Dünya sosializm sisteminin yaranması

İkinci dünya müharibəsində SSRİ-nin qələbəsi Mərkəzi, Cənub-Şərqi Avropa və Asiya ölkələrində sovetpərəst qüvvələrin canlanmasına səbəb oldu. Sovet ordularının faşistlərdən azad etdiyi Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Çexoslovakiya, Şərqi Almaniyada, SSRİ-nin dayaq durduğu Albaniyada, Yuqoslaviyada, Vyetnamda, Çində, Şimali Koreyada, bir neçə vaxt əvvəl Monqolustanda xalq demokratiyası inqilabları baş verdi. Onlarda tədricən kommunistlər hakimiyyətə gəldilər. Bu da həmin ölkələrdə xalq təsərrüfatının yüksək dərəcədə mərkəzləşdirilməsi və zora arxalanan partiya-dövlət bürokratiyasının yaradılması ilə səciyyələnən Stalin modelli siyasi, sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi ilə nəticələndi.
Bu sözügedən ölkələrin tarixinə «xalq demokratiyası» dövrü kimi daxil olmuşdur. Bu dövr kommunist partiyalarının aparıcı rolu şəraitində köhnə siyasi strukturların saxlanılması və onları yeni orqanların — milli və ya xalq cəbhələrinin fəaliyyəti ilə uyğunlaşdırılması ilə səciyyələnirdi. Bu dövrdə siyasi plüralizmə, çoxpartiyalılığa imkan verilirdi. Lakin bunlar uzun çəkmədi. Burjua və xırda burjua partiyalarına, kommunistlərin Milli cəbhələrdəki müttəfiqlərinin mövqelərinə hücumlar genişləndirildi. Bu onların ləğv olunması (Macarıstanda, Rumıniyada) və ya ikinci dərəcəli mövqeyə sıxışdırılması ilə nəticələndi. Onlarda sosialist inqilabları keçirildi, proletariat diktaturası quruldu.

Bu inqilabın ikinci mərhələsi hesab olunurdu.Kommunistlərin idarə etdiyi hökumətlər qısa vaxt ərzində iqtisadi sahədə milliləşdirmə həyata keçirdilər. İqtisadiyyatda əsas yeri dövlət bölməsi tutdu. Bu təbii idi. Çünki həmin ölkələrdəki kommunist rəhbərlərin əksəriyyəti vaxtilə SSRİ-də yaşamış, Kominterndə işləmiş, buradakı Stalin modernləşdirilməsinin, Stalin sosializminin iştirakçıları olmuşdular və onu da həyata keçirirdilər. Onlar SSRİ təcrübəsinə əsaslanaraq sosialist islahatları, ağır sənayeyə üstünlük vermək şərti ilə sənayeləşdirmə və zorakı kollektivləşdirmə aparmağa başladılar. Bu tədbirlər Bolqarıstanda və Yuqoslaviyada faşizmdən azad olunduqdan dərhal sonra başlamışdısa, digər Cənub-Şərqi Avropa ölkələrində milli kommunist partiyaların bölünməz ağalığının tam oturuşmasından sonra həyata keçirilməyə başlamışdı.

Beləliklə, sosializmin dövlət modelinin bir ölkə hüdudlarından çıxaraq Mərkəzi, Cənub-Şərqi Avropa və Asiya ölkələrində yayılması «dünya sosializm sisteminin» (DSS) meydana çıxmasının əsasını qoydu. 1959-cu ildə Kuba, 1975-ci ildə Laos bu sistemə daxil oldular. Artıq 70-cı illərin axırlarında dünya sosializm sisteminə 15 ölkə daxil idi. Yer kürəsi ərazisinin 26,2%, əhalisinin isə 32,3% onların payına düşürdü.
Qeyd edək ki, bu illərdə Yuqoslaviyada sosializm quruculuğu başqa formada-özünüidarəetmə sosializm modelində aparılırdı. O, müəssisə çərçivəsində əmək kollektivinə iqtisadi azadlıq verilməsində, kənd təsərrüfatında zorakı kollektivləşmə aparılmasından imtina olunmasında, əmtəə-pul münasibətlərindən geniş istifadə edilməsində özünü göstərirdi. Bu da, SSRİ ilə Yuqoslaviya arasında münasibətlərin soyumasına səbəb olmuşdu. Yuqoslaviya ilə münasibətlər Stalinin vəfatından sonra, əsasən 1955-ci ildən sonra tədricən normallaşmağa başladı.

Dünya sosializm sisteminin formalaşması tarixində 1949-cu ilin yanvarında yaradılmış Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) və 1955-ci ilin may ayında yaranmış Varşava müqaviləsi təşkilatı çox mühüm pillə olmuşdu. QİYŞ-a və VMT-ə Avropadakı (Yuqoslaviyadan başqa) sosialist ölkələri daxil idi. Həmin bloklara daxil olan ölkələr dünya «sosializm birliyi» (DSB) adlandırılırdı. Sonradan Monqolustan, Vyetnam və Kuba da bu təşkilata daxil olmuşdular. «Sosializm birliyinə» daxil olan ölkələr DSS-in dinamik inkişaf edən hissəsi idi. QİYŞ xətti ilə həmin ölkələrdə iqtisadi və elmi-texniki, VMT xətti ilə isə hərbi-siyasi əməkdaşlıq həyata keçirilirdi. Həmin ölkələrdə sosializm quruculuğunun Stalin modelindən daha ardıcıl istifadə olunurdu. Belə ki, onlarda təkpartiyalılıq sistemi çərçivəsində bazar və xüsusi mülkiyyətçilik münasibətlərinin kökü əsasən kəsilmişdi.

Asiyadakı sosialist ölkələrindən Monqolustan, Vyetnam və Şimali Koreya öz şəraitlərinə uyğun olaraq sovet modelli totalitar sosializm cəmiyyəti qururdular. Stalin sosializmini əsas götürən Çin isə sosializmin ifrat yolu ilə, Mao yolu ilə getməyə başlamışdı. Hətta sosializmin «yaradıcı» Çin yolunu əsaslandırmağa çalışan Mao özünü marksizm-leninizm klassikləri (Marks-Engels-Lenin-Stalin-Mao TszeDun) sırasına daxil etmişdi. Çində uğursuz «Böyük sıçrayış», «Mədəni inqilab» kimi sosializm qurmaq eksperimentləri həyata keçirilmişdi.

Amerika qitəsində Kuba ABŞ-in düşmən münasibətlərinə cavab olaraq SSRİ-nin onu qətiyyətlə müdafiə etdiyini nəzərə alıb sosializm qurmaq istiqamətini müəyyənləşdirmişdi. Beləliklə, dünya kapitalizm sisteminə qarşı duran dünya sosializm sistemi təşəkkül tapmışdı.

loading...