1917-1940-cı illərdə Sovet mədəniyyəti

Savadsızlığın ləğv edilməsi. Məktəb.Oktyabrdan sonrakı illərdə həyata keçirilən dəyişikliyin əsas tərkib hissələrindən birini mədəniyyət sahəsindəki “mədəni inqilab” təşkil edir. Bunlar təhsil, elm, texnika, ədəbiyyat, incəsənəti əhatə etməklə cəmiyyətin bütün mənəvi həyatına nüfuz etmişdir. Mədəniyyət sahəsindəki dəyişikliklərin istiqamət və xarakteri yeni, sosialist bədii mədəniyyətin formalaşdırılması ilə müəyyən olunmuşdur. Ölkənin partiya və dövlət rəhbərliyi bu vəzifənin həyata keçirilməsini sosialist cəmiyyətinin qurulması ilə bağlayırdı.

Sovet dövlətinin qarşısında duran birinci dərəcəli vəzifə əhalinin geri qalan mədəni səviyyəsini aradan qaldırmaq idi. Belə ki, 1897-ci ildəki əhalinin siyahıyaalınmasının məlumatına görə Rusiya əhalisinin yalnız 22,3 faizi oxuyub yaza bilirdi. Bu göstərici 1917-ci ildə bir qədər artsa da əhalinin əsas hissəsi savadsız olaraq qalırdı. Sovet hakimiyyəti isə mətbuat vasitəsilə öz ideya və görüşlərini yaymaqda maraqlı idi. Mənəvi həyata rəhbərlik RK (b) P-nin görkəmli xadimi, ədəbiyyat tənqidçisi və publisist A.V.Lunaçarskinin sədrliyi ilə Xalq Maarif Komissarlığına tapşırıldı. Yerli sovetlərin nəzdində xalq təhsili şöbələri yaradıldı. Tezliklə RK (b) P MK-nın təbliğat-təşviqat şöbəsi yaradıldı və bunun sayəsində mədəniyyətin inkişafı partiya rəhbərliyinin nəzarətinə keçmiş oldu.

1919-cu ilin sonunda Sovet hökuməti “Rusiya əhalisi arasında savadsızlığın ləğv edilməsi haqqında” dekret imzaladı. Bütün savadsız yaşlı əhali üçün icbari təhsil elan edildi. İnqilabi ideyalarla süslənmiş yeni əlifba və vəsaitlər nəşr edildi, xüsusi savadsızlığın ləğv edilməsi məktəbləri (likbez) təsis edildi. Savadlı vətəndaşlar məcburi əmək mükəlləfiyyəti çərçivəsində savadsızlarla təhsil işinə cəlb olundu. Kənd yerlərində çox halda böyüklər uşaqlarla birgə oxuyurdular. Vətəndaş müharibəsi dövründə ölkədə 7 milyon nəfər əhaliyə savad öyrədildi. 1920-ci ildə Rusiyada hər min nəfər əhaliyə 319 nəfər savadlı adam düşürdü. Belə ki, V.İ.Leninin imzaladığı hökumət dekretində oxuyub-yaza bilməyən 8 yaşından 50 yaşınadək bütün əhali doğma və ya rus dilində təhsil almağa borclu idi. Bundan yayınanlar cinayət məsuliyyətinə belə cəlb oluna bilərdilər.

Savadsızlığın ləğv edilməsində yeni yaradılan savadsızlığın ləğvi üzrə Ümumrusiya fövqəladə komissiyası mühüm rol oynadı. Xalq Maarif Komissarlığı ilə birlikdə onlar ölkə əhalisinə savad öyrətmək fəaliyyətini daha da genişləndirdilər. Lakin maliyyə vəsaitinin qıtlığı, maddı bazanın zəifliyi və pedaqoji kadrların çatışmazlığı bu işi mürəkkəbləşdirdi. Belə şəraitdə savadsızlıqla mübarizədə ictimai təşkilatlar mühüm rol oynamağa başladılar. 1923-cü ilin payızında M.İ.Kalininin sədrliyi ilə Ümumrusiya könüllülər cəmiyyəti olan “Rədd olsun savadsızlıq” birliyi yarandı. Sovet mədəniyyətinin görkəmli nümayəndələri A.V.Lunaçarski,

M.N.Pokrovski və b. cəmiyyətin işində yaxından iştirak edərək minlərlə savadsızlığın ləğvi məntəqələri və məktəblərinin açılmasına kömək etdilər. Kəndin mədəni səviyyəsini yüksəltmək məqsədi ilə 1,2 milyon nəfərdən çox adam şəhər hamilik təşkilatlarında birləşmişdi.

Məktəblərin təşkil olunması prinsip etibarı ilə dəyişdi və xalq maarifi sistemi yenidən quruldu. Gimnaziyalar, realm məktəbləri, məhəllə-kilsə və zemstvo məktəbləri ləğv edildi. Onların yerinə hər biri beş və dörd il olmaqla bütün ölkə üçün iki dərəcəli əmək məktəbləri yaradıldı və təhsil haqqı ləğv edildi. Oğlan və qızların birlikdə oxuduğu məktəbin işinə komsomola tabe olan şagird komitələri (uçkomı) rəhbərlik edirdi. Məktəbin vəzifəsi son məqsəd olaraq kommunizm quran nəsillər tərbiyə etmək idi. Təhsilin ideologiyalaşdırılması-nın artmasının bərqərar olması isə bilavasitə bu siyasətin nəticəsi idi. 1923-24-cü tədris ili məktəbin həyatında dönüş ili oldu. Bu vaxtdan etibarən ümumtəhsil məktəblərinin şəbəkəsi və şagird kontingenti artdı. Belə ki, 1914-cü ildə ölkənin ibtidai və orta məktəblərində oxuyan 7,8 milyon şagirdə qarşı, 1925-26-cı tədris ilində 10 milyon uşaq ibtidai və orta məktəblərdə təhsil alırdı. 1926-cı ildəki əhalinin ümumittifaq siyahıyaalınması məlumatına əsasən ölkədə 9 yaşından yuxarı əhalinin 51,1 faizi savadlı idi. 1897-ci ildə isə bu göstərici yalnız 24 faiz təşkil edirdi. Şəhərlə kənd əhalisi arasında olan savad fərqi xeyli azaldı. 1927-ci ildə isə uşaqların 70%-i ibtidai məktəblərə cəlb edilmişdir. 1926-cı il siyahıyaalma məlumatına əsasən 9 yaşından yuxarı olan əhali arasında savadlılar RSFSR-də 55, Ukrayna SSR-də 57,5, Belarusiya SSR-də isə 53,1% təşkil edirdi. Artıq 1932-ci ildə SSRİ-nin yaşlı əhalisinin böyük əksəriyyəti oxuyub-yazmaq öyrənmişdir.

Savadsızlığın kütləvi surətdə ləğv edilməsi icbari ümumtəhsillə sıx bağlı idi. Bu məqsədlə 1930-31-ci dərs ilindən başlayaraq bütün ölkədə icbari dördillik ibtidai təhsil tətbiq olundu. 1929-cu uldə Xalq Maarif Komissarı A.V.Lunaçarskini publisist, hərbi-nəzəri, partiya tarixi və maarif məsələləri üzrə əsərlərin müəllifi A.S.Bubnov əvəz etdi (1929-1937). 1931-ci ilin əvvəllərində dördillik məktəblərdə 14 milyon nəfər şagird və 60 min nəfər yeni müəllim fəaliyyət göstərirdi. 1932-ci ilin sonunda SSRİ-də icbari ibtidai təhsilin tətbiqi məsələsi əsasən həll edildi, belə ki, 8 yaşından 11 yaşına kimi olan uşaqların 98%-i ibtidai məktəblərə cəlb edildi. Təkcə şagird və müəllimlərin sayı deyil tədrisin məzmunu da dəyişdi. 1932-ci il avqustun 25-də “Tədris proqramları və ibtidai orta məktəblərdə iş rejimi haqqında” qətnamə elan olundu. Məktəblərdə dərslərin keçirilməsinin daimi cədvəli, məktəblilərin tədris və ictimai işinin bərabər bölgüsü, daxili qayda-qanunun bərqərar olmasının müəyyən edilməsi qətnamədə öz əksini tapdı. Tədrisin təşkilinin əsas forması əvvəlki “briqada-laborator” metodundan fərqli olaraq dərs elan olundu. Xalq Maarif Komissarlığı kütləvi naşirlərlə sabit dərslik və dərs vəsaitləri çap etdirərək məktəblərə göndərirdi. Məktəblər üçün çap edilən proqramlar yenidən işlənərək şagirdlərə elmin əsaslarını daha dərindən öyrətmək məqsədilə təhsilin istehsalata yaxınlaşdırılması nəzərdə tutulurdu. Bir çox fənnlərin tədris proqramlarının məzmunu dəyişdi. 1934-cü ildə ÜİK (b) P MK və XKS “SSRİ məktəblərində vətəndaş tarixinin tədris edilməsi haqqında” qərar qəbul etdi. Məktəblərdə əvvəllər “marksizm əsasları” və sosioloji sxem üzrə öyrədilən dərsləri tarixi faktlar əsasında keçilməsi irəli sürüldü. Bu hər şeydən əvvəl ideoloji dəyişikliklə əlaqədar olub Rusiyanın keçmişini nihilizm əsasında öyrənməkdən imtina edilməsi və onu “böyük dövlət” kursu əsasında tədris edilməsinə başlamaq məqsədi daşıyırdı.

20-30-cu illərin əvvəllərində SSRİ ərazisində yaşayan türk dilli və bəzi başqa xalqların latın əlifbasına keçməsi bu xalqlar arasında savadsızlığın ləğv edilməsində mühüm rol oynadı. Lakin tədricən bu milli respublikaların əhalisinin bir tərəfdən dil və mədəni cəhətdən rus mədəniyyətindən ayrı düşməsinə, başqa bir tərəfdən isə tədrisin mürəkkəbləşməsinə səbəb olurdu. Odur ki, rus yazı qrafikasına keçilməsi tələb olunurdu. 1935-ci ildə birinci olaraq kabardinlər rus əlifbasını qəbul etdilər. 1937-ci ildə isə Şimalın kiçik xalqları və Dağıstan əhalisi yeni rus əlifbasına keçdilər. 1937-1940-cı illərdə isə Orta Asiya, Orta Volqa və Azərbaycan əhalisi yeni rus əlifbasına keçdilər.

1936-cı il yanvarın 16-da Sovet dövləti “Savadsız və azsavadlıların təhsil alması işi haqqında” qətnamə qəbul etdi. Bu sənədə əsasən savadlanma uğrunda mübarizə dövlətin iştirakı ilə 1936-1937-ci illərdə başa çatmalı idi. Ölkəni başdan-başa savadlılar diyarına çevirmək arzusu yerinə yetirildi. Təkcə birinci və ikinci beşillik illərində 40 milyon yaşlı əhaliyə savad öyrədildi. 1939-cu il yanvarın 17-də əhalinin ümumittifaq siyahıyaalınması məlumatına əsasən 9 yaşından yuxarı ölkə əhalisinin 81,2 faizi, o cümlədən kişilərin 90,8, qadınların 72,6 faizi savadlı idi. Bu o deməkdir ki, 30-cu illərin sonunda SSRİ-də savadsızlıq əsasən ləğv olunmuşdur.

1930-cu illərin ikinci yarısında SSRİ-də ümumi icbari ibtidai təhsilin həyata keçirilməsi əsasən başa çatdı. 8-9 yaşlı uşaqların əsasən hamısı məktəblərdə təhsil alırdı. Milyonlarla uşağın oxuması üçün yeni məktəb binaları tələb olunurdu. Bu məqsədlə ikinci beşillik illərində 19 min məktəb binası tikildi ki, burada da 5,3 milyon şagird oxuyurdu. 1937-ci ildə ibtidai və orta məktəblər üçün 277 milyon nüsxə dərslik və dərs vəsaiti nəşr edilmişdir. Məktəblərin dərslik və dərs vəsaiti ilə təmin edilməsində Q.M.Krjijanovski, E.V.Britske, A.D.Arxanqelski və b. mühüm rol oynadılar.

Ümumtəhsilin həyata keçirilməsi çoxlu sayda müəllim kadrlarının hazırlanmasını tələb edirdi. 1934-cü ildə RSFSR məktəblərində 100 min nəfər müəllim çatışmırdı. İbtidai məktəblər üçün isə 40 min nəfər müəllimə ehtiyac var idi. Bu ehtiyacı ödəmək üçün 1934-cü ildə yedillik məktəblər üçün pedaqoji kadrlar hazırlamaq məqsədilə ikiillik müəllimlər institutları yaradıldı. 1933-1937-ci illərdə pedaqoji tədris müəssisələrinin şəbəkəsi ikiqat artırıldı. Bunun sayəsində pedaqoqların sayı dörd dəfədən də çox artdı.

Ali təhsil. Ali təhsil sahəsində vəziyyət mürəkkəb idi. Köhnə ziyalılara şübhə ilə yanaşan Sovet hakimiyyəti ictimai mənşəyi fəhlə və kəndlilərə dayanan öz zəhmətkeş ziyalılarını formalaşdırmağa çalışırdı. Bu məqsədlə ali məktəblərə yeni qəbul qaydaları tətbiq edildi. Tələbə sıralarına qəbul imtahansız və orta məktəbi bitirmək haqqında sənəd olmadan aparılırdı. Fəhlə və kəndlilərin içərisindən çıxan gənclərə ali məktəblərə qəbul edilərkən üstünlük verilirdi. Burjuaziya, ziyalılar və qulluqçuları təmsil edən gənclər bir neçə il iş stajı olduqdan sonra ali məktəbə qəbul ola bilərdilər. Əslində bu Sovet hakimiyyətinin ali məktəblərə sinfi nöqteyi-nəzərdən yanaşması idi.

1919-cu ildə ali məktəblərə daxil olanların ümumtəhsil səviyyəsini yüksəltmək məqsədilə fəhlə fakültələri (rabfak) yaradıldı. Məhz bu fakültələr tələblərin sosial tərkibinin fəhlə və kəndlilərin hesabına dəyişilməsinə səbəb oldu. 1921-ci ilin iyununda Moskvada ali məktəblərin nəzdində fəaliyyət göstərən fəhlə fakültələrinin I Ümumrusiya qurultayı keçirildi. Qurultayın işi göstərdi ki, fəhlə fakültələri bütün ölkə üzrə yayılmışdır. Artıq 1921-ci ilin yazında fəhlə fakültələrinin 25 min nəfər dinləyicisi var idi. 1925-26-cı dərs ilində isə fəhlə fakültələrində 57 min nəfər gənc təhsil alırdı. Bu isə o deməkdir ki, fəhlə və kəndliləri təmsil edən sovet ziyalılarının birinci nəslini məhz fəhlə fakültələri hazırlamışdır.

Ali məktəblərin işinə sinfi nöqteyi-nəzərdən yanaşan Sovet hakimiyyəti bu məktəblərdə burjua təbliğatının qarşısını almaq məqsədilə bir sıra tədbirlər gördü. 1921-ci ildə Sovet dövləti özünün marksist kadrların hazırlamaq üçün Qırmızı Professorlar İnstitutunu yaratdı. 1924-cü ildə institutun birinci buraxılışının məzunları içərisində görkəmli tarixçilər A.V.Şes-takov, İ.M.Pankratova, M.V.Neçkina və b. olmuşdur. Ali məktəblərin işini yenidən qurmaq üçün 1918-ci ildə birinci sovet Ali məktəb Nizamnaməsi qəbul olundu ki, bunu da XKS 1921-ci il sentyabrın 2-də təsdiq etdi. Mütəxəssis kadrların hazırlanması, elmi-tədqiqat işlərinin aparılması, elmi biliklərin zəhmətkeşlərin arasında yayılması kimi üç əsas vəzifə müəyyən edildi. Nizamnamədə ali məktəblərin demokratikləşdirilməsindən söhbət getsə də əslində əvvəllər mövcud olan rektorların və ali məktəbin idarə heyətinin seçkili olması yerinə onların təyin edilməsinə keçilməsi bunun əksini nümayiş etdirirdi. Buna qarşı hətta 1921-ci ilin yazında MATU-də, 1922-ci ilin yazında isə Moskva Universitetində professor-müəllimlər tətil belə etdilər. Professor-müəllim heyətinin bir sıra qanuni tələbləri yerinə yetirildi. Profes-sional-texniki təhsilin Baş idarəsinin sədri Y.Preobrajenski tutduğu vəzifədən azad edildi. 1914-cü ildə Rusiyanın 91 ali məktəbində 112 min tələbə təhsil aldığı halda, 1925-ci ilin sonunda Sovet İttifaqında 145 ali məktəb var idi ki, burda da 167 min nəfər tələbə təhsil alırdı. Buna baxmayaraq, ölkənin mütəxəssi kadrlara ehtiyacı çox idi. Tələbatı ödəmək məqsədilə istehsalatdan ayrılmadan təhsil almaq üçün ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələri açıldı və inkişaf etməyə başladı. Sənayeyə rəhbər kadrlar hazırlamaq məqsədilə

1927-28-ci ildə prinsipcə yeni məzmun kəsb edən Sənaye akademiyası təşkil olundu.

1932-ci il sentyabrın 19-da SSRİ MİK-si “Ali məktəb və texnikumlarda tədris proqramları və iş rejimi haqqında” qətnamə qəbul etdi. Qətnaməyə əsasən tələbələrin fərdi məsuliyyətini kəskin surətdə aşağı salan briqada-laborator metodu ləğv edildi. Tədris prossesində tələbələrin müstəqil işi mühazirə kurslarının təşkili ilə əlaqələndirildi, ali məktəblərə qəbul zamanı əsas fənnlərdən sınaqların keçirilməsi bərpa edildi. Ölkə üzrə ali məktəbin coğrafiyası dəyişdi. Çar Rusiyasında əsasən mərkəzi rus şəhərləri olan yerlərdə 20 ali məktəb müəssisəsi olduğu halda, 30-cu illərin ikinci yarısında SSRİ-nin 100 şəhərində universitet və institutlar fəaliyyət göstərirdi. Ali məktəblərin kontingenti və şəbəkəsi artdığı, iş yükü mürəkkəbləşdiyi üçün 1936-cı ildə SSRİ XKS-nin nəzdində İ.İ.Mejlaukın sədrliyi ilə Ali məktəblərin işi üzrə Ümumittifaq Komitəsi yaradıldı. Humanitar sahələr üzrə mütəxəssislər hazırlanmasını genişləndirmək üçün 1934-cü il sentyabrın 1-dən Moskva və Leninqrad universitetlərinin tarix fakültələri bərpa edildi. Bunların ardından Tomsk, Kazan, Rostov və Saratovda tarix fakültələri fəaliyyətə başladı. Sovet ali məktəbinin inkişafında Moskva Dövlət Universiteti mühüm rol oynadı. 1938-ci ildə ölkənin 23 universitetində və 126 fakültəsində 47705 tələbə təhsil alırdı. Sovet ali məktəbləri təkcə ikinci beşillik illərində 370 min mütəxəssis hazırlamışdır. 1928-1937-ci illərdə ölkənin ali məktəb və texnikumları 2 mln yaxın mütəxəssis hazırlamışdır. Ali məktəblər üçün müəllim və elmi kadrlar XKS-nin 1934-cü il yanvarın 13-də elan etdiyi qərara əsasən həm ali məktəblərin özündə, həm də elmi-tədqiqat institutlarında hazırlanırdı. Elmi idarələrin və ali məktəblərin işçiləri üçün elmi adlar və vəzifələr müəyyən edildi. Artıq 1934-cü ilin sonunda ali məktəblərdə, qırmızı professorlar və marksizm-leninizm institutlarında 9400 aspirant hazırlanırdı. Bütün bunlar sovet ziyalılarının formalaşmasının əsas mənbəyləri idi. 1936-cı il yanvar ayının 1-də SSRİ-də 2500 professor, 3800 dosent, 1800 elmlər doktoru və 3000 elmlər namizədi var idi.

Sovet elmi

1920-30-cu illərdə.Köhnə burjua mütəxəssislərinin bir hissəsi hələ vətəndaş müharibəsi illərində sosializm quruculuğu işinə qoşuldu. Tədricən V.İ.Leninin 1920-ci ilin martında dediyi elmin nümayəndələri ilə proletariatın yaxınlaşması baş verirdi. Akademiklər T.P.Lazarev və A.E.Fersman, görkəmli elektrotexniklər İ.Q.Aleksandrov və Q.O.Qraftio, tanınmış geoloq və kimyaçılar İ.M.Qubkin və V.N.İpatyev, kənd təsərrüfatı elmləri üzrə mütəxəssislər V.P.Vilyams və D.N.Pryanişnikov və b. Dövlət Plan Komitəsinin işində fəal iştirak edirdilər. Aviasiya elminin inkişafında Mərkəzi aerohidrodinamik institut (MAHİ) mühüm rol oynayırdı. 1921-ci ilin martında bu institutun təməlini qoyan, “rus aviasiyasının atası” N.E.Jukovskinin ölmündən sonra ona istedadlı alim S.A.Çaplıgin rəhbərlik etməyə başladı. 1922-ci ilin mayında A.N.Tupolevin konstruksiyası əsasında ilk sovet monoplan təyyarəsi sınaqdan keçdi, iki ildən sonra isə ANT-2 təyyarəsi hazırlandı.

1922-ci ildən görkəmli alim D.N.Pryanişnikovun rəhbərlik etdiyi K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyası bitkiçilik və aqrokimya sahəsində mühüm nəticələr əldə etdi. Yeni bitki və meyvə növlərinin yetişdirilməsində İ.V.Miçurinin təcrübələri geniş şöhrət qazanmışdır. 1921-ci ildə Elmlər Akademiyasının tərkibində Fizika-riyaziyyat və Fizika-tex-niki institutları meydana gəldi. Akademik A.F.İoffenin rəhbərlik etdiyi Fizika-texniki institutunda İ.V.Kurçatov, N.N.Semyonov, D.V.Skobeltsın kimi gələcəyin alimləri elmi tədqiqat işlərinə başladılar. 1921-1925-ci illərdə aparılan geoloji tədqiqatlar ölkədə küllü miqdarda kömür, neft, dəmir, əlvan metal, marqans və fosfat ehtiyatları aşkar etdi.

Artıq 1925-ci ildə Elmlər Akademiyasının 200 illik yubileyi ərəfəsində onun tərkibində 40 elmi müəssisə var idi ki, burada da min nəfərdən çox əməkdaş çalışırdı ki, onların da 42 nəfəri akademiyanın həqiqi üzvü idi. Yubley ərəfəsində SSRİ MİK və XKS “Rusiya Akademiyasının SSRİ ali elmi-tədqiqat müəssisəsi hesab edilməsi haqqında” verdiyi qərarla SSRİ Elmlər Akademiyası ümumittifaq elm mərkəzinə çevrildi. SSRİ EA-nin ilk prezidentləri görkəmli alim və təşkilatçılar A.P.Karpinski (1917-1936) və V.L.Komarov (1936-1945) olmuşdur. 1924-1925-ci illərdə RSFSR Xalq Maarif Komissarlığının idarəsində 103 elmi müəssisə və 232 elmi cəmiyyət fəaliyyət göstərirdi.

1919-cu ildə yaradılmış Ukrayna Elmlər Akademiyasında mikrobiologiya sahəsində adı ölkəsinin sərhədlərindən uzaqlarda məşhur olan D.K.Zabolotno kimi alimlər işləyirdi. Akademiyanın prezidenti akademik V.İ.Lipski ölkəsinin florasının öyrənilməsi sahəsində, kimyaçı alim S.N.Reformatski kimya elmi sahəsində mühüm nəticələr əldə etmişlər. Belarusiyada bataqlıqların qurudulması aktual olduğu üçün Universitet kafedralarında aqrokimya, torf kimyası, meliorasiya problemləri, respublikanın bitki örtüyü və s. məsələlər tədqiq olunurdu. Humanitar elmlər sahəsində əsas məqsəd marksizmə dair tədqiqatları genişləndirmək idi. Bu istiqamətdə əsas işi M.N.Pokrovski, A.D.Udaltsov, V.P.Milyutin kimi alimlərin öncüllük etdiyi Kommunist Akademiyası həyata keçirirdi (1924-cü ilə kimi Sosialist). İctimai elmlər sahəsində tədqiqatlar həm də Qırmızı professorlar, ali məktəblərin ictimai elmlər fakültələrində aparılırdı. Marksist təbliğata geniş yer verən Sovet dövləti 1920-ci ildə K.Marks və F.Engels İnstitutu yaratdı. 1931-ci ildə hər iki institut birləşib vahid Marks-Engels-Lenin İnstitutu oldu.

1928- ci ildə görkəmli alim S.V.Lebedev etil spirtindən orjinal yolla sintetik kauçuk aldı. S.V.Lebedevin kəşfi, A.E.Favorski, B.V.Bızovun əsərləri sənayedə yeni sahə olan sintetik kauçukun elmi əsasını qoydu. Gənc alim D.V.Skobeltsın kosmik şüanın müəyyən edilməsi metodunu, fizik D.D.İvanenko atom nüvəsinin proton və neytronlardan ibarət olması nəzəriyyəsini, professor N.N.Semyonov zəncirvari reaksiyalar nəzəriyyəsini işləyib hazırladılar. K.E.Siolkovskinin 1927-ci ildə yazdığı “Kosmik raket”, 1930-cu ildə yazdığı “Reaktiv aeroplan” və s. əsərləri kosmosun fəth edilməsinin nəzəri problemlərinin öyrənilməsinə həsr olunmuşdur.

1929- cu ildə 12 institutu birləşdirən V.İ.Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyası yarandı ki, onun da prezidenti görkəmli genetik, bitkişünas alim

N.İ.Vavilov (1899-1943-cü illər) təyin edildi. Genetika sahəsində S.S.Çetverikov, N.K.Kolt-sov, M.M.Zavadovski kimi böyük alimlər çalışırdı. 30-cu illərdə biologiya sahəsində T.D.Lı-senkonun yüksəlişi başlayır ki, o da genlərin mövcudluğunu inkar edərək irsiyyətdə qazanılmış əlamətlərə üstünlük verirdi. Hətta öz təcrübələrinin nəticələrini belə saxtalaşdıran T.D.Lı-senko heç bir əsasa söykənməyən vədlərlə hakimiyyətin köməyini qazanaraq 1938-ci ildə ÜKTEA-nın prezidenti oldu. Genetik alimlər üzərinə hücum edən T.Lısenko onları siyasi səbatsızlıqda belə günahlandırdı. Bütün bu böhtan və yalan ifadələr sayəsində bioloq alimlərin bir çoxu repressiyaya məruz qaldı, akademik N.İ.Vavilov Sovet inzibati orqanları tərəfindən 1940-cı ildə həbs olundu və böyük vətənpərvər alim 1943-cü ildə həbsxanada dünyasını dəyişdi.

İctimai elmlər ideologiyasının ciddi məngənəsində sıxılmaqda davam edirdi. Marksizm ağalıq edən yeganə metodologiya idi. Marksist olmayan alimlər ya Rusiyanı tərk etmiş, ya da mətbuatda və ya universitet kafedralarında öz görüşlərini izah etməkdən məhrum idilər. Tarix elmi sahəsində Oktyabra kimi iş stajı olan professional tarixçilər içərisində yeganə marksist olan M.N.Pokrovskinin ağalığı davam edirdi. O, öz əsərlərində o zamanki ideoloji tələbata uyğun olaraq Oktyabra qədərki Rusiyanın geriliyini həddən ziyadə şişirdərək onun keçmişini nihilistcəsinə əks etdirirdi. Lakin 30-cu illərdən başlayaraq rəsmi ideologiya ölkənin geriliyi haqqında susmağa başladı. Təbliğat maşını imperiya motivlərini ön plana çəkdi. Bu dünya inqilabı kursunun uğursuzluğa düçar olması, ölkənin birliyini möhkəmlətmək məqsədilə əhalinin çox hissəsinin milli hisslərini oyatmaqdan irəli gəlirdi. 30-cu illərin ikinci yarısından 1932-ci ildə vəfat edən M.N.Pokrovskinin əsərləri tənqid atəşinə tutuldu. Onun görüşləri tarixə zidd olan antimarksist baxışlar kimi qeyd olundu. Belə ki, M.Pokrovskinin marksisizm tarix elmi Rus dövlətinin müstəmləkəçilik siyasətini ifşa edərək rus imperiyasını “xalqlar həbsxanası” kimi qələmə verdiyi halda 30-cu illərin əvvəllərindən başlayaraq rəsmi təbliğatın bu məsələyə münasibəti əsaslı surətdə dəyişdi. Rusiyanın milli ucqarlarda yaşayan xalqları əsarət altına alması “ən az yamanlıq” kimi izah edilməyə başlandı.

1929-cu ildə İ.V.Stalinin anadan olmasının əlli iliyi tədbirləri onun şəxsiyyətinə pərəstişi yeni mərhələyə yüksəltdi. Stalin Leninizmin ən görkəmli nəzəriyyəçisi elan olunaraq, ətrafı tərəfindən dahi, “bizim günlərin Lenini” kimi qələmə verilməyə başladı. Bu isə, öz növbəsində, tarixi həqiqətlərin təhrif edilməsinə gətirib çıxartdı. 1931-ci ilin oktyabrında İ.V.Stalin “Proletar inqilabı” jurnalında “Bolşevizmin tarixinin bəzi məsələləri haqqında” məktub dərc etdirərək partiya tarixi elminin tarixi həqiqətlə uzlaşmayan, onun rolunu şişirtməklə müşayət olunan yeni istiqamətdə tədqiq edilməsini irəli sürərək bir çox sovet tarixçilərini, o cümlədən, E.Yaroslavskini tənqid etmişdir. Bu, bir çox tarixçi alimin əsassız mühakimə obyektinə çevrilməsinə bəhanə oldu.

1938-ci ildə çox hissəsi Y.M.Yaroslavski və P.N.Pospelov tərəfindən yazılan “ÜİK (b) P tarixinin qısa kursu” çap edildi ki, bu da bolşevik partiyası tarixini öyrədən yeganə dərslik oldu. İ.V.Stalinin şəxsi nəzarəti və rəhbərliyi ilə hazırlanan bu dərslik əslində RSDFP-ÜİK (b)P tarixinin saxtalaşdırılması demək idi. Xalq düşməni elan edilən görkəmli köhnə bolşeviklərin inqilabı fəaliyyəti təhrif edilərək heçə endirilir, bunun müqabilində isə Stalinin rolu şişirdilirdi. Bolşevizmlə menşevizmin münasibətləri yalan əsasında oxucuya təqdim olunurdu. Əslində “Qısa kurs...” partiyanın tarixi sahəsindəki tədqiqatlara son qoydu və mahiyyət etibarı ilə bundan sonra partiya tarixi elmi mərkəzin hazırladığı və təqdim etdiyi ideyaları təbliğ etməklə məşğul ola bilərdi. İctimai elmlərin başqa sahələri də oxşar vəziyyətdə idi. Filosoflar yalnız “ÜİK (b) P tarixinin qısa kursu”nun Stalin tərəfindən yazılan “Dialektik və tarixi materializm haqqında” dördüncü fəsildəki məsələlərini izah və təsvir edə bilərdilər. Sosialogiya və sosial psixologiya isə ümumiyyətlə qadağan edilmişdir.

Lakin bütün bunlara baxmayaraq, bəhs edilən illərdə ictimai elm sahəsində çalışan alimlər elmin irəli getməsində mühüm addımlar atmışdı. Sovet dilçi alimləri N.Y.Marr, İ.İ.Meşşaninov öz tədqiqatları ilə dilçilik elmini zənginləşdirərək Oktyabra kimi öz əlifbası olmayan onlarla xalqlar üçün lüğət və qrammatika kitabı hazırladılar. Rusiyada feodalizmin tarixinin öyrənilməsində B.D.Qrekov və S.V.Baxrusin, XIX əsr ictimai hərəkatın tarixinin tədqiqində M.V.Neçkina və N.M.Drujinin, sovet mənbəşünaslıq elminin yaranmasında M.N.Tixomirov və S.N.Valk, slavyanşünaslıqda V.İ.Piçeta, ümum tarix meşələrinin araşdırılmasında Y.A.Kosminski, C.D.Skazkin, V.P.Volqin, E.V.Tarle və b. mühüm rol oynadılar. Zəngin və sanballı tədqiqatlarına baxmayaraq sovet tarixçiləri arasında da “sinfi düşmən” axtarışı davam etmişdir. Tarix cəbhəsindəki düşmən axtarışı E.V.Tarle və S.F.Platonov kimi tarixçilərin “əksinqilabi ziyankarlıqla” damğalanmalarına səbəb oldu. Sinfi mübarizənin forma və metodlarının tarix elminə də tətbiq edilməsi təbii olaraq tarixçilərin yaradıcılığına neqativ təsir göstərmişdir.

Ədəbiyyat və incəsənət.

Vətəndaş müharibəsi saysız-hesabsız qiymətli incəsənət və heykəltaraşlıq abidələrini, çoxlu kitabxana, xüsusi arxiv və mədəniyyət ocaqlarını dağıdaraq Rusiyanın mədəniyyətinə ağır zərbə vurdu. Bədii sahədə çalışan ziyalıların çox hissəsi sovet hakimiyyətini qəbul etməyərək Rusiyadan xarici ölkələrə mühacirətə getdilər. Bu illərdə bədii yaradıcılqla məşğul olan ziyalıların yolu birmənalı olmadığl kimi, həm də ziddiyyətli olmuşdur. Sol (avanqard) istiqaməti təşkil edən yazıçı və şairlər, rejissor və aktyorlar, rəssam və heykəltaraşlar inqilabın təntənəsindən bəhrələnərək özlərini ifadə etməyin yeni yaradıcılq formalarını azad surətdə axtarıb tapmaq məqsədilə köhnə incəsənət ənənə və üsul, qayda-qanunlarını sındırıb-dağıtmaq yolunda əllərinə fürsət düşdüyünü ümid edirdilər. Odur ki, bu məqsədlə onların çoxu bolşeviklərlə əməkdaşlıq etməyə başladılar.

20-ci illərin əvvəllərində incəsənət və ədəbiyyatda realizmi inkar edən və köhnə incəsənət ənənə və üsullarını dağıtmalı olan yeni bir üslub yaratmağa çalışan formalist cəryan olan futurizmin tərəfdarları hətta dövlət statusuna belə iddia edirdilər. Başqa sözlə, onlar özlərini inqilabi incəsənətin yeganə təmsilçiləri elan etdilər. Futuristlər və imajinistlər “Kommuna incəsənəti” qəzetinin səhifələrində köhnə ədəbi irsin dağıdılmasını və “sol incəsənətin” diktaturasının bərqərar olunmasını təbliğ edirdilər.

Bəhs edilən dövrdə inqilabi şüarlara fanatikcəsinə aludə olan bir sıra ədəbiyyatçı və tənqidçilər belə hesab edirdilər ki, əvvəlki mədəni irsdən tamamilə imtina edərək yeni proletar mədəniyyəti yaratmaq lazımdır. 1917-ci ilin payızında meydana gələn mədəni-maarif və ədəbi-bədii proletar mədəniyyəti (Proletkult) təşkilatına A.A.Boqdanov, V.F.Pletnyev və başqaları rəhbərlik edirdi. İxtisasca həkim olan keçmiş bolşevik A.A.Boqdanov Oktyabr silahlı üsyanında iştirak etməməsinə baxmayaraq, yeni proletar mədəniyyətinin yaradılamsında yaxından iştirak edirdi. A.Boqdanov Xalq Maarif Komissarı A.V.Lunaçarski ilə birlikdə belə hesab edirdilər ki, proletar mədəniyyəti partiya aparatından asılı olmamalıdır. Proletkultun dərnək və studiyaları ədəbiyyat, teatr və təsviri sənətə geniş zəhmətkeş kütlələri cəlb etməklə onların arasından gələcək şair, yazıçı, rəssam, aktyor və s. aşkar edirdilər. Proletkultçular özlərinin “Fit” (“Qudki”), “Proletar mədəniyyəti” (“Proletarskaya kultura”) jurnallarını nəşr edirdilər. Proletar şairlərin şeirlər toplusu çap edilirdi. Məsələn, A.K.Qastevin “Fəhlə zərbəsinin poeziyası”, V.T.Kirillovun “Gələcək şəfəqlər” kitabları buna misal ola bilər. Ümumən 1920-ci ildə proletkultçular hərəkatında 400 min nəfərə yaxın adam iştirak edirdi.

Proletar mədəniyyətçilərin partiya və dövlətə münasibətdə müstəqil siyasət yeritmələrini son dərəcə ziyanlı hesab edən V.İ.Lenin proletkult ideyalarına kəskin mənfi münasibət bəsləyirdi. Buna baxmayaraq proletkultçuların ideologiyası mövcud olmaqda davam edirdi və proletar yazıçıların Rusiya assosiasiyası onların xələfi oldu. (RAPP). Bu assosiasiyada tənqidçi L.Averbaxın rəhbərliyi altında birləşən ədib və şairlər xırda burjua ədəbiyyatçıları hesab etdikləri çığırdaşlar, o cümlədən, A.N.Tolstoy, A.P.Platonov, M.A.Bulqakov, S.A.Yesenin və hətta V.V.Mayakovskiyə qarşı mübarizə aparırdılar. 1917-ci ilə kimi burjua publisistikasın özünün futurist manifestləri ilə heyrətləndirən V.Mayakovski proletar inqilabının carçısına çevrilərək onun təntənəsini tərənnüm etməyə başaldı. Lakin V.Mayakovskinin sovet həqiqəti ilə inqilabi ideallar arasındakı uyğunsuzluğu görməsi “proletariat incəsənəti”nin qısqanc tərəfdarlarının narazılığına səbəb olurdu ki, bu da şairin faciəli həyat sonluğu ilə üzləşməsinə gətirib çıxardı. Baş verən hadisələri V.Mayakovski özünün “Misteriya-buff’ poemasında qələmə almışdır.

Böyük rus liriki, doğma təbiətin dahi tərənnümçüsü S.Yeseninin də taleyi fəlakətli dövrün ziddiyyətləri ilə müşayiət olunurdu. Onun yaradıcılığı “qolçomaq şair” kimi “ideya cəhətdən yad” elan olunmasına baxmayaraq Yesenin şeirlərinin sətirləri sovet adamlarının qəlbini döyündürür və isidirdi. XX əsr Rusiyanın tarixi dramını yaşayanlardan biri hakimiyyətin təqib etdiyi və reprressiyaya məruz qalan həqiqəti dərindən estetik şəkildə dərk edib tərənnüm edən şair O.Mandelştam idi. Bu dövrdə, poeziyanın istedadlı nümayəndələrindən biri B.Pastemakın “Leytenant Şmidt” epik əsəri çap edildi. A.Platonov “Çevenqur”, “Kot-lovan” (“Çala”), “Yuvenilnoye more” əsərlərindəki qəhrəmanlarının timsalında göstərdi ki, həyatdan uzaq düşən sosial eksperimentlər insan naturasını eybəcərləşdirərək nəyə gətirib çıxara bilər. M.A.Bulqakovun vətən ədəbiyyatının klassikləri sırasına daxil olan romanlarında insan məişəti problemləri geniş tarixi və sosial-psixoloji kontekstə işıqlandırılır. Onun senzura sayəsində yalnız bir hissəsi çap edilən “Ağ qvardiya” (“Belaya qvardiya”) əsəri vətəndaş müharibəsi tarixinə başqa mövqeydən işıq salır. Sosial fantastika janrında da əsərlər yazan M.Bulqakov 20-ci illərdə “İblislik” (“Dyavoliada”), “Pis yumurta” (“Rokovıye yaytsa”), çap edilməyən “İt ürəyi” (“Sobaçye serdtse”) əsərlərini yazır. Eyni ruhda sosial fantastikajanrında E.İ.Zamyatin “Biz” (“Mı”) əsərində yüksək totalitar cəmiyyətin satirik təsvirini vermişdir. Bəhs etdiyimiz yazıçı və şairlərin əsərlərinin çox hissəsi hakimiyyətin tələb etdiyi sosialist realizminə cavab vermədiyi üçün qadağan edilərək çap edilmirdi. Bu səbəbdən F.Platonov, E.Zamyatin, A.Axmatova, M.Bulqakov, O.Mandelştam, S.Klıçkov və b. əsərləri çap edilmir və yaxud çox az nüsxə ilə nəşr edilirdi.

30-cu illərin əvvəllərində Sovet dövləti yazıçıların böyük əksəriyyətini öz tərəfinə çəkərək çoxlu ədəbi təşkilatların mövcud olması zəruriliyini aradan qaldırmaq, bütün yazıçıları Sovet Yazıçıları İttifaqında birləşdirmək məqsədilə 1932-ci il aprelin 23-də “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” qərar qəbul etdi. Qərara uyğun olaraq 1934-cü ilin avqustunda 557 nümayəndənin iştirakı ilə birinci ümumittifaq yazıçılar qurultayında A.M.Qor-kinin sədrliyi ilə Sovet Yazıçılar İttifaqı yaradıldı. A.M.Qorkinin ölmündən sonra İttifaqa A.A.Fadeev sədrlik etməyə başladı. 2,5 min nəfəri əhatə vedən SSRİ Yazıçılar İttifaqının yaranması ilə nisbi bədii yaradıcılıq azadlığına son qoyuldu. Ədəbiyyat və incəsənətdə əsas yaradıcılıq metodu başlıca prinsipi partiyalılıq olan sosialist realizmi elan olundu. Yazıçılar ittifaqının nizamnaməsində deyildiyi kimi, sosialist realizmi yaradıcıdan “vəziyyəti həqiqi, konkret-tarixi və inqilab inkişaf mahiyyətində təsvir etməyi” tələb edir. Bu isə, yaradıcılıqda avanqard bədii qayda və formalardan imtina edilməsi demək idi. Başlıcası isə, o idi ki, bundan sonra hansı hadisənin təsvirinin həqiqət olmasını partiya instansiyası müəyən etməli idi.

Rəsmi ideoloji çərçivəyə baxmayaraq, bir çox istedadlı sovet yazıçıları cızılmış sərhədləri pozaraq görkəmli bədii əsərlər yaratdılar. A.M.Qorkinin yaradıcılıq fəaliyyətimin çiçəklənməsi məhz bu illərə təsadüf edir. Onun bir-birinin ardınca “Mənim universitetlərim”, (“Moi universiteti”), “Artamonovların işi”, (“Delo Artomonovıx”), “Klim Samginin həyatı”, (“Jizn Klima Samqina”), “Yeqor Bulıçov və başqaları”, (“Yeqaor Bulıçov i druqie”), “Dosti-qayev və başqaları” (“Dostiqayevi i druqie”) roman, dram və kitabları nəşr edildi. A.Qorkinin yaradıcılığı Sovet ədəbiyyatının və ölkə ədəbi mühitinin mühüm bir mərhələsini təşkil edir.

Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi dövründə kazakların taleyinin geniş tarixi epopeyasını tərənnüm edən M.A.Şoloxovun “Sakit Don” (“Tixiy Don”), A.N.Tolstoyun “Əzablı yollarla”, (“Xojdeniye po mukam”), N.A.Ostrovskinin “Polad necə bərkidi” (“Как zakalyalas stal”) və d. bədii yaradıcılıq nümunələri adamların yaşam və həyat mübarizəsinə həsr edilmişdir.

30-cu illərin ədəbiyyatında əsas yerlərdən birini sənayeləşdirməni əks etdirən istehsalat romanları tuturdu. Bu əsərlərdə əsas qəhrəman konkret adamlar deyil, ümumiləşdirilmiş texniki tərəqqi və şanlı əmək obrazıdır. F.Qladkovun “Sement” (“Tsement”), V.Katayevin “Zaman, irəli”, (“Vremya, vpered”), F.Panferovun “Tir” (“Bruski”), İ.Erenburqun “İkinci gün” (“Vtoroy den”) və s. əsərləri buna misal ola bilər. Sovet kəndində cərəyan edən faciəli hadisələr M.Soloxovun “Oyanmış torpaq” (“Podnyataya tselina”) adlı sanballı əsərində özünün bədii həllini tapmışdır. 1927-1941-ci illərdə Sovet satirasının gözəl nümunələri olan İ.İlf və E.Petrovun “Oniki stullar” (“Dvenadsat stulev”), “Qızıl buğa” (“Zolotoy telenok”) əsərləri meydana gəldi.

30-cu illərin ikinci yarısından başlayaraq repressiya şəraitində sovet bədii yaradıcılığının səviyyəsi kəskin şəkildə aşağı düşdü. A.Platonov, M.Bulqakov kimi bir çox ədəbiyyatçılar ya repressiyaya məruz qalmış, ya da ədəbiyyatdan uzaqlaşdırılmışdılar.

Sovet hakimiyyətinin ilk illəri teatrların sayının sürətlə artması ilə müşayiət olunurdu. Bir qayda olaraq yeni teatrlar köhnə teatr incəsənətindən imtina edən kəskin sol mövqeydən çıxış edirdilər. “Oktyabr teatrının” ideoloqları içəriaində böyük rejissor V.E.Meyerxold əsas yer tuturdu. Vətəndaş müharibəsi epoxasının tələb etdiyi təşviqatçı və plakat xarakterli ilk sovet pyesləri, o cümlədən V.Mayakovskinin “Misteriya-buff’ tamaşası səhnələrdə öz yerini aldı. Yeni iqtisadi siyasətə keçidlə bağlı teatrlar ağır günlər keçirməyə başladı. Maliyyə çətinliyinə görə əyləncə incəsənəti olan bir çox teatrlar bağlandı. Dramaturgiya və opera teatrları isə yalnız 20-ci illərin ikinci yarısından sonra öz vəziyyətlərini normal məcraya yönəldə bildilər. Artıq bu vaxt vətəndaş müharibəsi dövrünün təbliğatçı incəsənəti tamaşaçını qane etmirdi.

Fəhlələrin inqilabi hisslərinə hesablanan teatr avanqardçılığı onların özü üçün belə anlaşılmaz idi. Tədricən akademik teatrların səhnəsində, o cümlədən, K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenkonun rəhbərliyi ilə MBAT-da (MXAT) teatr ənənələri bərqərar olmağa başladı. 20-ci illərin ikinci yarısı — 30-cu illərin əvvəllərində ölkə teatrlarının repertuarında böyük şöhrət qazanmış bir çox tamaşalar meydana gəldi. M.A.Bulqakovun “Turbinlərin günü” (“Dni Turbinıx”), K.A.Trenyevin “Lyubov Yarovaya” (“Lyubov Yarovaya”), B.A.Lav-renyevin “Sındırma” (“Razlom”), V.V.İvanovun “Zirehli qatar 14-69”, (“Bronepoezd 14-69”), N.P.Erdmanın “Mandat” (“Mandat”), Vs.V.Vişnevskinin “Nikbin faciə” (“Optimistiçes-kaya traqediya”) və s. pyeslərin tamaşaları buna misaldır. Düzdür, demək olar ki, bu tamaşaların hamısı dəfələrlə senzura tərəfindən qadağan olunmuşdur. Sovet realist teatrının cızdığı sərhədlərdən kənara çıxanlar burjua formalizmində və yaxud da hər cür “solçuluq” təhriflərində günahlandırılırdı. Teatr incəsənəti sahəsində məcburi bərqərar edilən bir istiqamət -Stanislavski sistemi ağalıq edirdi. Teatrlarda bədii eksperimentlər uzun müddət yaddaşlardaan silinmiş oldu. Milli teatrlar sürətlə artırdı. 1920-ci ildə Ukraynada İvan Franko adına Teatr, Belarusiyada birinci Dram Teatr Minskidə fəaliyyətə başladı. Bu respublikalarda özfəaliyyət teatr hərəkatı geniş vüsət aldı. 30-cu illərin ikinci yarısından başlayaraq teatr və incəsənət sahəsində “formalizmlə” mübarizə pərdəsi altında repressiya dalğası geniş miqyas aldı. Formalizmlə mübarizə şüarı ilə böyük rejissor V.E.Meyerxoldun teatrı bağlandı, özü isə 1939-cu ildə həbs edilərək güllələndi.

Sovet hakimiyyəti misilsiz təbliğat imkanı olan kinomatoqrafiyaya xüsusi diqqət yetirirdi. İlk sovet bədii filmi hələ vətəndaş müharibəsi illərində ekrana çıxmışdı. S.M.Eyzen-şteynin 1925-ci ildə yaratdığı “Potyomkin zirehli gəmisi” (“Bronenosets Potemkin”) səssiz kinofilmi dünyada şöhrət qazanmışdır. 1926-cı ildə rejissor Vesevolod Pudovkin A.M.Qor-kinin “Ana” əsəri əsasında ölməz kinofilmini yaratdı. Rejissorlar V.Pudovkin və S.Eyzen-şteyn yaratdıqları kinofilmlərlə nəinki vətən, həm də dünya kino incəsənəti sahəsində yeni söz sahibi kimi məşhurlaşdılar. Tarixi mövzuya müraciət edən Sergey Eyzenşteyn slavyan rus xalqının milli qəhrəmanı Aleksandr Nevskinin bədii ekran obrazını “Aleksandr Nevski” (“Aleksandr Nevskiy”) kinofılmində yaratdı. Tarixi mövzuda V.İ.Pudovkinin çəkdiyi “Suvorov”, V.M. Petrovun “Birinci Pyotr” (“Petr Pervıy”) kinofilmləri böyük şöhrət qazandı. 1929-

1930-cu illərdə dünya şöhrətli Ukrayna rejissoru Aleksandr Dovjenko “Arsenal” və “Torpaq” (“Zemlya”) filmlərini yaratdı. Ölkə üzrə milyonlarla tamaşaçı təkrar-təkrar S.D. və Q.N.Va-silyevlərin ekranlaşdırdığı “Çapayev” filminə tamaşa edirdilər ki, bu da onlara unudulmaz təsir bağışlayırdı. Kinomatoqrafçılar bütov bir yeni nəslin, dinc dövrün qurucularının bədii obrazını kino səhnəsinə daşıdılar. Rejissorlardan N.V.Ekkin “Həyata vəsiqə” (“Putevka vı jizn”), S.A.Gerasimovun “Yeddi cəsur” (“Sem его smelıx”), İ.A.Pıryevin “Traktoristlər” (“Traktoristı”), G.V.Aleksandrovun “Işiqli yol” (“Svetlıy put”) kinofilmləri buna misaldır. Sovet kinosunda rejissor M.İ.Rommun “Lenin Oktyabrda” (“Lenin vı Oktyabre”), “Lenin

1918-ci ildə” (“Lenin vı 1918 qodu”) filmləri sosialist realizminin şedevrləri hesab edilirlər. Sovet kino incəsənəti sahəsində mühüm yerlərdən birini musiqili komedya janrı tutur ki, bu da əslində İ.Stalinin irəli sürdüyü “yaşamaq yaxşı olmuşdu, yaşamaq şən olmuşdu” tezisinin təsdiqinə xidmət edirdi. Belə kinofilmlərdən rejissor G.V.Aleksandrovun “Şən uşaqlar” (“Veselıe rebyata”), “Sirk” və “Volqa-Volqa”nı misal göstərə bilərik. Bu filmlərin musiqisini görkəmli bəstəkar İ.O.Dunayevski yazmışdır ki, onun da əsasını xalq musiqisi təşkil edirdi. Kinomaftoqrafçılar 30-cu illərdə kütləvi tamaşaçıya sirayət edə bilən sadə yaradıcılıq metod və vasitələri ilə sosializmin qələbəsinin təmin olunmasının ideya əsasını təşkil edən kino-filmlər yaradırdılar. Sosializm realizmi çərçivəsinə sığmayan filmlərin müəllifləri ya unudulur, ya da repressiyalara məruz qalırdılar. Məhz 30-cu illərin sonlarındakı repressiya dalğası yaradıcı ziyalılardan rejissor V.E.Meyerxold, şairlərdən O.E.Mandelştam və T.Y.Tabidze, yazıçılardan İ.E.Babel və A.Veselonun həyatına son qoymuşdu. Yaradıcı ziyalıların bir hissəsi uzun müddətə sürgün və həbsxanaya göndərilmiş, başqaları isə özlərinin bədii və estetik təsəvvürləri baxımından əsərlər yaratmaq imkanından məhrum edilmişdilər.

1936-cı ildə “Pravda” qəzetində müasir sovet musiqisində, o cümlədən balet, teatr incəsənəti və kinomatoqrafiyada formalizm və ideyasızlığı mühakimə edən məqalə dərc olundu. Bir çox arxitektorlar və konstruktorlar “ziyankar burjua axını” nümayəndələri elan edildilər. Partiya və dövlətin göstərişinə müvafiq olaraq 30-cu illərin ikinci yarısından başlayaraq teatr, musiqi və təsviri incəsənət sahəsində “formalizmlə” mübarizə geniş miqyas aldı. 1936-cı ildə D.D.Şostakoviçin dahi operası “Mtsen qəzasının ledi Maqbeti” (“Ledi Makbet Mtsenskoqo uezda”) qərəzli tənqid atəşinə tutuldu, ona görə ki, opera ənənəvi sənətə alışmış İ.Stalinin xoşuna gəlməmişdir. Mərkəzi partiya aparatının sifarişi ilə “Pravda” qəzetində dərc edilən məqalədə D.Şostakoviçin operası yerdən-yerə vurularaq “musiqi yerinə qarma-qarşıqlıq” adlandırılırdı. Bədii yaradıcılığın çərçivəyə salınması mənfi təsirini göstərsə də musiqi və təsviri sənətin irəliləməsinin qarşısını ala bilmədi. D.D.Şostakoviçin “Burun” (“Nos”), “Katerina Izmaylova”, S.S.Prokofyevin “Semyon Kotko”, R.M.Qliyerin “Şahsənəm”, İ.İ.Dzerjinskinin “Sakit Don” (“Tixiy Don”) operaları meydana gəldi. Mahnı yaradıcılığının inkişafında V.İ.Lebedev-Kumaç, M.V.İsakovski, A.A.Prokofyev kimi şairlərin sözlərinə görkəmli bəstəkarlar İ.O.Dunayevski, Pokrass qardaşları, A.V.Aleksandrov və başqaları uzun illər yaddaşlara həkk edilən mahnılar bəslədilər.

Oktyabrdan dərhal sonra V.Leninin heykəltəraşlıq təbliğatı planı həyata keçirilməyə başlandı. İnqilabçı və kəndli liderlərinə, yazıçı, şair və alimlərə heykəllər ucaldıldı. Çox vaxt gips və ağacdan hazırlanan bu heykəllərin ömrü uzun olmasa da, bu yeni hakimiyyətin xalqla təsviri incəsənət dilində təması demək idi. 20-ci illərdə təsviri incəsənətdə “sol” istiqamətlə realizmin kəskin rəqabəti müşayiət olunur. İ.E.Qrabar, K.A.Korovin, S.V.Malyutin kimi sənətkarlar köhnə ənənəvi realist incəsənət üslubunda çalışırdılar. Öz yaradıcılıqlarında müxtəlif avanqard istiqamətlərdə isə P.P.Konçalovski, K.S. Maleviç, K.S.Petrov-Vodkin, V.E.Tatlin və b. fəaliyyət göstərirdi. 1922-ci ildə realist rəssamlar inqilabi Rusiyanın rəssamlar Assosia-sını (AXRR) yaratdılar. 20-ci illərin ikinci yarısından başlayaraq IRRA-nın işi sayəsində həqiqəti ön plana çəkən incəsənətdə bədii sosialist realist metodu bərqərar oldu. 30-cu illərdə bütün bədii rəssamlıq cəmiyyətlərinin A.M.Gerasimovun rəhbərliyi ilə SSRİ Rəssamlar İttifaqında birləşdirilməsi rəssamların böyük əksəriyyətinin sosializm realizmi metoduna dönüş etməsinə səbəb oldu. 30-cu illərdə çoxlu görkəmli rəssamlar S.V.Gerasimov, İ.İ.Brodski, B.V.İoqanson, M.B.Qrekov, P.İ.Kotov və başqaları parlaq əsərlər yaratdılar. Sovet hakimiyyətinin tələb etdiyi kimi rəssamların əsas vəzifəsi sosializmin qələbəsini, fəhlə və kəndlilərin qəhrəman əməyini tərənnüm edərək Stalini tərifləyib göylərə qaldırmaq idi.

20-ci illərin sonu — 30-cu illərdə ölkədə sənayeləşdirmənin həyata keçirilməsi şəhərsalmanın inkişafını sürətləndirərək memarların, heykəltaraşların, rəssamların yaradıcılıq fəaliyyətinə təkan verdi. Yeni mədəniyyət sarayları, fəhlə klubları və sağlamlıq mərkəzləri ucaldıldı. Bunların layihələşdirilməsində memarlardan İ.V.Joltovski, İ.A.Fomin, A.V.Şusev, Leonid, Viktor və Aleksandr Vesnin qardaşları yaxından iştirak edirdi. Əsl novatorluq nümayiş etdirən sovet memarlarından K.S.Melnikov Moskvada Rusakova adına mədəniyyət evini, B.M.İofan nəhəng beşulduz formasında Qızıl Ordu Teatrını və s. layihələşdirdi. Memar V.İ.Muxinanın 1937-ci ildə Parisdəki beynəlxalq sərgidə SSRİ pavilyonunda nümayiş etdirilən “Fəhlə və kolxozçu qadın” heykəl qrupu yüksək bədii sənət əsəridir. 1935-ci ildə Moskvanın yenidən qurulmasının baş planı təsdiq edildi. Plana uyğun olaraq meydançalar salınır, küçələr genişləndirilirdi. Lakin tarixi tikililərin hifz olunmasına diqqət verilmədiyi üçün bir çox tarixi abidə xüsusilə kilsələr vəhşicəsinə dağıdılmışdır. Hələ baş planın qəbul edilməsinə kimi, yəni 1931 -ci ildə xilasedici Xristosun (Xrista Spasitelya) məbədi partladıldı.

Rəsmi ideologiyanın təbliğində, mədəni inqilab kimi səciyyələndirilən 20-30-cu illərin mədəni tədbirlərinin həyata keçirilməsində kitabxanalar, qiraət komaları, klublar və mədəniyyət sarayları əsas rol oynayırdı. Partiya və dövlətin nəzarəti altında qəzet vəjurnalların səhifələrində marksizm-leninizm-stalinizm ideyaları təbliğ olunur, əhali arasında genişmiqyaslı mədəni-maarif işi aparılırdı. Mətbuatda çap edilən məqalələr, təşkil olunan mühazirə, müsahibə, disput və sərgilər əsasən siyasi xarakter daşıyırdı. Kommunal mənzillərdə və ya zavod yataqxanalarında yaşayan sovet adamları üçün işdənkənar kitabxana, klub və mədəniyyət evlərində vaxt keçirmələri həm də ehtiyacdan meydana gəlirdi. 1936-cı ilin yanvar ayına olan məlumata görə SSRİ-də 5123 klub və 65 min qırmızı guşə fəaliyyət göstərirdi. Yarım milyondan çox adam özfəaliyyət dərnəklərində məşğul olurdu. Texniki tərəqqini təcəssüm etdirən radionun şərəfinə radiosevərlər dərnəkləri daha geniş yayılmışdır. Gənc nəsil daha çox idmanın hərbiləşdirilmiş növləri ilə, o cümlədən paraşüt idman ilə məşğul olurdular. Rəsmi mətbuat klub və istirahət parklarını xoşbəxt həyat arzusunun həyata keçdiyi “ümumi sevinc yerləri” kimi təbliğ edirdi. Hər il ölkənin və milli respublikaların paytaxtlarında partiya və hökumət rəhbərlərinin iştirakı ilə 1 may və 7 noyabr dövlət bayramları günü münasibətilə qələbə marşı sədaları altında təntənəli parad təşkil olunurdu. Bütün dünyaya sosializmin “qüdrətini” nümayiş etdirməli olan bu paradlar eyni zamanda sovet adamlarını yeni əmək xarüqələri yaratmağa səsləyirdi.

Oktyabr silahlı üsyanından sonra vətənini tərk edərək xarici ölkələrə mühacirətə gedən bədii və elmi ziyalıların nümayəndələri 1920-30-cu illərdə öz yaradıcılıqları ilə ölkə mədəniyyətinin bir hissəsi olduqlarını təsdiq etmişlər. Vətəndaş müharibəsinin sonlarında Sovet Rusiyasından 1,5 milyon adam xarici ölkələrlə mühacirətə getmişdir. Ölkəni tərk edənlərin demək olar ki, üçdə iki hissəsi Fransa, Almaniya və Polşada sığınacaq tapmışdır. Mühacirlərin bir hissəsi Şimali və Cənubi Amerika ölkələrində məskunlaşmışdır. Vətənlərindən qoparılmış bu insanlar öz mədəni adət və ənənələrini yaşatmağa çalışmışlar. Paris, Berlin, Praqa, Varşava və bir çox başqa şəhərlərdə rus dilində qəzet və jurnallar çap edilməyə başlandı. İ.A.Bunin, M.İ.Svetayeva, Q.V.İvanov, V.F.Xodaseviç öz əsərlərini çap etdirirdilər, N.S.Trubetskoy və D.P.Karsavin kimi böyük filosof alimlər avroasiya hərəkatını əsasını qoyaraq belə hesab edirdilər ki, Rusiya iki mədəniyyəti, iki dünyanı — Avropa və Asiyanı təcəssüm etdirir. Görkəmli iqtisadçı alim S.N.Prokopoviç mühacirələrin iqtisadiyyat kabinetini yaradaraq 20-ci illərdə Sovet Rusiyasının sosial-iqtisadi prosesslərini təhlil etməklə məşğul olurdu. Mühacirlərin bir çoxu 30-cu illərin sonlarında vətənə döndü, xarici ölkələrdə qalan ziyalıların əsərləri yalnız bir neçə onillikdən sonra öz vətənlərində məlum oldu.

Ümumiyyətlə, 1920-30-cu illərdə mədəniyyət sahəsindəki dəyişikliklərə birmənalı qiymət vermək mümkün deyil. Cəsarətlə qeyd etmək olar ki, bütün rəsmi qadağa və təqiblərə baxmayaraq bəhs edilən dövrdə mənəvi və maddi mədəniyyət dəyər qazanaraq əhalinin mədəni səviyyəsinin yüksəlməsində, mütəxəssislərin sayının artmasında, dünya miqyasında bədii incəsənət əsərlərinin ərsəyə gəlməsində böyük rol oynamışdır. Bununla bərabər, ideoloji basqı, bədii yaradıcılığın çərçivəyə salınması mədəniyyətin bütün sahələrinin inkişafına neqativ təsir göstərməklə yanaşı təbliğat xarakterli, aşağı səviyyəli bir sıra incəsənət nümunələrinin yaranmasına səbəb olmuşdur.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

 

0 şərh