Böyük Britaniya tarixi. İkinci Dünya müharibəsindən sonra

Milli sərvətinin 25%-ni itirmiş Böyük Britaniya üçün müharibə “zəfər və faciə” (U.Çörçill) ilə nəticələndi. 1945-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində qalib gələn leyboristlər bir sıra müəssisələri dəyəri sahibkarlara ödənilməklə milliləşdirdi. Yeni sosial sığorta sistemi yaradıldı və dövlət əhalini ölkə tarixində ilk dəfə pulsuz tibbi yardımla təmin etdi.

1951-ci ildə parlament seçkilərində qalib gələn mühafizəkarlar leyboristlərin iqtisadi və sosial sahədə həyata keçirdikləri siyasəti qismən dəyişdirdilər. 1950-ci illərdə Böyük Britaniya sənaye istehsalının həcminə görə dünyada ABŞ-dan sonra ikinci dövlət oldu. Lakin elmi-texniki inqilabın genişləndiyi bir dövrdə dövlətin iqtisadiyyatı tənzimləmə funksiyalarının zəiflədilməsi və müstəmləkələrin itirilməsi ölkəni ağır böhran qarşısında qoydu. Böyük Britaniya cəmiyyəti ölkənin siyasi, iqtisadi və elmi-texniki sahədə geriliyi, imperiyanın süqutu və böyük dövlət statusunu itirməsi səbəbindən mənəvi problemlərlə üzləşmişdi. 1960-cı illərin sonlarında Olsterdə (Şimali İrlandiya) milli-siyasi zəmində toqquşmalar artdı. Hökumətin buraya qoşun yeritməsi vəziyyəti daha da ağırlaşdırdı. Avropa Birliyinin ümumi bazarına daxil olmaqla ixracatın artırılmasına və büdcə gəlirlərinin çoxalmasına olan ümidlər gerçəkləşmədi.

“Dəmir ledi” kimi tanınanMarqaret Tetçerin mühafizəkarlar hökuməti (1979–1990) azad sahibkarlığı və ədalətli rəqabəti iqtisadi rifahın təməli hesab edir, dövlətin əsas vəzifəsini iqtisadi inkişaf üçün sabit şəraitin təmin olunmasında, xüsusilə inflyasiyaya qarşı mübarizədə görürdü. Əməkqabiliyyətli vətəndaşların dövlət hesabına yardım almalarının əleyhinə çıxan hökumət Tetçerin “havayı pendir yalnız siçan tələsində olur” fikrini müdafiə etdi. Bununla da, sərt maliyyə siyasətinə başlanıldı, vergilər artırıldı, kommunal təsərrüfata, mədəniyyətə və təhsilə ayrılan xərclər azaldıldı. Dövlətə məxsus sənaye, nəqliyyat və kommersiya müəssisələrinin 1⁄3-i özəlləşdirildi. Onların səhmlərinin fəhlə və qulluqçular tərəfindən satın alınması təşviq edildi. Kiçik və orta sahibkarlığa dövlət qayğısı artırıldı. Nəticədə 1980-ci illərdə istehsalın illik orta artım sürəti 3-4% oldu. Əhalinin əksəriyyətinin öz evi, avtomobili var idi. Onların yarıdan çoxu isə övladlarını yüksək təhsil səviyyəsini təqdim edən pullu məktəblərdə oxutdurmaq imkanına malik idi. Lakin bununla yanaşı, əhalinin 20%-i yoxsulluq həddində yaşayırdı.

Yeni vergi islahatı cəmiyyətin əksər hissəsi tərəfindən sosial ədalətsizlik kimi qiymətləndirilirdi. Hökumətdə onun siyasi avtoritarizminə qarşı etirazlar artdıqda Tetçer istefa verdi.

«Dəmir ledi» 1976-cı il yanvarın19-da Tetçerin öz çıxışında SSRİ-nitənqid etməsinə cavab olaraq “Krasnayazvezda” qəzetinin müxbiri YuriQavrilov yanvarın 24-də “Dəmir lediqorxudur...” adlı məqalə dərc etdirdi.Bu ad ömrünün sonuna kimi M.Tetçerinləqəbi kimi qaldı.

Mühafizəkarlar 1997-ci ilə kimi hakimiyyətdə qaldılar. Vergi islahatı ləğv edildi, Şotlandiyanın və Uelsin muxtariyyətləri genişləndirildi. Bu zaman Böyük Britaniya iqtisadi inkişaf sürətinə görə Avropa Birliyi ölkələri arasında öndə gedirdi. Mühafizəkarları əvəz edən leyboristlər Lordlar palatasında islahat keçirdilər. Olster məsələsi ilə bağlı tərəfləri qane edən saziş imzalandı. 2007-ci il avqustun 1-də Böyük Britaniya qoşunlarının Olsterdən çıxarılması başa çatdırıldı. 2010-cu ildən etibarən mühafizəkarlar hakimiyyətdədirlər və hal-hazırda hökumətə Tereza Mey başçılıq edir.

0 şərh