Dünya sosializm sisteminin dağılması

İflas mərhələsi. DSS-nin dağılması onun əsas dayağı olan SSRİ-də sosializmin aşınması və iflası prosesindən başlamışdı. Bu proses M.Qorbaçovun «yenidənqurma» siyasəti şəraitində başlandı.
80-ci illərin ikinci yarısında SSRİ-də baş verən proseslər Mərkəzi və Cənub-Şərqi Avropanın sosialist ölkələrində də öz əks-sədasını verdi. Hətta Polşada və Macarıstanda bu proseslər SSRİ-dən əvvəl başlamışdı. 1989-cu ildə Polşada kommunistlərin 40 ildən çox sürən hökmranlığına son qoyulmuşdu. 1991-ci ildə ümumi səsvermə yolu ilə «Həmrəylik» təşkilatının liderlərindən biri olan Lex Valensa prezident seçildi. Polşa bazar iqtisadiyyatı yolu ilə inkişaf etməyə başladı.
80-cı illərin sonlarında Macarıstanda köklü siyasi və sosial-iqtisadi dəyişikliklər baş verdi. Təkpartiyalılıq ləğv olundu. Macarıstan Sosialist Fəhlə partiyası (MSFP) cəmiyyətdə öz nüfuzunu itirdi. Çoxpartiyalı parlament yaradıldı.  1990-cı il seçkilərində Macarıstan Demokratik Forumu (MDF) birinci yeri tutdu. Onun lideri Yozef Antall koalision hökumət yaratdı. Azad Demokratlar ittifaqı partiyasından Arpad Gents prezident seçildi. Macarıstan da bazar iqtisadiyyatına keçməyə başladı.
1989-cu ilin noyabr-dekabr aylarında ADR-də siyasi dəyişikliklər oldu. AVSP-nin rəhbər rolu haqqında konstitusiya hüququ ləğv olundu, müxtəlif partiyaların nümayəndələrindən ibarət hökumət təşkil olundu. Qərbi Berlinlə sərhəd açıldı. 1989cu ildə Berlin divarı dağıdıldı. 1990-cı ilin oktyabrında AFR və ADR birləşdi. Almaniyanın vahidliyi bərpa olundu.
Çexoslovakiyada hələ 1977-ci ildə formalaşmış «Xartiya-77» qrupu 80-cı illərin sonlarında fəaliyyətini genişləndirdi. 1989-cu ilin noyabrında «Xartiya-77»-nin təşəbbüsü ilə Vətəndaş forumu yaradıldı. Onun məqsədi ölkədə demokratizmi və humanizmi bərpa etmək idi. 1989-cu ilin sonunda Vətəndaş forumunun lideri dramaturq Vatslav Havel prezident, A.Dubçek isə Federal yığıncağın sədri seçildilər. 1990-cı ilin iyununda Federal yığıncağa seçkilərdən sonra dövlət Çexiya və Slovakiya Federativ Respublikası (ÇSFR) adlandı. 1993-cü ilin yanvarından Çexiya və Slovakiya müstəqil dövlət kimi fəaliyyətə başladılar.
Bolqarıstan rəhbərliyi SSRİ-də olduğu kimi 1987-ci ildə «yenidənqurma», «sosializmin yeni modelini yaratmaq» yolunu götürdü. Lakin heç bir nəticə vermədi. 1989-cu ilin noyabrında uzun müddət Bolqarıstanın diktatoru olmuş T.Jivkov hakimiyyətdən uzaqlaşdırıldı. Ölkədə çoxpartiyalılıq yarandı. Bir sıra partiya və təşkilatlar Demokratik qüvvələr ittifaqında (DQİ) birləşdilər. Kommunist partiyası sosialist partiyası adlandırıldı, 1990-cı ildə DQİ-nin lideri J.Jelev Bolqarıstan Respublikasının prezidenti seçildi. Müxtəlif partiyaların (BSP, BTSXİ və DQİ) nümayəndələrindən ibarət koalision hökumət təşkil olundu. O, bazar iqtisadiyyatına keçid siyasəti yürüdürdü.
1987-ci ilin axırından etibarən Rumıniyada N.Çauşeski əleyhinə açıq çıxışlar başladı.l989-cu il dekabrın 22-də inqilab nəticəsində Çauşesku diktaturası devrildi və özü edam olundu. Hakimiyyətə nümayişlər gedişində İon İliyeskuinin başçılığı ilə yaranmış Milli Qurtuluş Cəbhəsi (MQC) gəldi. 1990-cı ilin mayında İ.İliyesku Rumıniyanın prezidenti seçildi.
70-80-cı illərdə Yuqoslaviyada Stalin modelindən fərqli olan özünüidarəetmə sosializm sistemi də böhran keçirməyə başladı. 80-cı illərin axırlarında sistemin böhranı daha da dərinləşdi. Yuqoslaviya Kommunistlər ittifaqı parçalandı. Çoxpartiyalı sistem yarandı. 1990-cı ildə Serbiya Sosialist Partiyasının lideri Slobodan Miloşeviç prezident seçildi. Əslən unitar dövlət olan Yuqoslaviya Federasiyası parçalanmağa başladı. 1991-ci ilin iyununda Xorvatiya və Sloveniya özlərini müstəqil, suveren respublika elan etdilər. 1991-ci ilin noyabrında Makedoniya, 1992-ci ilin yanvarında Bosniya və Hersoqovina müstəqil respublikalara çevrildilər. Bundan sonra yerdə qalan Serbiya və Çernoqoriya paytaxtı Belqrad olmaqla Yuqoslaviya İttifaq Respublikasını (YİR) yaratdılar. Beləliklə, özünüidarəetmə sosializm yolu ilə gedən Yuqoslaviya da dağıldı, yaşamağa qadir olmadığını göstərdi.
Əvvəllər sosializm qurmağın Stalin yolunun qatı tərəfdarı olan, 80-cı illərin əvvəllərində Sovet İttifaqına düşmən kəsilən Albaniyada da dəyişikliklər baş verdi. Albaniyanın mütləq hakimi Ənvər Xocanın ölümündən (1985) sonra 1991-ci ilin martında ilk dəfə çoxpartiyalı seçkilər keçirildi. Seçkilərdə AƏP-i qələbə çaldı. R.Aliya Albaniya respublikasının prezidenti seçildi. 1992-ci ilin aprelindəki parlament seçkilərində yenidən yaranmış Aqrar partiyası ilə ittifaq yaradan Demokratik partiya seçkilərdə əksər səs topladı. Onun lideri Sali Berişi prezident seçildi.
80-cı ilin sonu-90-cı illərin əvvəllərində sosialist ölkəsi sayılan Monqolustanda da demokratik dəyişikliklər baş verdi. Vahid partiya diktaturası və avtoritar hakimiyyət ləğv olundu. Yeniləşdiyini elan edən Monqolustan Xalq İnqilab Partiyası digər siyasi partiyalarla əməkdaşlıq etməyə, humanist, demokratik cəmiyyət yaratmağa hazır olduğunu bildirdi. Ölkəyə xarici sərmayələrin gəlməsinə icazə verildi.

Hələ 70-ci illərin ortalarından etibarən dərinləşən sosial-iqtisadi böhranın nəticəsi olaraq 1991-ci ilin dekabrında DSS-nin dayağı olan SSRİ də çökdü. Beləliklə, 80-cı illərin axırı-90-cı illərin əvvəllərində SSRİ-də və Mərkəzi və Cənubi-Şərqi Avropa ölkələrində də sosializm iflasa uğradı. Sosializm bir sistem kimi çökdü. Onu burjua demokratik sistemlər əvəz etdi. Onlar hakim olan marksizm-leninizm ideologiyasından xilas oldular. Siyasi plüralizm və vətəndaşlıq cəmiyyəti ənənələrini bərpa etməyə başladılar.
SSRİ-də, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində kommunist rejimlərinin süqutu ilə sosializm birliyi dağıldı. 1991-ci ilin iyununda (30) QİYŞ-in fəaliyyətinə xitam verildi. 1991-ci il iyulunda (1) isə Varşava müqaviləsi təşkilatı ləğv olundu.
Bununla da, dünya sosializm sistemi dağıldı. O, alternativ dünya sistemi kimi iflasa uğradı. Fikrimizcə, Stalin modelli dünya sosializminin iflasına marksizm-leninizmin prinsiplərinin dəyişilməz ehkam kimi qəbul edilməsi, demokratik sosializm prinsiplərini əsas götürən sosial-demokratiyadan imtina olunması, liberal-demokratizmin səmərəli cəhətlərinin nəzərə alınmaması, praktika ilə nəzəriyyə arasında dərin uçurumun yaranması da səbəb olmuşdu.
Dünya sosializm sisteminin dağılmasına baxmayaraq hələ Çin, KXDR və Kuba kimi ölkələrdə sosializm ideyaları yaşayır. 70-ci illərin sonlarından etibarən Çində totalitar sosializmi dəyişdirən islahatlar həyata keçirilməyə başladı. Hakimiyyətə yeni rəhbərlik gəldi. Rəhbərlikdə ardıcıl islahatçı Den Syao Pin böyük rol oynayırdı. «Xalq kommunaları» ailə podratı ilə əvəz edildi, torpaq müqavilələr üzrə kəndlilərə verildi. Bu kənd təsərrüfatının sürətli inkişafına səbəb oldu. Məhz bunun nəticəsidir ki, Çin indi 1,3 milyard əhalisini özü çörəklə təmin etməyə nail olmuşdur.
Sənayedə müəssisələr daha geniş hüquqlar aldılar. Əməyə görə prinsipi bərpa olundu. Xarici kapitalı ölkə iqtisadiyyatına cəlb etmək məqsədilə əsasən dəniz sahili əyalətlərdə sərbəst iqtisadi zonalar yaradıldı. Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində baş verən dəyişikliklərdən nəticə çıxaran Çin rəhbərliyi iqtisadiyyatı dövlət nəzarətindən xilas etməyə başladı. O, iqtisadiyyatda dövlət mülkiyyətini saxlamaq şərti ilə "Çin modelli sosializm quruculuğu, «sosialist bazar iqtisadiyyatı» yaratmaq istiqamətini götürdü.
Beləliklə, Şimali Koreya və Kuba müstəsna olmaqla bütün keçmiş sosialist ölkələri bazar iqtisadiyyatı yolu ilə inkişaf etməyə başladılar.
KXDR-də Stalin sosializminə xas olan avtoritar bürokratik sistem davam etməkdədir. Bütün hakimiyyət prezidentin və hakim partiya olan KƏP-in baş katibinin əlindədir. Vaxtilə diktator Kim İr Sen tərəfindən irəli sürülən "çuçxe" konsepsiyası da buna xidmət edir. "Çuçxe" ideyalarının əsas mahiyyətini: «insan hər şeyi həll etməyi bacaran sahibkardır», ancaq o, nəyin doğru, nəyin yanlış olduğunu yalnız o zaman anlaya, sahibkar rolunu müstəqil yerinə yetirə bilir ki, KXDR-də «Böyük rəhbər, dahi mütəfəkkir və nəzəriyyəçi Kim İr Sen təliminə yiyələnmiş olsun» kəlamları təşkil edir. İndi KXDR-i onun oğlu, «yeni sevimli rəhbər», «böyük mütəfəkkir və nəzəriyyəçi» Kim Çen İr idarə edir.
Vyetnam və Kubada da əsrin sonlarında baş vermiş demokratik dəyişikliklərə baxmayaraq sovet modelli sosializm qalmaqdadır.
Vyetnamda xüsusi sahibkarlığa yol verilsə də, iqtisadiyyatda hakim bölmə kimi dövlət və kooperativ mülkiyyətləri saxlanılmışdır. Kənd təsərrüfatı istehsalçıları daxili bazarda məhsullarını satmaq hüququ almışlar. Ölkə rəhbərliyi tədricən və ehtiyatla demokratik islahatlar keçirmək niyyətindədirlər. Vyetnamdan fərqli olaraq Kubada totalitar sosializm sistemi hökm sürür. Hərbiləşdirməyə yönəldilən mərkəzləşdirilmiş iqtisadiyyat mövcuddur. 80-cı illərin ortalarından etibarən SSRİ-də, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində başlanmış dəyişikliklər Kuba rəhbərliyi tərəfindən mənfi qarşılanır. Onlar imperializmin müdaxiləsini də «daxili əksinqilabın» nəticələri kimi qiymətləndirirlər. Fidel Kastronun «Sosializm və ya ölüm!» şüarı indi də sosializm cəmiyyəti qurmağın başlıca çağırışıdır. F.Kastro başda olmaqla Kuba Kommunist partiyası (KKP) ölkədə mütləq hakimdir.

loading...

0 şərh