Rusiyada 1918-ci il vətəndaş müharibəsi və xarici hərbi müdaxilənin şiddətlənməsi

1918-ci il noyabrın İldə Almaniyanın təslim olması ilə Birinci Dünya müharibəsi başa çatdı. Alman cəbhəsindəki döyüşlərdən azad olan Antanta ölkələri öz qoşunlarını Qara dəniz sahillərinə çıxararaq Rusiyadakı hadisələrə daha fəal müdaxilə etməyə başladılar. Ağ hərəkatda siyasi rəhbərlik sosialistlərdən generalların əlinə keçdi. Bu, vətəndaş müharibəsinin gedişində üçüncü mərhələnin başlanması demək idi və 1919-cu ilin yazına kimi davam etdi. Antanta dövlətləri Sovet Rusiyasına qarşı müdaxilə təşkil edərək öz qoşunlarını Arxangelsk, Murmansk, Odessa, Vladivostok və b. yerlərə çıxardı.

1918-ci ilin noyabrında Sibirdə bolşeviklərə qarşı admiral A.V.Kolçakın komandanlığı altında ağqvardiyaçı ordu vuruşurdu. Beləliklə, şərqdən Sovet Rusiyasına Kolçakın orduları, cənubdan A.İ.Denikinin komandanlığı altında olan ordu, Petroqrad istiqamətində N.N.Yude-niçin, şimaldan E.K.Millerin ağ orduları hücum edirdi. Sovet Rusiyası ağ orduların əhatəsinə alınmışdır.

1918-ci ilin noyabrında Antantanın köməyi ilə Direktoriyanı devirib hərbi diktatura quran admiral Kolçak özünü Rusiyanın Baş hakimi elan etdi. Ural, Sibir, Şimali Qazaxıstan, Uzaq Şərqin kazak rayonları, Ural və Qərbi Sibirin kəndliləri, Ural fəhlələrinin bir hissəsi Kolçak hakimiyyətinin sosial bazasını təşkil edirdi. 400 min nəfərə çatan Kolçak ordusu 1918-ci ilin qışına doğru hücuma keçib sovet qoşunlarını məğlub edərək Permi tutdular, dekabrın 31-də Qızıl Ordu onların hücumunu dayandırdı.

1918- ci ilin noyabrı-1919-cu ilin martında A.İ.Denikinin Könüllülər ordusu Donbası tutaraq Moskva üzərinə hücuma hazırlaşmağa başladı. Anton İvanoviç Denikin (1872-1947). General A.Denikin ağ hərəkatın rəhbərlərindən biri olaraq 1918-ci ilin aprelindən Könüllülər ordusunun komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Vətəndaş müharibəsi gedişində cənub cəbhəsində bir sıra döyüşlərdən sonra məğlub olaraq 1920-ci ilin aprelində ordu rəhbərliyini P.N.Vrangelə verərək İstanbula, sonra isə İngiltərəyə getmişdir. Mühacirətdə A.Denikin beşcildlik “Rus qarışıqlığının oçerkləri” əsərini yazmışdır ki, bu da Vətəndaş müharibəsi tarixinin öyrənilməsində dəyərli mənbə hesab edilir.

Antanta dövlətləri ağ qoşunları silah-sursat, geyim, tank, təyyarələrlə təmin edirdilər. Xarici işğalçıların müdaxiləsi artırdı. İngilislər Bakını tutaraq, Batum və Novorossiyskiyə çıxdılar, fransızlar Odessa və Sevastopolu tutdular. Lakin onlar fəal hərbi əməliyyatlar aparmırdılar. Qərbdə «Sovet Rusiyasından əlinizi çəkin» hərəkatının geniş miqyas alması, Antanta əsgərlərinin döyüşmək arzusunun olmaması müdaxilənin kəsərini xeyli azaltdı. Artıq 1919-cu ilin fevralında 58-ci fransa polkunun əsgərləri döyüşlərdə iştirak etməkdən imtina etdilər, mart ayında fransız gəmilərinin dənizçiləri üsyan qaldırdılar. Aprelin əvvəllərində müdaxiləçilər Odessanı tərk etdilər. Aprelin axırlarında Krımda sovet hakimiyyəti bərpa edildi.

Avropa və ABŞ-da «Sovet Rusiyasından əlinizi çəkin!» şüarı altında keçən ictimai hərəkat daha geniş miqyas almağa başladı. Bolşevik təbliğatının təsiri altında işğal edilmiş ərazilərdəki müttəfiq qoşunların əsgərləri arasında narazılıq və inqilabi əhval-ruhiyyə durmadan artırdı. Odur ki, müdaxiləçilər işğal etdikləri ərazilərdən öz ordularını çıxarmağa məcbur oldular. Uzaq Şərq istisna olmaqla Rusiyanın bütün ərazilərindən xarici müdaxiləçilər öz qoşunlarını çıxardılar.

1919- cu ilin mart ayından 1920-ci ilin martına kimi davam edən Vətəndaş müharibəsinin dördüncü mərhələsi başladı. Bu mərhələdə əsas hadisələr əvvəlcə Qızıl Ordunun A.V. Kolçak ağ ordularına qarşı vuruşduğu Şərq cəbhəsində, sonra isə A.İ.Denikinin ordusuna qarşı Cənub cəbhəsində cərəyan edirdi. Bu mərhələdə ağların hərəkatında siyasi hakimiyyət yenə generallara məxsus idi., lakin onlar artıq bolşeviklərlə mübarizədə açıq xalqı siyasi seçim etməyə təhrik etmirdilər. Bu dövrdə kəndlilər artıq sovet hakimiyyətinə tərəf dönüş etməyə başladılar.

Həlledici döyüşlər ərəfəsində 1919-cu ilin martında Kolçakın ordusu hücuma keçdi. General E.K.Millerin orduları, o cümlədən Yudeniçin silahlı qüvvələri və Denikin ordusu ilə qarşılıqlı əlaqə quraraq ağqvardiyaçılar Moskvaya doğru hərəkətə başladılar. Lakin 1919-cu ilin mayında S.S.Kamenevin komandanlığı altında Şərq cəbhəsində Qızıl Ordu Ufa yaxınlığında düşməni dayandıraraq özü əks-hücuma keçdi. Bu əməliyyatlar zamanı cəbhənin cənub qrupuna komandanlıq edən M.V.Frunzenin sərkərdəlik istedadı üzə çıxdı. Təqribən 100-120 min nəfər olan ağ ordu əsgərlərinin Şərq cəbhəsindəki hücumunun qarşısında həm də şimal qrupuna komandanlıq edən V.İ.Şorinin Qırmızı Ordu qoşunları dayanmışdır. Aprel-iyunda ardıcıl olaraq üç, Belebey, Buquruslan, Ufa əməliyyatlarını keçirən Qızıl Ordu düşməni darmadağın edərək Ural dağlarının ətəklərinə çıxdılar. Ural və Sibir uğrunda həlledici döyüşlər 1919-cu ilin yayında oldu. İyul-avqust aylarında Zlatoustov və Çelyabinsk əməliyyatlarında M.N. Tuxaçevskinin komandanlığı altında Qızıl Ordu qoşunları ağları əzərək Uralı ələ keçirdilər, Sibirə yol açıldı. İki yerə parçalanmış Kolçak orduları Sibir və Türküstana çəkildi. Payızda Kolçak Qərbi Sibiri itirdi. Noyabr ayında qırmızılar Omski, dekabrda Novoni-kolayevski (Novosibirsk) və Tomski tutdular. 1920-ci ilin yanvarında arxa cəbhədə eserlərin siyasi mərkəzlərinin rəhbərliyi ilə üsyan qalxdığına görə Kolçak Rusiyanın Baş hakimi titulundan əl çəkdi. Şərqə getməyə cəhd edərkən həbs edildi və İrkutsk hərbi-inqiabi komitənin qərarı ilə 1920-ci ilin fevralında güllələndi. Ölkənin şərqindən Baykala qədər Sovet hakimiyyəti quruldu. Uzaq şərqdə isə Yapon müdaxiləçiləri və onların müdafiə etdikləri Zabaykal kazaklarının atamanı Q.M.Semyonovun hakimiyyəti qalmaqda idi.

Kubandan hücuma keçən general A.İ.Denikin 1918-ci ilin sonu-1919-cu ilin yayında bir sıra əməliyyatlardan sonra Ukrayna ərazisinin böyük əksəriyyətində nəzarəti ələ aldı. O, almanlar getdikdən sonra hakimiyyəti ələ keçirmiş Ukrayna Direktoriyasının başçısı Petlyuranın müqavimətini qıraraq anarxist Maxnonun müdafiə etdiyi bolşevikləri darmadağın etdi. 1919-cu ilin iyununda 150 minlik Denikin ordusu Kiyevdən Tsaritsinə kimi olan 700 kilometrlik cəbhə boyu Moskva üzərinə hücuma keçdi. Sentyabrda onun qoşunları Voronej, Kursk və Oryola çatdı. Paytaxt Moskvaya 400 km məsafə qalırdı. Vətəndaş müharibəsi gedişində ağlar Moskvaya bir dəfə də olsa belə yaxın gələ bilməmişdilər. Hətta bolşevik hökuməti gizli vəziyyətə keçməyə belə hazırlaşırdı. Lakin Oryol uğrunda döyüşlər həlledici oldu. Bir həftəlik döyüşlərdən sonra Qızıl Ordu şəhəri geri aldı. Bunun ardınca S.M.Bud-yonnının süvariləri qırmızıların arxasına keçən general A.Q.Şkuronun Kuban kazak dəstəsini darmadağın etdi. Qızıl Ordu əks-hücüma keçdi. 1919-cu ilin dekabrında onlar Kiyev, Xarkov, Donbası tutaraq kazakların yaşadığı Don Ordusu ərazisinə daxil oldular. Yanvarda qırmızılar Rostov və Novoçeskaskini tutaraq Krıma və Şimali Qafqaza geri çəkilən Denikin ordusunu iki yerə böldülər. Pərən-pərən düşən ağ ordu hissələri müqavimət göstərmək qabiliyyətini itirmiş oldu. 1920-ci ilin martında Könüllülər və Don ordularının böyük hissəsi dəniz yolu ilə Novorossiyskidən Krıma keçdi. Gəmilərə minə bilməyən əsgərlər aprelin axırlarında Soçi yaxınlığında təslim oldu. Qızıl Ordu Cənubi Qafqaz dövlətlərinin sərhədlərinə çatdı. Denikin 40 min nəfərdən də az qalan ordusunu Krımda baron P.N.Vrangelin komandası altına verdi.

1919- cu ilin mayında ağlar şimaldan Petroqrad üzərinə hücuma keçərək Qatçinaya, Fin körfəzi sahillərinə çatdılar. Rusiyanın mərkəzinin iri sənaye şəhəri olan Petroqradı düşmən əlinə verməmək üçün fəhlələr səfərbər edilərək düşmənlə döyüşə göndərildi. Üstün qüvvə yığan sovet komandanlığı ağların hücumunun qarşısını aldı, ağlar isə yalnız Narva rayonunda möhkəmləndilər. 1919-cu ilin sentyabr-oktyabr aylarında ağlar ikinci dəfə Petroqrada hücuma keçib onun kənar hüdudlarına lap yaxınlaşdılar. Bolşevik rəhbərliyi şəhəri tərk etməyə hazırlaşırdı. Yalnız bu zaman Petroqrada gələn L.D.Trotskinin enerji dolu tükənməz fəaliyyəti sahəsində ruh düşkünlüyünə uğramış qırmızı əsgər dəstələrinin döyüş qabiliyyətini bərpa etmək mümkün oldu. Oktyabr-noyabr aylarının sonlarında düşmən üzərində ikiqat say üstünlüyü yaradan qırmızı qoşun hissələri əks-hücuma keçib ağları məğlubiyyətə uğratdı. Estoniya ərazisinə keçən Yudeniç orduları tərkisilah edildi.

1920- ci ilin yazına doğru E.K.Millerin ağ ordularının müqaviməti qırıldı. Artıq bolşeviklərin qələbəsi heç kimdə şübhə doğurmurdu. Sıralarında fərarilik edən hələ çox əsgər olmasına baxmayaraq Qızıl Ordu real qüvvəyə çevrilmişdir. Ona görkəmli hərbi komandirlər Tuxaçevski, Frunze, Blyuxer, Yeqorov, Budyonnı və b. rəhbərlik edirdi. Ölkə, ilk növbədə ordunu yedizdirib, geyindirdiyi üçün əsgərlər bütün iqtisadi üstünlüklərə malik olub, strateji cəhətdən əlverişli mərkəzlərdə yerləşdiklərinə görə bir yerdən başqa bir yerə sıx dəmir yol şəbəkəsi və başqa yollar vasitəsilə yer dəyişmələri asan və tez baş verirdi ki, bu da düşmən üzərində qələbədə az rol oynamadı.

Ağların siyasi hesabları onlar üçün uğursuz oldu. Torpaq haqqında oktyabr dekretini ləğv edən Kolçak və Denikin bolşevik rejimi və ərzaq şapalağından narazı olan kəndliləri belə bir vaxtda özlərinə qarşı qaldırdılar. İki zülmdən birini seçməyə məcbur olan kəndlilər keçmişə qayıtmaqdansa müvəqqəti olanı seçdilər. Kolçak və Denikin ordularının arxasında kəndlilərin partizan hərəkatı başladı.

Bundan başqa, həmkarlar İttifaqı və sosialist təmayüllü partiyaların qadağan edilməsi onların dayaqlarını zəiflətdi. Ağlar tərəfindən özbaşına təşkil edilən soyğun və basqın aksiyaları şəhər əhalisi arasında onları köməkdən məhrum etdi. Denikinin «Rusiya böyük, vahid və bölünməz olacaq» şüarı sayəsində 1919-cu ilin payızında həlledici döyüşlər gedişində ağlar Estoniya, Finlandiya və Polşanın köməyindən yararlana bilmədilər. Ağlar federasiya statusunu qəbul etməyə belə hazır olan Qafqaz xalqları arasında da etimad qazanmadılar.

Ağları müdafiə edən xarici müdaxiləçilərə qarşı duran bolşeviklər özlərini ana vətəni müdafiə edən yeganə güc kimi qələmə verir, xaricilərlə iş birliyi quranları isə «xalq düşməni» elan edirdilər. Əlavə olaraq bolşeviklər siyasi savad kursları təşkil edir, milyon nüsxələrlə inqilabi plakatlar, vərəqələr, qəzet, kitabça buraxır, təşviqat qatarlarından istifadə edərək Lenin ideyaların bütün ölkədə yayırdılar.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh