SSRİ-nin dünya sosializm sistemində yeri

Dünya sosializm birliyində SSRİ müstəsna rol oynamışdı. O, sosializmin bir ölkə hüdudlarından çıxaraq dünya sisteminə çevrilməsində, onun ayaq tutmasında və möhkəmlənməsində əsil mənada dayaq olmuşdu. Bu da kommunistlərin dünya kommunist inqilabı konsepsiyasına uyğun gəlirdi. Müharibədən çox zəif çıxmış, maddi və mənəvi sərvətləri dağıdılmış SSRİ Cənub-Şərqi Avropa və Asiya ölkələrinə hərtərəfli yardım etmiş, onların qərbin nüfuz dairəsinə çevrilməsinə imkan verməmişdi. SSRİ-nin 1943-cü ilin dekabrında Çexoslovakiya ilə, 1945-ci ilin aprelində Yuqoslaviya və Polşa ilə, 1946-ci ilin fevralında Monqolustanla, 1948-ci ilin fevralında Rumıniya və Macarıstanla, 1948-ci ilin martında Bolqarıstanla, 1950-ci ilin fevralında Çinlə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım barədə imzaladığı müqavilələr onların sosializm yolu ilə getməsi üçün qarant rolunu oynamışdılar.
Həmin ölkələr arasında dostluq və əməkdaşlığın təmin edilməsi məqsədilə yaradılan QİYŞ-da da SSRİ aparıcı rol oynamışdı. O, 1945-1946-cü illərdə dünya sosializm sisteminə daxil olan ölkələrə 78 milyard rubl yardım göstərmişdi. Həmin ölkələrdə 800-dən artıq sənaye müəssisəsi inşa etmişdi. SSRİ QİYŞ üzvü olan ölkələrin neftə, çuquna ehtiyacını demək olar ki, bütünlüklə, dəmir filizinə, meşə materiallarına ehtiyacını isə müvafiq olaraq 90-80 faiz ödəmişdi.
SSRİ sosializm birliyi ölkələrinin müdafiəsini də öz öhdəsinə götürmüşdü. Mərkəzi və Cənub-Şərqi Avropanın əksər sosialist ölkələrində sovet qoşunları və hərbi bazaları yerləşdirilmişdi. Sovet süngüsü onların müdafiəsinin başlıca təminatı idi. 1951 və 1953-cü illərdə Şərqi Almaniyada, 1956-cı ildə Polşada və Macarıstanda, 1968-1969-cu illərdə Çexoslavakiyada, 1968-1970, 1980-1981-ci illərdə Polşada xalqın itaətsizlik çıxışlarının qarşısının alınmasında SSRİ silahlı qüvvələri əsas rol oynamışdılar.
SSRİ-də baş verən hər hansı bir hadisə və ya dəyişiklik həmin ölkələrdə də öz əks-sədasını verirdi. SSRİ həmin ölkələri özünün ideoloji və siyasi əsirinə çevirmişdi. O, sovet diktatını qəbul etməyən ölkələrlə münasibətlərini pozur, onlara qarşı təxribat tədbirləri həyata keçirir, siyasi, ideoloji və iqtisadi blokadaya salırdı. Öz milli ənənələrinə müvafiq olaraq sosializm quruculuğu aparan, SSRİ-yə itaətsizlik göstərən, sosializmin sovet modelini eyni ilə qəbul etməyən Yuqoslaviyaya, Çinə, Albaniyaya, Rumıniyaya və b. ölkələrə münasibət belə olmuşdu. 1947-1948-ci illərdə Yuqoslaviyanın müstəqil hərəkətləri Sovet rəhbərləri tərəfindən marksizm-leninizmdən uzaqlaşma və burjua millətçiliyi kimi qiymətləndirilmişdi. O, uzun müddət sovet köməyindən məhrum olmuşdu. Belə xətti götürən Polşa rəhbərliyi (Y.Qomulka) də «sağ millətçiliyə meyldə» günahlandırılıb hakimiyyətdən uzaqlaşdırılmışdı.
1953-cü ilin iyununda Şərqi Almaniyada (ADR) da etiraz çıxışları sovet tanklarının köməyi ilə itaətə gətirilmişdi.
SSRİ-nin qəbul etdirdiyi sosializm modeli iqtisadi sahədə də neqativ meyllərə rəvac verirdi. Belə ki, DSS ölkələrində kök salmış sosializm modeli təşəbbüskarlığı buxovlayır, dünyada baş vermiş yenilikləri görməyə imkan vermirdi. Bu, 50-ci illərin ortalarında başlamış üçüncü elmi-texniki inqilabla əlaqədar özünü daha parlaq göstərmişdi. Sosialist ölkələri bu cəhətdən qabaqcıl kapitalist ölkələrindən çox geridə qalırdılar. Bu sahədə göstərilən cəhdlər də nəticəsiz olmuşdı.
SSRİ rəhbərliyinin daxili və xarici siyasəti DSS daxilində ziddiyyətlərin baş verməsinə səbəb olurdu. Sovet rəhbərliyi DSS ölkələrinə münasibətdə avtoritarizm metodunu davam etdirirdi. Bu da 50-ci illərin axırlarında Yuqoslaviya ilə münasibətlərin təkrarən pisləşməsinin, Albaniya və Çinlə uzun müddət davam edən münaqişənin əsas səbəblərindən idi. Hətta zaman-zaman Çinlə münasibətlər müharibə vəziyyətinə gətirib çıxarmışdı. Buna misal kimi 1969-cu ilin mart və avqustunda Sovet-Çin sərhəddindəki Damanski adasında insan tələfatı ilə nəticələnən hərbi toqquşmanı göstərmək olar.
Dünya kommunist hərəkatında ağalıq edən Sov.İKP bu yolla da öz iradəsini onlara qəbul etdirirdi. Kommunist və fəhlə partiyaları nümayəndələrinin vaxtaşırı keçirilən (80-ci illərin ikinci yarısı üçün dünyanın 100-ə qədər ölkəsində kommunist partiyası fəaliyyət göstərirdi, onların sıralarında 80 milyondan çox üzv var idi) beynəlxalq (1957, 1960, 1969) və regional müşavirələrində qəbul olunmuş sənədlər vasitəsilə bolşevizm ideyaları onlara təlqin edilirdi. Həmin ideyalarla razılaşmayanlar SSRİ-nin təhriki ilə gözümçıxdıya salınırdılar.

 

0 şərh