SSRİ və Şərqi Avropa ölkələri

İkinci Dünya müharibəsindən sonra SSRİ-də Stalinin totalitar rejimi daha da gücləndi. Hər cür azadlıqların məhdudlaşdırılması, Kommunist Partiyasının diktaturası, iqtisadiyyat və mədəniyyət üzərində dövlət nəzarəti bu rejimin mahiyyəti idi. 1953-cü ildə Stalinin ölümündən sonra sovet cəmiyyətində tədricən yumşalma prosesi başladı.

Müharibə Sovet İttifaqına böyük iqtisadi zərbə vurmuşdu. Şəhərlər, kəndlər dağıdılmış, sənaye müəssisələri və kənd təsərrüfatı böyük zərər görmüşdü. Dördüncü beşillik planın (1946–1950) məqsədi ölkə iqtisadiyyatının bərpa edilməsi idi. Ağır sənaye və infrastruktura daha çox vəsait ayrılması əhalinin onsuz da ağır olan vəziyyətini daha da pisləşdirirdi. Böyük metallurgiya müəssisələrinin və nəhəng elektrik stansiyalarının yaradılması Soyuq müharibə dövründə Sovet İttifaqını dünyanın böyük hərbi və iqtisadi gücünə çevirdi. 1949-cu ildən atom bombasına sahib olan SSRİ-də sosial-iqtisadi problemlər tədricən dərinləşdi. Gündəlik tələbat məhsullarının azlığı, mənzil təminatı və iqtisadiyyatın xammalla təchiz edilməsi əsas problemlərdən idi.

Totalitar rejim

1946-cı ildən sonra dünyanın iki qütbə bölünməsi düşüncələr üzərində də nəzarəti gücləndirdi. Cəmiyyətin bütün sahələri, siyasi və sosial-iqtisadi fəaliyyət dövlətin inhisarında idi. Planlı iqtisadiyyat sistemi davam etdirilirdi. Rejim rəsmi ideoloji təbliğatı gücləndirmişdi. 1940-cı illərin ikinci yarısı – 1950-ci illərin əvvəllərində repressiyalar daha da sərtləşdirildi. Lakin 1953-cü ildə Stalinin ölümü ölkəni repressiyaların yeni dalğasından xilas etdi.

“Amerikaya çatmaq və onu ötüb-keçmək”

Stalinin vəfatından sonra hakimiyyətə Nikita Xruşşov gəldi. Xruşşov dövrü (1953–1964) Stalinin totalitar rejiminin mülayimləşdirilməsi ilə səciyyəvidir. 1956-cı ildə Sov. İKP-nin XX qurultayında Stalin dövrünün şəxsiyyətə pərəstiş siyasəti tənqid edildi. Bununla da, Xruşşov ölkədəki problemlərin səbəbi olaraq Kommunist Partiyasını deyil, Stalini və onun ətrafını günahlandırdı. Xarici siyasətdə də dəyişiklik baş verdi. Soyuq müharibə əvəzinə, “Kapitalist dövlətlərlə sülh şəraitində birlikdə yaşama” prinsipi irəli sürüldü.

Stalin dövrünün tənqid edilməsi iqtisadi sahədə də dəyişiklikləri zəruri edirdi. Xruşşov kommunizmin yalnız bolluq yaradılması ilə qalib gələcəyini düşünürdü. Bu məqsədlə “Amerikaya çatmaq və onu ötüb-keçmək” şüarını irəli sürdü. Mənzil təminatının yaxşılaşdırılması və kənd təsərrüfatına diqqətin artırılması ön plana çəkildi. Xalqın həyat şəraiti yaxşılaşdırıldı. Xam torpaqların istifadəsinə başlanıldı.
Lakin Xruşşovun daxili və xarici siyasətindən narazı olan qüvvələr 1964-cü ildə onu vəzifədən kənarlaşdırdılar.

Durğunluq dövrü

Xruşşovdan sonra rəhbərliyə gələn Leonid Brejnevin (1964– 1982) hakimiyyəti dövrü islahatlar aparılmaması ilə bağlı olaraq durğunluq dövrü adlanır.
Bütün dünyanı bürüyən iqtisadi böhranın başlanması ilə eyni vaxtda həyata keçirilən növbəti beşillik planda (1976–1980) hərbi sənaye və Sibirin geniş təbii resurslarının istifadəsi ön plana çıxdı. Dövlətin gəlirlərini artırmaq üçün, əsasən, xammal ixracetmə siyasəti gücləndi. Lakin bu, problemlərin həllinə deyil, iqtisadi tənəzzülün genişlənməsinə səbəb oldu. ABŞ-la silahlanma yarışında hərbi xərclərin artması, iqtisadi səmərəliliyin və sərmayə qoyuluşunun azalması iqtisadi tənəzzülə gətirib çıxardı. Təhsil səviyyəsinin tədricən yüksəlməsi, şəhər əhalisinin artması rəsmi ideologiyadan fərqli düşüncəyə sahib olan insanların çoxalmasına gətirib çıxardı. Sovet rejiminə müxalif fikirli ziyalılar ortaya çıxdı. Lakin təhlükəsizlik orqanları cəmiyyətin həyatına nəzarəti gücləndirdi. Bütün bunlar SSRİ-nin beynəlxalq nüfuzuna zərbə vurdu.

1980-ci illərin əvvəllərində SSRİ-nin dünyada və ölkə daxilində yürütdüyü təbliğatla sosial-iqtisadi reallıq fərqli idi. 1953-cü ildə Stalinin ölümündən sonra həyata keçirilən islahatlara baxmayaraq, sovet modeli sərt mərkəzləşmə, yuxarıdan planlaşdırma, iqtisadiyyatda bürokratik maneələr və şəxsi təşəbbüslərin qarşısının alınması 1930-cu illərdə olduğu kimi qalırdı. Lakin nəzərə almaq lazımdır ki, 1930-cu illərdə cəmiyyətin əsasını kəndlərdə yaşayan və təhsil səviyyəsi aşağı olan sosial qruplar təşkil edirdi. 1980-ci illərdə isə cəmiyyət keyfiyyət və kəmiyyət cəhətdən dəyişmişdi.

Yenidənqurmadan süquta

1985-ci ildə hakimiyyətə gələn Mixail Qorbaçov “Yenidənqurma” adlanan islahatlar proqramı elan etdi. Xruşşovun dövründən fərqli olaraq, yenidənqurma yalnız iqtisadi sahəni deyil, daxili və xarici siyasi sistemi də əhatə edirdi. İqtisadi islahatlara əsasən ticarət və xidmət sahəsində xüsusi sahibkarlığa icazə verildi. Səmərəliliyin artırılması məqsədilə kadrların ixtisarı işsizliyin inkişafına səbəb oldu. İnflyasiya, tətillər artır, istehsal isə çökürdü.

Cəmiyyətdə baş verən sosial-iqtisadi proseslər Baltik ölkələrində, Qafqazda və başqa bölgələrdə millətçiliyin artmasına səbəb oldu. Yenidənqurma siyasəti bir çox qüsurlarla həyata keçirildi. Bu qüsurları hökumət iclasında M.Qorbaçova cəsarətlə bildirən Heydər Əliyev 1987-ci ildən vəzifədən uzaqlaşdırıldı. Bundan istifadə edən Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı iddia irəli sürdü. Tezliklə Ermənistanda və Qarabağda azərbaycanlı əhaliyə qarşı terrorçuluq fəaliyyəti başlandı. Sovet rəhbərliyi tərəfindən qarşısının alınmaması ölkədə yeni milli münaqişə ocaqlarının yaranmasına səbəb oldu. Bu, iqtisadi və siyasi böhranı dərinləşdirdi. Digər tərəfdən, partiya və dövlət rəhbərliyindəki mühafizəkar qrup Qorbaçovu anarxiya yaratmaqda günahlandırdı. 1991-ci ilin avqustunda dövlət çevrilişinə cəhd edildi. Lakin xalqın müqaviməti çevrilişin uğursuzluğuna səbəb oldu. Bu, ölkədə kommunist rejiminə qarşı narazılığı artırdı və mərkəzi hakimiyyətin süqutunu sürətləndirdi. SSRİ-yə daxil olan dövlətlər öz müstəqilliyini elan etdilər.
1991-ci ilin dekabrında Qorbaçovun istefası ilə SSRİ-nin varlığına son qoyuldu.

Rusiya müasir dövrdə

Rusiya tarixi üçün 1990-cı illər bazar iqtisadiyyatına keçidlə bağlı iqtisadi islahatlarla səciyyəvidir. Bu islahatların əsasında özəlləşdirmə prosesi dayanırdı. Lakin özəlləşdirmə prosesində yol verilən qanunsuzluqlar, korrupsiya və ölkədə kriminal vəziyyətin pisləşməsi islahatların uğursuzluğuna səbəb oldu. İnflyasiya artdı, əhalinin vəziyyəti pisləşdi. Bu dövrdə siyasi həyatda da müəyyən dəyişikliklər baş verdi. Çoxpartiyalı sistem formalaşdı. Eyni zamanda ölkənin çoxmillətli olması etnik-dini münaqişələrin, müstəqillik meyillərinin artmasına səbəb olurdu. 1994–1996-cı illər Çeçenistan müharibəsində məğlubiyyət siyasi və sosial-iqtisadi vəziyyəti daha da pisləşdirdi. Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin 1999-cu ilin sonunda istefa verməyə məcbur oldu. Hakimiyyətə Vladimir Putin gəldi. Onun siyasətinin əsasını dövlət hakimiyyətinin möhkəmləndirilməsi və Rusiyanın beynəlxalq nüfuzunun bərpa edilməsi təşkil edirdi. Siyasi sabitlik və Rusiyanın ixracatının əsasını təşkil edən neft-qaz məhsullarının qiymətinin dünya bazarında yüksəlməsi nəticəsində ölkənin sosial-iqtisadi vəziyyəti yaxşılaşmağa başladı. Hərbi sənayenin modernləşməsi Rusiyanın əvvəlki hərbi qüdrətinin bərpasına səbəb oldu.

2014-cü ildə Rusiya tərəfindən Krımın ilhaq edilməsi ABŞ və Avropa Birliyinin ona qarşı iqtisadi sanksiya tətbiq etməsinə səbəb oldu.

Şərqi Avropada sovet modelinin yaradılması

İkinci Dünya müharibəsindən sonra Şərqi Avropa ölkələrində əvvəlcə bütün siyasi qüvvələri birləşdirən Milli Birlik Hökumətləri yaradıldı. Siyasi azadlıqlar bərpa edildi. Parlament seçkiləri keçirildi. Ona görə də bu dövr “xalq demokratiyası” dövrü adlanırdı. Lakin tədricən bu ölkələrdə olan sovet qoşunlarının müdaxiləsi ilə Kommunist Partiyalarından başqa digər siyasi təşkilatlar qadağan edildi. 1940-cı illərin sonlarında Rumıniyada, Macarıstanda, Polşada,Bolqarıstanda, Şərqi Almaniyada və Çexoslovakiyada sosialist sistemi – sovet modelli totalitar rejimlər yaradıldı. Təkpartiyalı rejim, xüsusi mülkiyyətin ləğvi və milliləşdirmə, planlı iqtisadiyyat bu rejimin xüsusiyyətləri idi. SSRİ-nin üstünlüyünü qəbul etməsə də, sosialist rejimi Yuqoslaviyada da qurulmuşdu.

Stalinin ölümündən sonra SSRİ-də baş verən mülayimləşmə siyasəti Şərqi Avropa ölkələrinə də təsir göstərdi. 1956-cı ildə Macarıstanda sosialist rejiminə qarşı xalq hərəkatı baş verdi, lakin sovet hərbi qüvvələri tərəfindən yatırıldı. 1968-ci ildə Çexoslovakiyada rejimin liberallaşdırılması üçün islahatlara təşəbbüs edildi. Senzura ləğv olundu, Kommunist Partiyasından başqa digər siyasi partiyaların fəaliyyətinə icazə verildi. “Praqa baharı” adlanan bu islahatlar sovet rəhbərliyinin narazılığına səbəb oldu. Ona görə də SSRİ və onun müttəfiqləri: Bolqarıstan, Polşa, Macarıstan ölkəyə müdaxilə etdilər. Çexoslovakiyada xalqın iradəsinə zidd olaraq hakimiyyət dəyişikliyi baş verdi.

1980-ci illərin ikinci yarısında SSRİ-də başlanan yenidənqurma və aşkarlıq siyasəti Şərqi Avropa ölkələrinə də təsir göstərdi. Bu ölkələri tətil və nümayişlər bürüdü. 1989-cu il Şərqi Avropanın sosialist ölkələri üçün dönüş nöqtəsi oldu. Polşada, Çexoslovakiyada, Macarıstanda və Bolqarıstanda sosialist sisteminin dağılması dinc yolla, islahatlarla həyata keçirildi.

RumıniyadaNikolaye Çauşeskunun diktatura rejimi xalq üsyanı ilə devrildi.1989-cu ildə Berlin divarı dağıdıldı və 1990-cı ildə Almaniya birləşdirildi.

Sosialist sisteminin dağılması yeni münaqişələrin yaranması ilə müşahidə edilirdi. Yuqoslaviya dini (islam, katolik və pravoslav) və etnik müxtəlifliyi ilə seçilirdi. 1991-ci ildə Yuqoslaviyada etnik və dini müharibə başladı. Pravoslav serblər, katolik xorvatlar və müsəlman bosniyalılar arasında müharibə gedirdi. 1992-ci ildə BMT Yuqoslaviyaya iqtisadi embarqo (qadağa) tətbiq etdi. Serb millətçiləri bosniyalı müsəlmanlara qarşı soyqırımı həyata keçirdilər. Bölgənin təhlükəsizliyi BMT Sülhməramlı qüvvələrinə həvalə edildi, onlar isə müsəlmanların silahlarını topladılar. Bundan istifadə edən serb millətçiləri 1995-ci ildə Srebrenitsa şəhərində müsəlmanlara qarşı soyqırımı etdilər. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ən kütləvi insan qətliamı oldu.
1995-ci ildə NATO təyyarələri Bosniyada serb hərbi qüvvələrinə zərbə endirdi. Bosniya müharibəsi Deyton (ABŞ) sazişı ilə başa çatdı. BMT Hərbi Cinayətlər Məhkəməsi Srebrenitsa soyqırımının günahkarları olan serb hərbi-siyasi rəhbərlərini mühakimə etdi. 2015-ci ildə BMT Təhlükəsizlik Şurasında hadisələrin soyqırımı kimi tanınması təklifinə Rusiya veto qoydu.
Sonralar Bosniya prezidenti Aliya İzzetbeqoviç xalqa müraciətində qeyd etmişdir: “Müharibədə böyük zülmə məruz qaldınız. Zalımları əfv edib-etməməkdə sərbəstsiniz. Nə edirsiniz, edin, amma soyqırımını unutmayın. Çünki unudulan soyqırımı təkrar olunur!”

0 şərh