Belarus 1991-2015-ci illərdə

Müstəqil Belarus dövlətinin yaranması.80-ci illərin ortalarında 15 müttəfiq respublikanın, o cümlədən Belarusiyanın daxil olduğu SSRİ-də 270 milyondan çox insan yaşayırdı ki, onlar da 100-dən çox millət və xalqları təmsil edirdi. Ölkə rəhbərliyinin rəsmi iddiasına görə SSRİ-də prinsip etibarı ilə milli məsələ həll edilmişdir, respublikalar isə faktiki olaraq siyasi, sosial-iqtisadi və mədəni cəhətdən bərabər səviyyəyə çatmışdır. Ancaq rəsmi nöqteyi-nəzərdən fərqli olaraq ölkədə milli münasibətlər sahəsində çoxsaylı ziddiyyətlər mövcud idi. M.S.Qorbaçovun elan etdiyi aşkarlıq şəraitində bu ziddiyyətlər açıq münaqişələrə çevrildi. Bütün xalq təsərrüfatı kompleksin bürüyən böhran millətlərarası gərginliyi daha da dərinləşirdi.

Mərkəzi dövlət hakimiyyətinin iqtisadi çətinlikləri aradan qaldıra bilməməsi respublikalarda narazılığı daha da artırdı. 1986-cı il aprelin 26-da Çernobıl AES-da baş vermiş qəzanın ətraf mühiti çirkləndirməsi ekoloji şəraiti çıxılmaz vəziyyətə salmışdır. Əvvəllər olduğu kimi bu məsələlər də mərkəzi İttifaq orqanları yerli respublikaların tələbatına lazımi qaydada cavab verə bilmir, onlarla lokal məsələlərin həllində mərkəzin diktəsi vasitəsilə danışırdılar. Buna cavab olaraq yerlərdəki narazı qüvvələr yeni siyasi partiya və hərəkatların, xalq cəbhələrinin ətrafında birləşərək öz respublikalarının SSRİ-dən çıxması uğrunda mübarizə aparırdılar. Mərkəzi dövlət hakimiyyəti ölkədə milli və etnik zəmində yaranan münaqişələri və milli respublikalarda artan müstəqillik hərəkatını aradan qaldırmaq iqtidarında deyildir.

1986-cı ildə milliyətcə rus olan G.Kolbinin Qazaxıstan KP MK-nın birinci katibi təyin edilməsi respublikada ruslaşdırma siyasətinə qarşı kütləvi mitinq və nümayişlərin başlanmasına səbəb oldu. Baltikyanı respublikalarda, Ukrayna və Belarusiyada mərkəzi İttifaq hakimiyyətinə qarşı narazılıqlar açıq forma kəsb etdi. Xalq cəbhələrinin başçılıq etdiyi ictimaiyyət 1939-cu il sovet-alman müqaviləsini, Baltikyanı dövlətlərindən, Ukrayna və Belarusiyanın qərb rayonlarından kollektivləşdirmə zamanı əhalinin deportasiya edilməsi, repressiya qurbanlarının Belarusiyanın Kuropata adlanan hissəsində kütləvi məzarlıq haqqında sənəd və məlumatları dərc etməyi tələb edirdilər. 1988-ci ildə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddiası üzündən Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar başladı. Fərqanədə özbəklərlə məshəti türkləri arasında silahlı toqquşma baş verdi. Qazaxıstanın Novıy Uzen mərkəzində millətlətarası qarşıdurma yarandı. Bütün bu münaqişələr saysız-hesabsız qaçqınların meydana gəlməsinə gətirib çıxardı. 1989-cu ilin aprelində Tiflisdə müstəqil Gürcüstan və demokratik islahatlar keçirilməsi tələbi ilə kütləvi nümayişlər başladı. Gürcüstanın Abxaziya Muxtar Respublikasının abxaz əhalisi Gürcüstanın tərkibindən çıxmaq və ölkələrinin statusuna yenidən baxılması tələbilə kütləvi nümayişə başladılar.

1988-ci ilin noyabrında Estoniya SSR-in Ali Soveti SSRİ qanunlarını Estoniya ərazisində dayandırmaq hüququna malik olduğuna dair qərar qəbul etdi. SSRİ Ali Soveti bu qərarı qanunsuz hesab etdi. 1988-ci ildə Estoniya, Latviya, Litvada meydana gələn Xalq cəbhələri bu respublikaların dövlət müstəqilliyinin bərpası uğrunda fəaliyyətə keçdilər,1988-ci ilin noyabrında Estoniya SSR-in Ali Sovet Estoniyanın dövlət suverenliyinə dair Bəyannaməni təsdiq etdi. Bunun ardınca Litva, Latviya, Azərbaycan SSR 1989-cu ildə, Moldova SSR isə 1990-cı ildə oxşar Bəyannamələr qəbul etdilər. Öz suverenliyini elan etdikdən sonra bu respublikalar dövlət başçısı olan prezidentlərini seçdilər.

Belarusiyada kommunist rejiminə qarşı Zenon Poznyakın rəhbərliyi altında 1989-cu ildə yaranan Xalq Cəbhəsi mübarizə aparırdı. Respublikanın müstəqilliyi şüarı ilə yola çıxan Xalq Cəbhəsi bütün müxalifət qüvvələrin öz siyasi rəhbərliyi altında birləşdirilmişdir. Belarusiya-dakı milli dirçəliş hərəkatının ideya rəhbəri isə Vasili Bıkov idi.

Milli respublikalarda, o cümlədən Belarusiyada müstəqillik uğrunda hərəkatın artdığı bir vaxtda 1990-cı il iyunun 12-də RSFSR-in I Xalq deputatları qurultayı Rusiyanın dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Bəyannamə respublikanın qanunlarının ittifaq qanunlarından üstün olduğunu təsbit etdi. RF-nın ilk prezidenti B.N.Yeltsin, vitse-prezidenti A.V.Rutskoy seçildi.

Suverenlik haqqında ittifaq respublikaların qəbul etdiyi bəyannamələr Sovet İttifaqının gələcəkdə mövcud olub-olmaması məsələsin siyasi həyatın ilk sırasına yerləşdirdi,1990-cı ilin dekabrında SSRİ-nin IV Xalq deputatları qurultayı SSRİ-nin demokratik federativ dövlətlər birliyi kimi saxlamağı irəli sürdü. Qurultay “İttifaq müqaviləsinin ümumi konsepsiyası və onun bağlanması qaydaları haqqında” qətnamə qəbul etdi. Qurultayın qətnaməsinə uyğun olaraq yenilənmiş ittifaqın müstəqil respublikaların federasiyası kimi saxlanılmasına dair referendum keçirildi. Referendumda iştirak edənlərin 76,4 faizi yenilənmiş SSRİ-nin saxlanılmasına “bəli” dedi.

1991-ci ilin aprel-may yalarında Novo-Oqaryovadakı prezident iqamətgahında SSRİ-nin birinci və sonuncu prezidenti M.S.Qorbaçovun 9 ittifaq respublikasının başçısı ilə yeni ittifaq müqaviləsinə dair danışıqları keçirildi. Bütün iştirakçılar bərabərhüquqlu sovet suveren respublikaların demokratik federasiyaya daxil olaraq Suveren Dövlətlər İttifaqını yaratmağı təstiq etdilər. Bu layihə hakimiyyət orqanları və idarəetmədə ciddi dəyişikliklər nəzərdə tutur, həmçinin seçki sisteminin dəyişdirilməsi və yeni Konstitusiyanın qəbul edilməsini irəli sürürdü. Müqavilənin imzalanması 1991-ci ilin avqustun 20-nə təyin olunmuşdur.

Yeni ittifaq müqaviləsi layihəsinin mükazirəsi cəmiyyətdəki parçalanmanı daha da dərinləşdirdi. Avqustun əvvəllərində M.S.Qorbaçov Krımdakı yeni inşa edilən Foros iqamətgahında istirahətə getdi. Bu vəziyyətdən istifadə edən bir qrup partiya və dövlət funksiyaçısı SSRİ-ni dağılmaqdan xilas etmək məqsədilə son bir cəhd etdi. 1991-ci ilin avqustun 19-da yeni hakimiyyət orqanı — Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradıldı. Onun tərkibinə vitse-prezident G.İ.Yanayev, Baş nazir V.S.Pavlov, DTK-nin sədri V.A.Kryuçkov, Müdafiə naziri D.T.Yazkov, Daxili İşlər naziri B.K.Puqo və b. daxil idi. Onlar səhhətinə görə M.S.Qorbaçovun vəzifəsindən uzaqlaşdırıldığını, ölkədə 6 aylıq fövqəladə vəziyyət elan edildiyini, mitinq və tətillərin qadağan olunduğunu bildirdilər. Əslində bu qiyam idi və məqsədi SSRİ-də 1985-ci ilə kimi mövcud olan qaydaları bərpa etmək idi. Əhalinin böyük əksəriyyəti qiyamı müdafiə etmədi, Rusiya prezidenti B.N.Yeltsin xalqı qanuni seçilmiş hakimiyyəti müdafiə etməyə çağırdı. Avqustun 22-də çevrilişi təşkil etməyə səy göstərənlər həbs edildi, avqustun 23-də B.N.Yeltsinin fərmanı ilə Sov.İKP idarəedici dövlət strukturu kimi fəaliyyətin dayandırdı. Avqustun 19-22-dəki hadisələr Sovet İttifaqının dağılmasını sürətləndirdi.

1990-cı il iyulun 27-də Belarusiya SSR dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Avqust qiyamından sonra 1991-ci ilin avqustun 25-də Belarusiya özünün müstəqilliyini bəyan edərək müstəqil dövlətə çevrildi. 1991-ci ilin sentyabrın 19-da Belarusiya Sovet sosialist Respublikası Belarus Respublikasına çevrildi. Belarus Respublikası eyni zamanda Müstəqil Dövlətlər Birliyinin (MDB) təsisçilərindən biri olmuşdur. 1991-ci il dekabrında Belarus Respublikasının Belovej qoruğunda üç müstəqil respublikanın dövlət başçıları, o cümlədən Rusiyanın prezidenti B.N.Yeltsin, Ukraynanın prezidenti L.M.Kravçuk və Belarus Respublikasının Ali Sovetinin sədri S.S.Şuşkeviç müşavirədə bir araya gəldilər. Birgə danışıqlardan sonra 1991-ci il dekabrın 8-də onlar 1922-ci il İttifaq müqaviləsinin fəaliyyətinin dayandırıldığını, keçmiş İttifaqın dövlət strukturlarının işinin başa çatdığını bəyan etdilər. Hər üç respublikanın daxil olduğu yeni — Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı, dekabrın 10-da Belarus və Ukrayna parlamentləri, dekabrın 12-də Rusiyanın Ali Soveti SSRİ-nin fəaliyyətini dayandırması və MDB-nin yaradılmasına dair sazişi təsdiq etdi. Dekabrın 21-də Baltikyanı respublikalar və Gürcüstan istisna olmaqla 11 keçmiş ittifaq respublikasının başçısı Alma-Ata sazişi ilə MDB-nin təşkil edilməsinə dair bəyannaməni imzaladılar. 1991-ci il dekabrın 25-də M.S.Qorbaçov SSRİ-nin prezidenti vəzifəsindən istefa verdi. Dekabrın 26-da SSRİ-nin Ali Soveti SSRİ-nin buraxılması faktini təsdiq edərək səlahiyyətlərini dayandırdığını elan etdi.

Müstəqil Belarus Respublikası Şərqi Avropa dövləti olub şimaldan Rusiya, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən Litva və Latviya ilə həmsərhəddir. Belarus müstəqillik qazandıqdan sonra 1994-cü ildə yeni Konstitusiyanın prezident vəzifəsini təsis edənə kimi ölkədə ali hakimiyyət Belarus Respublikasının Ali Sovetinə və onun sədri Meçislav Qribə məxsus idi. 1994-cü il martın 15-də Belarus Respublikasının Ali Soveti ölkənin yeni Konstitusiyasını qəbul etdi ki, buna əsasən Belarusiyada yeganə ali qanunverici dövlət hakimiyyət orqanı Belarus Respublikasının Ali Soveti elan edildi. Ali Sovet 260 deputatdan ibarət olaraq 5 il müddətinə seçilirdi.

1996-cı il noyabrın 24-də respublikada mövcud Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında referendum keçirildi. Belarus Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər ölkədə iki palata — Nümayəndələr palatası və Respublika Sovetindən ibarət Milli Məclis formalaşdı. Yeni Milli Məclisin təşkili dövlət hakimiyyətinin köhnə sovet modelindən imtina edərək yeni standartlara cavab verən parlamentarizm nümunəsində ali hakimiyyət orqanının yaradılması zərurətindən irəli gəlirdi. Palatalar zəruri hallar istisna olmaqla öz reqlamentlərin müəyyən edərək ayrı-ayrılıqda fəaliyyət göstərirdilər. Konstitusiyaya görə Belarusiya prezident Respublikasıdır. Prezident qanun gücündə olan dekret və fərmanlar vermək səlahiyyətinə malikdir. Ölkədə iki palatadan ibarət parlament — Belarus Respublikasının Milli məclisi fəaliyyət göstərir. 110 deputatdan ibarət olan Nümayəndələr palatası majoritar sistem üzrə bir başa ümumi səsvermə yolu ilə seçilir. İkinci palata Respublika Soveti yerli Sovetlər tərəfindən hər bir vilayətdən, o cümlədən Minsk şəhərindən 8 nəfər olmaq etibarı ilə seçilir. 8 nəfəri prezident təyin edir, bununla da nümayəndələr palatasının sayı 64 nəfərə çatır. Milli məclis 4 il müddətinə seçilir. Aşağı Nümayəndələr palatası Prezidentə baş naziri təyin etməyə razılıq vermək, Prezident seçkilərini təyin etmək, xarici və daxili siyasət məsələləri üzrə təkliflər vermək səlahiyyətinə malikdir. Nümayəndələr palatası Prezidentin təklifi ilə və yaxud seçici hüququ olan Belarus Respublikasının 150 min nəfərdən az olmayan vətəndaşının təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklər və əlavələr layihəsin müzakirəyə çıxarmaq hüququna sahibdir. Palatanın hökumətin fəaliyyəti haqqında Baş nazirin hesabatını dinləmək, onu təkrar rədd etdikdə hökuməti istefaya göndərmək və s. səlahiyyəti vardır. Respublika Sovetinin qərarı əsasında Nümayəndələr palatası tam tərkibinin üçdəiki hissəsinin səsi ilə prezidenti vəzifəsindən azad etmək, onun istefasını qəbul etmək hüququna malikdir.

Milli Məclisin Respublika Soveti olan yuxarı palatası Nümayəndələr palatasının Konstitusiyaya dəyişikliklər və əlavələr haqqında və başqa qanunverici aktları qəbul etmək və ya rədd etmək səlahiyyətindədir. Prezidentə Konstitusiya, Ali məhkəmə, Ali İqtisad məhkəməsi, yerli məhkəmələrin, MSK-nın sədrlərinin, Baş Prokuroru, Milli Bankın idarə heyətinin sədri və üzvlərinin təyin etməsinə razılıq verir və s. Hökumətin fəaliyyətin prezident tərəfindən təyin edilən Nazirlər Şurası yerinə yetirir. Konstitusiyaya əsasən Belarus Respublikasının məhkəmə sistemi Ali İqtisad məhkəməsi, Ali məhkəmə və Konstitusiya Məhkəməsinə bölünür. Hər üç məhkəmənin sədrləri və hakimləri prezident tərəfindən təyin edilir və parlamentin Respublika Soveti tərəfindən təsdiq olunur. Belarus Respublikasının Konstitusiyası dövlət və yerli özünüidarəetmənin ali orqanlarının formalaşmasının başlıca prinsiplərini, onların qarşılıqlı əlaqə və səlahiyyətlərini, vətəndaşların hüquq, azadlıq və vəzifələrini müəyyən etdi.

1994-cü ilin iyulunda Belarus Respublikasında Prezident seçkiləri baş tutdu. Ümumxalq səsverməsinə əsasən Aleksandr Qriqoryeviç Lukaşenko seçici səslərinin 80,1 faizini alaraq Belarus Respublikasının birinci prezidenti seçildi. Prezident A.Lukaşenko dövlət başçısı kimi hakimiyyətinin ilk illərindən başlayaraq siyasi müxalifətə və müxalif yönümlü kütləvi mətbuat vasitələrinə təzyiqi artırdı və 90-cı illərin sonuna doğru onları dövlət strukturlarından tamamilə sıxışdırılıb çıxardı. Eyni zamanda Rusiya ilə inteqrasiyanı ön plana çəkən prezident A.Lukaşenko 1995-ci ildə referendumla rus dilinə Belarus dili ilə yanaşı dövlət statusunun verilməsinə nail oldu. Prezidentin 1995-ci il iyunun 7-də verdiyi fərmanla Belarus Respublikasının yeni Gerbi və Bayrağı qəbul edildi.

Prezident A.Lukaşenkonun avtoritar rejim yaratmaq yolunda atdığı addımlar 1996-cı ildə prezident və parlament qarşıdurmasına gətirib çıxardı. Odur ki, prezidentin təşəbbüsü ilə ölkədə növbəti referendum təşkil olunaraq mövcud konstitutiyaya əlavələr və dəyişikliklər edildi. Əslində prezident daha çox səlahiyyət alaraq Belarus Respublikasının parlamentli-prezident respublikasından prezident hakimiyyəti formasına keçirməsini təmin etdi. ATƏM, Avropa Şurası, Avropa Birliyi, bir çox dövlətlər ciddi prosedur nöqsanlarına yol verildiyi üçün referendumun nəticələrini tanımadılar. Lakin buna baxmayaraq prezident A.Lukaşenkonun 5 illik prezidentlik müddəti referendum keçirilən 1996-cı ildən başladı və 2001-ci ildə başa çatdı. Odur ki, 2001-ci ildə növbəti prezident seçkiləri keçirildi və birinci turda A.Lukaşenko ikinci dəfə Belarus Respublikasının prezidenti seçildi.

Müstəqil Belarus Respublikasında formal olsa da çoxpartiyalı sistem mövcuddur. Müasir Belarusun yeni yaranmış partiyalarından biri 1994-cü ildə təşkil edilən Belarus Xalq Cəbhəsidir (BXCP). 1995-ci ildə Belarus Kommunistləri Partiyası (BKP) və Aqrar Partiya (AP) təşkil olundu. 1996-cı ildə hakimiyyət yeni Belarus kommunist partiyasını (BKP) yaratdı. 1997-ci ildə isə Belarus Sosial-Demokratik Partiyası (Xalq Qromadası) — BSDP-XQ meydana gəldi.

Demokratik siyasi sistemin əsas elementlərindən biri çoxpartiyalılıqdır, çünki məhz siyasi partiyalar dövlətin xalqla əlaqəsini yaradır. Belarusda A.Lukaşenko müxalifətdə olan partiyaları demək olar ki, siyasi həyatdan sıxışdıraraq onlara təzyiq göstərməkdə davam edir. Bu gün Belarus Respublikasında müxalifət partiyaları olan “Yaşıllar” belarus partiyası, “Ədalətli Sülh” Sol belarus partiyası, Belarusiya Sosial-Demokrat partiyası (Qromada), Birləşmiş Vətəndaş Partiyası, Belarus Xalq Cəbhəsi pariyası və b. çətin təzyiq və təqib şəraitində fəaliyyət göstərirdilər.

Bunun əksinə prezident partiyaları Belarusiya Aqrar partiyası, Belarus Kommunist partiyası, Belarusiya Vətənpərvərlər partiyası, Respublika partiyası, Belarusiya Sosial-İdman partiyası və d. hakimiyyətin mövqeyinin müdafiəçiləri kimi çıxış edirdilər. 2001-ci il sentyabrın 9-da Belarus Respublikasında ikinci prezident seçkiləri keçirildi, kənd təsərrüfatı standartların, sosial yardımın həcmini, sənaye istehsalını artırmağı vəd edən A.Q.Lukaşenko seçici səslərin 75, 65 faizini əldə edərək prezident kürsüsünə əyləşdi. ATƏT beynəlxalq normalara cavab vermədiyi üçün seçkinin nəticələrini qəbul etmədi. Amma Rusiya kimi böyük dövlət seçkini təriflədi, prezident V.V.Putin isə A.Lukaşenkonu qələbə münasibəti ilə təbrik edərək Rusiya-Belarus münasibətlərinin daha da inkişaf etməsi arzusunda olduğunu bildirdi.

2004-cü il oktyabrın 17-də Belarus Respublikasında parlament seçkiləri keçirildi, 110 nəfərlik parlamentə 107 nəfər deputat seçildi. Müxalifəti təmsil edən “Pyat plyus” koalisiyası bir dənə də olsa deputat yeri əldə edə bilmədi.Vladimir Nikolayeviç Konoplyev Nümayəndələr palatasının, Gennadi Vasilyeviç Novitski Respublika sovetinin sədrləri seçildilər. 2004-cü il oktyabrında ölkədə hakimiyyət tərəfindən növbəti referendum “tamaşası” təşkil edildi, prezidentin iki müddətə seçilməsi məhdudiyyəti Konstitusiyadan çıxarıldı. Bu referendumun da nəticələrin Aİ və ABŞ tanımadı.

2006-cı il martın 19-da Belarus Respublikasında növbəti prezident seçkiləri oldu, rəsmi məlumata əsasən səslərin 82,3 faizini toplayan A.Q.Lukaşenko üçüncü dəfə ölkə prezidenti kürsüsünə əyləşdi. Prezident seçkisi prezidentliyə namizədlər A.V.Milinkeviç və A.V.Kozu-linin rəhbərliyi altında kütləvi etiraz aksiyaları ilə müşayiət olundu. Lakin bu çıxışlar nəticəni dəyişdirmədi. Aleksandr Milinkeviç müxalifət partiyaların koalisiyasını, Aleksandr Kozulin Sosialist-Demokratlar partiyasın təmsil edirdilər.

2010-cu il dekabrın 19-da Belarus Respublikasında 10 nəfər prezidentliyə namizədin iştirakı ilə prezident seçkiləri keçirildi. MSK-nın dekabrın 20-də olan rəsmi məlumatına görə Aleksandr Lukaşenko 79,65 % səs alaraq dördüncü dəfə respublikanın prezidenti seçilmişdir. Seçkidə iştirak edən prezidentliyə namizədlər, ABŞ və Aİ seçkinin nəticələrini tanımadıqlarını bildirdilər. S.Lebedev başda olmaqla MDB-nin missiyası isə seçkilərdə müşahidəçi kimi iştirak edərək onun nəticələrini təstiq etdilər. 2011-ci il yanvarın 21-də A.Q.Lukaşenko rəsmi olaraq dördüncü dəfə Belarus Respublikasının prezidenti vəzifəsini icra etməyə başladı.

Demək olar ki, 10 il ərzində, 2008-ci il oktyabrın 13-nə kimi Belarus Respublikasında Y.Zaxarenko, V.Qonçar, A.Krasovski və D.Zavadskoqonun əsrarəngiz şəraitdə yoxa çıxması ətrafındakı qalmaqal, beynəlxalq seçki və insan hüquqları standartlarının pozulması sahəsindəki nöqsanlara görə A.Q.Lukaşenko və onun yaxın ətrafına ABŞ və Aİ ölkələrinə daxil olmaq qadağan edilmişdir. 2011-ci ilin aprelindən oktyabrın 31-nə kimi A.Lukaşenko və onun 35 nəfər rəsmi ətrafına Aİ ölkələrinə səfər etmək qadağan edilib.

2015-ci ildə Belarus Respublikasının Milli Məclisinə seçkilər oldu.110 nəfər deputatın seçildiyi Nümayəndələr palatasının 105 deputatı heç bir partiyaya məxsus olmayan bitərəfdirlər. Yalnız 3 nəfər Belarus Kommunist partiyasını, 1 nəfər Belarus Aqrar partiyasın, 1 nəfər Respublika Əmək və Ədalət partiyasını təmsil edərək Nümayəndələr palatasında deputat yerinə sahib olmuşlar. 2015-ci ilin yanvarın 16-da Mixail Myasnikoviç parlamentin Respublika Soveti palatasının sədri seçilmişdir. Nümayəndələr palatasının sədri isə 2008-ci il oktyabrın 27-dən Vladimir Andreyçenkodur.

2015-ci il oktyabrın 11-də Belarusda növbəti prezident seçkiləri oldu. Rəsmi məlumatlara əsasən 87,2 faiz seçicinin iştirak etdiyi seçkidə Aleksandr Lukaşenko seçici səslərinin 83,49 faizini qazanaraq növbəti dəfə Belarus Respublikasının prezidenti seçilərək, noyabrın 6-da and içərək vəzifəsinin icrasına başlamışdır. Prezident seçkilərindən sonra kütləvi etiraz aksiyalarının olmaması səbəbilə Aİ 2010-cu il seçkilərindən sonra Belarusa tətbiq etdiyi sanksiyanı dayandırmışdır. 2010-cu il dekabrın 19-da olan kütləvi etiraz aksiyasının təşkilatçısı kimi həbs edilmiş Nikolay Statkeviçin 2015-ci ilin yayında azad edilməsi də Aİ-nın bu qərarı qəbul etməsinə öz təsirini göstərmişdir.

Belarus Respublikasının sosial-iqtisadi və mədəni vəziyyəti

1991-ci il avqustun 25-də Belarusiya özünün müstəqilliyini elan etdi. 1991-ci il sentyabrın 19-da Belarusiya Sovet Sosialist Respublikasının (BSSR) adı Belarus Respublikası (BR) adı ilə əvəz olundu. 1994-cü il martın 15-də Meçislav Qribin sədrlik etdiyi Ali Sovet Belarus Respublikasını unitar demokratik sosial hüquqi dövlət elan etdi. 1994-cü ilin rəsmi məlumatına əsasən Belarus Respublikasında 10 milyon 243,5 min nəfər əhali yaşayırdı ki, bunların da təqribən 80 faizindən çoxunu belaruslar təşkil edirdi.

Belarus Respublikasının iqtisadiyyatı sosial istiqamətli bazar modeli prinsipinə söykənir. Belarus iqtisadiyyatının xüsusilə istehsal, enerji, nəqliyyat, emal, tikinti, kənd təsərrüfatı, bank sahələrində dövlət mülkiyyəti üstünlük təşkil edir. İqtisadiyyatın 51,2 faizi dövlət mülkiyyətinin, 47,4 faizi xüsusi mülkiyyətin, 1,4 faizi isə xarici şirkətlərin nəzarətində olan xüsusi bölmənin payına düşür. Ölkədə mərkəzləşdirilmiş bölgü, planlaşdırma həyata keçirilir, dövlət sosial əhəmiyyətli malların qiymətlərini tənzimləyir. Belarus Respublikası 6 vilayətə, onlar isə rayonlara və vilayətə tabe olan şəhərlərə bölünür. Ölkədə vilayətləri təmsil edən 118 rayon və 12 şəhər mövcuddur. Minsk şəhəri isə müstəqil inzibati mərkəz olaraq heç bir vilayətə tabe deyil. Belarus Respublikasının pul vahidi 1992-ci ilin mayından sovet rublunu əvəz edən Belarus rubludur. Belarus Respublikasının ilk sikkələri 1996-cı ilin dekabrından tədavülə buraxılıb.

90-cı illərin əvvəllərində SSRİ-nin süqutu Belarusiyada da iqtisadiyyatın ittifaq əlaqələrindən məhrum olması üzündən ağır vəziyyətlə qarşılaşdı. Mağazaların rəfləri sürətlə boşaldı, xüsusilə ərzaq mallarının qiyməti sürətlə artdı. İnflyasiyanın baş alıb getməsi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə, bu isə ölkədə narazılığın artmasına şərait yaradırdı. 1986-cı il aprelin 26-da Çemobılda baş vermiş nüvə reaktorunun partlaması nəticəsində Ukraynadan sonra radiasiyaya ən çox məruz qalan yerlərdən biri də Belarusiyanın əkinçilik və meşə sahələri idi. Təbii olaraq bu amil Belarusiyanın kənd təsərrüfatına ağır zərbə vurmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı kəskin aşağı düşmüşdür.

Lakin bütün bunlara baxmayaraq 2000-ci illərə doğru Belarus Respublikası iqtisadi tənəzzüldən çıxmağa başladı. İqtisadiyyatın əsas sahələrinin dövlətin nəzarətində olması nəticəsində Belarus MDB dövlətləri arasında birinci olaraq SSRİ-dən miras qalan nəhəng zavodları bərpa edib işə saldı. Ölkədə tədricən energetika, maşınqayırma, kənd təsərrüfatı, kimya və meşə sənayesi, tikinti, tikinti materialları və emal sənayesi inkişaf etməyə başladı. Belarus neft məhsulları, kaliy gübrəsi, maşınqayırma, kimya və ərzaq sənayesi məhsulları ixrac etməyə başladı. 1994-cü ildə Belarus Respublikası xarici dövlətlərə, xüsusilə MDB məkanına daxil olan ölkələrə traktorların ixracına başladı. Kənd təsərrüfatı məhsulları kartof, mal-qara, ət və süd ixracı xeyli artdı. İqtisadi əlaqələrdə birinci yerdə Rusiya Federasiyası ilə ticarət əlaqələri tuturdu. Belarusa Rusiyadan xüsuilə neft və yanacaq materialları idxal edilirdi. 2005-ci ildə 2006-2010-cu illəri əhatə edən sosial-iqtisadi inkişafın beşillik planı hazırlandı. Plana əsasən ümumi məhsul istehsalın ildə 8-9, sənaye məhsulunun həcmini 7,58,6 faiz artırmaq nəzərdə tutulmuşdur. Adamların real əmək haqqını isə ildə 8,7-9,6 faiz artırmaq vəzifə olaraq qarşıya qoyuldu.

2011-ci il aprelin 11-də A.Lukaşenko 2011-2015-ci illərə dair sosial-iqtisadi proqramı imzaladı. Ümumi məhsul istehsalı beş ildə 62-68 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı təqribən 1,5 dəfə, əhalinin real pul gəliri 1,7- 1,76 dəfə artmalı idi. Bu vəzifələri yerinə yetirmək məqəsədilə Belarusda maşınqayırma sənayesinin inkişafına diqqət artırıldı. MAZ, BelAZ markalı yük avtomobillərinin, avtobus, trolleybus, traktor, metalkəsən dəzgahların istehsalı intensivləşdi. Borisov, Pinsk, Qomeldə kibrit fabriklərinin, Dobruş, Slonim, Çaşnik, Borisovda karton və kağız fabriklərinin fəaliyyəti canlandı. 2008-ci ildə Şklovda qəzet kağızı istehsal edən nəhəng zavod işə düşdü. Bunların nəticəsində Belarus Respublikasında ümumi daxili məhsul 2000-2008-ci illərdə ildə 4-dən 11 faizə kimi artdı. Lakin ümumi məhsul istehsalının artımı aşağı düşərək 2012-ci ildə ölkə üzrə 1,7, 2013-cü ildə isə 0,9 olmuşdur. 2000-2013-cü illərdə orta illik inflyasiya 31, o cümlədən 2000 və 2011-ci illərdə 100 faizdən çox olmuşdur. 2012-ci ildə inflyasiya 21,8, 2013-cü ildə isə 16,5 faiz təşkil etmişdir.

BMT-nin məruzəsinə görə 2005-c ildə Belarusda iqtisadi artım 8,5 faiz təşkil etmişdir. Bu göstəriciyə görə Belarus MDB məkanında 19,7 faiz artıma sahib olan Azərbaycandan, 10 faizlik artımla Gürcüstandan, 9,8 faizlik artımla Qırğızıstandan və 9,3 faizlik artımla Qazaxıstandan sonra 5-ci yeri tutur. 2000-ci illərdə Belarus Respublikasında əmək haqqı artaraq

2010- cu ildə 500 ABŞ dollarına ekvivalent olmuşdur. 2012-ci ildə orta əmək haqqı Belarus Respublikasında 430 ABŞ dollarına bərabər olub. 2013-cü ilin yanvar-fevral aylarının rəsmi məlumatlarına görə Belarusda orta sosial təqaüd 99 ABŞ dollarına ekvivalentdir. Rəsmi dövlət məlumatına əsasən Belarus Respublikasında 2000-ci ildə 36, 2005-ci ildə 9, 2010-cü ildə isə 3,4 faiz ailə yoxsulluq həddində yaşayır.

2009-cu ildəki siyashıyaalmaya əsasən Belarus Respublikasında əmək qabiliyyəti olan əhalinin 6,1 faizi özünü işsiz kimi göstərib 2014-cü ilin oktyabrında Aleksandr Lukaşenko etiraf edib ki, ölkə iqtisadiyyatında əmək qabiliyyəti olan 0,5 milyon nəfər, yəni təqribən 10 faiz işsiz vardır. Respublika əhalisinin çox hissəsi iş dalınca Rusiya Federasiyasına üz tutur. Ekspertlər onların sayının 600 min nəfərdən çox olduğunu bəyan edirlər.

Belarus Respublikasında 30 dövlət bankı və yalnız bir özəl bank fəaliyyət göstərir.

2011- ci ilin mart-sentyabrında Belarus Respublikası valyuta-maliyyə böhranı keçirmişdir. Böhranın nəticəsində belarus rublu devalvasiyaya uğrayaraq ilin əvvəlində dollara nisbətən 189 faiz, yanvar-oktyabr aylarında 88,7 faiz ucuzlaşmışdır. Ərzaq mallarının qiyməti isə müvafiq dövrdə respublikada 103,6 faiz artmışdır. Əmək haqqı aşağı düşərək 220-260 ABŞ dolları təşkil edirdi. Belarus Respublikasının xarici borcları 2014-cü il iyulun 1-də 23,3 milyard ABŞ dolları təşkil edirdi ki, bunların da 13,9 milyard ABŞ dolları dövlət bölməsinin xarici borclarının payına düşürdü.

2009-cu il siyahıyaalınmasına görə Belarusun əhalisi 9.503.807 nəfər təşkil edirdi ki, bunların da 87,7 faizi belaruslar idi. Növbəti böyük etnik qrup 8,3 faizlə ruslar, 3,1 faizlə polyaklar və 1,7 faizlə ukraynalılar təşkil edirdi. Ümumi əhalinin 70 faizi şəhərlərin payına düşür. Orta ömür kişilər üçün 63,0, qadınlar üçün 74,9 il olmaqla 68,7 ildir. 2015-ci il məlumatına əsasən 207.600 kv.km ərazisi olan Belarus Respublikasının əhalisi 9.481,1 min nəfərdir.

Belarus Respublikasının xarici ölkələrlə ticarət əlaqələri dinamik inkişaf edir. Ölkə ixracatında birinci yeri 33,5 faizlə Rusiya Federasiyası, 15,1 faizlə Hollandiya, 10,2 faizlə Ukrayna və d. tutur. Belarusa idxal edilən malların 54,4 faizi Rusiyanın, 5,6 faizi Almaniyanın 4,4 faizi Ukraynanın, 4,8 faizi Çinin və s. payına düşür.

2013-cü ildə Belarus Respublikası ilə Rusiya arasında mal dövriyyəsi 40 milyard dollar təşkil etmişdir. Xüsusilə hər iki ölkənin sərhəd rayonlarında ticarət daha geniş miqyas almışdır. Praktik olaraq Belarusun enerji sistemi, kimya və gübrə istehsalı aşağı qiymətə aldığı rus qazından asılıdır. Düzdür, 2005-2010-cu illərdə Belarus ərazisindən keçən “Dostluq” neft kəməri vasitəsilə nəql edilən “qara qızıl” 70 milyon tondan 53 milyon tona azalsa da hələ də Belarus bundan çox böyük gəlir əldə edir. Bunun sayəsində dövlət bir çox sosial proqramlar həyata keçirir.

Dəmir yolları və avtomobil nəqliyyatı ölkənin əsas əlaqə vasitələridir. Orş, Minsk və Brestdən keçən dəmir yolu maqistralı şərqdə Belarusu Moskva ilə, qərbdə isə Varşava ilə birləşdirir. Ölkədə 5512 km uzunluğunda dəmir yolları, 83.000 km uzunluğunda şosse yoları vardır. Belarusda hər min nəfərə 261 avtomobil düşür.

Belarus Respublikasında qida sənayesinin vizit kartı olan süd məhsullarının ixracı ildən-ilə artmışdır. Süd, yağ, pendir, dondurma, süd konservləri emal edən Belarus dünyada süd məhsulları ixrac edən 5 aparıcı dövlətin sırasındadır. 2010-cu ilin nəticələrinə görə dünyada süd məhsulları ixracının 4 faizi Belarus Respublikasının payına düşür. Respublika süd məhsullarının əsas alıcısı MDB ölkələri olan Rusiya və Qazaxıstandır. Təsadüfi deyil ki, dövlət ildən-ilə ölkədə süd məhsullarının istehsalına qoyulan investisiyanı artırır. 2015-ci ildə ölkədə süd məhsulları istehsalı həmçinin 10-10,5 milyon tona çatdırılması planlaşdırılır. Belarusun kənd təsərrüfatı ölkədə istehsal olunan ümumi məhsulun 7,5 faizini təşkil edirdi. Əhalinin 9,7 faizi kənd təsərrüfatı ilə məşğul olurdu.

2011-ci ilin noyabrına olan rəsmi məlumata əsasən Belarusiyanın təqribən 80 faiz əhalisi Rus pravoslav kilsəsinə, 10 faiz Roma-katolik kilsəsinə, 2 faiz başqa dinlərə, o cümlədən protestantlıq, islam, iudaizm və s. mənsubdur. Konstitusiyanın 16-cı maddəsinə əsasən Belarus Respublikasında heç bir din rəsmi dövlət statusuna malik deyildir.

Müstəqil Belarus Respublikasının Konstitusiyasına əsasən hər bir ölkə vətəndaşına təhsil almaq hüququ tanınır. Baza məktəbini uğurla başa vuran gənc oğlan və qızlar təhsilini kollec, litsey, gimnaziya, peşə-texniki məktəblərində davam etdirə bilərlər. Arzu edənlər ümumi orta təhsil məktəblərində oxumaq imkanına malikdirlər. Təhsil müəssisələrində iki rəsmi dil — belarus və rus dili keçilir. Təhsilin ruslaşdırılması siyasəti nəticəsində şəhərlərdə belarus dilli məktəblər demək olar ki, fəaliyyət göstərmir, belarus dilli məktəblər əsasən kənd yerlərindədir. 2008-ci il məlumatına görə kənd yerlərində belarus dilli məktəblər 18,4, şəhərlərdə isə yalnız 1,9% təşkil edirdi. 2012/13 tədris ilində Belarus Respublikasında 928,2 min şagirdi və 128,1 min müəllimi əhatə edən 3579 ümumi orta təhsil müəssisəsi fəaliyyət göstərirdi. 79,9 min şagirdi birləşdirən 226 peşə texniki məktəbi, 152,2 min şagirdi əhatə edən 225 orta ixtisas məktəbi mövcuddur. Şagirlərin biliyi 10 ballıq təhsil sistemi əsasında qiymətləndirilir. Boloniya sisteminə Belarus 2015-ci il mayın 14-dən qoşulub.

Belarus Respublikasının ali dövlət elmi təşkilatı Milli Elmlər Akademiyasıdır.1990-2004-cü illərdə iqtisadi böhran, elmi işlərə lazımi maliyyə yardımı göstərilməməsi, alimlərin əmək haqqının aşağı olması elmi işçilərin xarici ölkələrə və kommersiya qurumlarına keçməsinə səbəb olmuşdur. Bunun nəticəsində müvafiq illərdə elmi-tədqiqat müəssisələrində işləyən elmi işçilərin sayı 107,3 min nəfərdən 28,8 min nəfərə düşmüşdür. 2004-cü ildən başlayaraq elmi işlərə ayrılan dövlət vəsaitinin artması, alimlərin əmək şəraitinin və sosial vəziyyətinin nisbətən yaxşılaşması onların sayının azalmasının qarşısını aldı. 2014-cü ildə elmi-tədqiqat müəssisələrində 27208 nəfər elmi işçi çalışırdı.

2012/13 tədris ilində Belarus Respublikasının 45 dövlət və 9 özəl olmaqla 54 ali məktəbində 428,4 min nəfər tələbə təhsil alırdı. Ali məktəblərdə fəaliyyət göstərən elmi-pedaqoji kadrların sayı 24.612 nəfər təşkil edirdi ki, onların da 1346 nəfəri elmlər doktoru, 9043 nəfəri elmlər namizədi, 1260 nəfəri professor, 7509 nəfəri dosent idi. Ölkənin aparıcı ali məktəbləri

1921-ci il oktyabrın 30-da təsis edilən Belarusiya Dövlət Universiteti və 1991-ci il yanvarın 29-da açılan Belarus Respublikasının Prezidenti yanında İdarəetmə Akademiyasıdır. Ölkənin ali məktəblərində tələbələr təhsilini başa vurduqdan sonra bakalavr və magistr akademik ixtisas dərəcələri alırlar. Ali məktəb məzunları təhsillərini aspirantura və doktoranturada davam etdirə bilərlər.

Müstəqil Belarus Respublikasında bədii yaradıcılığın mühüm sahələrindən biri olan ədəbiyyatda yeni əsərlər meydana gəlmişdir,1980-ci illərin sonlarında Stalin repressiyasına dair əsərlər diqqəti cəlb edir,1985-ci ildə Vasili Bıkovun yazdığı “Fəlakətin əlaməti” (“Znak bedı”) əsərində kollektivləşdirmə, repressiya və cəbhədə vəziyyət arasındakı faciəli əlaqə əks olunur. Sonrakı illərdə yazıçı bu mövzunu “Sarı qumlar” (“Jyoltıy pesoçek”) əsərində davam etdirir. Aşkarlıq dövründə Larisa Geniyuşun düşərgə illərindən bəhs edən gündəliyi çap olundu. Pavel Prudnikovun “Kirpinin qolları” (“Ejovıe rukavitsı”), “Şimal cəhənnəmi” (“Severniy ad”) povestləri, “Taymır” poeması antistalin ideyası ilə zəngindir. Natalya Arsenyeva, Ales Salavey mühacirətdə belarus ədəbiyyatını təmsil edirdilər.

Müstəqil Belarus Respublikasının ədəbiyyat sahəsində bütün dünyada tanınan nümayəndəsi 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçı, jurnalist və sena-rist Svetlana Aleksandrovna Aleksiyeviçdir. Yazıçı “Sonuncu şahidlər” (“Poslednie svideteli”), “Sink oğlanlar” (“Sinkovıe malçiki”), “Çernobıl duası” (“Çernobılskaya molitva”) və s. dünyada milyon nüsxələrlə çap edilən və oxucu kütləsi tərəfindən maraqla qarşılanan əsərlərin müəllifidir. Öz yaradıcılığında Böyük Vətən müharibəsi illərində qadınların acı həyatından, əfqan müharibəsində cərəyan edən dözülməz hadisələrdən, şahidlərin məlumatı əsasında Çernobıl qəzasının törətdiyi fəsadlardan olduğu kimi söz açan müəllifin şöhrəti Belarus Respublikasının sərhədlərini aşaraq bir çox ölkədə yayılmışdır. Onun əsərləri ingilis, fransız, alman, İsveç, polyak, çin və s. dillərə tərcümə olunmuşdur. Müstəqil Belarusun bədii yaradıcılıq sahəsində yeganə Nobel mükafatçısı Svetlana Aleksiyeviçin təkcə “Çernobıl duası” kitabının xarici ölkələrdəki çapı 4 milyon nüsxədən çoxdur.

Teatr, kino, musiqi, təsviri sənət Belarus Respublikasında daha da rəngarəng olmuşdur.

2012-ci ildə görkəmli rejissor Sergey Loznitsin yazıçısı Vasili Bıkovun povesti əsasında çəkdiyi “Dumanda” (“V tumane”) dramı 65-ci Kann festivalında xüsusi mükafata layiq görülmüşdür. ”Belarusfılm” kinostudiyasında Nikita Mixalkonun, Pyotr və Valeri Todorovskilərin, Aleksandr Sokurovun fılməlri çəkilirdi.

Müasir Belarusun təsviri sənət əsəri yaradıcılığı sahəsində görkəmli memarlıq ustalarından biri heykəltaraş Vladimir İvanoviç Jbanovdur (1954-2012). Görkəmli heykəltaraşın 1996-cı ildə Minskdə Milli Bankın binası üzərindəki Belarus Respublikasının Gerbi, Minsk metorsunun keçidindəki “Zontikli qız” (“Devoçka s zontikom”) monumental əsəri, heykəl-taraşlar Yevgeni Kolçev və Aleksandr Tuxto ilə birgə yaratdıqları “Fotoqraf’, “At” (“Loşad”), “Fəvvarədəki qazlar” (“Qusi v fontane”) memarlıq inciləri bu gün də Belarusun paytaxtı Minskinin bəzəyidir.

Belarusda musiqi sənəti yerli milli ənənələri saxlamaqla dünyada populyar olan istiqamətlərdə də inkişaf edirdi. Xüsusilə müasir zamanda respublikada pop və rok musiqisi daha geniş yayılmışdır. Hal-hazırda ölkədə “Lyapis Trubetskoy”, “Bez bileta”, “Akute”, “Nizkiz” və d. qruplar geniş şöhrət qazanmışdır. 2004-cü ildən Belarus ifaçıları “Avroviziya” musiqi müsabiqəsində iştirak edirlər. Hər il Belarusda 30-dan çox beynəlxalq, respublika və regional musiqi festivalları təşkil olunur. Ən məşhur Belarus musiqi festivalı “Vitebskdə Slavyan Bazarı” şənliyidir.

Belarus Respublikasının xarici siyasəti

Belarus Respublikasının xarici siyasətinin 2005-ci il noyabrın 14-də qəbul olunmuş “Belarus Respublikasının əsas daxili və xarici siyasətinin istiqamətlərinin təsdiq edilməsi haqqında” Qanunda öz əksini tapmışdır. Beynəlxalq hüququn ümumi qəbul edilən norma və prinsiplərinə əməl edilməsi, bunun əsasında dünya birliyinin maraqlarını nəzərə alaraq xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlıq, dövlətlərarası təhsildə iştirakın könüllülüyü, qonşu dövlətlərə ərazi iddiasının və Belarus Respublikasına olan ərazi iddiasının qəbul edilməməsi və s. irəli sürülən əsas vəzifələrdir.

1991-ci ilin dekabrında Avropa dövlətləri Belarusiyanın müstəqilliyini qəbul etdikdən sonra onlar arasında yaxınlaşma başladı,1995-ci ildə AB ilə Belarus Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalandı və ölkə Qərbdən siyasi, iqtisadi və ticarət sahəsində əhəmiyyətli dərəcədə kömək aldı. Ancaq 1994-cü ildə qəbul edilən Belarus Respublikasının Konstitusiyasına 1996-cı ildəki əlavə və dəyişikliyi qeyri-demokratik hesab edən AB 1997-ci ildə Belarus ilə tərəfdaşlıq və əməkdaşlıq sazişini uzatmayaraq, respublikanın üzvlüyünü müdafiə etməkdən imtina etdi. Belarus Respublikası eyni zamanda 1997-ci ildəki seçkilərin qeyri-demokratik və müxalifətə təzyiq göstərilməsi səbəbi ilə Avropa Şurasının Parlament Assambleyasına xüsusi dəvət edilən ölkə statusunu da itirdi.

2005-ci ilin martında Avropa İttifaqı Belarusda “vətəndaş cəmiyyəti formalaşdırmağı” maliyyələşdirəcəyini açıq bildirdi. Martın 10-da Avropa Parlamenti “mövcud Belarus rejimini diktatura kimi ifşa” etməyə çağıraraq, prezident Aleksandr Lukaşenkonun və ali dövlət məmurlarının şəxsi aktivlərini dondurmağı, xarici ölkələrə səfər etmələrinə qadağa qoyulan ali dövlət hakimiyyət nümayəndələrinin siyahısını genişləndirməyi təkid etdi. 2006-cı il fevralın 26-dan Belarusda prezident seçkiləri ərəfəsində Aİ-nin maliyyələşdirdiyi müstəqil teleradio stansiyası fəaliyyətə başladı. 2009-cu ildə Belarus Aİ-nin “Şərq tərəfdaşlığı” layihəsinin üzvü oldu. Bu Belarus rəhbərliyinə bir sıra Avropa liderləri ilə görüşmək imkanı verdi. 2009-cu ilin aprelində Aİ-da sədrlik edən Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq Minskə rəsmi səfərə gəldi. Tezliklə prezident A.Lukaşenko İtaliyaya səfər edərək Baş nazir Silvio Berluskoni və Roma papası XVI Benediktlə görüşdü.

Amma 2010-cu il dekabrın 19-dakı seçkilərin saxtalaşdırılması səbəbilə Aİ-Belarus münasibətləri donduruldu. Aİ dəfələrlə Belarus Respublikasının rəhbərliyindən “19 dekabr” işi üzrə ittiham olunanların azadlığa buraxılmasını tələb etsə də buna müəssər olmadı. 2012-ci ildə Aİ Belarus hakimiyyətinə qarşı tətbiq olunan sanksiyaları sərtləşdirdi.

Müstəqil Belarus Respublikasının yaxın qonşuları ilə münasibətlər Ukraynada “narıncı inqilab”dan sonra xeyli gərginləşib. Ukrayna hadisələrində Polşanın prezidenti Aleksandr Kvasnevskinin mövqeyi Aleksandr Lukaşenkonun siyasətinin tam əksi olduğu üçün Polşa-Belarus əlaqələrində soyuqluq yaranmışdır. Hətta tərəflər bir-birini ölkələrinin daxili işlərinə qarışmaqla belə ittiham etməkdən çəkinmədilər. Rəsmi məlumata görə Belarus Respublikasında 295 min etnik polyak yaşayır ki, bu da ölkədə ruslardan sonra ikinci milli azlıq hesab olunur. “Belarus” polyakları ittifaqı” və iki polyak məktəbi mədəni və təhsil proqramı ilə çıxış edir, onları isə təbii olaraq Polşa dövləti maliyyələşdirir.

Ölkənin sərhədində yerləşən Litva dövləti belarus müxalifət qüvvələrinə hərtərəfli yardım edir. Litvanın ərazisində 2004-cü ildən Belarus Respublikasından bura köçürülmüş Avropa Humanitar Universiteti fəaliyyət göstərir. Məhz 2005-ci ilin yazında Vilnüsdə ABŞ-ın dövlət katibi Kondoliza Raysla Belarus müxalifətinin nümayəndələrinin görüşü baş tutmuşdur. ABŞ-ın dövlət katibi A.Lukaşenkonun rejimini “Avropanın axırıncı diktatoru” kimi səciyyələndirmişdir. 2005-ci il noyabrın 25-də müxalifətin Belarusun prezidentliyə namizədi Aleksandr Milinkeviç Litva prezidenti Valdas Adamkusla Vilnüsdə görüşmüşdür. Bundan əlavə Litvada müxalifət üçün dinc aksiya, piket, mitinq təşkil edilməsinə dair kurslar təşkil olunur, belarus dilində müstəqil radio verlişləri efirə çıxır. Bu isə Belarus hakimiyyəti tərəfindən birmənalı qarşılanmır.

Latviya dövləti ilə Belarus Respublikasının münasibətləri də hakimiyyətin Belarus müxalifətini müdafiə etməsi səbəbi ilə gərgin olaraq davam edir. Tərəflər ölkələri təmsil edən səfirlik nümayəndələrini ittiham etməyi adi hala çevirmişdir. Latviya həmçinin Polşa, Litva və Ukrayna ilə birlikdə Belarusa qarşı münasibətlərdə öz fəaliyyətlərini birgə əlaqələndirən işçi qrupa daxildir.

Ukrayna ilə Belarusu şərqi slavyan ölkələri olmaqla tarix, mədəniyyət, qohumluq əlaqələri birləşdirir. Lakin Belarus Respublikasının dəyişməz lideri Aleksandr Lukaşenkonun xüsusilə Ukraynada “narıncı inqilab”dan sonra bu ölkəyə münasibəti birmənalı olmamışdır. Hələ sovet dövründən qalan Belarusiya ilə Ukrayna arasındakı təqribən 1000 kilometrlik inzibati-ərazi bölgüsünün rəsmi olaraq qanuniləşdirilməsi tələb olunur. 1997-ci ildə bu məsələdə razılıq əldə olunaraq müqavilə bağlanmasına baxmayaraq Belarus tərəfi keçmiş borclara görə sənədi təsdiq etməkdən imtina edir. Bu isə NATO ilə əməkdaşlıq edən Ukraynaya əlavə problem yaradır.

Belarus Respublikasında qeyri-demokratik rejim hesab etdiyi A.Lukaşenkonun hakimiyyətdən uzaqlaşdırılmasını təkid edən ölkələrdən biri də ABŞ-dır. 2000-ci ildən başlayaraq ABŞ-ın Belarus Respublikasındakı təcrübəli diplomatı Maykl Kozak bir-biri ilə çəkişən müxalifət qüvvələrini prezidentliyə namizəd Vladimir Qonçarik ətrafında birləşdirməyə müəssər oldu. Lakin 2001-ci ilin payızındakı seçkilərdə A.Lukaşenkoya qalib gəlmək mümkün olmadı. 2004-cü il oktyabrın 6-da ABŞ konqresi Belarusa qarşı “Belarusiyada demokratiyaya dair” Akt qəbul edərək ona qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Aktda eyni zamanda Belarus prezidenti A.Lukaşenkodan siyasi və dini əqidəsinə görə həbs edilənlərin azad edilməsini, müxalifət qüvvələrinə və kütləvi mətbuat vasitələrinə qarşı repressiyaların dayandırılması, Belarus Respublikasında ATƏT-in tələblərinə cavab verən azad prezident və parlament seçkilərinin keçirilməsi və s. tələb olunurdu. Oktyabrın 21-də Corc Buş “Belarusiyada demokratiyaya dair” Aktı imzaladı və bu qanun qüvvəsi aldı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aktı başqa dövlətin daxili işlərinə qarışmaq olduğu səbəbi ilə tənqid etdi. Belarus hakimiyyəti elan etdi ki, ABŞ ölkənin xarici ticarətinin yalnız 3 faizini təşkil etdiyi üçün bu addım onları qorxutmur. 2007-ci ilin yanvarın 12-də ABŞ prezidenti C.Buş Belarus dövlətinə qarşı tətbiq edilən iqtisadi sanksiyanın müddətinin daha iki il uzadılmasına dair qanunu imzaladı.

1991-ci il dekabrın 8-də Belovej qoruğunda SSRİ-nin süqutu, MDB-nin yaranması ilə başa çatan sazişin imzalanması müstəqil Belarusiya ilə Rusiya arasında beynəlxalq münasibətlərin tarixinin yeni başlanğıcı hesab edilə bilər. Bunun ardınca hər iki müstəqil respublika 1992-ci il noyabrın 13-də azad ticarət haqqında saziş imzaladı. Belarus və Rusiya qarşılıqlı əlaqələri hər iki tərəf üçün əlverişlidir. İki yüz ilə yaxın Belarusiyanın əvvəlcə Rusiya imperiyasının, sonra isə SSRİ-nin tərkibinə daxil olması bu iki Şərqi slavyan dövləti mədəniyyətinin qaynayıb-qarışmasına səbəb olmuşdur. Başqa bir tərəfdən Belarusiyanın əhalisinin 10 faizə qədəri ruslardan və yaxud qarışıq ailələrdən ibarətdir. Təsərrüfat əlaqələrinin pozulması, xüsusilə Belarus Respublikasının iqtisadiyyatına ağır zərbə vurdu ki, onların da öz enerji daşıyıcıları yox idi. Geosiyasi və hərbi-strateji cəhətdən Belarusiyanın Rusiya üçün əlverişli tərəfdaş olmasının heç bir sübuta ehtiyacı yoxdur. Avropa ilə sərhəddə yerləşən Belarus Rusiyanın Avropa hissəsinin hərbi hava məkanının təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rol oynayır.

1995-ci il yanvarın 6-da Rusiya ilə Belarus Respublikası arasında Gömrük İttifaqı haqqında saziş, fevralın 21-də 10 il müddətinə dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. 1996-cı il aprelin 2-də Rusiya Federasiyasının prezidenti B.N.Yeltsin və Belarus Respublikasının prezidenti A.Q.Lukaşenko Rusiya və Belarus Birliyinin yaradılması haqqında müqavilə imzaladılar. B.N.Yeltsin həmin vaxt iki aydan sonrakı prezident seçkilərini nəzərdə tutaraq, A. Lukoşenko isə ittifaq dövlətinə başçılıq etmək arzusu səbəbilə belə bir addım atdılar.Tezliklə məlum oldu ki, hər iki tərəfin birləşmə ilə əlaqədar öz məqsədləri var. Dövlət Dumasının razılığını ala bilməyən B.Yeltsin ittifaq müqaviləsinin Belarus variantını imzalamaqdan imtina etdi. Yeni hazırlanan ittifaq müqaviləsi 1997-ci il aprelin 2-də imzalansa da konkret heç bir vəzifə qarşıya qoymurdu. Odur ki, A.Lukaşenko elan etdi ki, Rusiya Birliyinin yaradılmasına hazır deyil. Beləliklə, Belarusiya ilə Rusiyanın münasibətlərində soyuqluq yarandı.

1999-cu il dekabrın 8-də B.N.Yeltsin istefa ərəfəsində ittifaq dövlətinin yaradılmasına dair müqaviləni imzaladı. Tərəflər tezliklə vahid dövlətin Konstitusiyasını hazırlamaq və onun ümumxalq müzakirəsinə çıxarmağı razılaşdırdılar. 2000-ci ilin yanvarın 26-dan müqavilə qüvvəyə mindi, Pavel Borodin Birliyin dövlət katibi seçildi. Rusiyadakı hakimiyyət dəyişikliyi bu prosesi 2002-ci ilə kimi təxirə saldı. Nəhayət, həmin il A.Lukaşenko Birliyə prezidentlərin növbə ilə başçılıq etməsi təklifini irəli sürdü. V.V.Putin təklif etdi ki, 2003-cü ilin mayında ittifaq konstitusiyası ilə bağlı referendum, yarım ildən sonra Rusiyadakı Parlament seçkiləri ilə eyni vaxtda ittifaq parlamenti və prezidentliyinə də seçkilər keçirilsin. V.Putin təkid edirdi ki, rəhbər orqanlar təşkil edilən zaman dövlətlərin miqyası və əhalisi hökmən nəzərə alınsın. Bu isə faktiki o demək idi ki, Belarus Rusiyanın tərkibinə daxil edilsin, A.Lukaşenko isə Rusiya Federasiyası prezidentinin Belarus dairəsi üzrə səlahiyyətli nümayəndəsinə çevrilsin. Buna cavab olaraq A.Lukaşenko Belarus Respublikasının Rusiya Federasiyasının 90-cı subyektinə çevirməyə cəhd etməkdə ittiham etdi. Hər iki dövlət başçısı arasında soyuq münasibət və sözlü sataşmalar davam etdi. 2003-cü ilin oktyabrında A.Lukaşenko bildirdi ki, hər iki dövlətin 2005-ci il yanvarın 1-də tətbiq edilməsi nəzərdə tutulan vahid valyutaya keçməyin heç bir mənası yoxdur.

Zaman-zaman Belarus və Rusiya münasibətləri vahid qaz nəqli konsorsiumu yaradılması səbbəilə gərginləşir. Ruisya Yamal-Avropa qaz xətti ilə qaz ixracı edir. Bu məqsədlə “Qazprom” xətti uzunmüddətli icarəyə götürməyi planlaşdırmasa da tərəflər vahid bir rəyə gələ bilmir. Bundan təzyiq vasitəsi kimi istifadə edən “Qazprom” rəhbərliyi dəfələrlə Belarusa verilən qazı dayandırmışdır.

2005-ci ildə postsovet respublikaları Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan GUAM çərçivəsində iqtisadi əlaqələri daha da inkişaf etdirmək məqsədilə birləşdikdən sonra qeyri-demokratik imic qazanmış Belarus Respublikasının rəhbərliyi Rusiya Federasiyasına yaxınlaşmağa başladı. Buna cavab olaraq Rusiya 2004-cü ilin oktyabrında ABŞ-ın Belarusa tətbiq etdiyi iqtisadi sanksiyanı pislədi. 2005-ci ildə A.Lukaşenko tez-tez Rusiya rəsmi səfər etməyə başladı. Amma vahid dövlətin yaradılması məsələsində konkret addım atılmadı. 2006-ci ilin yazındakı prezident seçkilərində A.Lukaşenko yenidən Belarus Respublikasının prezidenti seçildi. Seçkinin nəticələrinin A.Lukaşenkonun xeyrinə saxtalaşdırılması səs-küyündən sonra “Qazprom” Belarusa verilən hər min kubmetr qaz üçün 200 ABŞ dolları tələb etdi.

2006-cı ilin ortalarında Rusiya Belarusun öz öhdəliklərini yerinə yetirməməsi səbəbilə 2002-ci ildəki hökumətlərarası sazişdən çıxdı. Uzun danışıqlardan və qarşılıqlı ittihamlardan sonra nəhayət 2007-ci ilin ərəfəsində 2007-2011-ci illərdə hər min kub metri 100 ABŞ doları olmaqla Belarusa qaz satılmasına icazə verildi. 2009-cu il noyabrın 27-də Belarus, Qazaxıstan və Rusiyanın dövlət başçıları 2010-cu il yanvarın 1-də Gömrük İttifaqının yaradılmasına dair sənəd imzaladılar. 2010-cu ilin iyulunda Belarus, Qazaxıstan və Rusiyanın daxil olduğu Gömrük İttifaqı fəaliyyətə başladı. 2010-cu ilin ikinci yarısından RF-nın rəhbərliyi ilə prezident A.Lukaşenkonun münasibətləri yenidən kəskinləşdi. 2014-cü ilin dekabrından Belarusun gömrük orqanı Belarus- Rusiya sərhədində nəzarəti tam bərpa etdi. 2011-ci il noyabrın 18-də Belarus, Qazaxıstan və Rusiya arasında 2012-ci il yanvarın 1-dən qüvvəyə minən Vahid İqtisadi Məkan (VİM) adlanan Avrasiya iqtisadi birliyi haqqında müqavilə imzalandı.

2014-cü il mayın 29-da Astanada Belarus Respublikasının prezidenti Aleksandr Lu-kaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzaladı. Müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

Belarus Respublikası ilə Rusiya Federsiaysı arasında hərbi tərəfdaşlıq davam edir. Belarus Respublikasının ərazisində Rusiya hərbi qüvvələrinin iki obyekti fəaliyyət göstərir. Baranoviçdə yerləşən “Volqa” RLS raket hücumunu xəbər vermək məqsədilə yaradılaraq daşınmaz əmlakı və infrastrukturu ilə bilikdə 1995-ci il yanvarın 6-da bağlanan sazişə əsasən 25 illiyə, yəni 2020-ci ilə kimi Rusiyaya icarəyə verilmişdir. Vileykadakı 43-cü rabitə qovuşağı isə Rusiya HDF-nın Atlantik, Hind və Sakit okeanın bir hissəsində hərbi növbə çəkən dənizaltı atom gəmiləri ilə uzun dalğalarda əlaqə yaratmaq məqsədilə qurulub. 2012-ci il iyulun 22-də Qazaxıstanın Baykonur kosmodromundan Belarus kosmik gəmisinin (BKA) ilk uçuşu baş tutdu ki, bununla da Belarus Respublikası kosmik dövlət statusu qazandı.

Belarus Azərbaycan əlaqələri son illər dinamik inkişaf edir. 2015-ci il iyunun 11-də Belarusun prezidenti A.Lukaşenko Azərbaycanda işgüzar səfərdə olarkən ölkə başçısı İlham Əliyevlə görüşüb, idman obyektlərində olub, Birinci Avropa oyunlarının rəsmi açılışında iştirak edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2015-ci il noyabrın 27-29 tarixində Belarus Respublikasında rəsmi səfərdə olub. Hər iki ölkənin başçısı rəsmi Bəyannamə imzalayaraq qarşılıqlı münasibətlərin bütün aspektlərinə toxunub. Bəyannamədə iqtisadi, siyasi, humanitar, hərbi-sənaye sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi xüsusi qeyd olunub. Bütün bunlar dost və qardaş Azərbaycan-Belarus əlaqələrindən xəbər verir.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh