Sloveniya

Sloveniya Mərkəzi Avropa dövləti kimi qərbdən İtaliya, şimaldan Avstriya, şərqdən Macarıstan, şərq və cənubdan Xorvatiya ilə həmsərhəddir. Uzun illər kommunistlərin inhisarından sonra Sloveniyada 1990-cı ilin aprelində çoxpartiyalı sistem əsasında parlamentdə seçki keçirildi. Seçicilərin təqribən 55 faizi Sloveniya Demokratik İttifaqı, Sloveniya Sosial-Demokratik İttifaqı, Sloveniya Xristian-Sosial Hərəkatı, Sloveniya Kəndli İttifaqı və “Yaşıllar” partiyasının daxil olduğu Sloveniya Demokratik müxalifətinə səs verdi. Keçmiş kommunistlərdən ibarət olan Demokratik Yeniləşmə partiyası, liberal-demokratik və sosialist partiyaları da parlamentə daxil olmağı bacardı. Sağ meyilli Sloveniya xristian-sosialist hərəkatının xadimi Loyze Peterl Baş nazir, Sloveniyanın Federasiyadan çıxmağın liberal baxışlı tərəfdarı, sabiq kommunist funksioneri Milan Kuçan respublika Rəyasət Heyətinin sədri, yəni prezident seçildilər.

Yeni seçilmiş parlament Sloveniyanın suverenliyi və müstəqilliyi haqqında bəyannamə qəbul edərək həm də Federasiyadan çıxmağa dair plebissit təşkil etdi. İştirakçıların 88 faizi Federasiyadan çıxmaq tərəfdarı olduqlarını bildirdilər. 1991-ci il iyun ayının 25-də ölkə parlamenti Sloveniyanın müstəqilliyini elan etdi. Eyni zamanda respublikanın güc strukturlarına gömrük və sərhəd-keçid məntəqələrinə, İtaliya, Avstriya və Macarıstanla dövlət sərhədlərini nəzarətə götürmək göstərişi verildi. Ertəsi gün Yuqoslaviya hökuməti Sloveniyanın hərəkətlərini qeyri-qanuni sayaraq orduya vəziyyəti nəzarət altına almağı tapşırdı. Sloveniya tərəfi 35 min könüllü təşkil edərək sərhəddə müqavimət səddi qurdu. 10 gün davam edən silahlı toqquşmada hər iki tərəfdən ölən və yaralanan oldu. Konkret olaraq Yuqoslav ordusunda 45 nəfər öldü, 146 nəfər yaralandı, 4693 hərbiçi, 252 nəfər federal xidmət əməkdaşı əsir götürüldü. Sloveniya özünümüdafiə qüvvələri 19 nəfər itirdi, 182 nəfər isə yaralandı. Əməliyyatların gedişində 31 tank, 22 nəqliyyat zirehli maşını, 172 nəqliyyat vasitəsi, 6 uçan aparat məhv edildi. Avropa Birliyinin təşəbbüsü ilə iyulun 3-də barışıq imzalandı. Sloveniya 3 ay müddətində suverenlik haqqında bəyannamənin həyata keçirilməsini dayandırmağı, Yuqoslaviya öz ordusunu Sloveniyadan çıxarmağı öhdəsinə götürdü. Federasiya qoşunları iyulun 29-da Sloveniyadan çıxarıldı. 1991-ci ilin oktyabrında Sloveniya sərhədlər üzərində nəzarəti bərpa etdi, milli valyutasını buraxdı, dekabr ayında yeni Konstitusiyasını qəbul etdi. 1992-ci ilin yanvarında Avropa Birliyi, sonra başqa dövlətlər Sloveniyanın müstəqilliyini tanıdı.

Müstəqil Sloveniyanın ərazisi 20273 kv. km, əhalisi isə 1976 min nəfər idi. Etnik tərkibinə görə əhalinin 90 faizi slovenlərdən ibarət olub katolikliyə etiqad edirdilər. Sloveniyanın 1991-ci il dekabrın 23-də qəbul etdiyi Konstitusiyaya görə ölkə parlamentli respublika olub, iki palatadan, yəni Dövlət Yığıncağı və Dövlət Şurasından ibarət olan hakimiyyət orqanına malik idi. 90 nəfərdən ibarət olan Dövlət Yığıncağı qanunverici səlahiyyətə malik olub siyasi partiyalar tərəfindən ümumi, bərabər, birbaşa, gizli səsvermə nəticəsində 4 il müddətinə seçilirdi. İtalyan və macar milli azlığının hərəsinə bir deputat yeri nəzərdə tutulurdu. Dövlət Yığıncağı hökuməti təşkil edir, onun fəaliyyətinə nəzarət edir və qanunları qəbul edirdi. Dövlət Şurası 40 nəfər deputatdan ibarət 5 il müddətində seçilirdi. Onun səlahiyyətlərinə Sloven cəmiyyətinin milli və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün sosial, iqtisadi, sənət və lokal maraqları daxil idi.

Dövlətin başçısı prezident elan edilirdi ki, o, da birbaşa səsvermə ilə 5 il müddətinə ardıcıl iki dəfədən çox olmamaq şərti ilə seçilirdi. Prezident həm də Sloveniya silahlı qüvvələrinin ali baş komandanı idi. Ölkə prezidenti parlamentə seçkiləri təyin edir, onu vaxtından əvvəl buraxa bilərdi, o şərtlə ki, dövlət yığıncağı hökuməti qura bilməsin.

1992-ci ilin dekabr seçkilərində Liberal-Demokrat partiyası nisbi səs çoxluğu ilə qələbə çaldı, onun lideri Yanez Dmovşek sol mərkəzçi koalisiyon hökumətin başçısı oldu. 2000-ci ildə az fasilələrlə hakimiyyətdə qalan Baş nazir Y.Dmovşek və prezident M.Kuçan müstəqil Sloveniyanın dövlət siyasətini həyata keçirirdilər.

2002-ci ilin sonundakı prezident seçkisində Y.Dmovşek prezident seçildi. Liberal-Demokratik partiyanın üzvü Anton Rop hökumətə başçılıq etdi. 2004-cü ilin oktyabr ayında parlament seçkisi oldu, məşhur dissident, Federasiya ordusuna qarşı silahlı müqavimətin təşkilatçısı Yanez Yanşinin Sloveniya Demokratik partiyası seçicilərinin çoxunun səsini alaraq qələbə qazandı. Yanez Yanş Xristian-Xalq partiyası, Sloveniya Xalq partiyası və Təqaüdçülərin Demokratik partiyasıdan ibarət “Yeni Sloveniya” bloku adı altında koalisiya hökuməti təşkil etdi.

2014-cü ilin avqustundan Sloveniyanın Baş nazir postunu Miroslav Serar-kiçik tutur. Parlament respublikası olan ölkənin inzibati idarəetmə sistemində 210 icma fəaliyyət göstərir ki, bunların da 11-nin şəhər statusu vardır. Sloveniya Respublikasının hazırkı prezidenti Borut Paxordur. B.Paxor Sosial-Demokrat Partiyasının nümayəndəsi kimi 2012-ci il dekabrın 22-dən 2007-ci ildən prezident olan Danilo Türkü əvəz edərək ölkənin prezidenti vəzifəsini yerinə yetirir.

Yuqoslaviya Federasiyasından ayrılıb müstəqillik əldə edən zaman Sloveniya iqtisadi cəhətdən bütün respublikalardan öndə yer tuturdu, belə ki, bütün ixracatın 60 faizi onun payına düşürdü. Müstəqillik qazandıqdan sonra Sloveniyanın iqtisadiyyatı daha da inkişaf etdi. Sloveniyada Reno Klio avtozavodu, “Krşko” atom elektrik stansiyası, “Petrol” dövlət neft kompaniyası, “Koper” limanı ölkə iqtisadiyyatının tərəqqisində əhəmiyyətli rol oynayırlar. Xüsusilə solmərkəzçi hökumətlərin dövründə islahatların yavaş surəti sosial münaqişələrdən qaçmağa şərait yaratdı. İqtisadiyyat tədricən inkişaf edərək səviyyəsinə görə qabaqcıl qərbi Avropa dövlətləri ilə müqayisə edilməyə başladı. 2004-cü ilin martında Ümumdünya Bankı Şərqi Avropanın postsosialist ölkələri arasında Sloveniyanı birinci olaraq inkişaf etmiş ölkə kimi qiymətləndirdi.

Sloveniyada valyuta Avropa ölkələrində tədavüldə olan avrodur. 2007-ci il məlumtaına görə Sloveniyada nominal orta əmək haqqı 820 avro, minumum əmək haqqı isə 522 avro təşkil edir. 2007-ci ilin məlumatına əsasən Sloveniyada əmək qabiliyyəti olan əhalinin yalnız 7 faizi işsiz hesab olunurdu. Doğrudur 2009-cu ildə dünya iqtisadiyyatının səviyyəsinin aşağı düşməsi Sloveniya Respublikasında ixracat və sənaye istehsalının 6 faizdən çox aşağı düşməsinə, işsizliyin isə 9 faizə yüksəlməsinə səbəb olmuşdur.

Bu gün Sloveniya möhkəm daxili sabitlik və iqtisadi inkişaf səviyyəsinə görə turistləri və xarici sahibkarları cəlb edir. Xarici siyasət sahəsində Qərblə əməkdaşlıq xətti davam edir. Sloveniya BMT-na,bir çox mərkəzi və regional təşkilatlara üzv qəbul edilmişdir. 350 min italyanın hələ İ.B.Tito rejimi zamanı İstriya, Dalmasiyadan İtaliyaya köçürülməsi və onlara kompensasiya ödənilməsi problemi yalnız 1996-cı ildə öz həllini tapdı. Bundan sonra 2004-cü ildə keçmiş Yuqoslaviya respublikaları arasında Sloveniya birinci olaraq NATO və Avropa İttifaqına qəbul olundu.

Məhz Sloveniyanın təşəbbüsü ilə 2004-cü ildə 10 slavyan ölkəsi, o cümlədən Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Polşa, Rusiya, Serbiya və Çernoqoriya, Sloveniya, Xorvatiya, Ukraina, Slovakiya və Çexiya Slavyan mədəniyyəti Forumun təsis etdilər. Məqsəd slavyan xalqlarının özünəməxsus adət və ənənələrini qoruyub saxlamaq idi. Sloven dili latın əlifbası ilə yazısı olan cənub-slavyan dil qrupuna daxildir. Bu dilin xorvat və serb dillərilə ümumi kökdən olmasına baxmayaraq onlardan əhəmiyyətli şəkildə fərqlənir. Eyni zamanda sloven dili qərbi slavyan dillərinin və rus dilinin şimali rus ləhcəsinin bəzi əlamətlərinə malikdir. Hal-hazırda sloven dilinin 49 dialekti mövcuddur.

2013-cü il yanvarın 1-nə olan rəsmi məlumata əsasən Sloveniya Respublikasında 2058821 nəfər əhali yaşayır ki, bu da dünyada əhalisinin sayına görə 144-cü ölkə deməkdir. Ərazisinə görə dünyada 150-ci yerə məxsus olan Sloveniya 20253 km2əraziyə malikdir. Ən böyük şəhərləri Lyublyana, Maribor, Kran, Velenedir.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh