Sovet dövləti 20-ci illərin birinci yarısında

1920- ci illərin əvvəllərində daxili vəziyyət. Kronşdat qiyamı

20-ci illərin birinci yarısında daxili siyasət sahəsində qarşıda duran əsas vəzifə bolşeviklərin xalqa vəd etdiyi sosializm qurmaq üçün onun maddi-texniki və sosial-mədəni bazasını yaratmaq, dağılmış ölkə təsərrüfatını bərpa etmək idi. Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə ölkəyə böyük ziyan vurmuşdur. Sənaye məhsulu istehsalının səviyyəsi müharibədən əvvəlkinə nisbətən 14 faizə düşmüş, kənd təsərrüfatı demək olar ki, iki dəfə azalmışdır. Hərbi döyüşlərin gedişində, xüsusilə Donbas, Bakının neft rayonları, Ural, Sibirin hövzə və mədənləri daha çox dağıntıya məruz qalmışdır. Yanacaq və xammal olmadığına görə zavodlar işləmirdi. Fəhlələr şəhəri tərk edib kəndə getməyə məcbur oldular. Putilov, Obuxov və başqa müəssisələr dayandığına görə Petroqrad fəhlələrin 60 faizini, Moskva isə 50 faizini itirmişdir. 1921-ci ilin fevralında Pet-roqradın 64 iri müəssisəsi dayanmışdır. 1921-ci ildə Rusiyada sənaye proletariatının sayı cəmi bir milyon nəfər təşkil edirdi. 1921- ci ildə məhsulsuzluq üzündən şəhər və kəndi aclıq bürüdü. Təkcə Orta Volqaboyu rayonlarında aclıqdan ölənlərin sayı 5 milyon nəfər idi. Ölkədə yatalaq, taun, səpmə və s. yoluxucu xəstəliklər tüğyan edirdi. Yatalaqdan ölənlərin sayı 2 milyona çatırdı.

Rusiyanın əhalisi Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi nəticəsində 10,9 milyon nəfər azalaraq 1921-ci ildə 134,3 mln nəfər olmuşdur. 1913-cü ildə əhalinin 18 faizini təşkil edən şəhər əhalisinin sayı kəskin surətdə aşağı düşmüşdü. Ölkəni tərk edən 2 milyon mühacirlərin böyük əksəriyyəti şəhərlərdə yaşayanlar idi. Şəhərlərdə ərzaq, yanacaq çatışmırdı, kanalizasiya, su, istilik, işıq sistemi işləmir, tramvaylar hərəkət etmirdi, öışda adamlar əldəqayırma «burjuyka» adlanan və mebel parçaları ilə qalanan peçlərlə qızınırdılar. Cinayətkarlıq geniş miqyas alaraq güngən-günə artırdı. Ölkədə 7 milyona yaxın sahibsiz uşaq dolaşır və çoxlu evsiz-eşiksiz adam var idi ki, bunlar da xüsusilə şəhərlərdə cinayətkarlığın və oğurluğun əsas mənbəyini təşkil edirdilər. Aclıq, epidemiya, kommunal təsərrüfatın dağılması Moskvada şəhər əhalisinin 40 faizinin, Petroqradda 50 faizinin azalmasına səbəb oldu.

Əhalinin çalışan hissəsinin sayının aşağı düşməsi sovet hakimiyyətini məcbur etdi ki, vətəndaşlar üçün icbari əmək mükəlləfiyyəti tətbiq etsin. Beləliklə, milliləşdirilmiş əmək sayəsində əmək orduları yaranırdı. Fəhlələr zavodlara təhkim edilərək repressiyaya məruz qalmaq qorxusu altında nəzərdə tutulan planı yerinə yetirməyə borclu idi. Hər bir işçi məcburi surətdə hakimiyyətin lazım bildiyi yerə göndərilə bilərdi.

«Hərbi kommunizm» siyasətinin sərt və ağır nəticələri və onlara qarşı kəndlilərin müqavimətinin gündən-günə artması bir çox uzaqgörən bolşevik rəhbərlərin dövlətin iqtisadi siyasətinin dəyişilməsinin zəruriliyini dərk etməsinə gətirib çıxardı. Artıq 1920-ci ilin yazında RK(b) P-nin bəzi rəhbərləri, o cümlədən, AXTŞ-sı sədrinin müavini Y.Larin, M.İ.Kalinin və L.D.Trotski ərzaq şapalağının ərzaq vergisi ilə əvəz edilməsini təklif edirdilər ki, buna görə də kəndlilərdən məhsulun bir hissəsi məcburi surətdə alınırdı, yerdə qalan hissəni isə kəndli bazarda ərzaq şəklində sata bilərdi. Lakin bu təkliflər bazarı canlandırdıqları, kommunist bölgüsü prinsipini pozduğu üçün qəbul edilmədi.

1920-ci ildə XKS bazarsız kommunist bölgü prinsiplərinə dayanan tədbirləri daha da genişləndirdi. Kiçik sənaye müəssisələri də milliləşdirilməyə başlandı. 1920-ci ilin dekabrında VIII Ümumrusiya Sovetlər qurultayı xalq təsərrüfatını bərpa etmək və onu elektrikləşdirmək planını qəbul etdi (ÖOELRO planı). Görkəmli alim ö-M.Krijijanovskinin rəhbərlik etdiyi bu plana görə ölkənin energetika sistemi daha geniş miqyas alaraq, yeni elektrik stansiyaları, iri sənaye müəssisələri tikilməsi hesabına sənayeləşdirmə həyata keçirilməli idi. V.İ.Lenin bu planı «partiyanın ikinci proqramı» adlandırmışdır. 1921-ci ilin fevralında Xalq Komissarları Soveti bu planı həyata keçirmək və ölkənin xalq təsərrüfatının cari və perspektiv inkişaf planını işləyib hazırlamaq üçün ÖOELRO-nun Dövlət Ümumplan Komissiyasına (öosplan) çevrilməsini təsdiq etdi. Ərzaq şapalağına tabe tutulan kənd təsərrüfatı məhsullarının çeşidləri artırıldı. Pul tədavülünün ləğvi haqqında dekret hazırlandı. Lakin bu tədbirlər fəhlə və kəndlilərin maraqlarına cavab vermirdi. Odur ki, iqtisadiyyatla bərabər sosial böhran da yetişməkdə idi.

Ərzaq qıtlığı və işsizlik fəhlələri qıcıqlandırırdı. İcbari əməyin tətbiqi və əmək haqqının bərabərlik prinsipi əsasında ödənməsi, həmkarlar ittifaqının hüquqlarının məhdudlaşdırılması onların narazılığını gündən-günə artırırdı. Odur ki, 1920-ci ilin sonu, 1921-ci ilin əvvəllərində fəhlələr şəhərlərdə ölkənin siyasi sisteminin demokratikləşdirilməsi, Müəssislər Məclisinin çağırılması, xüsusi bölgü və payların ləğv edilməsi uğrunda tətilə başladılar.

Ərzaq dəstələrinin özbaşınalığından qəzəblənən kəndlilər nəinki ərzaq şapalağın ödəməkdən imtina etdilər, hətta sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxdılar. Tambov, Ukrayna, Don, Kuban, Orta Volqa və Sibiri kəndli hərəkatı bürüdü. Yalnız Qərbi Sibirdə üsyançı kəndlilərin sayı 200 min nəfərdən çox idi. Kəndlilər ərzaq siyasətinin dəyişdirilməsini, RK(b)P-nın diktəsinin ləğv edilməsini, ümumi bərabər seçki əsasında Müəssislər Məclisinin çağırılmasını tələb edirdilər. Bu çıxışların yatırılmasına Qızıl Ordu və Ümumrusiya Fövqəladə Komissiyasının dəstələri göndərildi.

Ölkəni bürüyən hərəkat tezliklə Kronşdata çatdı. 1921-ci il fevralın 28-də «Petropavlovsk» hərbi gəmisinin şəxsi heyəti sonradan üsyanın xartiyasına çevrilən qətnamə də qəbul etdilər. Azad seçki yolu ilə gizli səsvermə nəticəsində sovetlərin yenidən seçilməsi, fəhlə, kəndli, o cümlədən anarxist və sol eserlər üçün söz, mətbuat azadlığı, bütün siyasi məhbusların azad edilməsi, muzdlu əməkdən istifadə etməyən sənətkarların əmlakının müsadirə edilməsinə son qoyulması, muzdlu əməyin tətbiqindən başqa kəndliyə öz torpağında istədiyi kimi hərəkət etməsinə icazə verilməsi və başqa tələblər irəli sürüldü. «Petropavlovsk» dənizçilərinin qəbul etdiyi qətnamədən xəbər tutan ÜRMİK-nin sədri M.İ.Kalinin onların görüşünə gəldi. Onu gəmidən 2 min kommunistin ən azı yarısının qoşulduğu 12 min dənizçinin fit səsləri ilə yola saldılar. Bolşeviklər partiyasının MK-sı üsyanı çar generallarının rəhbərlik etdiyi kadet, menşevik və eserlərin müdafiə etdiyi Qərbdəki ağqvardiyaçıların qızışdırdığı əksinqilabi qiyam kimi damğaladı. Martın 2-də qiyamçılar mənşəcə fəhlə və kəndlilərdən ibarət olan Müvəqqəti inqilabi komitə təşkil etdilər. Komitəyə «Petropavlovsk» gəmisinin mirzəsi Pet-riçenko başçılıq edirdi. Komitə öz işlərinin haqq işi olduğuna sadəlövhcəsinə inandıqlarına görə silah tətbiq etməklə hücuma keçməkdən imtina etdilər, yalnız müdafiə olunacaqlarını bildirdilər. L.D.Trotski Polşa müharibəsinin qəhrəmanı general M.N.Tuxaçevskiyə tapşırdı ki, üsyanı yatırsın. O, üsyançıları gülləbaran etmək məqsədilə hərbi məktəblərin «inqilabi təcrübəsi» olmayan gənc kursantların və ÜFK-nin xüsusi dəstələrindəki əsgərləri martın 7-də Kronşdat üzərinə hücuma apardı. 10 gün ərzində Kronşdat təslim oldu. Hərbi dəniz bazası tutulduqdan sonra minlərlə adam cəzaya, o cümlədən güllələnməyə məruz qaldı. Belə ki, 2,5 min dənizçi həbs edildi, 6-8 min dənizçi isə Finlandiyaya mühacirətə getdi. «Kommunistlərsiz sovetlərə» şüarı səsləndirən Kronşdat matroslarının üsyanı göstərdi ki, bolşevik hakimiyyəti əsasən kəndlilərdən ibarət olan ordu içərisində öz dayaqlarını itirir.

Aclıq və dağıntı, fəhlə tətilləri, kəndli və matrosların üsyanları göstərdi ki, ölkədə dərin iqtisadi və sosial böhran yetişməkdədir. Bundan başqa 1921-ci ilin yazına doğru dünya inqilabına və Avropa proletariatının maddi-texniki köməyinə olan ümidlər puça çıxdı. Odur ki, V.İ.Lenin daxili siyasi kursa yenidən baxaraq etiraf etdi ki, yalnız kəndlilərin tələblərini yerinə yetirməklə bolşeviklərin hakimiyyətini xilas etmək olar.

Yeni iqtisadi siyasətə keçilməsi. Partiyadaxili mübarizənin başlanması

1921-ci il martın 8-də Moskvada RK(b)P-nin X qurultayı işə başladı. Qurultayın gündəliyinə iki mühüm məsələ — birincisi, SSRİ-də siyasi həyatı hələ uzun müddət müəyyən edən partiyadaxili fraksiyaların qadağan olunması, ikincisi, üç il müddətində kəndlilər üzərində ağır yük olan ərzaq şapalağının ərzaq vergisi ilə əvəz edilməsi haqqında məsələlər daxil edilmişdir. Qurultay hər iki əsas məsələ haqqında tez-tələsik qərar qəbul etdi.

Ərzaq şapalağının ərzaq vergisilə əvəz edilməsi yeni iqtisadi siyasətə keçilməsi demək idi ki, bu da 1921-ci ildə ÜRMİK-nin 21 mart dekreti və 1921-ci ilin dekabrında IX Ümumrusiya Sovetlər qurultayının qərarı ilə təsdiq olundu. Yeni iqtisadi siyasət bütöv bir iqtisadi və sosial-siyasi tədbirlər sistemi idi. Bu, dövlətin hərbi kommunizm siyasəti prinsipindən geri addım ataraq xüsusi sahibkarlığı dirçəltməsi, azad daxili bazarın yaradılması və kəndlilərin bir çox tələblərinin yerinə yetirilməsi demək idi. Kənd təsərrüfatında yeni iqtisadi siyasətin həyata keçirilməsi ərzaq şapalağının ərzaq vergisi ilə əvəz edilməsilə başladı. Ərzaq vergisi əkin kampaniyasının əvvəlində müəyyən edilərək il ərzində dəyişdirilə bilməzdi və şapalağa nisbətən iki dəfə az nəzərdə tutulurdu. Onun əsas ağırlığı varlı təsərrüfatların üzərinə düşürdü. Kəndlilər ərzaq vergisin ödədikdən sonra artıq qalan məhsulu bazarda sata bilərdilər. Beləliklə, dövlət bu andan etibarən özünü bütün taxıl məhsulu istehsalının deyil, onun vergi şəklində alınan müəyyən bir hissəsinin mülkiyyətçisi elan etdi. Torpaqların icarəyə verilməsinə və burada muzdlu əməyin tətbiqinə müəyyən şərtlərlə icazə verilirdi. Zorla kommuna yaradılmasına son qoyuldu ki, bu da kənddə xüsusi, xırda təsərrüfatların möhkəmlənməsinə səbəb oldu. Təktəsərrüfatlı kəndlilər kənd təsərrüfatı məhsulunun 98,5 faizini verirdilər.

Kənddə özünün təsir dairəsini qoruyub saxlamağa çalışan dövlət kooperasiyasının təchizat, istehlak, kredit və s. formalarından istifadə edirdi. Şəhər yarmarkaları və ticarət birjaları təşkil edilirdi ki, burada da kəndlilər məhsullarını özlərinə lazım olan sənaye malları ilə dəyişdirə bilərdilər. Bu şəhərlə kənd arasında normal mal mübadiləsinin yaranmasına şərait yaratdı.

Aqrar siyasətin həyata keçirilməsində RSFSR-in Torpaq kodeksinin hazırlanması və qəbul edilməsi mühüm rol oynadı. Burada «fəhlə-kəndli dövləti»nin mülkiyyəti elan olunan torpaq üzərində xüsusi mülkiyyətin həmişəlik olaraq ləğv olunması təsdiq olunur, torpaqdan istifadənin həyət, xutor, icma, artel formalarının azad seçilməsində ayrı-ayrı kənd və qəsəbələrin qərarları əsas hesab olunurdu. Kodeksə görə torpaq cəmiyyətlərinin faktiki istifadəsində olan torpaq payı onlara təhkim olunurdu. Torpaqların yenidən bölünməsinə yalnız üçqat əkin dövründən sonra, yəni 9 ildən bir icazə verilirdi. Kodeksə görə torpaqların icarəyə verilməsinə o şərtlərlə icazə verilirdi ki, bu əmək icarəsi olsun, yəni icarədar yalnız öz təsərrüfatının gücü daxilində torpaq sahəsi icarəyə götürə bilərdi. Beləliklə, məqsəd torpağın alqı-satqısının qarşısını almaq və icarəyə verilən torpaqlardan gələn bütün gəlirlərə nəzarət etmək idi. Torpaq kodeksində kəndli təsərrüfatlarında əmək norması və əmək müdafiəsi qanunlarına riayət etməklə köməkçi muzdlu əməyin tətbiqinə icazə verilirdi. Kənddə əvvəllər mövcud olan ərzaq, ümumvətəndaş, həyət başına pul və at-araba vergiləri ləğv olunur, yeganə kənd təsərrüfatı vergisi tətbiq olunurdu. Bu vergi ilə az əmlak sahibi olan kəndlilərə və qırmızıqvardiyaçı ailələrə güzəştlər nəzərdə tutulurdu. Atı olmayan və az əmlak sahibi olan kəndlilərin 20 faizi tamamilə vergidən azad olunurdu.

Torpağın milliləşdirilməsi və kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlir hesabına yoxsul kəndlilərin sayı azalmağa, ortabablar isə artmağa başladı. Beləliklə, hərbi kommunizm dövründə sayları artan yoxsul kəndlilər yeni iqtisadi siyasət dövründə azalmağa başladılar. 1924-cü ilin əvvəllərində aclıq və onun ağır nəticələrinə baxmayaraq yoxsul kəndlilərin ümumi çəkisi muzdurlarla birlikdə kənd əhalisinin üçdəbir hissəsinə qədər aşağı düşmüşdür. 1920-ci ilin ortalarına doğru ortabab kəndlilər kəndin mərkəzi simasına çevrildilər. Ortabablar kəndli təsərrüfatlarının 60 faizindən çoxunu təşkil edirdi ki, bu da inqilabdan əvvəlki dövrlə müqayisədə üç dəfə çox idi. Kənddəki vergi siyasəti sinfi xarakter daşıyırdı. Kəskin surətdə artan kənd təsərrüfatı vergisinin əsas ağırlığı ortababların və varlı kəndlilərin üzərinə düşürdü. 1923-cü ildə iri təsərrüfatlardan alınan vergi onların gəlirinin 35-40 faizini təşkil edirdi. Yeni iqtisadi siyasət kənddə məhsul istehsalının atrmasına səbəb oldu. 1925-ci ildə bərpa edilmiş əkin sahələrindən müharibədən əvvəlki Rusiyadakı orta göstəricidən 20,7 faiz çox taxıl toplandı. Sənayenin kənd təsərrüfatı xammalı ilə təchiz olunması yaxşılaşdı.

Yeni iqtisadi siyasət əvvəl kənd təsərrüfatında həyata keçirildi, sonra isə sənaye və ticarətə tətbiq edildi. Ərzaq şapalağını ərzaq vergisi ilə əvəz edilməsi bazarın sənaye malları ilə təmin edilməsini tələb edirdi. Qərbdən böyük həcmdə kredit ala bilməyən Sovet dövlətinin xaricdən mal idxal etmək ümidi boşa çıxdı. Dövlətin isə mal ehtiyatı yox idi. Bu hakimiyyəti adi ticarət qaydası ilə mal mübadiləsi təşkil etməyə məcbur etdi. Xırda müəssisələrin milliləşdirilməsi dayandırıldı, xüsusi mülkiyyət və icarə əsasında belə müəssisələrin yaradılmasına icazə verildi. 20-ci illərin ortalarında belə müəssisələr sənaye məhsulunun 27 faizini istehsal edirdi.

Sovet hakimiyyəti xarici iş adamlarına müəssisələri icarəyə götürmək və konsessiya təşkil etmək hüququ verdi. Xüsusi kapitalla yanaşı, dövlətin də iştirak edə biləcəyi qarışıq cəmiyyətlərin təsis edilməsi də nəzərdə tutulurdu. Lakin Rusiyanın əvvəlki borclarını ödəməkdən imtina edən bolşevik hakimiyyətinə xarici kapitalın güvənmədiyinə görə konsessiyalar geniş miqyas almadı. 20-ci illərin ortalarında sənaye məhsulunun yalnız 1,5 faizi konsessiyalara məxsus idi.

Böyük kapital qoyuluşu tələb etməyən ticarətdə xüsusi bölmə daha sürətlə inkişaf etdi. Qısa müddət ərzində çoxlu maqazin, restoran, kafe açıldı, rəflər müxtəlif çeşidli mallarla doldu. Qısa zamanda varlanan aşağı mədəni səviyyəli yeni mülkiyyətçilər olan «nepmanlar» 1923-cü ildə pərakəndə ticarətin 75, topdansatış ticarətin isə 18 faizinə nəzarət edirdilər.

Dövlət müəssisələri də yeni şəraitlə üzləşdilər. Son dərəcə ağır iqtisadi vəziyyət dövlətə imkan vermirdi ki, milliləşdirilən müəssisələri xammal və yanacaqla təmin etsin. Odur ki, onların təsərrüfat hesabına keçirilməsi haqqında qərar qəbul olundu. Özünütəmin, özünümaliyyələşdirmə və özünüidarə onun əsas prinsipi oldu. 1921-ci ilin yayında təsərrüfat hesablı trestlər meydana gəldi. Bir neçə müəssisəni birləşdirən trestlər banklarda hesabı olan hüquqi şəxs kimi qeydə alınırdı. Dövlətin maliyyə vəsaitindən istifadə etməyən trestlər qanunla müəyyən olunmuş vergi və ödənişi ödədikdən sonra öz gəlirlərinin qalan hissəsinin bir qismini işçilərin əmək haqqı kimi sərf edir, yerdə qalan hissə isə istehsalın inkişafına və başqa işlərə sərf edilə bilərdi. Trestlər könüllü surətdə alış və satışla məşğul olan sindikatlarda birləşə bilərdilər. Artıq 1922-ci ilin sonuna doğru bütün sənaye müəssisələrinin 90 faizi 421 trestdə birləşmişdir. Praktik olaraq dövlət AXTŞ-nin timsalında müəssisələrin idarə edilməsi və trestlərin təsərrüfat müstəqilliyinin məhdudlaşdırılmasında mühüm rol oynayırdı.

Yeni iqtisadi siyasətə keçilməsi ilə əlaqədar olaraq müəssisələrin işçi qüvvəsi ilə komplektləşdirilməsi sistemi dəyişdirildi. Əmək səfərbərliyi yerinə azad işçi qüvvələrinin olduğu əmək birjaları yaradıldı. Əmək haqqını bərabər səviyyədə ödənilməsi qaydası ləğv edildi. İşçilər öz ixtisasına və istehsal etdiyi məhsulun keyfiyyətinə görə əmək haqqı almağa başladılar. 1922-ci ildə kart sistemi ləğv edildi. Yeni iqtisadi siyasətin bütün çətinlik və ziddiyyətlərinə baxmayaraq sənayedə tezliklə müsbət nəticələr əldə edildi. Metal sənayesi istisna olmaqla bütün sənaye sahələri 1923-1924-cü təsərrüfat ilin gəlirlə başa vurdu. İşçilərin öz əməyinə münasibəti müsbətə doğru dəyişdi, əmək məhsuldarlığı artdı, müharibə və böhran illərində bağlanan müəssisələr işə salınır, onların maddi bazası bərpa edilirdi.

Yeni iqtisadi siyasətin tətbiq olunmasında Xalq Maliyyə Komissarı Q.Y.Sokolnikovun başçılığı altında bir qrup köhnə mütəxəssisin həyata keçirdiyi pul islahatı mühüm rol oynadı. Hərbi kommunizmdən YİS-ə çoxlu miqdarda qiymətdən düşmüş və pis vəziyyətdə olan kağız pullar miras qalmışdır. Hiperinfılyasiya və aclıq 1921-ci ilin oktyabrından 1922-ci ilin mayına kimi pərakəndə qiymətlərin 50 dəfə artmasına səbəb oldu. Bu paralel olaraq yeni pul nümunələrinin dövriyyəyə buraxılmasında həlledici rol oynadı. 1922-ci ilin sonunda Dövlət Bankı 1,2,3,5,10,25 və 50 çervonluqları (çervon 10 manata bərabər idi) və 1 çervonluq qızıl sikkələri dövriyyəyə buraxdı. 1924-cü ildə qiymətdən düşən pullar möhkəm valyuta olan qızıl çervona dəyişdirilməyə başlandı. Qızıl çervon sikkə inqilabdan əvvəlki qızıl 10 manatlıq sikkələrin dəyərində idi və dünya bazarında 1927-ci ilə kimi 6 ABŞ dolların dəyərindən çox qiymətləndirilirdi. Çervon çox böyük pul nişanı olduğu üçün daha kiçik xəzinə nişanlarına ehtiyacı var idi. Odur ki, 1,3 və 5 manatlıq dövlət xəzinə nişanları buraxıldı. Bir qızıl manat 1923-cü ilin pul nümunəsinin 50 min manatına, 1921-ci ilin nümunəsinin isə 50 mln. manatına dəyişdirildi. Pul islahatı milli valyutanın dəyər qazanmasına və onun qiymətdən düşməsinin qarşısını almağa şərait yaratdı.

Ərzaq şapalağından imtina edilməsi kəndlilərin vəziyyətini yaxşılaşdırdı, amma onların tələblərini tam qane etmədi. Onlar icarə və muzdlu əməyə tətbiq olunan məhdudiyyətlərin ləğv olunmasını istəyirdilər. Çünki bunsuz kənd təsərrüfatının inkişaf etdirilməsi mümkün deyildir. 1923-1924-cü illərdəki məhsul qıtlığı və böhran ölkədə kəndli həyəcanlarının yayılmasına səbəb oldu. Belə bir şəraitdə kənd təsərrüfatı vergisini azaldan, muzdlu əməyi qanuniləşdirən, torpaq üzərində icarə müddətini uzadan, ticarətə əngəl olan çoxlu sədlərin aradan qaldırılmasını nəzərdə tutan N.İ.Buxarinin ideoloqu olduğu «kəndli yeni iqtisadi siyasəti» kursu elan olundu. Bu kənddə ortabab və varlı kəndlilərin müdafiə edilməsi demək idi. N.İ.Buxarin yazırdı: «Bizdə şəhərdə yeni iqtisadi siyasət var, bizdə şəhərlə kənd arasındakı münasibətdə yeni iqtisadi siyasət var, ancaq bizdə demək olar ki, kəndin özündə yeni iqtisadi siyasət yoxdur». O belə bir şüar irəli sürdü: «Yığın, varlanın, öz təsərrüfatlarınızı inkişaf etdirin!»

Gimnaziya müəlliminin oğlu olan, Moskva Universitetinin hüquq fakültəsində təhsil alan Nikolay İvanoviç Buxarin (1888-1938) Leninin Rusiyada sosializm nəzəriyyəsinə əsaslanaraq fəhlə və kəndlilərin ittifaqını qoruyub saxlamaqla «kəndlilərin tədricən sosializmə qovuşması» ideyasını irəli sürdü. Əslində, bu, Leninin bir ölkədə sosializmin qələbəsinin mümkünlüyü haqqında ideyasının inkişaf etdirilməsi idi. Ona görə də yeni iqtisadi siyasət sosializmə aparan magistral yol idi. Bu yol kəndli təsərrüfatının inkişaf etdirilməsi və onun sayəsində ümumi iqtisadiyyatın canlandırılması demək idi. Kəndin texniki geriliyin aradan qaldırmaq məqsədilə dövlətin müdafiə etdiyi kəndlilər istehsalat və bölgü kooperativlərində birləşərək sosialist iqtisadiyyatına doğru yavaş-yavaş hərəkət etməli idilər. Bu prosesin bir neçə onillik ərzində başa çatması nəzərdə tutulurdu. Xalq Komissarları Sovetinin sədri A.İ.Rıkov, Həmkarlar İttifaqının sədri M.P.Tomski, AXTŞ-nın sədri F.E.Dzerjinski Buxarinin tərəfdarları idi. N.İ.Buxarinin və onun tərəfdarlarının görüşləri tarixçilər tərəfindən sağ kommunizm təmayülü adlandırılmışdır.

Torpaq sahibi ailəsindən olan, sosial-demokratik hərəkatın öncülü, 1917-ci ildən bolşeviklər partiyasının üzvü, Oktyabr silahlı üsyanın və Qızıl Ordunun təşkilatçısı və rəhbərlərindən biri olan Trotski (Bronşteyn) Lev Davıdoviç (1879-1940) sol istiqamətin rəhbəri idi. Hələ 1923-cü ildə toplanan XII partiya qurultayında Trotski «sənayenin diktaturasını» qurmağı tələb etdi. Sənaye mallarının yüksək qiyməti ilə kənd təsərrüfatı məhsullarının aşağı satış qiyməti «qayçı» siyasəti kimi xarakterizə edilir. Sənaye mallarını azlığı Trotskiyə görə iqtisadi balansın pozulmasının əsas səbəbi idi. L.D.Trotski və onun tərəfdarları olan Y.A.Preob-rajenski və Q.L.Pyatakov belə hesab edirdilər ki, iqtisadi cəhətdən geri qalan və düşmən əhatəsində olan ölkədə sənayeni inkişaf etdirmək üçün vacib olan vəsaiti xüsusi bölmədən, əsasən də kənd təsərrüfatından dövlət, yəni sosialist bölməsinə yönəltməklə əldə etmək olar. Bu məqsədə varlı kəndlilərəin üzərinə qoyulan vergilərin artırılması və bərabər olmayan mal mübadiləsi vasitəsilə nail olmaq mümkündür.

1923-cü ildə bir çox sıravi partiya üzvünün mövqeyini ifadə edən L.D.Trotski və onun tərəfdarları partiya liderlərini inqilabi ideallara xəyanət etməkdə təqsirləndirərək onların ölkənin sosial-iqtisadi çətinliklərində əsas günahkarlar olduğunu iddia edirdilər. Trotskiyə görə partiyada fraksiya fəaliyyətini bərpa etmək və geniş partiyadaxili diskussiyalara başlamaq vacib idi. O, bu fikir mübadiləsindən qalib çıxmaq ümidində idi. Əslində onlar yeni iqtisadi siyasətdən əl çəkərək hərbi kommunizm siyasəti metodlarına keçməyi təklif edirdilər.

İ.V.Stalin, L.B.Kamenev və Q.Y.Zinovyev kimi partiya rəhbərlərinin isə ölkənin iqtisadi inkişafı ilə bağlı dəqiq mövqeləri yox idi. Onların məqsədi hakimiyyət uğrunda mübarizə olduğu üçün öz qərarlarında siyasi strategiyaya uyğun olaraq təcili addımlar atmağı nəzərdə tuturdular. Belə ki, 1924-cü ilə kimi L.B.Kamenev və Q.Y.Zinovyev L.D.Trotskiyə qarşı İ.V.Stalini müdafiə etdikləri halda, 1925-ci ildən onlar «sol» mövqeyə keçərək L.D.Trotski ilə birlikdə İ.V.Stalin və N.İ.Buxarinə qarşı durdular. İ.V.Stalin isə ustalıqla vəziyyətə nəzarət edərək hər iki tərəf arasında bitərəf hakim rolunda çıxış edərək özü üçün hakimiyyətə yol açmaq fikrində idi. Ümumiyyətlə, sosializmin ayrıca götürülmüş bir ölkədə qələbə çalmasının mümkünlüyü haqqında V.İ.Leninin fikrini müdafiə edən İ.V.Stalin ilə permanent inqilab tərəfdarları, yəni dünya miqyasında inqilabın qələbəsinin mümkün olmasını irəli sürən L.D.Trotski arasındakı nəzəri fikir ayrılığı partiya və dövlətdə rəhbər vəzifə tutmaq uğrunda mübarizə cəhdi ilə daha da şiddətli xarakter aldı.

1898-ci ildən sosial-demokratik hərəkatın iştirakçısı olan çəkməçi oğlu Stalin (Cuqaşvili) İosif Vissarionoviç 1912-ci ildən RSDF(b)P-nın rəhbər heyətinin üzvü, 1922-ci ilin aprelindən isə RK(b)P MK-nın Baş katibi idi. Bolşeviklərin rəhbər vəzifə tutan üst təbəqəsinin hamısı demokratik əqidədən uzaq adamlar idi. L.D.Trotski açıq etiraf edirdi ki, o, demokrat deyil, İ.V.Stalin partiyadaxili demokratiyanı özünün təkhakimiyyətinin bərqərar olması yolunda əsas maneə hesab edirdi/

1922- ci il mayın 25-də V.İ.Leninin sağ tərəfinin iflic olması ilə xəstəliyinin birinci tutması oldu. O, yalnız tam olmasa da sentyabrda işə başlaya bildi. Dekabrın 16-da xəstəliyinin ikinci, 1923-cü il martın 10-da üçüncü tutması ilə Lenin tamamilə siyasi fəaliyyətdən uzaqlaşdı. 1924-cü il yanvarın 21-də V.İ.Lenin vəfat etdi. Xəstəlik illərində V.İ.Lenin bir sıra qeyd və məqalələr diktə edərək, öz yerini tuta biləcək namizəd, partiya aparatının yenidən qurulması, yeni iqtisadi siyasətin perspektivləri fikirlərini irəli sürdü. 1922-ci il dekabrın 23-31-də 1923-cü il yanvarın 4-də diktə etdiyi məqaləsində özünün ən yaxın altı nəfər silahdaşları haqqında fikrini bildirdi. O, haqlı olaraq partiyada sabitlik üçün əsas təhlükəni İ.V.Stalinlə L.D.Trotski arasında rəhbərlik üstündə gedən rəqabətdə görürdü. Birinci, «öz əlində hədsiz hakimiyyət toplamışdır» və Lenin inanmır ki, Stalin «bu hakimiyyətdən daim ehtiyatla istifadə edə bilsin». İkinci, yəni Trotski “doğrudan da hazırkı MK-da ən istedadlı adamdır», lakin” özünə son dərəcə güvənən və işin inzibati tərəfinə hədsiz uyan biridir». On gündən sonra V.İ.Lenin diktə etdiklərinə İ.V.Stalin haqqında bir neçə tənqidi fikir əlavə edir. «Stalin son dərəcə kobuddur, buna öz aramızdakı münasibətlərdə dözmək olar, baş katib vəzifəsində isə kommunistlər üçün bu dözülməzdir. Odur ki, mən təklif edirəm yoldaşlar Stalinin bu yerdən dəyişdirilməsi vasitəsini düşünsünlər».

Vladimir İliç Leninin xəstəliyinin üçüncü tutmasından bir neçə həftə sonra RK(b)P XII qurultayı oldu. Qurultayda MK-nın say tərkibinin artırılması, Fəhlə-Kəndli Təftiş komissiyası ilə Mərkəzi Nəzarət komissiyasının birləşdirilməsi haqqında Leninin təklifi qəbul edildi. Yeni yaranan qurumun rəhbərliyinə Stalinə şəxsən sadiq olan V.V.Kuybışev gətirildi. 1923-cü ilin sentyabr plenumunda «qayçı» problemi müzakirə edilərək sənaye malları qiymətinin aşağı salınması haqqında qərar qəbul edildi.

1923- cü il oktyabrın 8-də MK-ya göndərdiyi məktubunda və dekabrın 11-də dərc etdirdiyi «Yeni istiqamət» məqaləsində Lev Davıdoviç Trotski ölkədəki iqtisadi çətinliyin günahkarı kimi «aparatın diktaturasını» səbəb göstərərək partiyadaxili demokratiyanın olmamasını, rəhbərliyin tənqidə dözməməsini və s. məsələləri izah edirdi. 1924-cü il yanvarın 16-18-də partiyanın XIII konfransında L.D.Trotski xəstəliyinə görə iştirak etməməsinə baxmayaraq bu mövqeyinə görə ciddi tənqid olundu. Trotski və müxalifət bolşevizmə və Leninizmə qarşı təftişçilik meyli ilə damğalandı. Konfrans müxalifətin «sənaye» istiqamətli siyasətini rədd etdi və L.D.Trotskinin ən yaxın silahdaşları A.A.İoffe Çinə, N.N.Krestinski Almaniyaya, X.Q.Rakovski İngiltərəyə diplomatik işə göndərildi.

1923-1924-cü ildə İ.V.Stalin Q.Y.Zinovyev və L.B.Kamenevlə birlikdə L.D.Trotskiyə qarşı mübarizə aparırdı. Partiya müzakirələrində L.D.Trotski məğlub olduqdan sonra onun liderliyə iddiaları da heç oldu. İndi hakimiyyətin zirvəsinə iki nəfər Q.Y.Zinovyev və İ.V.Stalin namizəd idi. Xerson quberniyasının xırda sahibkar ailəsindən olan Zinovyev (Radomıslski) Qriqori Yevseyeviç (1883-1936) 1903-cü ildən RSDF (b) P-nin üzvü olaraq bolşeviklər partiyasının rəhbər heyətinə daxil olmuş, 1917-ci ildə silahlı üsyan xəttinə qarşı çıxış etsə də, sonra öz mövqeyini dəyişmişdir. 1917-ci ilin dekabrında Petroqrad sovetinə rəhbərlik etmiş və qırmızı terrorun təşkilatçılarından biri olmuşdur.

Hakimiyyət uğrunda mübarizəni kəskinləşdirən İ.V.Stalin Q.Y.Zinovyevi «partiya diktaturasını» «proletariat diktaturası» ilə qarışdırdığına görə, L.B.Kamenevi Rusiyada sosializmin olmaması iddiasına görə tənqid etdi. Leninqrad partiya təşkilatına rəhbərlik edən Q.Y.Zinovyev «Leninizm» əsərini yazaraq göstərdi ki, Lenin daim yeni iqtisadi siyasətə strateji cəhətdən geri addım kimi baxaraq kəndlilərin «varlanmasını» sosializmə gedən yol kimi təsəvvür etmirdi. Sentyabrın 5-də Q.Y.Zinovyev, L.B.Kamenev, Q.Y.Sokolnikov və N.K.Krupskaya «dördlər platforması»nı imzalayaraq «yeni müxalifəti» yaratdılar. «Yeni müxalifət»in lideri Q.Y.Zinovyev iddia edirdi ki, onun rəhbərlik etdiyi partiya təşkilatı Lenin irsinə Moskva partiya təşkilatından daha yaxındır, bu isə Leninqrad proletariatının keçmişi və mütəşəkkilliyi ilə bağlıdır. Bu isə MK-nın Katibliyini və şəxsən İ.V.Stalini qıcıqlandırmaya bilməzdi.1925-ci il dekabrın 18-31-də partiyanın XIV qurultayında İ.V.Stalin hesabat məruzəsində «sağlar», yəni buxarinçilər və «sollar» yəni zinovyevçilər arasında bitərəf hakim kimi çıxış etdi. N.Krupskaya və L.Kamenevin çıxışları vəziyyəti mürəkkəbləşdirdi. Xüsusilə L.Kame-nev İ.Stalini «diktə» etməkdə təqsirləndirərək elan etdi ki, o, bolşevik rəhbərliyində birliyi saxlamağa qadir deyil və «rəhbərin ideyalarının əleyhinədir». Qurultaydan sonra Siyasi Büronun tərkibinə daxil edilən V.M.Molotovun sədrliyi ilə Leninqrad partiya təşkilatının işini qaydaya salmaq məqsədilə komissiya yaradıldı. Bir ay ərzində yerli partiya təşkilatların «istiqamətləndirdikdən” sonra kommunistlərin 96 faizinin səsi ilə Q.Zinovyev vəzifədən azad edildi. Bakıdan çağırılan S.M.Kirov Leninqrad partiya təşkilatının katibi seçildi. Beləliklə, ÜİK(b)P-nın XIV qurultayında «yeni müxalifət» məğlub edildi. Bununla birlikdə 1920-ci illərin birinci yarısında sosializm quruculuğunun Lenin yolunun düzgün müəyyən edilməsi və vahid ideya birliyinin bərqərar edilməsi pərdəsi altında gedən partiyadaxili müzakirələrdə İosif Vissa-rionoviç Stalinin şəxsiyyətinə pərəstişin başlanmasının ilk kərpicləri qoyulmuş oldu.

SSRI-nin yaranması

Vladimir İliç Lenin və bolşeviklər partiyasının digər rəhbərləri milli məsələni heç vaxt birinci dərəcəli məsələ hesab etməyiblər. Rusiyadakı millətlərarası ziddiyyətləri onlar mütləqiyyətin siyasətinin nəticəsi olduğuna inanırdılar. Belə hesab edirdilər ki, süni surətdə pravoslavların, xüsusilə rusların güzəştli vəziyyətinin təmin olunması başqa xalqların arasında narazılığa səbəb olurdu. Bolşeviklər öz təbliğatlarında elan edirdilər ki, mülkədar və burjuaziya sinfinə qarşı mübarizədə rus proletariatının və ölkənin ucqarlarının əhalisinin maraqları üst-üstə düşür və hakim siniflərin devrilməsi, sosialist inqilabının qələbəsi milli məsələdəki gərginliyi aradan qaldıracaq.

1917- ci il Oktyabr silahlı üsyanından sonra V.İ.Lenin Rusiyada federativ dövlət yaratmaq ideyasını irəli sürdü. Bu ideya 1918-ci ilin yanvarında elan edilən «Zəhmətkeş və istismar olunan xalqın hüquq Bəyannaməsi»ndə və 1918-ci ilin iyulunda qəbul edilən RSFSR-in Konstitusiyasında öz əksini tapdı. Rusiyanın tərkibində muxtar respublika və vilayətlər yaradıldı. Artıq Vətəndaş müharibəsi illərində və ondan sonrakı ilk vaxtlarda ölkədə 13 muxtar respublika vəlö muxtar vilayət yaradıldı.

Polşa, Finlandiya və Baltikyanı ölkələr burjua dövləti kimi müstəqil oldular. Bessarabiyanı Rumıniya işğal etdi. 1919-cu ilin fevralında əsasən ruslardan ibarət olan yerli bolşeviklərin təşəbbüsü ilə Belarusiya və Litva sovetlər qurultayı hər iki respublikanın vahid ittifaqda birləşməsi haqqında qərar qəbul etdi.

Brest-Litovsk sülhünə əsasən Batum, Qars və Ərdahanın Türkiyəyə verilməsi Cənubi Qafqazın ayrılmasına səbəb oldu. 1918-ci il aprelin 25-də Zaqafqaziya Respublikası elan edildi. Bir aydan sonra Gürcüstanda menşeviklərin, Ermənistanda daşnakların, Azərbaycanda müsavatın rəhbərlik etdiyi mili dövlətlər yarandı. 1920-ci ilə kimi mürəkkəb daxili və xarici vəziyyət bolşevikləri Cənubi Qafqaza ehtiyatla yanaşmağı məcbur edirdi. Vətəndaş müharibəsinin sonunda ingilislərin iqtisadi və strateji cəhətdən mühüm mövqe tutan bu regiondan getməsi bolşeviklərin yenidən buranı tutmasına gətirib çıxardı. 1920-ci ilin aprelində Qızıl Ordunun köməyi ilə yerli bolşeviklər Müsavat hökumətini devirib sovet hakimiyyətini qurdular. 1920-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyəti qələbə çaldı. 1921-ci il fevralın 12-də Qızıl Ordu Gürcüstan sərhədini keçdi, fevralın 25-də Tiflisdə Sovet Respublikası elan olundu. Sözdə xalqların öz müqəddəratını təyin etmək hüququnu elan edən Sovet dövləti Ukrayna taxılını, Bakı neftini və Qafqazın filiz mədənlərini özünə tabe etmək məqsədilə bu regionları zəbt etdi.

1918- ci ildən 1922-ci ilə kimi ittifaqın inkişafı iki istiqamətdə, birincisi, muxtar respublika və vilayətlərin Rusiya Federativ Respublikasının tərkibinə daxil olması, ikincisi, nəzəri cəhətdən müstəqil olan respublikaların Rusiya Federativ Respublikası ilə ikitərəfli müqavilələr bağlanması yolu ilə davam edirdi.

1918-ci il martın 23-də İ.V.Stalinin başçılıq etdiyi Milli İşlər üzrə Xalq Komissarlığı Səid Qəliyev (1894-1938) və Əhməd-Zəki Vəlidovun (1890-1970) başçılığı ilə Cənubi Ural və Orta Volqaboyunda Tatar-Başqırd muxtar sovet respublikasının yaradılması haqqında dekret verdi. Rusiya müsəlmanlarının bir hissəsini birləşdirən bu muxtar qurum RSFSR-in tərkibinə daxil edilməklə bərabər S.Qəliyevin təşəbbüsü ilə RK(b)P-nin müsəlman təşkilatı və əsasən tatarlardan ibarət olan müsəlman Qızıl Ordu dəstələrinin yaradılmasına başlandı. Əslində Səid Qəliyev və Əhməd-Zəki Vəlidov müsəlman Tatar-Başqırd Respublikasının Şərqin mərkəzində inqilab məşəli yandıran bir yerə çevirmək niyyətində idilər. Pantürkçülük ideyalarından qorxuya düşən mərkəzi hakimiyyət 1920-ci il mayın 22-də yeni dekretlə Tatar-Başqırd Respublikasının hüquqlarını məhdudlaşdırdı, böyük müsəlman dövləti yerinə iki kiçik muxtar Respublika yaradıldı. Milli kommunist təşkilatları və milli Qızıl Ordu dəstələri ləğv edildi. Şərqin ilk böyük mili kommunist rəhbərlərindən biri S.Qəliyev 1923-cü ilin mayında «millətçilik təmayülü» ilə damğalanaraq həbs edildi.

Müsəlman məktəblərində müəllimlik edən Əhməd-Zəki Vəlidov Başqırdıstan İnqilab komitəsinin sədri olduğu üçün şərq cəmiyyətinin reallığını nəzərə alaraq, RSFSR tərkibində müsəlman Başqırdıstanına xüsusi status müəyyən etməyi müdafiə etdiyi üçün millətçilikdə təqsirləndirildi və Türkiyəyə mühacirətə getməyə məcbur oldu. Nəticədə ölkə İstanbulda İslam Tədqiqatlar İnstitutunu yaradan görkəmli türkoloqdan məhrum oldu. Sözdə milli azlıqlara öz müqəddaratını təyin etmək, hətta ayrılmaq hüququ elan edən Sovet dövləti 1920-1922-ci illərdə qırğız, mari, dağıstan, buryat, monqol, kalmık və krım tatarlarına heç bir əsaslı səlahiyyət tanımadı.

İttifaqın yaradılmasına gedən ikinci yol RSFSR ilə müstəqil respublikalar arasında bağlanan ikitərəfli müqavilələr idi. İkitərəfli müqavilələrin mürəkkəb sistemi tədricən müstəqil respublikaların hüquqlarını məhdudlaşdıraraq onları RSFSR-ə bağlayırdı. 1920-ci ilin sentyabrın ЗО-da RSFSR-lə Azərbaycan arasında bağlanan müqavilədə ən qısa müddətdə hər iki respublikanın altı sahəsinin, o cümlədən müdafiə, iqtisadiyyat və xarici ticarət, ərzaq, dəmir yol və su nəqliyyatı, poçt və teleqraf, maliyyənin birləşdirilməsi nəzərdə tutulurdu. 1920-ci il dekabrın 28-də RSFSR ilə Ukrayna arasında bağlanan müqavilədə kağız üzərində olsa da Ukrayna müstəqilliyini qoruyaraq özünün xarici işlər komissarlığını toxunulmaz saxlamışdır.

1921- ci il yanvarda oxşar müqavilə RSFSR ilə Belarusiya arasında bağlandı. Gürcüstanla münasibətlər gərgin olraq qalırdı. 1921-ci il martın 2-də V.İ.Lenin xüsusi olaraq S.Orcenikidzeni Gürcüstana göndərdi ki, orada sovet hakimiyyətinin qurulmasına müəyyən şərtlərlə razı olan yerli menşeviklərlə kompromis bir qərara gəlsinlər. Lakin buna baxmayaraq, mərkəzi hakimiyyət hər üç respublikanın tezlklə birləşərək RSFSR ilə müqavilə bağlamağa sövq etdi. Gürcü kommunistlərin rəhbərləri F.İ.Maxaradze, M.D.Oraxelaşvili, P.Q.Mdivani Moskva və Qavbüronun bu təklifinə qarşı qətiyyətlə çıxdılar. Buna baxmayaraq, RK(b)P-nin MK ayrı-ayrı milli respublikalardansa birləşmiş Zaqafqaziyada vəziyyətə nəzarət etməyin daha asan olduğunu nəzərə alaraq bu ideyanı müdafiə etdi. S.Orcenikidze və Qavbüronun təzyiqi ilə 1922- ci il 11-12 martda Tiflisdəki konfransda hər üç respublikanın xarici münasibətlər, müdafiə, maliyyə, xarici ticarət, bütün nəqliyyat və iqtisadiyyatını birləşdirən Zaqafqaziya Respublikalarının Federativ İttifaqı yaradıldı. Azərbaycan, Gürcüstan və Ermənistan bir ittifaqda birləşərək Moskvaya tabe edilməklə bərabər, əslində həm faktiki, həm də formal olan müstəqilliklərini itirdilər.

Göründüyü kimi, vətəndaş müharibəsi illərində müstəqil sovet respublikaları öz aralarında hərbi-siyasi ittifaq, dinc quruculuq dövründə isə hərbi-təsərrüfat müqavilələri bağlayaraq əməkdaşlığı xeyli dərinləşdirdilər. Genuya və Haaqa konfransları ərəfəsində səkkiz müstəqil respublika Azərbaycan, Belarusiya, Ukrayna, Gürcüstan, Ermənistan sovet respublikaları, Buxara və Xarəzm xalq sovet respublikaları, Uzaq Şərq Respublikası (UŞR) 1922-ci il fevralın 22-də RSFSR-lə saziş bağlayaraq Genuya konfransında onların mənafeyini təmsil etməyi ona həvalə etdilər. Beləliklə, diplomatik ittifaq sovet respublikasının birləşdirilməsi hərəkatında mühüm mərhələ oldu.

1922-ci il avqustun 10-da RK(b)P MK RSFSR-lə müstəqil sovet respublikaları arasında münasibətlər haqqında qərar layihəsi hazırlamaq məqsədilə İ.V.Stalinin sədrliyi altında komissiya yaratdı. Sentyabrın 10-da komissiya «Muxtariyyətləşdirmə» layihəsi kimi məşhur olan sənədi qəbul etdi. Bu sənədə görə müstəqil sovet respublikaları RSFSR-in tərkibinə daxil edilərək onun ali hakimiyyət orqanlarının əlavəsinə çevrilirdilər. Buxara, Xarəzm və UŞR-sı ilə isə müqavilə münasibətlərini saxlamaq təklif edilirdi. Azərbaycan, Ermənistan və Belarusiya tərəfi bu sənədi qəbul etdi. Başda X.Q.Rakovski olmaqla Ukrayna və Gürcüstan KP MK-sı «Muxtariyyətləşdirmə» qərarını qəbul etməyərək onu tənqid etdilər. Gürcü kommunistləri Gürcüstanın Zaqafqaziya Federasiyasının tərkibində deyil müstəqil dövlət kimi vahid dövlətə daxil olmasını tələb edirdilər. Başqırdıstan, Tatarıstan və d. respublikalar da ittifaqın tərkibinə bilavasitə daxil olmaq təklifi ilə çıxış etdilər.

İ.V.Stalin və RK(b)P-nin Qafqaz vilayət təşkilatlarına rəhbərlik edən S.Orcenikidze gürcü kommunistlərini millətçi təmayüldə günahlandırırdılar. Mübahisə gedişində B.Mdivaninin tərəfdarlarından biri, A.İ.Rıkovun Sibirdə sürgün yoldaşı olmuş A.A.Kabaxidze S.Orceni-kidzeni sözlə təhqir etdi. Qafqaz partiya təşkilatı ali orqanının təmsilçisi isə ona üzünə sillə vurmaqla cavab verdi. Gürcüstandakı gərgin vəziyyəti araşdırmaq məqsədilə İ.Stalinə yaxınlığı ilə seçilən F.E.Dzerjinskinin sədrliyi ilə komissiya təşkil olundu ki, o da S.Or-cenikidzenin xəttini müdafiə etdi.

Zaqafqaziya respublikalarının inteqrasiyası gücləndirildi. Zaqafqaziya Federativ İttifaq Respublikası Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına çevrildi. Lakin xəstəliyinə görə hadisələrdən gec xəbər tutan V.İ.Lenin gürcü kommunistləri müdafiə edərək İ.V.Stalin, S.Orcenikidze və F.Dzerjinskini böyük dövlətçilik şovinizmində günahlandırdı. Muxtariyyətləşdirmə əleyhinə çıxış edən V.İ.Lenin onu millətlərarası münasibətləri kəskinləşdirən siyasi səhv kimi səciyyələndirdi. V.İ.Lenin müstəqil və bərabər respublikaların könüllü ittifaqının yaradılmasını təklif etdi. 1922-ci ilin dekabrında bütün respublikaların sovetlər qurultayı V.İ.Leninin bərabərhüquqlu respublikaların federasiyası kimi vahid ittifaq dövlətinin yaradılması ideyasını qəbul edərək təsdiq etdi. Sovet Sosialist Respublikalar İttifaqının yaradılması haqqında sənədlərin hazırlanması məqsədilə nümayəndələr seçildi.

1922-ci il dekabrın 30-da Moskvada RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR-dən 2214 nəfər nümayəndənin iştirak etdiyi Birinci Sovetlər qurultayı Sovet Sosialist Respublikaları ittifaqının təşkil edilməsi haqqında Bəyannamə və Müqaviləni təsdiq etdi. Qurultay həmçinin SSRİ Mərkəzi İcraiyyə Komitəsini seçdi. MİK-in birinci sessiyası ÜRMİK-nin sədri M.İ.Kalinin, Ukrayna MİK-in sədri Q.İ.Petrovski, ZSFSR MİK-in sədri N.N.Nə-rimanov və Belarusiya MİK-i sədri A.Q.Çervyakov olmaqla MİK-in 4 sədrini seçdi. 1923-cü il iyulun 6-da MİK-in ikinci sessiyası SSRİ-nin Əsas Qanunu-Konstitusiyasını təsdiq etdi. Eyni zamanda Vladimir İliç Lenin başda olmaqla iyulun 13-dən fəaliyyətə başlayan SSRİ Xalq Komissarlar Sovetinin tərkibi təsdiq edildi. L.B.Kamenev, M.D.Oraxelaşvili, A.İ.Rıkov, A.D.Sürupa, V.Y.Çubar sədrin müavinləri seçildilər. 1924-cü il yanvarın 31-də SSRİ ikinci Ümumittifaq Sovetlər qurultayı ölkə Konstitusiyasını qəti olaraq təsdiq etdi. RSFSR-in 1918-ci il Konstitusiyası kimi bu da sinfi xarakter daşıyırdı. Yalnız zəhmətkeşlər üçün ümumi olan seçkilər çoxdərəcəli olub fəhlənin bir səsi kəndlinin beş səsinə bərabər idi. Xarici siyasət, ölkənin sərhədləri, müharibə və sülh məsələləri, silahlı qüvvələr, nəqliyyat və rabitə, xalq təsərrüfatının planlaşdırılması və s. məsələlər SSRİ ali hakimiyyət orqanlarının səlahiyyətlərinə daxil idi. Qalan bütün məsələlərin həllində hər bir respublika müstəqil hərəkət edə bilər, hətta real olmasa da onların ittifaqdan azad surətdə çıxmaq hüququ belə var idi.

Ümumittifaq sovetlər qurultayı ölkənin ali hakimiyyət orqanı idi, qurultaylar arasındakı dövrdə ali hakimiyyəti İttifaq sovetindən və Millətlər sovetindən ibarət olan Mərkəzi İcraiyyə Komitəsi (MİK) həyata keçirirdi. Hər iki palata tərəfindən qəbul edildikdən sonra qanun qüvvəyə minirdi.

Milli dövlət quruculuğu

SSRİ-nin Konstitusiyası qəbul edildikdən sonra xalqlar arasında tarixən əmələ gələn iqtisadi, sosial və mədəni sahədəki qeyri-bərabərliyi aradan qaldırmaq milli siyasətin əsas istiqamətini təşkil edirdi. Respublikaların idarəçilik aparatına milli kadrlar yerləşdirildi. Ümumittifaq idarəçilik orqanlarının səlahiyyətlərinin artırılması şəraitində ölkədə bürokratik mərkəzləşmə prosesi gücləndi.

1924-1925-ci illərdə Orta Asiya respublikalarında milli-dövlət bölgüsü həyata keçirildi. Buxara və Xarəzm SSR, eyni zamanda Türküstan MSSR-in yerində müstəqil Özbəkistan və Türkmənistan SSR, Tacikistan MSSR, RSFSR-in tərkibində isə Qazaxıstan və Qırğızıstan MSSR təşkil edildi. 1929-cu ildə Tacikistan MSSR, 1936-cı ildə RSFSR-in tərkibində muxtar hüquqlu respublikalar olan Qazaxıstan və Qırğızıstan müttəfiq respublikalara çevrilərək SSRİ-nin tərkibinə daxil oldular. Yenə həmin il ZSFSR ləğv edildi. Azərbaycan, Gürcüstan və Ermənistan müstəqil müttəfiq respublikalar hüququnda SSRİ-nin tərkibinə daxil oldular.

1924-cü ildə RSFSR-in belarus əhalisinin üstünlük təşkil etdiyi Vtebsk, Qomel və Smolensk qəzalarının bir sıra rayonları Belarusiya SSR ilə birləşdirildi. 1924-cü ilin oktyabrın 12-də Ukrayna SSR-in tərkibində Moldoviya MSSR yaradıldı. Ukraynada yeni inzibati ərazi bölgüsü keçirilərək nahiyələr, qəzalar, quberniyalar ləğv olundu, onların yerinə respublika ərazisi rayonlara və mahallara bölündü. RSFSR-də mili muxtariyyət quruculuğu davam edirdi. SSRİ-nin yaradılması ərəfəsində RSFSR-in tərkibində bir sıra muxtar qrumlar var idi. Volqaboyu almanların Əmək Kommunası (1923-cü ildən Volqaboyu almanların MSSR-i), Başqırd, Tatar, Kareliya Əmək Kommunası (1923-cü il iyulun 25-dən Kareliya MSSR), Dağlıq, Dağıstan, Krım, Yakutiya muxtar respublikaları buna misaldır. Bu respublikalarla yanaşı Çuvaş, Votsk (Udmurt), Mari, Komi, Çərkəz (Adıgey), Kalmık, Buryat-Monqol Muxtar vilayətləri mövcud idi ki, onların da bir çoxu sonradan muxtar respublika statusu almışdır. 1924-cü ildə Dağlıq MSSR-in ərazisində Kabardin-Balkar, Karaçay-Çərkəz, Şimali Osetiya, Çeçen və İnquş muxtar vilayətləri meydana gəldi ki, onların da bir çoxu muxtar respublikaya çevrildi. 1930-cu ilin ortalarına doğru Mordova, Udmurt və Mari Muxtar vilayətlərinin MSSR-ə çevrilməsi ilə Volqaboyunda mili-dövlət quruculuğu işi əsasən başa çatmış oldu. 1930-cu illərdə həm də Sibirdə də muxtar vilayət və milli dairələrin təşkil edilməsi prosesi davam etmişdir.

Çox zaman bürokratik metodlarla həyata keçirilən milli-dövlət quruculuğu ideoloji və siyasi məqsəd daşıyırdı. Hər hansı bir qərarın həyata keçirilməsinin məqsədyönlü real mexanizmi yox idi, çox vaxt ərazidə yaşayan əhalinin etnik tərkibi lazım olan səviyyədə nəzərə alınmırdı. Bununla yanaşı, əvvəllər öz dövlətləri olmayan xalqlar onu əldə etməklə həyata keçirilən milli-dövlət quruculuğu prosesini sovet hakimiyyətinin xidməti kimi qiymətləndirərək özlərinin iqtisadi və mədəni inkişafını onunla bağlayırdılar.

Beləliklə, vahid ittifaq dövlətinin yaradılması ölkənin iqtisadi və hərbi gücünü artırdı, keçmiş Rusiya imperiyasının milli ucqarlarında yaşayan xalqların sənaye və mədəni inkişafı üçün geniş üfüqlər açdı. Eyni zamanda, bu proses milli dövlətçiliyin yaranmasına mane oldu, belə ki, federativ əsasda Sovet İttifaqının yaradılması deklorativ xarakter daşıyırdı, respublikaların İttifaqdan azad surətdə çıxmaq hüququ isə yalnız kağız üzərində idi. Ölkənin ittifaq və muxtar respublikalara bölünməsi həddən ziyadə mərkəzləşdirilmiş dövlətin yaradılmasına mane ola bilmədi. Belə bir şəraitdə milli mədəniyyətlərin deformasiyaya uğraması qaçılmaz oldu. SSRİ çərçivəsində mili məsələləri problemsiz həll etmək mümkün olmadı ki, bu da 90-cı illərin əvvəllərində SSRİ adlanan nəhəng qurumun dağılmasının başlıca səbəblərindən biri oldu.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

 

0 şərh