Bosniya və Herseqovina

Bosniya və Herseqovina Respublikası iki bərabərhüquqlu subyektdən-Bosniya və Herseqovina Federasiyasından və Serb Respublikasından, o cümlədən xüsusi statusu olan Brçko vilayətindən ibarət demokratik federativ respublika olub qərb və şimaldan Xorvatiya, şərqdən Serbiya, cənub-şərqdən Çernoqoriya ilə həmsərhəddir, Avropanın cənubi-şərqində, Balkan yarmadasının mərkəzi hissəsində yerləşir.

Bosniya və Herseqovina Yuqoslaviya Federativ Sosialist Respublikasına daxil olan yeganə respublikadır ki, onun sərhədləri etnik deyil, tarixi-coğrafi prinsiplər əsasında müəyyən edilmişdir. 1991-ci ilə doğru, respublikanın 90-cı illərin ortalarından bosniyalılar və ya boşnaklar adlanan slavyan-müsəlman əhalisi 44, serbər 32, xorvatlar isə 17 faiz təşkil edirdi.

1990- cı ilin noyabrında Bosniya və Herseqovinada çoxpartiyalı sistem üzrə seçki oldu. Parlament seçkilərində bosniyalı müsəlmanların Demokratik Hərəkat partiyası, Serb Demokratik partiyası, Xorvat Demokratik Həmrəyliyinin daxil olduğu müxalifət koalisiyası qələbə çaldı. Hökumətə xorvat Yure Pelivan, parlamentə Serb Momçilo Kraişnik, Bosniya Herseqovinanın Rəyasət Heyətinə Bosniya müsəlmanı Aliyə İzzətbəyoviç (1925-2003) rəhbərlik etməyə başladı.

1991- ci ilin əvvəlində qonşu Xorvatiyada müharibənin başlanması ilə milli icmaları təmsil edən Bosniya və Herseqovinadakı partiyaların koalisiyası dağıldı. 1991-ci ilin oktyabrında respublika parlamentinin müsəlman deputatları yuqoslaviya hakimiyyətini federasiyanı dağıtmaqda ittiham edərək Bosniya və Herseqovinanın müstəqilliyini elan etdilər. Serb dputatlar etiraz əlaməti olaraq parlamenti tərk etdilər və Bosniya və Herseqovinadakı serb xalqının skupşibasın çağırdılar. Noyabrda Bosniyanın serb icması əhalisi arasında plebissit keçirildi. Səsvermədə iştirak edənlərin 92 faizini yenilənmiş Yuqoslav dövlətinə tərəfdar çıxdı. 1992-ci il yanvarın 9-da Bosniyalı serblər öz dövlətlərini — Serb Respublikasını yaratdılar, həkim-psixiatr və şair Radovan Karaciç yeni dövlətin prezidenti seçildi.

Bosniya və Herseqovina skupşinasının müsəlman və xorvat deputatları 1992-ci il fevralın 29-u və martın 1-də referendum təşkil etdilər ki, burada da 63,4 faiz seçici iştirak etdi. 60 faizindən çox seçici Bosniya və Herseqovinanın müstəqilliyinə səs verdi. A. İzzətbəyoviç başda olmaqla Bosniya və Herseqovinanın müstəqilliyi bəyan edildi və Avropa Birliyinə yeni dövləti tanımaq xahişi ilə müraciət edildi. 1992-ci ildə martın 18-də Lissabonda üç icmanın liderləri “Bosniya və Herseqovinada konstitusiya quruluşunun əsas prinsipləri” haqqında razılığa gəldilər. Lakin 1992-ci il aprelin 6-da Avropa Birliyinin Bosniya və Herseqovinanın müstəqilliyini tanıması vəziyyəti gərginləşdirdi. Respublikanın bütün ərazisini hərbi əməliyyatlar bürüdü. 1992-ci ilin iyulunda əsasən qərbi Herseqovinada məskunlaşan respublikanın xorvat əhalisi öz dövlətlərini Herseq-Bosna Xorvat Respublikasını elan etdilər. Xorvat icmasının lideri Kreşimir Zubak onun prezidenti oldu. Bosniya və Herseqovi-nadakı hərbi əməliyyatlar bosniyalı serblər və müsəlmanlar, bosniyalı xorvatlar və müsəlmanlar, bosniyalı serblər və xorvatlar arasında davam edirdi. 1992-ci il mayın 30-da Yuqosloviya Xalq ordusu Bosniya və Herseqovinadakı hərbi əməliyyatlarda iştirak etdiyinə görə BMT-nin təhlükəsizlik şurası Yuqoslaviya və Serb Respublikasına qarşı sanksiya tətbiq etdi.

Bosniya müharibəsinin 1992-1993-cü illəri əhatə edən birinci mərhələsi “etnik təmizləmələrlə” diqqəti cəlb edir ki, bu zaman bosniyalı serblər ərazinin 70 faizinə nəzarəti ələ keçirərək böyük üstünlük əldə etdilər. Xorvat icması da müharibəyə qədərki ərazilərini xeyli genişləndirdi. Ən çox əraziyə nəzarəti itirən bosniyalı müsəlmanlar idi ki, böyük hərbi əməliyyatlardan sonra onlar yalnız Bosniya və Herseqovinanın ərazisinin beşdəbir hissəsinə nəzarət edirdilər. Bundan əlavə bosniyanın qərbində Fikrət Abdiçin başçılığı altında “Sazinsk kraina” müsəlman vilayəti də Sarayevaya tabe olmaqdan imtina edirdi. Tezliklə Bosniya münaqişəsi NATO-nun, xüsusilə ABŞ-ın diqqət mərkəzinə düşdü. 1992-ci ilin oktyabrından başlayaraq Alyansın HHQ-i Bosniya üzərində qadağan olunmuş uçuş rejiminə nəzarəti artırdı.

1993-cü ilin iyunundan yeni əməliyyat, silah təminatı üzrə qadağa və embarqao başlandı. Bu məqsədlə Adriatik dənizinə hərbi gəmilər göndərildi. 1994-cü il fevralın 27-də Banya-Luka səmasında iki amerikan F-16 4 köhnə konstruksiyalı serb təyyarəsini vurdu, aprelin 10 və 11-də Qorajde şəhəri yaxınlığındakı bosniya serblərinin mövqeylərin Alyans qüvvələri bombaladı, beləliklə Bosniya müharibəsi özünün ikinci mərhələsinə daxil oldu.

1994- cü il martın 18-də Vaşinqtonda müsəlman-xorvat federasiyasının yaradılması elan olundu. 1994-cü ilin ortalarına doğru ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və sonradan qoşulan İtaliya nümayəndələrindən ibarət əlaqə qrupu Bosniya və Herseqovinaya dair beynəlxalq sülh tənzimləmə planını təqdim etdilər ki, buna əsasən ölkə ərazisinin 51 faizi bosniya müsəlmanları və xorvatlara, 49 faizi isə bosniya serblərinə verilirdi. Amma ərazinin çox hissəsinə nəzarət edən bosniyalı serblər bu planı qəbul etmədi.

1995- ci il avqustun 30-na keçən gecə İtaliyanın aviabazası və Adriatik dənizindəki aviokreyserlərdən havaya qalxan NATO təyyarələri “Azadetmə qüvvələri” adı altında bosniya serblərinin mövqeylərini bombalamağa başladı. Hava köməyi nəticəsində hücuma keçən Xorvatiya Respublikasının nizami ordusu və müsəlman-xorvat koalisiyasının birləşmiş qüvvələri Bosniyanın qərbində xeyli əraziyə nəzarəti öz əlinə aldılar.

1995-ci il noyabrın 1-də ABŞ-ın Deyton şəhəri yaxınlığındakı aviabazada Bosniya məsələsinin nizama salınmasının yekun danışıqları baş tutdu. Serbiyanın prezidenti S.Miloşeviç, Xorvatiyanın prezidenti F.Tucman, Bosniyanın prezidenti A. İzzətbəyoviç, əlaqə qrupunun üzvləri, ABŞ, Rusiya və AB-dən olan sədrlərin iştirakı ilə danışıqlar noyabrın 21-də Bosniya və Herseqovinanın ərazi və dövlət qurluşunun müəyyən edilməsi ilə başa çatdı. Əldə edilən razılaşmaya görə formal olaraq vahid dövlət iki dövlət qrumuna 49 faiz ərazini əhatə edən Serb Respublikasına və 51 faiz ərazini əhatə edən Bosniya və Herseqovina Federasiyasına bölündü. Bosniya və Herseqovinanın Rəyasət Heyəti üç nəfər, serb, bosniya və xorvat icmalarından ibarət nümayəndələrindən iki il müddətinə, sonra isə 4 il müddətinə seçilməsi nəzərdə tutulurdu. Sədrlik vəzifəsi növbə ilə dəyişdirilirdi. Bütün qərarlar konsensus əsasında qəbul olunurdu. İki palatadan ibarət parlament yaradılır, burada da qərarlar hər üç icmanın deputatları tərəfindən təsdiq edildikdə qüvvəyə minirdi. Eyni zamanda qərara alındı ki, Bosniya serblərinin lideri R.Karaciç və Radko Mladiç öz vəzifələrini tərk edərək keçmiş Yuqoslaviyada törətdikləri cinayələrə görə 1993-cü ilin mayında BMT TŞ-nın qərarı ilə yaradılmış Haaqadakı Beynəlxalq Tribunal qarşısında cavab verməlidirlər.

Deytonda paraflanmış sülh sazişi 1995-ci il dekabrın 14-də Parisdə imzalandı. Deyton sülh müqaviləsinə əsasən Bosniya və Herseqovinanın yeni inzibati -ərazi bölgüsü müəyyən edildi, yeni qurumlar Bosniya-Herseqovina Federasiyası, Serb Respublikası, Brçko dairəsi formalaşdı. Hər bir subyekt kantonlara, onlar isə icmalara bölünür. Paytaxtlar şəhər icmalarına bölünürdü.

Bosniya və Herseqovina Federasiyasının ərazisi 26098,3 km2müəyyən olundu ki, bu da Bosniya və Herseqovina ərazisinin 50,98 faizi demək idi. Ölkə əhalisinin 60 faizə yaxını burada cəmləşmişdir ki, onların da 73-i bosniyalılardan ibarətdir. Paytaxtı Sarayevo olan Federasiya 10 kantondan ibarət idi. 24605,7 km2ərazisi olan Serb Respublikasının torpaqları ölkə hüdudlarının 48,06 faizini əhatə ediridi. Bosniya və Herseqovina əhalisinin 35 faizi Serbiya respublikasında yaşayanlar idi ki, onların da 88 faizi serblərdən ibarətdir. Serb Respublikası 7 regiona, onlar isə 63 munisipalitetə bölünür.

Brçko dairəsi 493 km2əraziyə sahibdir ki, bu da ölkənin 0,96 % torpaqlarını əhatə edir. Özünüidarə hüququ olan Brçkonun əhalisi 80 min nəfərdir, onların da 40 faizi serblər, 39 faizi bosniyalılar, 20 faizi xorvatlardır. Avropada son illərin ən dağıdıcı müharibəsində 200 min nəfər adam hərbi əməliyyatlar zamanı həlak oldu, 2 milyon nəfər serb, bosniyalı və xorvat hərbi əməliyyatlar nəticəsində qaçqın vəziyyətinə düşdü, onların çoxu Respublika ərazisini tərk etdi. Müharibəyə qədərki dövrlə müqayisədə Bosniya əhalisi 1 milyon nəfər azalaraq 2,5 milyon nəfəri Federsiyada, bir milyon nəfəri Serb Respublikasında yaşamaqla 3,5 milyona düşdü. Bosniyalılar nəzarət etdikəri torpaqların əhalisinin 80-85, xorvatlar isə özlərinə aid olan Federasiya ərazisinin 98 faizini təşkil edirlər. Deyton sazişi imzalandıqdan sonra Bosniya və Herseqovinaya NATO-nun rəhbərliyi ilə 60 minlik çoxmillətli sülhməramlı qüvvə yerləşdirildi. 2003-cü ilin ortalarından bura Rusiyadan olan hərbi qüvvələr də cəlb olunub. 2004-cü ildən sülhməramlı qüvvələr xeyli azaldılaraq onun rəhbərliyi NATO-dan Avropa İttifaqına dövr edib.

1996-cı ilin sentyabrında müharibədən sonra Bosniya və Herseqovinada ilk parlament seçkiləri baş tutdu. 39 partiyanın iştirak etdiyi seçkilərdə Bosniya və Herseqovina Federasiyasında hakim müsəlman Demokrarik Hərəkat Partiyası seçici səslərin 54,4 faizini, Xorvat Demokratik Həmrəylik Partiyası 23,4 faizini, Serb Respublikasında isə Serb Demokratik partiyası 54,9 faiz seçici səsi qazandılar. Bosniyanın birinci Rəyasət Heyətinin üzvləri seçkidə qələbə çalmış partiyaların liderləri bosniyalı A. İzzətbəyoviç, serb M.Kraişnik, xorvat K.Zubak seçildi. Serb Respublikasının prezidenti Bilyan Plavşiç seçildi.

2002-ci ildə Bosniya və Herseqovinada konstitusiya islahatı keçirildi. Nəticədə Serb Respublikası yalnız serblərin deyil, serb, bosniya, xorvat və başqa xalqların birliyi elan olundu. Serb Respublikasının prezidentinin və parlament spikerlərinin bosniya və xorvat müavinləri vəzifəsi təsis edildi, hökumətin tərkibinə isə bosniyalılar üçün 5, xorvatlar üçün 3 yer ayrıldı. 2006-cı il oktyabrın 1-də Bosniya və Herseqovinada Deyton sazişindən sonra 6-cı ümumi seçki keçirildi. Bosniya və Herseqovinanın yeni Rəyasət Heyətinə bosniyalı, Bosniya və Herseqovina Uğrunda partiyasından Xaris Silayciç, serb, Müstəqil Sosial-Demokrat partiyasından Neboyşa Radmanoviç, xorvat, Sosial-Demokrat partiyasından Jelko Komşiç seçildi.

2010-cu il oktyabrın 3-də Bosniya və Herseqovina kollektiv icraedici orqanı olan və dövlət rəhbərliyini təmsil edən Rəyasət Heyətinə keçirilən ümumxalq seçkilərində Bosniya və Herseqovina Federasiyasından boşnak Bakir İzetbeqoviç, xorvat Jelko Komşiç, Serb Respublikasında serb Neboyşa Radmanoviç qalib gələrək noyabrın 10-da vəzifə səlahiyyətlərini yerinə yetirməyə başladılar. 2014-cü il oktyabrın 12-dəki növbəti seçkilərdə boşnak Bakir İzetbeqoviç, Xorvat Draqan Çoviç və serb Mladen İvaniç qələbə çalaraq Konstitusiyanın beşinci maddəsinə əsasən dörd il müddətində 8 aydan bir dəyişilmək şərtilə Bosniya və Herseqovinanın prezidenti vəzifəsini yerinə yetirməyə başladılar. Serb Respublikasında baş nazir Milorad Dodikin rəhbərlik etdiyi Müstəqil Sosial-Demokratlar İttifaqı seçkilərdə qalib gəldi. Partiyanın lideri Milan Eliç Serb Respublikasının yeni prezidenti seçildi. Milan Eliç 2007-ci il sentyabrın 30-da ürək tutmasından vəfat etdikdən sonra 2007-ci il oktyabrın 1-dən dekabrın 9-na kimi İqor Radoyçiç prezidentin səlahiyyətlərini yerinə yetirdi. 2007-ci il dekabrın 9-da Rayko Kuzmanoviç Serb Respublikasının prezidenti seçilərək 2010-cu il oktyabrın 3-nə kimi dövləti təmsil etmişdir. 2010-cu il oktyabrın 3-dən Bosniya və Herseqovinanın bir hissəsini təşkil edən Serb Respublikasının növbəti prezidenti Milorad Dodik oldu. 2014-cü il oktyabrın 12-də ölkədə keçirilən yeddinci ümumi prezident seçkilərində Serb Respublikasının Bosniya və Herseqovinadan ayrılıb müstəqil dövlət olması seçki proqramı ilə çıxış edən Milorad Dodik seçici səslərinin 47,1 faiz səsini qazanaraq ikinci dəfə dövlət başçısı seçildi. Prezidentliyə namizəd olan onun rəqibi Oqnena Tadiç 45,16 faiz səslə sekçi marafonunu uduzdu. 2013-cü il oktyabrın 13-də Serb Respublikası hökumətinin başçısı vəzifəsindən istefaya gedən Aleksandr Combuçu ilk qadın Baş nazir təyin edilən Jelka Sviyanoviç əvəz etmişdir.

 

Vətəndaş müharibəsi Bosniya və Herseqovinanın iqtisadiyyatına ağır zərbə vurdu. Respublikanın iqtisadiyyatının əsasını təşkil edən yüngül sənayenin 80 faizə qədəri dağıdılmış və ya zərər görmüşdür. İşsizlərin sayı durmadan artaraq 1996-cı ilin sonunda yüksək səviyyəyə -180 min nəfərə çatmışdır.

Qeyri-rəsmi məlumatlara etibar edilsə müharibə Bosniya və Herseqovina ölkəsinə 20 milyarddan 80 milyard dollar arasında ziyan vurmuşdur. Ölkənin ümumi məhsul istehsalı 1998-ci ilə doğru düz 75% azalmışdır. Serb Respublikasına qarşı embarqo qaldırıldıqdan sonra iqtisadiyyat dirçəlməyə başladı. Bosniya və Herseqovinanın yenidən qurulmasl beynəlxalq proqrama uyğun olaraq 1996-2000-ci illərdə ölkəyə 5 milyard dollardan çox kredit ayrılmışdır. Bu ölkənin maliyyə vəziyyətin sabitləşdirməyə, öz valyutasın dövrüyəyə buraxmağa, başqa zəruri iqtisadi vəziyyətləri həll etməyə kömək etdi.

2000-ci ildə Bosniya və Herseqovinada ümumi məhsul istehsalı artaraq 5,6 milyard dollar təşkil etmişdir. İnflyasiyanın səviyyəsi 8, iş qabiliyyəti olan əhalinin tərkibində işsizlərin miqdarı 35-40 faizə çatırdı. Tədricən iqtisadiyyatın emal, metallurgiya, neft emalı, toxuculuq, aviasiya və məişət cihazları sahələri canlanmağa başladı.

2000-ci ildə Almaniyanın Folksvagen və Çexiyanın Şkoda kompaniyalarının köməyi sayəsində yerli avtomobillərin istehsalına başlandı. Kənd təsərrüfatında tütün, qarğıdalı, buğda və şəkər çuğunduru, meyvə yetişdirilir, qoyun və keçi, iri buynuzlu mal-qara heyvandarlığın əsasını təşkil edirdi. Lakin hələ də Bosniya və Herseqovinanın iqtisadiyyatın müharibdən əvvəlki səviyyəyə yüksəltmək mümkün olmamışdır.

Ümumiyyətlə, Bosniya və Herseqovinada ümumi daxili məhsul 1990-cı ildə 7,8, 2000-ci ildə 5,6, 2010-cu ildə 16,8, 2013-cü ildə isə 17,9 milyard dollar təşkil etmişdir. Ölkənin milli gəliri müvafiq illər üzrə 6,7; 6,1; 17,1; 18 milyard dollar olmuşdur. 2014-cü ilin məlumatına əsasən Bosniya və Herseqovinada eksport 9 257 165, import isə 15 535 968 marka təşkil etmişdir. Mənfi Saldo 6 278 803 markaya bərabərdir. Eksport üzrə ölkənin əsas tərəfdaşları Xorvatiya, Sloveniya, Almaniya, İtaliya kimi dövlətlərdir. Import üzrə başlıca tərəfdaşlar Xorvatiya, Sloveniya, Almaniya, Türkiyə və Macarıstandır. Ölkənin milli valyutası 1998-ci ildə tədavülə buraxılan marka pul nişanəsidir. 2014-cü ildə əhalinin hər bir nəfərinə ümumi daxili məhsuldan düşən gəlir 5007 ABŞ dolları təşkil edir ki, bu da öərb ölkələri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, 2011-ci il məlumatına görə Bosniya və Herseqovinada yaşayan 3,8 milyon əhalinin 700 min nəfəri kasıblıq həddində yaşayır. Aylıq qazancı 120 avrodan çox olmayan ölkə vətəndaşları isə kasıb hesab olunur.

2008-ci ildə Bosniya və Herseqovinanın Aİ-na üzvlüyə namizəd kimi assosiasiya haqqında razılaşmanı imzalaması ölkə iqtisadiyyatını daha da ağırlaşdırdı. Əmək qabiliyyəti olan əhali arasında işsizlərin sayı rəsmi məlumatlara görə 27,5, real olaraq isə 44 faizə çatmışdır. Sosial-iqtisadi vəziyyətin pisləşməsi, işsizliyin artması 2014-cü ilin əvvəllərində ölkədə əhalinin bir çox şəhərlərdə kortəbii çıxışlarına, polislə toqquşmalara səbəb olmuşdur.

Lakin daxili sosial-iqtisadi çətinliklərə və millətlərarası ziddiyyətlərə baxmayaraq Bosniya və Herseqovina dövləti xarici siyasət sahəsində ABŞ, Aİ ölkələri və NATO-ya yaxınlaşma xəttini davam etdirir. Ölkə 2008-ci ilin aprelindən NATO ilə “İntensiv dialoqa”, 2010-cu ilin aprelindən şərti olaraq Alyansın üzvü olmaq hərəkət planına cəlb edilmişdir. Bosniya və Herseqovina 2010-cu ilin yanvarın 1-dən 2011-ci il dekabrın 31-nə kimi BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvü kimi işində iştirak edərək, 2011-ci ilin yanvarından TŞ-nın sədri vəzifəsini yerinə yetirmişdir.

Daxili millətlərarası münasibətləri qaydaya salmaq, qonşu Serbiya dövlətilə əlaqələri möhkəmlətmək məqsədilə 2010-cu il aprelin 24-də İstanbulda Türkiyə, Bosniya və Herseqovina, Serbiyanın dövlət başçıları birinci müşavirə çərçivəsində görüşərək İstanbul Bəyannaməsini qəbul etdilər, öəbul edilən sənədə əsasən tərəflər beynəlxalq hüquq normalarına uyğun olaraq Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyin müdafiə etmək öhdəliyini öz üzərlərinə götürmüşdülər. 2011-ci il aprelin 26-da Belqradda Türkiyənin prezidenti Abdulla Gül, Serbiya dövlətinin prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Neboyşa Radmanoviç və üzvləri Jelko Komşiç və Bakir İzzətbəyoviç üçtərəfli görüşün növbəti müşavirəsini keçirdilər. Balkanlarda sülh, sabitlik və xalqların rifahı məsələləri müzakirələrin ana xəttini təşkil edirdi.

Bosniya və Herseqovina ilə Azərbaycanın əlaqələri inkişaf edib möhkəmlənir. 2012-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının prezidenti ilham Əliyevlə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzzətbəyoviç arasında Bakıda təhsil sahəsində, ikitərəfli əlaqələrin inkişaf edib möhkəmlənməsində bir sıra sənədlər imzalanmışdır.

Bosniya və Herseqovinaya daxil olan bosniyalılar Qərbdə və müsəlman dünyasında, xorvatlar Xorvatiya və Qərbdə, Serb Respublikası isə Serbiya və Rusiyada özlərinə müttəfiq axtarırdılar. Deyton sazişindən sonra Bosniya və Herseqovinanın əsas xarici siyasət tərəfdarları ABŞ və Avropa İttifaqı ölkələri oldu.

2013-cü il məlumatına görə Bosniya və Herseqovinada 3831555 nəfər əhali yaşayır. Onların 31 faizi pravoslav, 15 faizi katolik, serb və xorvatlardan ibarət olub özlərini boşnaq adlandıranların 40 faizi isə müsəlmanlardır. 2016-cı il yanvarın 2-nə olan məlumata əsasən Bosniya və Herseqovinada 3 835 298 nəfər əhali yaşayır ki, onların da 1 843 401 nəfəri (48,1%) kişi, 1 991 897 nəfəri (51,9%) qadındır.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

0 şərh