsi və ya inkişaf etməməsi idi. Tropik Afrikasında olan 36 ölkədən 26-sı bu qəbildən idi. Həmin ölkələrdə iqtisadi inkişafa demoqrafik şərait də mənfi təsir göstərirdi. İqtisadi inkişaf səviyyəsinin əhalinin artımına uyğun gəlməməsi sözügedən ölkələrdə ərzaq məhsullarının çatışmazlığına və aclığa səbəb olurdu. Tez-tez baş verən quraqlıq nəticəsində həmin ölkələrdə aclıqdan milyonlarla adam tələf olurdu. 80-cı illərdə baş vermiş quraqlıq nəticəsində 2 milyon afrikalı ölmüşdü.  Bu ölkələr dünya təsərrüfatında xammal və ucuz işçi qüvvəsi mənbəyi rolunu oynayırdılar. Onlar iqtisadi cəhətdən tamamilə inkişaf etmiş ölkələrdən asılıdırlar.

İkinci, orta inkişaf səviyyəli ölkələr. İnkişaf etməkdə olan ölkələrin ən çoxu bu qrupa daxil idilər. Onların sırasına Misir, Suriya, Tunis, Əlcəzair, Filippin, İndoneziya, Peru, Kolumbiya və b. ölkələr daxil idilər. Bu ölkələrdə iqtisadiyyatda aqrar bölmə ilə müqayisədə sənaye üstünlük təşkil edirdi. Daxili və xarici ticarət inkişaf etmişdi. Bu ölkələr böyük daxili iqtisadi potensiala malikdirlər. Onlarda aclıq və dilənçilik yox dərəcəsindədir. Dünya təsərrüfatı sistemində onların yeri, inkişaf etmiş ölkələrə nisbətən çox geri qalmaları və böyük borcu olmaqla müəyyən olunurdu. Sözügedən qruplara daxil olan ölkələr siyasi cəhətdən müstəqillik qazansalar da iqtisadi cəhətdən hələ iri inkişaf etmiş dövlətlərdən asılı idilər. Buna tarixdə «yeni müstəmləkəçilik» («neokolonializm») deyilirdi.

İnkişaf etməkdə olan dövlətlərin bir qrupunu da neftçıxaran ölkələr: Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və b. təşkil edirdi. Zəngin neft ehtiyatı və onun geniş miqyasda çıxarılması qısa zaman kəsiyində onları geridə qalan ölkələrdən varlı dövlətlər səviyyəsinə qaldırmışdı. Lakin həmin ölkələrdə iqtisadiyyat birtərəfli inkişaf etmişdi. Neftçıxarma sənayesinə nisbətən digər sahələr zəif inkişaf etmiş və ya inkişaf etməmişdi. Dünya təsərrüfat sistemində həmin ölkələr iri neft ixracatı ilə fərqlənirlər. Məhz buna görə onlar həm də iri beynəlxalq bank mərkəzlərinə çevrilmişlər.

Üçüncü, yeni sənaye ölkələridir. Bu qrupa Cənubi Koreya., Sinqapur, Honkonq, Tayvan, Meksika, Argentina, Braziliya, Çili, Hindistan və b. ölkələr daxildir. Bu ölkələr üçün səciyyəvi cəhət sənayenin intensiv inkişafıdır. Həmin ölkələrdə təhsilin, elmin inkişafına da böyük diqqət verilir. Onların istehsal etdikləri sənaye məhsulları əsasən dünya standartları səviyyəsi tələblərinə cavab verir. Onlar bu səviyyəni qərb sivilizasiyasının danılmaz nailiyyətlərindən, milli ənənələri və adətləri nəzərə alaraq istifadə etməklə qazanmışlar.

Sovet müstəmləkəçiliyindən azad olmuş ölkələrə gəldikdə, onlar dağılmaqda olan sosializm iqtisadiyyatından kapitalizmə, bazar iqtisadiyyatına keçid mərhələsində yaşayırlar. Vaxtilə aqrar-sənaye inkişaf səviyyəsinə malik olan bu ölkələr çətinliklər şəraitində müstəqil iqtisadiyyat yaratmaq yolu ilə irəliləyirlər.

Müstəmləkəçilikdən azad olmuş inkişaf etməkdə olan ölkələr öz istiqamətlərinə görə iki yerə bölünürdülər. ABŞ-ın və iri Avropa ölkələrinin nüfuz dairəsində olan ölkələr. Onlardan əksəriyyəti bazar iqtisadiyyatı, burjua-demokratik istiqamətində inkişaf edirdilər. İkinci, SSRİ-nin təsiri ilə sosializm inkişaf istiqamətini götürən ölkələr. Onlar sosializm cəmiyyəti qurduqlarını elan etmişdilər. Vyetnam, Çin, Şimali Koreya, Monqolustan və Kuba bu qəbildən idilər.

Dünyanın bütün qitələrində öz ideyalarını yaymaq iddiasında olan SSRİ, gülünc olsa da, hələ sivilizasiyanın erkən mərhələsində olan bir sıra Afrika və Asiya ölkələrini kapitalizmdən yan keçərək «sosializm qurmaq» yolu ilə getməyə şirnikdirirdi. 20-yə qədər ölkə, o cümlədən Əlcəzair, Qvineya, Efiopiya, Benin, Konqo, Tanzaniya, Birma, Yəmən, Suriya, İraq, Mozambik, Anqola, Qana, Kampuçiya, Laos və başqaları sosializm istiqaməti yolunu seçmişdilər. 80-cı illərin əvvəli üçün bu qrup ölkələrin ərazisi 17 milyon kv.km., əhalisi isə 280 milyona yaxın idi. Qeyd edək ki, SSRİ çökdükdən sonra sözügedən ölkələr götürdükləri «sosializm» istiqaməti yolundan əl çəkdilər. Digər inkişaf etməkdə olan ölkələr kimi burjua-demokratik, kapitalizm inkişaf yolu ilə getməyə başladılar.

 

BEYNƏLXALQ INKIŞAFDA "ÜÇÜNCÜ DÜNYA" DÖVLƏTLƏRININ YERI

Müstəmləkə sistemi dağıldıqdan sonra dünya meydanına yeni dövlətlər qrupu — "Üçüncü dünya" dövlətləri çıxdı. Onlar bitərəflik siyasəti yürüdən, bloklara qoşulmamaq mövqeyində duran dövlətlər idi. 1985-ci ildə bloklara qoşulmamaq hərəkatı sıralarında 1,5 milyard əhalini əhatə edən 112 ölkə birləşmişdi. 80ci illərin sonunda onların sayı 127 olmuşdu. Yer kürəsi ərazisinin 58 faizi onlara məxsus idi. Hərəkatın iştirakçıları heç bir hərbi siyasi bloka qoşulmur, sülh, beynəlxalq təhlükəsizlik uğrunda, müstəmləkəçiliyə və yeni müstəmləkəçiliyə qarşı mübarizə aparırdılar.

1955-ci il aprelin 18-25-də Bandunqda (İndoneziya) Asiya və Afrikanın 29 ölkəsi nümayəndələrinin konfransı hərəkatın formalaşmasında ilk addım olmuşdur. Konfrans Hindistanın, Birmanın, İndoneziyanın, Pakistan və Seylonun təşəbbüsü ilə çağırılmışdı. Konfrans, ölkələri iqtisadi və mədəni əməkdaşlığa, kütləvi qırğın silahlarını tətbiq etməməyə, nüvə silahlarının sınaqlarını və istehsalını dayandırmağa, mübahisəli məsələləri ancaq sülh yolu ilə həll etməyə çağırdı. O, müxtəlif ictimai-siyasi quruluşlu ölkələrin dinc yanaşı yaşaması və əməkdaşlığının 5 prinsipini (pança şila) irəli sürdü. Konfrans Asiya və Afrika xalqlarının müstəmləkəçiliyə tamamilə və həmişəlik son qoymaq qətiyyətini ifadə etdi, hərbi bloklan pislədi, nüvə silahının qadağan olunmasını tələb etdi.

1961-ci ilin aprelində 17 ölkə nümayəndələrinin Qahirədə keçirilən konfransında bloklara qoşulmamaq hərəkatı rəsmiləşdirildi və hərəkatın vaxtaşırı yığıncaqlarını keçirmək qərara alındı.

Cavaharlal Nehru (1889-1964). Hindistanın siyasi və dövlət xadimi Kəşmir brahmanları ailəsində anadan olmuşdur. İxtisasca vəkil olan atası Hindistan milli Konqresinin məşhur xadimlərindən olmuşdur. C.Nehru təhsilini İngilterədə almışdır. 1905-1912-ci illərdə Xarrou ingilis kübar maketində və Kembric universitetində oxumuşdur. 1912-ci ildə HMK-nə daxil olmuşdur. O, Mahatma Qandinin ən yaxın silahdaşlarından idi. Onunla birlikdə hind xalqının müstəqilliyi uğrunda mübarizəyə başçılıq etmişdir. O, dəfələrlə həbs edilmişdir, 10 il həbsdə olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi müstəqil Hindistanın Baş naziri işləmişdir. C.Nehru bloklara qoşulmamaq hərəkatının liderlərindən idi.

Hərəkatda iştirak edən ölkələrin dövlət və hökumət başçılarının ilk konfransı 1961-ci il sentyabrın 1-6-da Belqradda (Yuqoslaviya) keçirildi. Konfransda 25 dövlətin başçıları iştirak edirdi. Konfrans, bloklara qoşulmamaq hərəkatının prinsiplərini müəyyən edən Bəyannamə qəbul etdi. Hərəkatın üzvü olan dövlətin dinc dövrdə hərbi bloklarda iştirak etməməsini, öz ərazilərində xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsinə yol verilməməsini vacib saydı. Bu «pozitiv bitərəflik» siyasəti kimi qiymətləndirildi.

Konfrans habelə üç ildən bir bloklara qoşulmayan ölkələrin dövlət və hökumət başçılarının konfransını çağırmağı qərarlaşdırdı. Həmin qərara əsasən 1964-cü ilin oktyabrında Qahirədə, 1970-ci ilin sentyabrında Lusakada (Zambiya), 1973-cü ilin sentyabrında Əlcəzairdə, 1976-ci ildə Kolomboda, 1979-cu ildə Havanada, 1983-cü ildə Dehlidə, 1986-cı ildə Hararedə onların konfransları olmuşdur. Harare konfransında yekdilliklə bəyan edilmişdir ki, hərəkata daxil olan ölkələr möhkəm və ədalətli sülh uğrunda, sürətlə silahlanmanın qarşısının alınması uğrunda çıxış edirlər. Onun qəbul etdiyi Bəyənnaməni 99 dövlətin nümayəndəsi imzalamışdı.

"Üçüncü dünya" dövlətləri BMT, ASEAN (Cənub-Şərqi Asiya ölkələri Assosiasiyası). Afrika Birliyi Təşkilatı (ABT) (1963), Amerika Dövlətləri Təşkilatı (1948), Cənubi Sakit Okean forumu, İslam Konfransı Təşkilatı və s. kimi Beynəlxalq Birlik və Təşkilatların işində fəal iştirak edirdilər. Elə bir beynəlxalq problem yoxdur ki, onun həlli "Üçüncü dünya" dövlətlərinin iştirakı olmadan həll olunsun. Məhz "Üçüncü dünya" dövlətlərinin səyi nəticəsində BMT-nin üç sessiyası (1978, 1982, 1988) tərksilah məsələsinə həsr olunmuşdu. 1996-cı ildə BMT-nin Baş katibi vəzifəsinə ilk dəfə afrikalı Kofi Annan (Qana) seçilmişdi.

"Üçüncü dünya" dövlətləri arasında iqtisadi, ticarət-maliyyə və texniki əməkdaşlığın genişləndirilməsində Asiya, Afrika və Latın Amerikasının 77 ölkəsinin nümayəndələrinin iştirakı ilə 1964-cü ildə yaradılmış «77»lər qrupunun çox mühüm rolu olmuşdur. O, 1978-ci ildə Manila (Filippin) müşavirəsində fəaliyyət Bəyannaməsi və Proqram qəbul etmişdi. "Üçüncü dünya" dövlətləri "Şimal-Cənub" dialoqunda da fəal iştirak edirdilər. Bu qəbildən olan 44 dövlətin nümayəndələrinin 1983-cü ildə Dehlidə keçirilən konfransında "Şimal-Cənub" dialoqunun aktuallığı vurğulanmışdı.Sülhün qorunmasında 1984-cü ildə təsis edilmiş «Dehli altılığı»nın (Argentina, Hindistan, Yunanıstan, Meksika, Tanzaniya, İsveç) da mühüm rolu olmuşdur. «Altılıq» bu məqsədlə xüsusi Bəyənnamə vermişdi.

Bütün bunlara baxmayaraq bloklara qoşulmamaq hərəkatının əsasını qoyanlardan və "Üçüncü dünya" dövlətləri qrupunun fəal üzvlərindən olan Hindistanda və Pakistanda 1988-ci ilin mayında nüvə qurğusunun smaqdan keçirilməsi beynəlxalq inkişafda çox mühüm rol oynayan bloklara qoşulmamaq hərəkatına ciddi zərər gətirmişdir.

Beləliklə, "Üçüncü dünya" dövlətləri iki sistemin kəskin qarşıdurması şəraitində sülhün və təhlükəsizliyin qorunması və təmin olunmasında böyük rol oynamış, vahid dünya birliyinin bərpa edilməsində mühüm xidmət göstərmişdilər. Artıq indi «Uçüncü dünya» məfhumu və gerçəkliyi yoxdur. Dünyada müxtəlif ictimai sistemlərə görə qütbləşmənin aradan götürülməsi nəticəsində bu qrup dövlətlərin adı çəkilmir. İndi vahid dünya birliyi və ona daxil olan bərabər hüquqlu dövlətlər vardır.

 

loading...

0 şərh