Avromərkəz dünyasının formalaşmasının başa çatması

Avromərkəz dünyasının formalaşması prosesi hələ XV əsrdə böyük coğrafi kəşflərlə başlanmışdır. Coğrafi kəşflər dünya birliyinin formalaşmasının, bazar iqtisadiyyatının, demokratik durumların, dünyəvi dövlətlərin yaranmasının əsasını qoydu. Avropa dünyaya qabaqcıl elmi fikir və humanizm ideyaları verməyə başladı. «Qərb» adı altında birləşən bir qrup dövlətlərin zəminində (Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, İtaliya, İspaniya, ABŞ və b.) avromərkəz və ya avroamerikan mərkəz dünyası formalaşdırıldı. Habelə coğrafi kəşflər sayəsində Avropanın qabaqcıl dövlətləri (İngiltərə, Fransa, Portuqaliya, İspaniya, İtaliya və b.) Latın Amerikası, Asiya, Afrika, Okeaniya torpaqlarını öz malikanələrinə çevirdilər. Avropalılar yeni ərazilərə, xüsusən Şimali Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya, habelə Cənubi Amerikaya köçərək yerli əhalini sıxışdırmaq və fiziki cəhətdən məhv etmək yolu ilə onlara yiyələndilər. Həmin yerlərdə bu və ya digər dərəcədə avropasayağı mədəniyyət və cəmiyyət formalaşdırdılar.
Beləliklə, Avromərkəz və ya avroamerikan dünyası formalaşdı. Qərb Şərqin təsirindən çıxdı. Avromərkəz dünyası Asiya, Afrika və Latın Amerikasına ağalıq etməyə, onların inkişafına ton verməyə başladı, öz növbəsində, həmin ölkələrdə kapitalizm münasibətləri bərqərar oldu.

Kapitalist münasibətlərinin təşəkkülü prosesi hələ XIV-XV əsrlərdə İtaliya və Niderlandın şəhərlərində başlamış və XVI əsrdə geniş miqyas almışdı. Qərbdə baş verən burjua inqilabları liberal demokratizmi özündə ehtiva edən kapitalist münasibətlərinin inkişafına yeni təkan verdi. XVI əsrin sonunda Niderlandda, XVII əsrdə İngiltərədə, XVIII əsrdə ABŞ-da, Fransada, XIX-XX əsrlərdə Almaniyada, Rusiyada və Avropanın digər ölkələrində baş vermiş burjua inqilabları Qərbdə liberal demokratizm istehsal münasibətlərini daha da sürətləndirdi. Sonradan qabaqcıl kapitalist ölkələrində baş verən sənaye çevrilişləri nəticəsində bu proses daha da gücləndi.
Maşınlı istehsal mərhələsinə keçid məhsuldar qüvvələrin inkişafına, yeni sahələrin yaranmasına və təsərrüfat dövriyyəsinə yeni ehtiyatların cəlb olunmasına, şəhər əhalisinin sürətlə artmasına və xarici iqtisadi əlaqələrin genişlənməsinə səbəb oldu. Texniki tərəqqinin yeni nailiyyətləri (buxarın, barıtın, elektrotexnikanın, radionun və s. kəşfləri) XIX əsrin axırıncı rübündə sənayenin inkişafını daha da sürətləndirdi. Polad əritmə və elektrotexnika, habelə neft və kimya sənayesinin inkişafı daha da gücləndi. 1900-cü ildə dünyada neft istehsalı 1870-ci ildəki 0,8 milyon tondan 20 milyon tona yüksəldi. Ümumiyyətlə, XIX əsrin axırı üçün sənaye istehsalının həcmi 3 dəfə artdı.
Bu dövrdə iqtisadiyyatın inkişafında baş verən başlıca dəyişikliklərdən biri də təsərrüfat sahələri üzrə artım sürətləri arasında fərqin dərinləşməsi idi. Belə ki, yüngül sənayeyə nisbətən ağır sənaye daha sürətlə inkişaf etdi, kənd təsərrüfatı isə ümumən sənayedən çox geri qalmağa başladı. 1875-1895-ci illərdə kənd təsərrüfatı istehsalı təkcə İngiltərədə iki dəfə azalmışdı.
Sənayenin sürətli inkişafı üçün çox mühüm əhəmiyyəti olan nəqliyyatın, xüsusən dəmiryolu və dəniz nəqliyyatının yüksəlişində də dönüş baş verdi. XIX əsrin son 40 ili ərzində dünyada dəmiryolu xətti təqribən 4 dəfə artdı. ABŞ-da və Rusiyada dəmiryolu xəttinin çəkilişi daha geniş miqyas aldı. Dəniz nəqliyyatında texniki tərəqqi baş verdi. Yelkənli gəmiləri buxarla işləyən gəmilər əvəz etdi. 1900-cü il üçün yelkənli gəmilərin yük tutumu 1871-ci ildəki 15 milyon tondan 8,2 milyon tona enmiş, buxar gəmilərinki isə 2,5 milyon tondan 13,85 milyon tona qalxmışdı. Rabitədə də texniki tərəqqi baş verdi. Telefon xətlərinin uzunluğu 1880-cı ildəki 1,5 milyon km-dan əsrin sonu üçün 4,3 m milyon km-ə çatdı.
XIX əsrin axırı üçün dünyanın sosial-siyasi və iqtisadi mənzərəsində də kəskin rəngarənglik özünü daha qabarıq göstərdi. Avromərkəz ölkələri (İngiltərə, Fransa, Belçika və b) sürətlə inkişaf edən kapitalizm mərhələsində idilərsə, Şərq dünyasının, Asiya və Afrikanın bəzi ölkələri hələ tarixi inkişafın feodal patriarxal, quldarlıq, hətta ibtidai icma quruluşu pillələrində yaşayırdılar. Bu da, təbii olaraq dünya birliyinin iqtisadi və siyasi mənzərəsində kəskin parçalanmanın və iri müstəmləkəçi imperiyaların təşəkkülü üçün əlverişli şərait yaratmışdı. Bu zəmində də Böyük Britaniya, Fransa, Rusiya, ABŞ, İspaniya, Portuqaliya və b. kimi geniş müstəmləkələrə malik dövlətlər yaranmışdı. XIX əsrin axırı üçün Böyük Britaniya 345 milyon əhali yaşayan 30 milyon kv.km, Fransa isə 56,4 milyon əhali yaşayan 3,7 milyon kv.km sahəsi olan müstəmləkə torpaqlarına malik idilər. Bu rəngarənglik dünyanın siyasi mənzərəsində də özünü biruzə vermişdi. Ölkələrin bəziləri hələ qəbilə, tayfa ənənələri ilə yaşayır, bir çoxlarında isə mütləq monarxiya, konstitusiyalı monarxiya, respublika, parlamentli respublika bərqərar olmuşdu. Kapitalizm inkişaf yoluna qədəm qoymuş İngiltərədə konstitusiyalı monarxiya, Almaniyada və Rusiyada mütləq monarxiya, ABŞ-da demokratik respublika, Fransada respublika üsul-idarəsi mövcud idi.
XIX əsrin axırlarında özünü çox qabarıq şəkildə göstərən mühüm nəticələrdən biri də Avromərkəz dünyası ölkələrində məhsuldar qüvvələrin qeyri-bərabər inkişafının güclənməsi idi. Belə ki, kapitalist münasibətlərinə erkən keçmiş ölkələrdə (İngiltərədə, Fransada, Niderlandda, İtaliyada və b.) sənayenin inkişaf sürəti azalmağa başlamış, ABŞ və Almaniya isə tezliklə ağır sənaye məhsulları istehsalında «köhnə» kapitalizm ölkələrini (İngiltərəni, Fransanı və b.) ötüb keçmişdilər 1871 — 1900-cü illərdə İngiltərədə çuqun əridilməsi 0,3 dəfə artmışdısa, ABŞ-da 8 dəfədən çox, Almaniyada 5,5 dəfə artmışdı. 1870-ci ildə dünya sənaye məhsulları istehsalında İngiltərənin payı 32%, ABŞ-ın payı 23%, Almaniyanınkı 13%, Fransanınkı 10% idisə, 1900-cü ildə ABŞ-ın payı 31%-ə, Almaniyanınkı 16%-ə qalxmış, İngiltərənin payı 18%-ə və Fransanınkı isə 7%-ə enmişdi. Sənaye istehsalında ABŞ dünyada birinci yerə çıxmış, Almaniya İngiltərə səviyyəsinə yaxınlaşmış, hətta XX əsrin əvvəli üçün sənaye istehsalına görə Avropada birinci yerə çıxmışdı. Fransa isə tamamilə geriləmişdi. Şərqdə Yaponiya sənaye ölkələri sırasına qoşulmuşdu. 1861-cı islahatından sonra sənayenin sürətlə inkişaf etməsinə baxmayaraq Rusiya qabaqcıl ölkələrdən hələ çox geri qalırdı.
ABŞ iqtisadiyyatının çox sürətli artmasının, onun tezliklə dünyanın ən qabaqcıl və demokratik ölkəsinə çevrilməsinin əsas səbəbi:
  • vətəndaş müharibəsindən sonra onun müstəqil inkişaf yoluna qədəm qoymasından,
  • sənayesinin orta əsr sex sistemindən yan keçməsindən,
  • quldarlıq istehsal münasibətlərinin və plantasiya təsərrüfat sisteminin aradan qaldırılması sayəsində kapital yığımının sürətlənməsindən,
  • kənddə fermer-təsərrüfat sisteminin bərqərar olması nəticəsində sənaye üçün bazarın genişlənməsindən,
  • zəngin yeraltı və yerüstü sərvətlərə, əlverişli təbii şəraitə malik olmasından,
  • xarici investisiyadan, qabaqcıl ölkələrin təcrübəsindən və yeni texniki kəşflərdən geniş istifadə edilməsindən,
  • Qərb ölkələrindən kütləvi mühacirət nəticəsində bilikli, qabiliyyətli, zəngin təcrübəli iş adamlarının toplanmasından (1860-1890-cı illərdə ABŞ-a 14 milyon nəfər mühacir gəlmişdi),
  • biliklə yüksək iş qabiliyyətinin birləşməsi sayəsində amerikan işgüzarlığının formalaşmasından və s. ibarət idi.
 XIX əsrin axırı, XX əsrin əvvəllərində Almaniyanın iqtisadi inkişafına, xüsusən sənayesinin inkişafının sürətlənməsinə ölkənin vahid federativ dövlət halında birləşməsinin başa çatması (o, 1871-ci ilin aprelində federativ dövlət elan edilmişdi. Onun tərkibində 22 monarxiyalı dövlət və 3 azad şəhər birləşmişdi), Fransa-Prussiya müharibəsində qələbə nəticəsində Almaniyaya keçmiş Elzas və Şərqi Lotaringiyanın zəngin dəmir filiz ehtiyatlarından istifadə edilməsi, məğlub Fransadan çoxlu (5 milyard frank həcmində) təzminat alınması, kansler Bismarkın dövlət kapitalizmini inkişaf etdirmək tədbirlərindən istifadə etməsi, elm və texnika sahəsində ixtiralardan səmərəli istifadə etmək əsasində hələ 70-ci illərdə sənaye çevrilişini başa çatdırması, möhkəm dəqiqlik və əmək intizamının olması, əməyin səmərəli təşkili, rəqabət qabiliyyətim gücləndirmək yolu ilə milli sənayeni xarici rəqabətdən mühafizə etməyi bacarması və s. səbəb olmuşdu,
Avromərkəz dünyasının ən iri ölkələrindən biri olan Rusiyada kapitalizm özünəməxsus yolla inkişaf etmişdi. 1861-ci il kəndli islahatından sonra Rusiya kapitalist istehsal üsulunun bərqərar olması mərhələsinə daxil olmuşdu. İslahatdan sonrakı 1866-1879-cu illərdə iri sənaye müəssisələrinin sayı iki dəfə, istehsalın həcmi isə üç dəfə artmışdı. 1861 -1880-cı illərdə Rusiyada kapitalist sənayesi məhsulunun artım surəti İngiltərədə, Fransada, Almaniyada olduğundan yüksək və ABŞ səviyyəsində idi. 80-cı illərdə Rusiyada sənaye çevrilişi başa çatmışdı. 1877-1893-cü illərdə mədən sənayesində buxar maşınlarının sayı Uralda 2,5 dəfə, cənubda isə 6 dəfə artmışdı. Bu illərdə Rusiya sənayesində xarici kapital qoyuluşu daha da yüksəlmişdi. Rus səhmdar kompaniyalarında xarici kapitalın məbləği 1880-cı ildəki 97,2 milyon rubldan 1900-cü ildə 975 milyon rubla çatmışdı. Yəni, 10 dəfədən çox artmışdı. Rusiyaya kapital idxalında əsas yeri Fransa, İngiltərə və Almaniya tuturdu. Xarici kapital qoyuluşu yanacaq və metallurgiya sənaye sahələrində daha güclü idi. İslahatdan sonra kapitalizm Rusiyanın kənd təsərrüfatına da yol açmışdı. Ləng də olsa, kapitalizm burada da inkişaf edirdi. Kənddə mülkədar torpaq sahibliyi dağılmağa və tədricən kapitalist münasibətləri güclənməyə başlamışdı. Kənd təsərrüfatında texnikadan istifadə güclənmiş və ixtisaslaşma genişlənməyə başlamışdı. Kapitalist münasibətlərinin inkişafı kənddə təbəqələşməni də gücləndirmişdi. Lakin feodal-təhkimçilik qalıqlarının hələ çox güclü olması üzündən burada kapitalizm ləng irəliləyirdi.
 

0 şərh