Fransanın ən yeni tarixi

Fransanın işğaldan azad edilməsi mərhələsində fransızların “xilaskar” adlandırdıqları general Şarl de Qollun başçılığı ilə Müvəqqəti hökumət təşkil olundu. Şarl de Qoll Fransanın əvvəlki qüdrətini bərpa etməyə ümid edirdi. O, hökumət dövlət aparatında çalışan satqın məmurlara qarşı irimiqyaslı təmizləmə işləri apardı. Dünyada ən mükəmməl sosial sığorta sistemlərindən biri Fransada yaradıldı. İşğalçılarla əməkdaşlıq etmiş sahibkarların mülkiyyətləri 1944–1946-cı illərdə müsadirə olundu, iqtisadiyyatın bəzi sahələrində isə müəssisələr mülkiyyətçiyə dəyəri ödənilməklə milliləşdirildi.

De Qoll qanunverici orqanın hökumətin gündəlik fəaliyyətinə müdaxiləsinə qarşı etiraz edərək 1946-cı ilin yanvarında istefa verdi. Oktyabrda keçirilən referendumda təsdiq edilən yeni Konstitusiya parlamentin icra hakimiyyəti üzərində güclü nəzarətini təsbit edirdi. Konstitusiyanın qüvvəyə minməsi ilə Fransada Müvəqqəti rejim IV Respublika dövrü ilə əvəz olundu. Müharibənin nəticələrinin aradan qaldırılması, elmi-texniki tərəqqi, dövlət tərəfindən iri kapital qoyuluşu və sifarişlərin verilməsi iqtisadiyyatın inkişaf sürətini artırdı. Fransa 1950-ci illərin ortalarında bu göstəriciyə görə ABŞ və Böyük Britaniyanı ötüb-keçdi. XX əsrin əvvəllərindən fərqli olaraq, kapitalın xaricə ixracı azaldılıb ölkə iqtisadiyyatına qoyulurdu.

1950-ci illərin ikinci yarısında hökumətlərin tez-tez dəyişməsi parlament sisteminin nüfuzunu sarsıdırdı. 1958-ci ildə Əlcəzairdəki Fransa ordusunun komandanlığı qiyam qaldıraraq parlamentdən hakimiyyətin Şarl de Qolla verilməsini tələb etdi.

Fransada hərbi çevriliş və vətəndaş müharibəsi təhlükəsi yarandı. Parlament de Qolla geniş səlahiyyətlər verərək onun yaratdığı hökumətə etimad göstərdi və “tətilə çıxdı”. Beləliklə, IV Respublika süqut etdi.

1958-ci ilin sentyabrında de Qollun rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiya referendumda seçicilərin əksəriyyəti tərəfindən bəyənildi. Güclü prezident hakimiyyətinin yaradılmasını nəzərdə tutan bu Konstitusiya ilə Fransada V Respublikanın yaradılması hüquqi cəhətdən təsbit edildi.

De Qollun prezidentliyi dövründə (1958–1969) ölkənin iqtisadi və sosial inkişafı ilə bağlı planlar qəbul olundu, elmi-texniki tərəqqinin nailiyyətləri əsasında sənayenin bir sıra sahələri yenidən quruldu, sənaye istehsalının həcmi artdı. Hökumət iri maliyyə-sənaye inhisarlarına böyük həcmdə maliyyə yardımları göstərsə də, Fransa sənayenin təmərküzləşməsi səviyyəsinə görə inkişaf etmiş kapitalist ölkələrindən geri qalırdı. Ərzaq ixracına görə isə dünyada ABŞ-dan sonra ikinci yeri tuturdu. Lakin

1960-cı illərin ortalarından etibarən cəmiyyətin ayrı-ayrı təbəqələrinin de Qollun fəaliyyətində avtoritar meyillərə, hökumətin mühafizəkarlığına, həyat şəraitinin qənaətbəxş olmamasına qarşı narazılığı artmağa başladı. Tələbələr geridəqalmış hesab etdikləri təhsil sisteminə qarşı çıxır, təhsillərini başa vurduqdan sonra işlə təmin olunacaqlarına zəmanət verilməsini tələb edirdilər.

Tələbələrin 1968-ci il Parisdə başlanan çıxışlarına daha sonra fəhlələr və qulluqçular da qoşuldular. Hökumət etirazçıların bəzi tələblərini təmin etdi. Parlament buraxıldı. Seçkilərdə partiyasının qalib gəlməsinə baxmayaraq, de Qoll əsaslı islahatların keçirilməsinin vacibliyi qənaətində idi. Senat və yerli özünüidarə orqanlarının islahatı ilə bağlı referenduma çıxarılan qanun layihəsi qəbul edilmədikdə o, 1969-cu ildə istefa verdi. Onun “yeni cəmiyyət”in qurulacağını bəyan edən siyasi varisiJorj Pompidu isə dövlətin iqtisadiyyata müdaxiləsini azaltdı. 1970-ci illərdə Fransanın iqtisadiyyatı sabit inkişaf dövrünə qədəm qoydu və əhalinin güzəranının yaxşılaşdırılması məqsədilə bir sıra islahatlar keçirildi.

1980-ci illərin əvvəllərində hakimiyyətə gələn sosialistlərin həyata keçirdikləri geniş milliləşdirmə tədbirləri nəticəsində iqtisadiyyatda iri dövlət bölməsi yaradıldı. Minimum əməkhaqları, məzuniyyət günləri və ailə müavinətləri bir neçə dəfə artırıldı, həftəlik iş saatı və təqaüd yaşı azaldıldı, yerli hakimiyyət orqanlarının səlahiyyətləri genişləndi, ölüm cəzası ləğv edildi. 1990-cı illərdə elmi-texniki inqilabın coşqun inkişafı Fransanın sosial-iqtisadi inkişafına güclü təkan verdi. Elektronika, informatika və onlarla əlaqəli sahələr sürətlə inkişaf etdi. 1994-cü ildə XX əsrin ən böyük texniki nailiyyətlərindən biri olan La Manş tuneli istifadəyə verildi.

2017-ci ildə keçirilən prezident seçkilərində qalib gələn Emmanuel Makron Fransa respublikası tarixində ən gənc prezidentdir.

0 şərh